Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6271/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3299/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən “Satıcı” “Alıcı”ya “Paltaryuyan VESTEL W 912TDS” malını satır, “Alıcı” həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini “Satıcı”ya ödəyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, ondan 684 manat əsas, 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncuya 854 manat dəyərində olan məhsul müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq 6 ay müddətinə ödənilmək şərtilə nisyə satılmışdır. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanmış faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən sonuncunun tələb hüququ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə keçmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3299/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 684 (altı yüz səksən dörd) manat məbləğində borc, 30 (otuz) manat dövlət rüsumu, 0,40 (qırx qəpik) manat bank xidməti haqqı tutulması qət edilmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilən hallarından məlum olur ki, Cavabdeh məhsulun nisyə alqı-satqı müqaviləsi üzrə həmin tarixə İddiaçı QSC-yə cəmi 684 manat məbləğində borcu vardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 684 manat əsas, 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutulmalıdır.
6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 433.1, 442, 462.1, 600.1, 600.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-2, 284- 5.1, 284-5.2, 284-5.3, 284-6.1, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə ləğv edib iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə müəyyən edilmiş halı – “mənim məhsulun nisyə alqı-satqısı müqaviləsi üzrə həmin tarixə İddiaçı QSC-nə 684 manat borcum vardır” qəbul etmir ona görə ki, o nisyə qaydada aldığı məhsulu elə aldığı günü mağazaya qaytarıb. Bu halda onun iddiaçıya və ya başqasına hər hansı məbləğdə borcu ola bilməz. Bu halı şikayətə əlavə edilmiş "xxxx" MMC-dən ona verilmiş xx.xx.2023-cü il tarixli arayış da təsdiq edir. Həmin arayışa görə o paltaryuyan maşından imtina etdiyindən xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilmiş, onun borcu 0 azn təşkil etmişdir. Sözügedən arayışda daha sonra göstərilir ki, İddiaçı QSC-də xx.xx.2022-ci il tarixli, 40022297 saylı “Nisyə alqı-satqı müqaviləsi” üzrə borcalanın (yəni onun) adında olan 684 manat artıq borc məbləği "xxxx" MMC-nin öhdəliyidir. Təbii ki, o hazırkı iddia tələbindən vaxtında məlumat əldə etsəydi həmin arayışı məhkəməyə təqdim edərdi və məhkəmə qanuni və əsaslı nəticəyə gələrdi. Məhkəmə hər bir halda bu iddia tələbinə görə satıcı "xxxx" MMC-ni də cavabdeh qismində işə cəlb etməli, bundan sonra işin faktiki halı, yəni nisyə satılmış məhsulun satıldığı günü qaytarılmasını və onun iddiaçı qarşısında hər hansı borcu yaranmadığını aydınlaşdıra bilərdi. "xxxx" MMC borc öhdəliyinin ona aid olması barədə arayış tədim edirsə, onun burda hər hansı məsuliyyəti ola bilməz. Onun birinci instansiya məhkəməsində hazırkı iddia tələbindən məlumatı olmamışdır.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
11. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
12. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (Maddə 443.1)
13. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. Mülki Məcəllənin 601.1-ci maddəsində qeyd edilir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. (Maddə 600.4)
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
20. İş materiallarından göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında yazılı alqısatqı müqaviləsi bağlanmış və 09 avqust 2022-ci il tarixli təhvil-təslim aktına əsasən müqavilənin predmeti olan əşya məhz Cavabdeh təhvil verilmişdir.
21. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanmış faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən "xxxx" MMC Cavabdeh ilə bağlı tələbini İddiaçı QSC-yə güzəşt etmişdir.
22. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində, 40022297 saylı “Nisyə alqı-satqı müqaviləsi” bağlanmışdır. Sonradan müştəri müqavilə üzrə sifariş etdiyi məhsuldan (“Paltaryuyan VESTEL W 912TDS”) imtina etmişdir. Nəticədə xx.xx.2022-ci il tarixli 40022297 saylı alqısatqı müqaviləsi ləğv edilmişdir. Hazırda müqavilə üzrə "xxxx" MMC sistemində borc 0 AZN təşkil edir. İddiaçı QSC-də xx.xx.2022-ci il tarixində, 40022297 saylı “Nisyə alqı-satqı müqaviləsi” üzrə borcalanın adında olan 684 AZN artıq borc məbləği "xxxx" MMC-nin öhdəliyidir.
23. Göründüyü kimi, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə ləğv edilmişdir. Cavabdehin həmin müqavilə üzrə hər hansı borcu yoxdur.
24. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir.
25. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 3299/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 40022297 saylı müqaviləyə əsasən, ondan 684 manat əsas, 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının xeyrinə tutulması barədə iddia tələbi təmin edilməməlidir.
26. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
27. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3299/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2022-ci il tarixli, 40022297 saylı müqaviləyə əsasən cavabdehdən 684 manat əsas, 30 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev