Məhkəmə qərarları › İş №2(103)-6270/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6270/2023

18.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6270/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6270/2023 (Açar sözlər: borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3486/2023 saylı 22 may 2023cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 18 oktyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh, "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qiyməti 273,6 manat olan “Gorenje” markalı radiatoru ayda 15,2 ödəmək şərti ilə 18 ay müddətinə almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ondan xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Gorenje” markalı radiator üçün 273,6 manat ödənilməmiş hissə və 27,40 manat cərimə borcu olmaqla, cəmi 301 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 273,6 manat olan “Gorenje” markalı radiator almışdır. Cavabdeh 0 manat ödəniş etmiş, 273,6 manat borcu qalmışdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli e-2(008)- 3486/2023 saylı qətnaməsi ilə (hakim Həqiqət Mahmudova) iddianın təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 273,6 manat ödənilməmiş və 27,4 manat cərimə borcu olmaqla, cəmi 301 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 433.1, 442, 462.1, 600.1, 600.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 107, 119.1, 284-2, 284-5.1, 284-5.2, 284-5.3, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, onunla iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 273,6 manat olan “Gorenje” markalı radiatoru ayda 15,2 ödəmək şərtilə 18 ay müddətinə almışdır. Radiatorun ona təhvil verildiyi vaxtdan 2 gün sonra radiatorda nasazlıq yaranmış, o, iddiaçıya müraciət etmiş və radiatoru servisə təqdim etmişdir. Əşyanı ondan rəsmi olaraq təhvil almışlar. Servisdə isə 3 illik zəmanəti olan radiator üçün servis haqqı olaraq əvvəl 150 manat, daha sonra isə 200 manat tələb etmişlər. Lakin o, bununla razılaşmayaraq, zəmanəti olan və 2 gün belə işləməyən əşyanın müqavilə şərtlərinə uyğun ona təhvil verilməsini tələb etmişdir. Lakin kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, ona müqavilə əsasında razılaşdıqları keyfiyyətdə əşyanı təqdim etməmişdir. Bundan başqa, o, ünvan 1 ünvanında qeydiyyada olmaqla yaşayır. Lakin ona bu vaxta kimi məhkəmə iclasları barədə heç bir bildiriş gəlməmişdir. Bu isə onu göstərir ki, məhkəmə qərəzli olaraq iclasları ona məlumat vermədən keçirmiş, ona bildiriş göndərməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

16. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsi iddianın rədd edilməsi xahiş edildiyindən qətnamə bütünlüklə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya hesab edir ki, Cavabdeh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

27. Belə ki, iş materiallarında olan müqavilə və ona əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən alqı-satqı qiyməti 273,6 manat olan “Gorenje” markalı radiatoru ayda 15,2 ödəmək şərti ilə 18 ay müddətinə almışdır.

28. Maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin həmin tarixədək iddiaçıya xx.xx.2020-ci il tarixli müqavilə üzrə üçün 273,6 manat ödənilməmiş hissə və 27,4 manat cərimə borcu olmaqla, cəmi 301 manat məbləğində borcu vardır.

29. Kollegiya cavabdehin apellyasiya şikayətinin “məhsulun iddia tərəfindən təmir olunub ona verilməməsi” ilə bağlı dəlilini əsassız hesab edərək qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli texniki rəydə göstərilmişdir ki, cihaz diapnostika olunmuş və aşkar olunan qüsur istehsal yox istehlakçı tərəfindən istifadə qaydaları pozulmuşdur.

30. Rəydən də göründüyü kimi iddiaçı tərəfindən cavabdehə satılmış məhsul cavabdehin özü tərəfindən yararsız vəziyyətə salmışdır. Cavabdeh tərəf isə aşkar olunmuş qüsurun istehsal qüsuru olmasını təsdiq edənə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

31. Kollegiya apellyatorun məhkəmə iclasında iştirakının təmin olunmamasına dair dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə icraat sadələşdirilmiş formada aparılmış və bu barədə proses iştirakçılarına bildiriş göndərilmişdir. Yəni işə tərəflərin iştirakı olmadan sadələşdirilmiş icraat formasında baxılmışdır. Bundan başqa məhkəmə tərəfindən cavabdehin apellyasiya şikayətində qeyd etdiyi ünvan 1 ünvanına bildiriş göndərilmişdir. Buna görə də kollegiya bu dəlili də əsassız hesab edir.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

33. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

34. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3486/2023 saylı iş üzrə 22 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar