Məhkəmə qərarları › İş №2(103)-627/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-627/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-627/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı QSC “Bank Standard” Kommersiya Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: İddiaçı kredit verən, Cavabdeh2 kredit alandır. Onların arasında xx.xx.2011-ci il tarixdə kredit müqaviləsi bağlanıb. Müqaviləyə əsasən 1.873.300 manat və 120.747 ABŞ dolları məbləğində kredit verilib. Kredit xx.xx.2015-ci il tarixədək verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 16 faiz müəyyən edilib. Cavabdeh1 ipoteka qoyandır. Ona məxsus olan daşınmaz əmlak – Bakı şəhəri, Nizami rayonu, 2210-cu məhəllə, Babək prosprkti, 28 “C” ünvanında yerləşən qeyriyaşayış binası kredit öhdəliyinin icrasının təminatı kimi ipoteka ilə yüklü edilib. Bu barədə onunla iddiaçının arasında ipoteka müqaviləsi bağlanıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub kredit müqaviləsi borc tutulsun və tutma ipoteka predmeti olan əmlaka yönəldilsin. İddia ərizəsində göstərilən məbəğdə pul tələb olunub: 1) əsas borc kimi 1.873.299,37 manat və 69.998,45 ABŞ dolları; 2) cərimə borcu kimi 102.823,31 manat və 3.842,13 ABŞ dolları; 3) iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat. İddia ərizəsində həmçinin tələb olunub ki, ipoteka predmetinin ilkin satış qiyməti 3.251,525 manat müəyyən edilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, əsas borc kimi 1.595.887,81 manat və 68.999,45 ABŞ dolları, cərimə kimi 3.000 manat və 300 ABŞ dolları, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 24 manat kredit alandan tutulsun, tutma ipoteka predmetinə yönəldilsin, ipoteka predmetinin ilkin satış qiyməti 5.759.000 manat müəyyən edilsin, satışdan əldə edilən pul hesabına borc ödənilsin, ipoteka predmeti satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın, iddianın qalan hissəsi təmin olunmasın. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin, kredit müqaviləsi üzrə borcun tutulması barədə tələb tam təmin edilsin, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 3.251.522 manat müəyyən edilməklə tutma həmin əmlaka yönəldilsin. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Qətnamənin yoxlanılması: Qətnamədə 2 tələb - kreditə və ipotekaya aid tələblər həll edildiyinə görə qətnamənin yoxlanılması həmin tələblər üzrə ardıcıllıqla həyata keçirilməlidir. Kreditə aid tələb: Kredit müqaviləsi üzrə borcun tutulması hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyi ilə müəyyən olunub ki, xx.xx.2015-ci il tarixə (kredit müddətinin sonuna) banka ödənilməli olan əsas borcun məbləği 1.595.887,81 manat və 68.999,45 ABŞ dolları təşkil edir. Məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Kredit alan icranı gecikdirdiyinə görə birinci instansiya məhkəməsi düzgün olaraq cərimə tutulmasını qət edib və tənasübü nəzərə almaqla düzgün olaraq cərimənin məbləğini 3.000 manat və 300 ABŞ dolları müəyyən edib. Bu nəticə Mülki Məcəllənin 462 və 467-ci maddələrinin göstərişlərinə uyğundur. İpotekaya aid tələb: Kredit alan öhdəliyi icra etmədiyindən tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinin tələblərinə uyğundur. İpoteka predmetinə tutma yönəldilməsi barədə iddiaçının bildirişinin qeydiyyat orqanı tərəfindən qeydə alınması inzibati məhkəmə icraatı qaydasında qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarla qanunsuz hesab edilib və bu qeydiyyatın ləğv edilməsi qərara alınıb (cild 1, iş v. 228). Qərar onunla əsalandırılıb ki, bildiriş ipoteka qoyana verilməyib, ona görə də bildirişin qeydə alınması qanunvericiliyə ziddir. Bu qərar kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılıb və qanuni qüvvəyə minib. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi bu halı əsas götürməklə iddia ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2019-cu il tarixli qərardad qəbul edib (cild 1, iş v. 270). Lakin həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ləğv edilib (cild 1, iş v. 309). Bakı Apellyasiya Məhkəməsi öz qərardadını belə əsaslandırıb ki, iddiaçı cavabdehin (ipoteka qoyanın) təqdim etdiyi ünvana bildiriş göndərib, yaşayış yerini dəyişən cavabdeh bu barədə iddiaçını məlumatlandırmalıdır, iddia ərizəsi 4 ildən artıqdır ki, məhkəmənin icraatındadır, əgər cavabdehin mübahisəni məhkəmədənkənar həll etmək niyyəti var idisə keçən müddət ərzində belə imkanı olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin bu qərardadından sonra birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. İpoteka predmetinin ilkin satş qiymətinə aid hissədə qətnamə dəyişdirilməli, ilkin satış qiyməti 2.600.000 manat müəyyən edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı ipoteka predmetinin qiymətləndirilməsi keçirilmiş, “xxxx” MMC əmlakın orta bazar qiymətinin 5.759.000 manat olması barədə qiymətləndirmə hesabatı vermişdir. Qətnamədə bu qiymət ilkin satış qiyməti kimi göstərilmişdir. Lakin ilkin satış qiymətinin anlayışı “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində müəyyən edilib. Həmin anlayışdan görünür ki, ilkin satış qiyməti orta bazar qiyməti ilə deyil, likvid qiymətlə müəyyən olunur. Ona görə də apellyasiya icraatı zamanı likvid qiymətin müəyyən edilməsi üçün yenidən qiymətləndirmə keçirilmişdir. “xxxx” MMC tərəfindən verilmiş qiymətləndirmə hesbatında likvid qiymətin 2.600.000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə ilkin satış qiytmətini müəyyən edərkən iddiaçının tələbindən asılı deyil. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinə tutma yönəldilməsi barədə məhkəmə qərarında ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. Göründüyü kimi, ilkin satış qiymətini müəyyənləşdimək və qətnamədə göstərmək məhkəmənin vəzifəsidir. İlkin satış qiyməti müstəqil anlayış olmaqla “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsində müəyyən edilib. İlkin satış qiymətinin 2.600.000 manat müəyyən edilməsi işin halları ilə ziddiyyət təşkil etmir. Belə ki, ipoteka müqaviləsinin 2.1-ci bəndində əmlakın dəyəri bundan da aşağı - 2.305.905 manat göstərilib, cavabdehlər müqaviləni imzalamaqla bu qiymətlə razılaşıb. Nəzərə alınmalıdır ki, ilkin satış qiyməti likvid qiymətdir, əmlakın bazar dəyərindən aşağıdır. Cavabdeh tərəf kredit alan zaman əmlakın dəyərinin hətta likvid qiymətdən də aşağı müəyyən edilməsi ilə razılaşıb, lakin kreditin qaytarılması zamanı işin yekunlaşmasını müxtəlif vasitələrlə yubadır. Hazırkı işi 6 ilə yaxındır ki, yekunlaşdırmaq mümkün olmayıb. Əgər həqiqətən də əmlakın dəyəri birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi 5.759.000 manatdırsa, bu o deməkdir ki, cavabdehin yalnız 1 əmlakının dəyəri borcun məbləğindən təxminən 3 dəfə artıqdır. Bu isə onu təsdiq edir ki, cavabdeh borcu ödəmək və ipotekaya xitam vermək imkanına malikdir, lakin bunu etmir, bankın pulunu özündə saxlayır. Əgər 2.600.000 manat aşağı qiymətdirsə, cavabdeh hərracda qalib alıcı kimi əmlakı həmin qiymətə ala bilər. Bu məbləğ bankın pulunun ödənilməsi üçün kifayət edəcək, nəticədə isə əmlak cavabehin özünə qalacaq, habelə borcdan artıq qalan məbləğ ona qaytarılacaq. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinə aid hissədə dəyişdirilsin və ilkin satış qiyməti 2.600.000 (iki milyon altı yüz min) manat müəyyən edilsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qiymətləndirmə xərci kimi 400 (dörd yüz) manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada “xxxx” MMC-nin xeyrinə tutulsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar