Məhkəmə qərarları › İş №2(103)-6276/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6276/2023

21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6276/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1296/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" MMC ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış xx.xx.2022-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC dəyəri 3.099,99 manat olan “Samsung S22 Ultra bronze” markalı telefon aparatını cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və onun dəyərini ilkin olaraq 400 manat, növbəti 6 ay müddətinə hər ay 450 (sonuncu ay 449,99) manat ödəmək şərti ilə ödəməyi, borc ödənişini gecikdirdikdə hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə ödəməyi barədə üzərinə öhdəlik götürmüşdülər (müqavilənin 5.6-cı bəndi). xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında həmin telefonun "xxxx" MMC tərəfindən cavabdehə təhvil verildiyi və bu zaman onun tərəfindən malın texniki göstəricisinə və yararlılığına iradlar bildirilmədiyi qeyd edilmişdir. "xxxx" MMC ilə İddiaçı MMC (bundan sonra iddiaçı) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Faktorinq müqaviləsinə əsasən iddiaçı (Faktor) "xxxx" MMC-nin (Müştərinin) borcluya malların satılmasından irəli gələn pul tələbinin hesabına Müştəriyə pul vəsaiti verməyi, Müştəri isə borcluya qarşı pul tələbini iddiaçıya (Faktora) qarşı güzəşt etməyi öhdəsinə götürmüşdür. İddiaçıya güzəşt edilən məbləğ 2.699,99 manat təşkil etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən müqavilə üzrə 2.699,99 manat məbləğində borc var. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışlarına əsasən cavabdeh xx.xx.2022-ci il tarixli müqavilənin predmetini təşkil edən əşyanı müəyyən edilmiş müddət ərzində təhvil ala bilmədiyindən həmin əşyadan imtina etmiş, nəticədə müqavilə ləğv edilmişdir. Həmin müqavilə üzrə verilmiş 2.699,99 manat məbləğində öhdəlik Azərbaycan kredit Bürosundan çıxarışda hesabata salınmış, lakin tam bağlanmış, bu öhdəlik üzrə heç bir borc məbləği yoxdur. Həmin çıxarışdakı aktiv öhdəliyə tam xitam verilmişdir. Aktiv öhdəliklərin həcmi sıfra bərabərdir. İddiaçı təşkilati hüquqi formasını dəyişərək, Qapalı Səhmdar Cəmiyyətinə (QSC-yə) çevrilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı İddiaçı QSC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 40008260 saylı, xx.xx.2022-ci il tarixli Nisyə Alqı-satqı müqaviləsi üzrə 2.699,99 manat borcun, 47 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 3.099.99 manat dəyərində nisyə aldığı mala görə 400 manat ilkin ödəniş olaraq ödəmiş, qalıq 2.699.99 manat borcu isə müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 6 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin X6 qarşı olan 2.699.99 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Eyni zamanda, tələb hüququnun İddiaçı QSC-yə keçməsi barədə nisyə alqı satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Tərəflər arasında bağlanan nisyə alqı-satqı müqaviləsinə əsasən alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə ödəməli оlduğu ödənişlərinin ödənilməsinə dair öhdəliyi icra еtmir. Belə ki, cavabdehin bugünə 2.699,99 manat əsas borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə bildiriş göndərilmiş, lakin ödənilməli olan vəsait bugünədək ödənilməmişdir.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1296/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2022-ci il tarixli, 40008260 saylı müqavilə üzrə 2.699,99 manat əsas borc, ödənilmiş 47 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi İddiaçı QSC-nin xeyrinə tutulmuşdur. (hakim X5)

5. Məhkəmənin təqdim edilən sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasına, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınmasına hər hansı zərurət olmadığından yaranmış borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci, 462.1-ci, 465.2-ci, 467-ci, 567-ci, 600.1-ci, 601.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirdiyi qətnamənin qəbul edilməsi barədə məlumatı Nizami rayon İcra şöbəsinin icra məmuru tərəfindən göndərilmiş bildiriş və təqdim edilmiş icra vərəqəsi ilə tanış olarkən əldə etmişdir. Qətnamə ilə tanış olduqdan sonra "xxxx" MMC-yə müraciət etmiş və cavab olaraq, aldığı xx.xx.2023-cü il tarixli arayışda bildirilmişdir ki, "xxxx" MMC ilə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli, 40008260 saylı nisyə alqı-satqı müqaviləsi üzrə sifariş etdiyi məhsulu (telefon mobil Samsung S22 Ultra Bronze) müəyyən olunduğu müddətdə təhvil ala bilməmiş və məhsuldan imtina etməyi səbəbi ilə həmin müqavilə ləğv edilmişdir. Hazırda həmin müqavilə üzrə "xxxx" MMC-nin sistemində borc 0 manat təşkil edir, onun adında olan 2.699,99 manat borc məbləği "xxxx" MMC-nin öhdəliyidir. Belə olduğu halda məhkəmə iddiaçının razılığı ilə əsl olmayan cavabdehi əsl olan cavabdehlə əvəz etməklə mübahisəyə bəxmalı, iddiaçı buna razı olmadığı halda iddianın təmin edilməməsi haqda qətnamə qəbul etməli idi. Birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmadan, məhkəmə iclasının vaxtı, tarixi və yeri barədə məlumat vermədən, iştrakını məhkəmə iclasında təmin etmədən sadələşdirilmiş icraat qaydasında işə baxmaqla ilk növbədə Mülki Prosessual Məcəllənin 54-cü maddəsinin tələblərini, daha sonra isə 77.1-ci və 88-ci maddələrinin tələblərini pozmuşdur. Məlum məsələdir ki, müqavilə üzrə təhvil verməli olan əşya ona təhvil verilmədiyindən və həmin müqavilə ləğv edildiyindən iddiaçının məhkəməyə təqdim etdiyi əşyaların təhvil-təslim aktının həqiqiliyi də şübhə yaradır. Ən azından məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bu halların araşdırılması və düzgün hüquqi qiymət vertilməsi üçün mübahisəyə sadələşdirilmiş icraat qaydasında yox, mülki icraat qaydasında baxmaqla işin hallarına uyğun düzgün və obyektiv qətnamə qəbul etməli idi. Odur ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bu hallara diqqət yetirmədən çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız hesab edilməklə ləğv edilməlidir.

9. Cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlillərin əlavə araşdırılmasına ehtiyac yarandığından, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmədiyindən, iş üçün əhəmiyyət kəsb edən faktiki halları müəyyən etmək məqsədi ilə tərəflərin çağırılaraq izahatların alınmasına zərurət yarandığından, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6276/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki mülki işə məhkəmə iclasında baxılması qərara alınmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. İştirak etdiyi məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmənin təşəbbüsü ilə mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMC-nin nümayəndəsi X7 iddia tələbini əsassız hesab edərək bildirmişdir ki, cəmiyyətlə cavabdeh arasında həqiqətən də alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin sifariş edilən “Samsung” markalı mobil telefon gec çatdırıldığından cavabdeh məhsuldan imtina etmiş, cəmiyyətdə də bununla razılaşmışdır. Sadəcə olaraq müqavilə bağlandıqdan sonra tələb güzəşt olunmuş və sənədlər İddiaçı QSC-yə təhvil verilmişdir. Ona görə də, texniki səhv nəticəsində şəxsə qarşı belə bir iddia qaldırılmışdır. Şirkət texniki səhv nəticəsində borclu kimi göstərilən müştərilər barəsində məlumat vermiş, lakin məlumat verilməsnə baxmayaraq, İddiaçı QSC həmin şəxslərə qarşı iddia qaldırmışdır. Hazırda şirkətin İddiaçı QSC ilə razılaşması var və bu öhdəlikləri şirkət öz üzərinə götürmüşdür. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti tam əsaslıdır və təmin edilməlidir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 568.2-ci maddəsinə əsasə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur; 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-ci maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; 655.1-ci maddəsinə əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür; 655.2-ci maddəsinə əsasən pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir; 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun; 657.7-ci maddəsinə əsasən əgər faktor borcludan müqavilə əsasında əmələ gəlmiş tələb üzrə məbləğ ödəməyi tələb edirsə, borclu həmin müqavilədən irəli gələn və müştərinin ondan ödəniş tələb etdiyi halda irəli sürə biləcəyi bütün etirazları faktora bildirə bilər. Borclu güzəşt haqqında yazılı bildirişin verildiyi məqamda müştəriyə qarşı olan tələblərinin ödənilməsinə dair hər hansı hüququ da qarşılıqlı əvəzləşdirmə çərçivəsində faktora qarşı etiraz kimi irəli sürə bilər; 657.8-ci maddəsinə əsasən mal göndərənin alqı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etməməsi, lazımınca icra etməməsi və ya icranı gecikdirməsi özlüyündə borcluya faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ vermir. Əgər borclu hər hansı tələb üzrə faktora ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malikdirsə, faktordan həmin məbləğin qaytarılmasını yalnız o halda tələb edə bilər ki, faktor bu tələb üzrə mal göndərənə ödəmə öhdəliyini icra etməsin və ya borclunun ödəniºinin aid edildiyi mallar barəsində müqavilənin müştəri tərəfindən yerinə yetirilmədiyini, lazımınca yerinə yetirilmədiyini və ya yerinə yetirilməsinin gecikdirildiyini bildiyi məqamda icra etsin.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Hazırkı apellyasiya şikayətinə əsasən qətnamənin ləğv edilməsi və iddianın rədd olunması xahiş olunduğundan qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı QSC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə nisyə-alqı satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən üçüncü şəxs 3.099.99 manat dəyərində telefonu cavabdehə nisyə satmağı, cavabdeh isə əşyanı qəbul etməyi, onun müəyyən edilmiş dəyərinin ilkin olaraq 400 manat hissəsini, növbəti 6 ay ərzində isə hər ay 450 (sonuncu ay 449,99) manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan sonra da üçüncü şəxsin malın satılması nəticəsində yaranmış hüquqları tələbin güzəşti qaydasında iddiaçıya keçmişdir. Lakin sonradan alqı-satqı müqaviləsi üzrə sifariş edilmiş mal cavabdehə təhvil verilmədiyindən cavabdeh məhsuldan imtina etmiş və tərəflər arasında bağlanılmış alqısatqı müqaviləsinə xitam verilmişdir.

21. Bununla belə, üçüncü şəxs "xxxx" MMC ilə cavabdeh arasında ilk olaraq nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaransa da, həmin müqavilənin predmeti olan əşyanın müəyyən edilmiş müddət ərzində təhvil verilməsi təmin edilmədiyindən cavabdeh müqavilənin icrasından imtina etmiş, üçüncü şəxs də bu nəticə ilə razılaşmış, bundan sonra onların arasında bağlanmış müqavilə ləğv edilmişdir. Bununla da tərəflərin birinin-digəri qarşısında yaranmış öhdəliklərinə xitam verilmişdir. Cavabdehlə yanaşı, həmin müqavilənin tərəfi olan üçüncü şəxsin nümayəndəsi də öz izahatında bu halı etiraf edir və bunun təsdiqi olaraq, arayışlar təqdim edir. İddiaçı isə bunun əksini təsdiq edəcək hər hansı sübut təqdim edə bilmir.

22. Belə olan halda, üçüncü şəxs hüquqi nəticə etibarı ilə ləğv edilmiş (mövcud olmayan) müqavilədən irəli gələn pul tələbini iddiaçıya güzəşt etmişdir. Mövcud vəziyyətdə iddiaçı cavabdehdən əmələ gəlməmiş tələb üzrə məbləğ ödəməyi tələb edir ki, bu da istisna edilir. İddia üzrə tələb edilən məbləğin ödənilməsi məsələsi isə iddiaçı ilə cavabdeh arasında deyil, üçüncü şəxs arasında həll edilməlidir.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

24. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın ümumi qiyməti 2.699,99 manat təşkil etdiyindən, yəni məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kasassiya şikayəti verilə bilməz.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci 382-ci, 384cü, 392-ci, 394-1-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-1296/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı QSC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar