Məhkəmə qərarları › İş №2(103)-6279/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6279/2025

08.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6279/2025 08.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair mülki iş (Açar sözlər: «sığorta ödənişi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3631/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: sığortaçı "xxxx" ASC tərəfindən sığortalı İddiaçı məxsus 90TP044 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı avtomobil 880 manat sığorta haqqı qarşılığında xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək kasko sığortası ilə sığortalanmışdır. Ümumi sığorta məbləği 40.000 manat təşkil etmişdir.

2. “X8” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən 90TP044 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı avtomobilə dəymiş zərər ümumilikdə 5010 manat - ehtiyat hissələrinin dəyəri 3900 manat, usta xidmətinin haqqı isə 1110 manat təşkil edir.

3. X4 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən 90TP044 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı avtomobilin təmir-bərpa xərci 6575 manat- ehtiyat hissələrinin dəyəri 4675 manat, usta xidmətinin haqqı isə 1900 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan 90TP044 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı avtomobilə dəymiş 5010 manat zərərin "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.

5. Tələbdə göstərilir ki, xx.xx.2025-ci il tarixində iddiaçı özünə məxsus olan 90TP044 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı avtomobil ilə hərəkətdə olarkən yolayırıcında digər avtomobil qəfil qarşısına çıxmış və iddiaçı qəzanın qarşısını almaq üçün ani refleks göstərərək avtomobili sağa yönəltmişdir. Bu zaman avtomobil yol kənarındakı dəmir dirəyə çırpılmışdır. Hadisə zamanı X9 əməkdaşları hadisə yerinə gəlmiş, inzibati protokol tərtib edilmiş və forma4 sənədi tərtib olunaraq sığorta şirkətinə göndərilmişdir. "xxxx" ASC ilə bağlanılmış xx.xx.2025-ci il tarixli, CSF100587229 nömrəli müqaviləyə əsasən avtomobili kasko sığortası ilə sığortalanmışdır. Hadisədən dərhal sonra sığorta şirkətinə müraciət etmiş və onların təyin etdiyi ekspert tərəfindən cəmi 600 manat zərər hesablanmışdır. Bu məbləğ iddiaçıya dəymiş zərəri əhatə etmədiyindən etiraz edərək müstəqil ekspert tələb etmişdir. Lakin sığorta şirkəti müstəqil ekspert deyil, yenidən öz əməkdaşlarını göndərmiş və sonuncu dəfə dəymiş zərər 940 manat olaraq qiymətləndirilmişdir. Bu da zərərin real dəyərini əks etdirmir. İddiaçı daha sonra rəsmi avtomobil servis mərkəzindən qüsur aktı almışdır. “X8” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən avtomobilə dəymiş zərər ümumilikdə 5010 manat məbləğində müəyyən olunmuşdur.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3631/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsi (hakim Fariz Əlizadə) ilə iddia tələbinin təmin edilərək cavabdeh "xxxx" ASC-dən 5010 (beş min on) manat, ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumu və qiymətləndirmə ilə bağlı X4 Mərkəzi MMC-yə ödənilmiş 300 (üç yüz) manat xidmət haqqının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, sığortaçı "xxxx" ASC tərəfindən sığortalı İddiaçı məxsus 90TP044 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı avtomobil 880 manat sığorta haqqı qarşılığında xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixədək kasko sığortası ilə sığortalanmışdır. Yəni, sığorta hadisəsi baş verən zaman avtomobil sığortalı olmuşdur. Ümumi sığorta məbləği 40.000 manat təşkil etmişdir. “X8” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən, 90TP044 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı avtomobilə dəymiş zərər ümumilikdə 5010 manat təşkil edir. Rəy üzrə ehtiyat hissələrinin dəyəri 3900 manat, usta xidmətinin haqqı isə 1110 manat təşkil edir. X4 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, 90TP044 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz C300” minik markalı avtomobilin təmir-bərpa xərci 6575 manat təşkil edir. Rəy üzrə ehtiyat hissələrinin dəyəri 4675 manat, usta xidmətinin haqqı isə 1900 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil etmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh tərəfindən sığorta müqaviləsi üzrə müqavilə öhdəliklərinə əməl edilməmiş, sığortalıya (iddiaçı) vurulmuş zərər üzrə sığorta məbləğinin düzgün şəkildə ödənilməsi təmin edilməmişdir. Təklif edilmiş sığorta məbləği isə real zərər dəyərindən dəfələrlə aşağı miqdarda olmuşdur. X4 Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli rəyi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Odur ki, mülki prosesdə “formal həqiqətin müəyyən edilməsi” və “çəkişmə” prinsiplərinin tələblərini əsas götürməklə məhkəmə tərəfindən öz təşəbbüsü ilə tərəflərdən hər hansı biri və ya hər ikisi üçün əlavə sübutların toplanması məqsədilə prosessual hərəkətlərin icra edilməsinə zərurət görülməmişdir. Həmin rəy üzrə zərərin məbləği iddiaçının tələbi və təqdim etdiyi qüsur aktından yüksək məbləğ təşkil etsə də, rəy məhkəmə tərəfindən əsaslı və mötəbər hesab edilir. İddia üzrə tələb 5010 manat təşkil edir. İddiaçı iddia tələbinin həcmini müvafiq rəydəki zərər məbləğinə uyğun artırmamışdır. Məhkəmə mülki işə tələb həddində baxır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iş üzrə iddiaçıya dəymiş zərər 940 manat müəyyən edilməklə yeni qətnamə qəbul edilməsni xahiş edib göstərir ki, zərərin məbləği ilə bağlı tərəflər arasında razılıq əldə edilmədiyi üçün "xxxx" ASC İddiaçı, yuxarıda göstərilən reyestrdə adları keçən 3 müstəqil ekspertdən (Elnur Zeynalov, Rəşad Səfərov, Xətai Teymurov) birini seçərək qiymətləndirmənin aparmağını təklif etmişdir. İddiaçı bu 3 nəfərdən biri qismində, Rəşad Səfərovu seçmişdir. Həmin şəxs tərəfindən iddiaçının avtomobilinə dəymiş zərər 830 (səkkiz yüz otuz) manat məbləğində müəyyən edilmişdir. Bu məbləğlə razılaşmayan iddiaçı bu dəfə, iddiaçı, müstəqil ekspert qismində, Mərkəzi Bankının reyestrində adı keçən X1. Bu ekspert tərəfindən iddiaçının avtomobilinə dəymiş zərər 940 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, Azərbaycan Respublikasının Mərkəzi Bankının reyestrində adı keçən şəxslər, yəni Mərkəzi Bank tərəfindən qəbul edilən və iddiaçının özü tərəfindən seçilmiş 2 ekspertdən biri zərər məbləğini 830 manat, digəri isə 940 manat miqdarında qiymətləndirmişdir. Bunlarla razılaşmayan iddiaçı bu dəfə Mərkəzi Bank tərəfindən tanınmayan “X10”ə müraciət etmiş və hansısa yollarla həmin şirkətdən 5010 manatlıq zərər aktı almışdır. Bundan sonra, artıq Yasamal Rayon Məhkəməsi tərəfindən iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş və nədənsə, ekspertizanın keçirilməsi Ədliyyə Nazirliynin Məhkəmə Ekspertiza Mərkəzinə deyil, “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmişdir. Bu dəfə iddiaçının avtomobilənə dəymiş zərər 6575 manat miqdarında müəyyən edilmişdir. Yeri gəlmişkən, "xxxx" ASC bu sonuncu ekspertizanın keçirilməsi vaxtı və yeri barədə məlumatlandırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edib. Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 935.1 və 935.1.8. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsinə görə imtina edir.

11. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 16.2. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilsə də şikayətin obyektini qətnamənin bir hissəsi, yəni 4070 manat(5010-940=4070) hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. Mübahisələndirilən, yəni 4070 manat(5010-940=4070) hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmuşdur.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

20. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

22. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla mübahisələndirilən hissədə düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.

23. Əvvəla, sığorta hadisəsinin baş verməsi və sığortalanmış avtomobilə zərər dəyməsi işin mübahisəsiz halıdır. Hazırki mübahisə və verilmiş apellyasiya şikayəti məhz vurulmuş zərərin məbləği ilə bağlı yaranıb.

24. Cavabdeh sığorta şirkəti Mərkəzi Bankın reyestrində adı keçən şəxslər, yəni Mərkəzi Bank tərəfindən qəbul edilən və iddiaçının özü tərəfindən seçilmiş 2 ekspertdən birinin zərər məbləğini 830 manat, digərinin isə 940 manat miqdarında qiymətləndirdiyini, bunlarla razılaşmayan iddiaçının bu dəfə Mərkəzi Bank tərəfindən tanınmayan “X10”ə müraciət edərək hansısa yollarla həmin şirkətdən 5010 manatlıq zərər aktı aldığını göstərsə də, sığortalı olan iddiaçının həmin ekspertlərin qiymətləndirmələri ilə razılaşmamasını və məhkəmə müdafiəsi hüququndan istifadə etmək hüququnu ona qadağan etmək olmaz. Bununla yanaşı, “X10”in verdiyi 5010 manatlıq zərər aktının “hansısa yollarla alındığı” ehtimalı o zaman inandırıcı ola bilərdi ki, məhkəmə tərəfindən keçirilən qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspertin rəyi ilə həmin məbləğin şişirdilmiş olması təsdiq olunsun. Ancaq fərqli olmuş, yəni “X4 Mərkəzi” MMC-nin müstəqil qiymətləndirici eksperti avtomobilə dəymiş zərəri daha çox, yəni 6575 manat olduğunu müəyyən edib. Demək ki, “X10”in verdiyi 5010 manatlıq zərər aktı sığortaçının mövqeyi baxımından istəyinə daha yaxın olub. 25.Qiymətləndirmə ekspertizasının keçirilməsinin Ədliyyə Nazirliynin Məhkəmə Ekspertiza Mərkəzinə deyil, “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi də əsassız olmamışdır. Çünki Ədliyyə Nazirliynin Məhkəmə Ekspertiza Mərkəzi bu cür ekspertiza keçirməkdən imtina edir və analoji işlərdə də ekspertlərinin bu cür ekspertizanın keçirilməsi üçün faktiki olaraq xüsusi biliyə malik olmadığını qeyd edir. Rəyi vermiş “X4 Mərkəzi” MMC-nin qiymətləndiricisi olan X2 X6 tərəfindən İxtisas Şəhadətnaməsi verilib. Demək ki, məhkəmənin aldığı qiymətləndirici rəyini mötəbər sübut kimi qəbul etməmək üçün əsas yoxdur.

26. Göründüyü kimi, sığortaçı iddiaçını günahlanıdırır, ancaq özünün sığorta qanunvericiliyində nəzərdə tutulan vəzifələrinə riayət etməməsinə haqq qazandırır yaxud da bu vəzifələrini unudur. Ona görə də sığorta şirkəti bu vəzifələrini yerinə yetirmədiyindən iddiaçının dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaması əsassız və qanunsuz olmamışdır. Əgər sığortaçı əmlaka dəymiş zərərin düzgün qiymətləndirilməməsini məhz iddiaçının hansısa qanunsuz təsiri nəticəsində baş verdiyini sübut edə bilmirsə, o, iddiaçının təqdim etdiyi qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

27. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3631/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3631/2025 saylı, 02 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar