Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6268/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "Azəriqaz " İstehsalat Birliyi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4416/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamə "Azəriqaz " İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Həmin ünvanda təbii qazdan istifadəyə görə quraşdırılmış Natek G4 markalı qaz sayğacı İddiaçı adınadır. Abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə ona 7053 manat borc hesablanmışdır. Cavabdeh İB tərəfindən 2018-ci ilin iyun, avqust, oktyabr, noyabr aylarında tərtib edilmiş aktlarından görünür ki, həmin ünvanda sayğacdankənar təbii qazdan istifadə olunmuşdur. İş üzrə məhkəmə tərəfindən yerli baxışı keçirilmiş və ünvan 1 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı – Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 7053 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə Natek AG4TC markalı, 40011627 nömrəli qaz sayğacı quraşdırılmış, bu barədə xx.xx.2022-ci il tarixli AKT tərtib edilmiş və aktla müəyyən olunur ki, həmin sayğacdan qeyd olunan ünvanda istifadə olunur. Həmin ünvanda təbii qazdan istifadəyə görə yaranan borcları iddiaçı aybaay gecikdirmədən ödəmiş və qaz sayğacına hər hansı kənar müdaxilə etməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli abonentin saldosuna əsasən iddiaçının ünvanı üzrə tərtib olunan akt üzrə qaz sərfiyatına görə aprel 2022-ci il tarixədək 7053 manat borc hesablanmışdır. Tərtib olunmuş akt üzrə iddiaçı heç bir baxışda iştirak etməmiş, hesablanmış borcun hardan yaranması iddiaçıya məlum deyildir. Cavabdeh təşkilat tərəfindən yazılmış 7053 manat məbləğ qanunsuz və əsasızdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4416/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanı (Abonent kodu: **********00002) üzrə İddiaçı hesablanmış 7053 (yeddi min əlli üç) manat məbləğində borcun silinməsi, 90,53 (doxsan manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda qaza görə əsassız hesablanmış borca görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan əsassız hesablanmış cərimənin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya əsassız olaraq hesablanmış 7053 manat məbləğində borc silinməlidir. Birinci instansiya məhkəməsi daha sonra hesab etmişdir ki, məhkəmə xərcinə daxil olan 90,53 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 90,53 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)- 4416/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ Cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 1-ci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı 1-ci instansiya məhkəməsi iddia tələbini qismən yox, tam təmin ediməsini qət edərdi. Bundan başqa, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı olaraq dəymiş maddi zərərin ödənilməsi barədə iddia tələbi irəli sürülməsinə əsas olmuş halları sübuta yetirmə vəzifəsi ilk növbədə üzərlərinə düşdüyündən iddia ərizəsinin təmin edilməsinə dair, onun əsaslı olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir. Bundan əlavə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Mübahisələndirdikləri qətnamənin sonuncu səhifəsinin 1-ci abzasına nəzər yetirilsə görünər ki, 1-ci instansiya məhkəməsi özbaşına hesablamalar apararaq, dəymiş maddi zərərin miqdarını müəyyənləşdirməyə çalışmış və xüsusi bilik tələb edən məsələdə səhv nəticəyə gəlmiş və bununla da cavabdehin qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnən məhkəmə aktı qəbul etmişdir. İşə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuş, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, rədd edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
Mülki Məcəllə:
385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alğısatqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası işdə iştirak edən apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən əsaslı olduğundan iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin qismən edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyərinin əsassız hesablanması və cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımaması nəticəsinə gələrkən cavabdeh tərəfindən ilk dəfə kənar xətt aşkar olunduqda onu ləğv etmək vəzifəsi cavabdehin üzərinə düşməsinə, həm yerində müayinin nəticələrinə, həm də borcun yaranamasının əsası kimi istinad edilən qeyd edilən aktların iddiaçı tərəfindən imzalanmamasına istinad etmişdir. İş materiallarında olan «abonent saldosu» adlanan sənəddən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Həmin ünvanda təbii qazdan istifadəyə görə quraşdırılmış Natek G4 markalı qaz sayğacı İddiaçı adınadır. Təbii qazdan istifadəyə görə ona 7053 manat borc hesablanmışdır. Lakin iş materiallarında cavabdehin iddiaçının adına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halını təsdiq edən 4 akt mövcuddur ki, bu aktlarda da yaranmış borcun məbləği 469,20 (46.80+134.40+230.40+57.60) manat təşkil edir. Həmçinin birinci instansiya məhkəməsi «abonent saldosu» adlanan sənəddən sayğacdan istifadəyə görə iddiaçının 717,70 (7053(ümumi borc)-6335.30 (ümumi aktlar üzrə hesablanmış məbləğ)manat borcu olmasına da diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsinin əsası kimi istinad etdiyi yerində müayinənin nəticələrinə məhkəmə kollegiyası qiymət verərək hesab edir ki, həmin vaxt müayinə zamanı sayğacdan kənar xətt olmaması müşahidə oluna bilərdi. Lakin bu xüsusi bilik tələb edən sahə olduğundan bu müayinə mütəxəssisin iştirakı ilə həyata keçirilməli və ya müvafin ekspetirza təyin edilməsi məsələsi müzakirə edilməli idi. Məhkəmə kollegiyası yerində müayinin nəticələrini iddianın tam əsaslı olması baxımından qiymətləndirilməsi olan sübut növü kimi qiymətləndirmir. Belə ki, sayğacdan kənar qaz xəttinin çəkilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011 -ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırması ilə yanaşı həyata keçirilməli olan tədbirlərdən biri də həmin halın baş verməsini təsdiq edən müvafiş aktın tərtib edilməsidir ki, iş materiallarında da bu aktlardan 4-ü mövcuddur və yuxarıda qeyd edildiyi kimi bu aktların məzmunu iddiaçının sayğac göstəricisinə əsasən borcundan kənar, 6335.30 manat ( 7350- 717,70= 6335,50) borcu olmasını təsdiq etmir. Məhkəmə kollegiyası iddiaçının sayğacdan kənar qoşulma halını təsdiq edən 4 akta əsasən 469,20 manat borcu yaranması qənaətinə gələrkən onun kollegiyanın iclasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində özünün deyil, qızının yaşadığını, sayğacdan kənar xəttin həqiqətən də mövcud olmasını, lakin bunun kim tərəfindən, hansı məqsədlə olunmasını bilmədiyi barədə izahatını nəzərə alır. Belə olan halda məhkəmə kollegiyası hazırki vəziyyətdə müvafiq ekspertiza təyin edilməsini məqbul saymır. Belə ki, iddiaçı özü izahatında sayğacdan kənar xətt olması faktını etiraf etmişdir. Lakin məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları əsasında borcu iddiaçının «abonent saldosu» adlanan sənəddə əks edilməsi ondan dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməsi üçün kifayət etmir. Belə ki, hər bir borcun tələbinin əsasını təsdiq edən sübut növü olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın tam təmin edilməli olması qənaətinə gələrkən iddiaçının sayğacdan istifadəyə görə 717,70 manat borcu və təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halını təsdiq edən 4 akta əsasən 469,20 manat (717,70+469,20= 1186.40 manat) borclarının olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutlar əsasında hesab edir ki, iddiaçının sayğac borcu və 4 akt əsasında müəyyən edilmiş borcları nəzərə alınmaqla birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, işdə olan sübutlar əsasında iddianın qismən əsaslı olmasına dair yeni qətnamə qəbul edilməli, ünvan 1 ünvanı (Abonent kodu: **********00002) üzrə İddiaçı hesablanmış 5866,60 (7053- 1186.4= 5866,6) manat məbləğində borc silinməli, digər hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 88,66 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir Kollegiya hesab edir ki, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4416/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. ünvan 1 ünvanı (Abonent kodu: **********00002) üzrə İddiaçı hesablanmış 5866,60 manat məbləğində borc silinsin. 88,66 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov