Məhkəmə qərarları › İş №2(103)-6269/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6269/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6269/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6269/2023 (Açar sözlər: borcun ödənilməsi, müddətin keçməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-636/2023 saylı 09 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinə əsasən MMC 4.000 manat ödəyərək mülkiyyətinə əldə etdiyi 1 ədəd 2017-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını cavabdehin istifadəsi və sahibliyinə verir.

2. Cavabdeh2 MMC qarşısında öhdəliyinin icrasının təmini məqsədilə İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən 1149,52 manat ödənilməmiş hissə və 50,48 manat cərimə borcu olmaqla, cəmi 1200 manat borcun və 32 manat ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə lizinq müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən, iddiaçı 4.000 manat ödəyərək mülkiyyətinə əldə etdiyi və 1 ədəd 2017-ci il buraxılışlı divardan asılan məişət qaz qazanı cavabdehin istifadəsi və sahibliyinə vermişdir. Cavabdeh2 həmin müqavilədən irəli gələn öhdəliyinin icrası xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 zaminliyi ilə təmin edilmişdir. Buna baxmayaraq, cavabdehlər ödəniş qrafiki üzrə şərtləşdirilmiş ödənişləri ödəmədiklərindən, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-636/2023 saylı 09 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1149,52 manat ödənilməmiş hissə və 50,48 manat cərimə borcu olmaqla, cəmi 1.200 manat məbləğində borcun və ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 428.4, 442, 472.1, 472.2 747.1 və 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə daxili maliyyə lizinqi müqaviləsi bağlanmış və öhdəliyin icrası müddəti 18 ay müəyyən edilmişdir. Bu öhdəliyin təminatı məqsədilə Cavabdeh1 ilə də eyni tarixdə zaminlik müqaviləsi bağlanılmışdır. Öhdəliyin icrasının son tarixi 18 ay sonra, yəni xx.xx.2019-cu ildə bitmişdir. Kreditor İddiaçı MMC tərəfindən bir il ərzində, yəni xx.xx.2020-ci il tarixə kimi iddia irəli sürülməmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2022-ci ildə təqdim edilmişdir. Mülki Məcəllənin istinad olunan maddi hüquq normasına əsasən bu hal zaminliyə xitam verilməsi üçün əsasdır. Buna baxmayaraq sadalanan maddi hüquq norması məhkəmə tərəfindən tətbiq edilməmiş və bu halla bağlı maddi hüquq norması pozulmuşdur. İşdə iddiaçı tərəfin iştirak təmin olunsa da, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, onların vacib əhəmiyyət daşıyan izahat və dəlilləri dinlənilmədən qərar qəbul edilmişdir. Məhkəmə yalnız iddiaçı tərəfin verdiyi izahat əsasında qətnamə qəbul etmiş və onun izahatında göstərdiyi hallar, yəni borc məbləğinin maliyyə baxımından düzgün hesablanıbhesablanmadığı, habelə zaminin hazırki cavabdehliyi sübut olunmamışdır. Cavabdehin ödənişləri nəzərə alınmadığı üçün borc məbləği düzgün hesablanmayıb və zaminliyə xitam verilməli halda, zaminin də üzərinə öhdəlik qoyulmuşdur. Cavabdehlərin məhz məhkəmədə iştirakının təmin edilməməsi məhkəmənin iş üzrə səhv nəticəyə gəlməsinə gətirib çıxartmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. İddiaçı apellyasiya şikayətinə etiraz ərizəsi göndərərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

12. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

13. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

14. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 15.Maddə 554.4. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının Cavabdeh1 münasibətdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X3 münasibətdə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

23. Belə ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə və ona 1 nömrəli əlavədən görünür ki, sonuncu, iddiaçıdan qiyməti lizinq ödənişinin ümumi məbləği 5309,07 manat təşkil edən 1 dəst divardan asılan məişət qaz qazanı almışdır. Eyni zamanda, onun həmin müqavilədən irəli gələn öhdəliyinin icrası xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 zaminliyi ilə təmin edilmişdir.

24. İşdə olan olan xx.xx.2018-ci il tarixli daxili maliyyə lizinqi müqaviləsinə dəyişiklərin edilməsi barədə 2 nömrəli xx.xx.2018-ci il tarixli razılaşmaya əsasən, İddiaçı MMC və Cavabdeh2 lizinq ödənişlərinin ümumi məbləğinin 5264,17 manat olması barədə razılığa gəlmişlər.

25. İş materiallarında olan, xəbərdarlıq məktublarının surətindən görünür ki, İddiaçı MMC cavabdehləri sözügedən müqavilə üzrə öhdəliklərini ödəniş cədvəli ilə şərtləşdirilmiş müddətdə və qaydada icra etməməyə davam edəcəyi təqdirdə qanunamüvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar etmişdir.

26. Beləliklə, işin mübahisəsiz hallarına görə xx.xx.2018-ci il tarixli müqavilə və ona dəyişiklik edilməsi barədə 2 nömrəli xx.xx.2018-ci il tarixli müqavilə əsasında iddiaçı Cavabdeh2 (lizinq alan) lizinq ödənişinin ümumi məbləği 5264,17 manat təşkil edən 1 dəst divardan asılan məişət qaz qazanını sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verməyi, sonuncu isə lizinq obyektini müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüş, tərəflər arasında lizinqin müddəti 18 ay müəyyən edilmişdir. Eyni zamanda, onun həmin müqavilədən irəli gələn öhdəliyinin icrası xx.xx.2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 zaminliyi ilə təmin edilmişdir.

27. Müqavilələrin məzmunundan göründüyü kimi lizinq şirkətinin Cavabdeh2 ilə bağladığı müqavilədə cavabdehin öhdəliyinin icrası müddəti təyin edilsə də, digər Cavabdeh1la bağlanmış zaminlik müqaviləsində isə zaminlik müddəti göstərilməmişdir.

28. Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

29. Bu mənada tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə zaminlik onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində qüvvədə olmuşdur. Hazırkı iş üzrə zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtı xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Lakin iddiaçı həmin vaxtdan sonrakı bir il ərzində zaminə qarşı iddia irəli sürməmiş, bununla da Cavabdeh1 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə iddiaçının zaminə qarşı tələb irəli sürməsi əsassızdır.

30. Belə ki, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olduğu üçün bu müddətin keçməsi iddiaçının cavabdeh zamindən lizinq borcunun qaytarılmasını tələb etməsi ilə bağlı subyektiv hüququnun itirilməsi, eyni zamanda zaminin lizing verən qarşısında öhdəliyinin xitamına səbəb olmuşdur.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020ci il tarixli “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Resoublikası Ali Məhkəəmsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olub, əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olduğu halda, kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir, lakin kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.

32. Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmiş müddətlər pozulmuş hüququn bərpası üçün məhkəməyə müraciət etmə müddəti (iddia müddəti) deyil, müddətin keçməsi ilə bağlı öhdəliyə xitam verilməsi (kəsici) müddətidir. İddia müddətlərindən fərqli olaraq kəsici müddət hüququn itirilməsi ilə bağlı olur və belə müddətlərin tətbiq olunması üçün tərəflərin ərizə verməsi tələb olunmur.

33. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh1 münasibətdə təmin etməklə maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, nəticədə həmin hissədə düzgün olmayan qətnamənin qəbul edilməsinə yol açmışdır.

34. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə iclasları barədə onun ünvanına - ünvan 1r göndərilməklə lazımi qaydada məlumatlandırılmışdır.

35. Məhkəmə kollegiyası vurğulayır ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X4rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).

36. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyətli məqamlar aradan qaldırılmalıdır.Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübahə altına alan v, ziddiyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı)

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-636/2023 saylı 09 yanvar 2023-cü il tarixl qətnaməsi qismən – Cavabdeh1 pul tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin olunmasın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar