Məhkəmə qərarları › İş №2(103)-6275/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6275/2022

29.09.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6275/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər:müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi, hüquqi müəyyənlik) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh2 oğunun nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin, protokoldan çıxarışın və onun əsasında əldə edilmiş çıxarışın etibarsız hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh1 Mənzil Tikinti Kooperativi (MTK) ilə X2 arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə MTK, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942 B ünvanında tikilən 17 mərtəbəli yaşayış binasının birinci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 98,2 m2 olan 38 saylı 2 otaqlı mənzili Rüfət Abbasova verməyi, Rüfət Abbasov isə mənzilin 37 316 manat razılaşdırılan dəyərini MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.

2. Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə İddiaçı arasında bağlandığı bildirilən xx.xx.2009-cu il tarixli müqaviləyə görə MTK, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942 B ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının birinci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 98,2 m2 olan 38 saylı 2 otaqlı mənzili İddiaçı verməyi, İddiaçı isə mənzilin 39 280 manat razılaşdırılan dəyərini MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.

3. X2 xx.xx.2014-cü il tarixdə MTK-ya ərizə ünvanlayaraq ünvan 1n birinci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 98,2 m2 olan 38 saylı 2 otaqlı mənzilinin Şahid1 adına keçirilməinə etiraz etmədiyini bildirmiş, MTK üzvlüyündən çıxarılmasını və Şahid1 onun əvəzinə payçılığa qəbul olunmasını xahiş etmişdir.

4. Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə Şahid1 arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə MTK, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942 B ünvanında tikilən 17 mərtəbəli yaşayış binasının birinci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 98,2 m2 olan 38 saylı 2 otaqlı mənzili Şahid1 verməyi, Şahid1 isə mənzilin 41 244 manat razılaşdırılan dəyərini MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.

5. MTK tərəfindən Şahid1 verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışına görə o, ünvan 1n birinci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 98,2 m2 olan 38 saylı 2 otaqlı mənzilinin dəyərini ödəmişdir və borcu yoxdur.

6. Şahid1 xx.xx.2020-ci il tarixdə MTK-ya ərizə ünvanlayaraq ünvan 1n birinci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 98,2 m2 olan 38 saylı 2 otaqlı mənzilinin Cavabdeh2 adına keçirilməinə etiraz etmədiyini bildirmiş, MTK üzvlüyündən çıxarılmasını və Cavabdeh2 onun əvəzinə payçılığa qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə MTK, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942 B ünvanında tikilən 17 mərtəbəli yaşayış binasının birinci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 98,2 m2 olan 38 saylı mənzili Cavabdeh2 verməyi, Cavabdeh2 isə mənzilin 41 244 manat razılaşdırılan dəyərini MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.

8. Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışına görə o, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942 B ünvanında tikilən 17 mərtəbəli yaşayış binasının birinci blokunun 7-ci mərtəbəsində ümumi sahəsi 98,2 m2 olan 2 otaqlı 38 saylı mənzilin sahibidir və mənzil dəyərini tam ödəmişdir.

9. Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942 B ünvanında yerləşən binanın 38 saylı mənzili (Yeni qaydalarla: AZ 1129, Bakı şəhəri, Xətai rayonu, Əliağa Şıxlinski küçəsi 266, M7, m3) Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının xx.xx.2020-ci il tarixli 150 nömrəli maliyyə arayışına əsasən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Cavabdeh2 16 yanvar 2021-ci il tarixdə müvafiq çıxarış verilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X1 Cavabdeh1 MTK-ya qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbi üzrə çıxarılmış Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi “ünvan 1n birinci blokunun 7-ci mərtəbəsindəki 38 saylı mənzilə dair Cavabdeh2 və MTK arasında bağlanmış müqavilənin etibarsız hesab olunması” tələbinin təmin edilməsi ilə bağlı hissədə ləğv olunmuş, həmin iddia təmin edilməmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 iyun 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

12. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə X4 və X3 Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib məhkum olunmuş, həmin hökmlə müəyyən edilmişdir ki, adı çəkilən şəxslər özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə ümumi cinayətkar niyyətə və sövdələşməyə uyğun olaraq ayrı-ayrı şəxsləriə Cavabdeh1 MTK-nın Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 2942 B ünvanında tikilən yaşayış binasında birlikdə bir sıra mənzil sahələrinə sahib olduqlarına inandırıb MTK-nın direktorlarının və təsisçilərinin xəbəri olmadan ... müxtəlif mənzilləri müxtəlif şəxslərlə Kooperativin direktoru Şahid2 arasında bağlanması görüntüsü yaradan hüquq verən rəsmi sənədləri – mənzil alqı-satqı müqavilələrini və saxta ödəniş cədvəllərini – istintaqa məlum olmayan şəraitdə qanunsuz hazırlayaraq onların pul vəsaitlərini ələ keçirmişlər.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı

13. İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, MTK və Cavabdeh2 arasında bağlanmış müqavilənin, protokoldan çıxarışın və onun əsasında əldə edilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ona qarşı Bakı şəhəri, N.Tusi küçəsi 2942 B məhəllə ev 38 (Yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzilin istifadəsinə və sahibliyinə təhvil verilərək mənzilə köçürülməsi barədə Xətai Rayon Məhkəməsində iddia qaldırmışdır – hansı ki, onun belə iddia verməyə, yəni ona məxsus mübahisəli mənzilə köçürülməsini tələb etməyə subyektiv hüququ yoxdur. 14 avqust 2009-cu il tarixdə Cavabdeh1 MTK ilə ünvan 3 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun 7 mərtəbəsində, ümumi sahəsi 98,2 kv.m olan 2 otaqlı 38 saylı mənzil mənzilin bir pay olaraq ona verilməsinə dair 106 saylı müqavilə bağlamış, müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq müvafiq ödəniş etdikdən sonra mərhələli formada mənzilində müəyyən təmir işləri aparmağa başlamışdır. Hal-hazırda təmir işlərini davam etdirir, lakin sonradan ona məlum olmuşdur ki, mənzili ilə bağlı digər şəxslə müqavilə bağlanmış, həmin şəxs DƏDRX-nə müraciət edərək çıxarış almışdır. Bu şəxsin Cavabdeh2 olduğunu öyrənmişdir. Mənzilin digər şəxsin adına olmasından onun "mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırıldıqdan və iddianın təmin tədbiri qismində təmir-tikinti işlərinin həyata keçirilməsinin qadağan edilməsi barədə 29 yanvar 2021-ci il tarixli qərardad icraya yönəldikdən sonra xəbəri olmuşdur. İddia ərizəsinə əlavə edilmiş müqavilədən, qəbzlərdən və maliyyə arayışından da göründüyü kimi, Cavabdeh1 MTK ilə arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən öhdəliyi yerinə yetirmiş və mənzil ona təhvil verilmiş, hətta orada təmir işləri aparmışdır. Mənzilinə dair "Tural-A” MTK ilə Cavabdeh2 arasında olan müqavilədən məlumatı olmamışdır. Həmin müqavilə qanunsuz olaraq tərtib edilmiş və onun əsasında çıxarış alınmışdır. Odur ki, MTK ilə Cavabdeh2 arasında bağlanmış 19 noyabr 2020-ci il tarixli müqavilə, ümumi yığıncağın protokolundan çıxarış və onun əsasında əldə edilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

16. Məhkəmə eyni zamanda xüsusi qərardad çıxarmış, Cavabdeh1 MTK-nın əməllərində Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin aşkara çıxarılması barədə Azərbaycan Respublikasının Baş Prokuroruna məlumat verilməsini qərara almışdır.

17. Məhkəmə mövqeyini aşağıdakı kimi əsaslandırmışdır:

17.1. İddiaçının əsaslandığı müqavilənin cavabdeh MTK-nın direktoru tərəfindən imzalanması sübuta yetirilməmiş, eyni zamanda iddiaçının təqdim etdiyi müqavilənin üzərində təsvir olunmuş möhür MTK tərəfindən iddiaçının müqaviləsi ilə eyni vaxt aralığında digər şəxslərlə tərtib edilmiş alqı-satqı müqaviləsinin üzərində əks olunmuş möhür nümunəsi və MTK-nın məhkəməyə təqdim etdiyi hər iki (həm köhnə, həm təzə) möhür nümunələri ilə üst-üstə düşməmişdir. 17.2. Digər tərəfdən iddiaçı ilə cavabdeh MTK arasında bağlanması istinad olunan alğı-satqı müqaviləsinin tarixi 14 avqust 2009-cu il olması qeyd edilsə də, müqavilənin sonuncu vərəqində iddiaçının ad, soyadı və imzası əks olunan hissədə iddiaçıya məxsus 2010-cu il tarixdə əldə olunmuş şəxsiyyət vəsiqəsinin məlumatları qeyd edilmişdir. 17.3. Sadalanan halların məcmusu məhkəməyə belə qənaətə gəlməyə zəmin yaradır ki, iddiaçı ilə MTK arasında bağlandığı istinad edilən müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmışdır. Belə olan halda istinad olunan müqavilə tərəflərdə hər hansı hüquq və vəzifələr yarada bilməz. 17.4. Məhkəmə iddiaçının cavabdehin müqaviləsinin etibarsızlığı ilə bağlı mövqeyinə qiymət verərək hesab edir ki, 38 saylı mənzil Şahid1 27 iyul 2014-cü il tarixli müqaviləyə əsasən məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə 27 iyul 2014-cü il tarixli müqavilənin etibarlılığı yoxlanılmış və müqavilə etibarlı müqavilə kimi qəbul edilmişdir. 17.5. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanmış, 28 mart 2022-ci il tarixdə sorğuya cavab məktubu göndərilmişdir. Həmin məktubdan görünür ki, Şahid1 27 iyul 2014-cü il tarixli müqavilə əsasında 38 saylı mənzili 41 244 manata Cavabdeh1 MTK-dan almış, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Daha sonra Şahid1 02 noyabr 2020-ci il tarixdə Cavabdeh1 MTK-ya ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 1 saylı girişinin 7-ci mərtəbəsində olan 38 saylı mənzildən Cavabdeh2 xeyrinə imtina etdiyini bildirmiş, onun kooperativə payçı kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 23 noyabr 2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, 38 saylı mənzil Cavabdeh2 satılmışdır.

18. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərarına, Mülki Məcəllənin 324-cü, 337-ci və 567-ci maddələrinə istinad etmişdir.

19. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, mənzilin ona təhvil verildiyini, orada təmir işləri apardığını nəzərə almadığını, düzgün olmayan ekspert rəyinə istinadla qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

20. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, Cavabdeh2 oğunun nümayəndəsi (vəkili) Vəkil1 şikayətin əsassız olduğunu bildirmiş, digər Cavabdeh1 MTK-nın nümayəndəsi isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

22. Maddə 337.1 və 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.

23. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.

24. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

25. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

28. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

29. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

30. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

31. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

37. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

40. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

43. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

44. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

45. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

46. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin gəldiyi nəticə və iddia tələblərinə verdiyi qiymətlə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

47. Belə ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

49. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 21) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

50. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisəsi gedən mənzilə dair İddiaçı və MTK arasında müqavilə bağlandığı zaman X2 ilə daha əvvəl bağlanmış müqavilə qüvvədə olmuş, Rüfət Abbasov xx.xx.2014-cü il tarixdə mənzildən Şahid1 xeyrinə, sonuncu isə xx.xx.2020-ci il tarixdə Cavabdeh2 xeyrinə imtina etmiş, bundan sonra Cavabdeh2lə müvafiq müqavilə bağlanaraq mənzil onun mülkiyyətinə verilmişdir. Başqa sözlə MTK-nın, İddiaçı istinad etdiyi müqavilənin predmeti olan əmlakla bağlı onunla əqd bağlamaq səlahiyyəti ümumiyyətlə olmamış, MTK ilə İddiaçı daha əvvəl müqavilə bağlayaraq əmlakı təhvil almış şəxsin müqaviləsinin həmin dövrdə ləğv olunduğu və ya etibarsız hesab edildiyi isə müəyyən olunmamışdır. Kollegiyanın qənaətinə görə bu hal, İddiaçı irəli sürdüyü faktiki halların iddia tələbinin qanuni əsası kimi göstərdiyi qanunvericilik müddəalarının dispozisiya əlamətləri ilə uzlaşmaması deməkdir.

51. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

52. Digər tərəfdən qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə, Cavabdeh1 MTK-nın direktoru Şahid2 və İddiaçı adlarından olan 14 avqust 2009-cu il tarixli 106 nömrəli müqavilədə “payçı” qrafasındakı imzanın İddiaçı tərəfindən, “Kooperativ” qrafasındakı imzanın Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu, müqavilənin ikinci vərəqində olan möhür əksinin relyef klişedən sənədin üzərinə birbaşa vurulduğu, “Azərbaycan Respublikası Mənzil-Tikinti-Kooperativi Cavabdeh1 MTK” məzmunlu möhür əksinin, eyni məzmunlu möhürün sərbəst və eksperimental əks nümunələri ilə eynilik təşkil etmədiyi müəyyən edilmişdir.

53. Kollegiya onu da qeyd edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 iyul 2019-cu il tarixli hökmü ilə müəyyən edilən hallar İddiaçı X4 və X3 tərəfindən aldadıldığı qənaətinə gəlməyə əsas verir. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmasa da, qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin 82.4-cü maddəsi ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir - hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur.

54. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının mübahisələndirdiyi müqavilənin etibarlılığı məsələsinə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qiymət verilmişdir.

55. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-673/2022 saylı iş üzrə 23 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar