Məhkəmə qərarları › İş №2(103)-628/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-628/2024

15.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-628/2024 15.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-4371/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı yaşadığı ünvanda Cavabdeh əməkdaşları tərəfindən baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmənin aşkar edilməsi barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib edilmiş, akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılaraq, 29376 m3 görə məbləğin ödənilməsi iddiaçıdan tələb edilmişdir.

2. Abonentin saldosundan görünür ki, abonentə akt üzrə 2022-ci ilin aprel ayında 20,90 manat və 2022-ci ilin dekabr ayında 3.525,12 manat məbləğində borc hesablanmış və karta yükləmələrdən borca görə tutulmalar həyata keçirildikdən, 2023-cü ilin iyul ayına borcu 3.270,62 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı kimi hüquqlarının bərpa edilməsi hesablanmış 3.279 manat borcun silinməsi və əlavə olaraq tutulan 328 manat borcun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında uzun müddətdir ki, ailəsi ilə birlikdə köçüb həmin ünvanda yaşamış, lakin faktiki olaraq əri 2021-ci ildə vəfat etdiyi üçün həmin ünvanda tək yaşayır. Həmin qeyd olunan ünvana köçdükdə ilk vaxtalr qaz xətti mövcud olmamışdır. Daha sonra Mexaniki sayğac quraşdırılmış, bir müddət keçdikdən sonra yeniden Smart tipli sayğac quraşdırılmış və sonda 2020-ci ilin 24 noyabr tarixində yenidən mexaniki sayğac quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon X2 əməkdaşları tərəfindən ******* nömrəli Akt tərtib edilmişdir. Aktda əsasən “Mənzilə baxış zamanı abonentin sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edildiyi aşkar edilməsi” haqqında Akt tərtib edilmişdir. Həmin aktı tərtib edərkən evdə heç kim olmamışdır. Bu barədə ona ərazinin yaxınlığında yerləşən qonşular məlumat vermişdirlər. Bununla bağlı olaraq heç bir yazılı sənədi ona verməmişdirlər. Abonent borcunun olması barədə isə ona təqdim olunan Abonent saldosunda daha ətraflı məlumatı olmuşdur. Abonent Saldosunda ona qarşı 2022-ci ilin dekabr ayında tərtib edilmiş akta əsasən onun ümumilikdə 3.606 manat borcunun olmasından məlumatı olmuşdur. Hazırda isə həmin müddətdən bugünə kimi 5 ay ərzində 508 manat ödəniş olunması və ümumi borcdan hazırda 3.279 manat borcun qalması ilkin qaydada Abonent Saldosunda göstərilmişdir. Sözü gedən Aktda isə Binəqədi rayon X2 əməkdaşları tərəfindən akt tərtib olunarkən nə o, nədə ki ailə üzvlərindən hər hansısa bir üzvü iştirak etməmişdir. Özbaşına olaraq qaz sayğacına baxış keçirilib və məlumat verilmədən 3.606 manat borc tərtib edilib, ona qarşı cərimə yazmışdırlar. Abonent saldosunda göstərilən son 5 ay ərzində qanuni borclarının ümumi cəmi 180 manat olmasına baxmayaraq tərəfindən 508 azn ödənilmişdir. Bu isə o deməkdir ki, 180 manatdan əlavə ödədiyi borc və cərimə ona qarşı tərtib edilmiş Qanunsuz akta əsasən göstərilən borcdan silinməkdədir. Hesab edir ki, cərimə tərtib olunmasına baxmayaraq bir ay ərzində bugünə kimi ödənişləri vaxtı-vaxtında ödəyən bir abonent olaraq bir ay üçün bu qədər şirildilmiş məbləğdə borc qanunsuz və əsassız olmalıdır. Belə ki həmin müəssisədə işləyən əməkdaşlara bu haqda öz şikayətini şifahi şəkildə bildirsə də ona məhkəmə qaydasında bu mübahisənin həlli üçün məhkəməyə müraciət etməsini tövsiyə etmişdirlər. Hazırda isə 3.279 manat borcu qalmaqdadı. Yaranan mübahisədə 3.279 manat borcunun silinməsini və ödədiyi 328 manat pulun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir.

5. Cavabdeh İB iddiaya qarşı etiraz verərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçıya məxsus **********00020 saylı abonent kodu verilmiş yaşayış evinə quraşdırılmış sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edərək küllü miqdarda dövlət əmlakını talamışdır. Həmin ərazidə reyd keçirilən saman sözügedən ünvanda sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə edildiyi müəyyən olunaraq müvafiq qaydada aktlaşdırılmış, itirilmiş təbii qazın (dəyəri ödənilmədən abonent tərəfindən istifadə edilmiş 3.525,12 manat məbləğində) dəyəri hesablanaraq abonentin hesabına işlənmişdir. Aktlar əlavə edilir. Aktı tərtib edən, abonentin qanunsuz hərəkətlərini aşkar edən Birliyin işçilərinin məhkəmədə dindirilməsi, yerli baxış keçirilməsi, eləcə də abonentin saldosuna baxaraq qanunsuz istifadə halı aşkar edildikdən sonra abonentin istifadə etdiyi qazın həcmi və ödədiyi pulun məbləği ilə qanunsuz istifadə halı aşkar edlməzədən əvvəlki dövrlərdə, hətta keçmiş illərin müvafiq aylardakı istifadə və ödənişlər üzləşdirildikdə abonentin həqiqətən təbii qazdan qanunsuz, sayğacdan kənar istifadə etməsi təsdiqini tapacaqdır. Göründüyü kimi, iddiaçının sayğaca müdaxilə etməsi Cavabdeh İB-nin əməkdaşları tərəfindən aşkar edilmiş və bu qanunazidd hərəkət nəticəsində dəymiş ziyanın əvəzi olaraq iddiaçının abonent hesabına borc hesablanmışdır. Halbuki, iddiaçı ona müvafiq müqavilə ilə quraşdırılan sayğaca guya müdaxilə etməməsini qeyd edərək, məhkəmədə yalnış təsəvvür yaradaraq, dəymiş ziyanın silinməsinə və uydurma məbləğ əldə edərək əsassız varlanmağa çalışır. Beləliklə, yuxarıda qeyd olunanlara əsaslanaraq iddia ərizəsinə öz etirazlarını bildirirlər.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4371/2023 nömrəli qətnaməsi ilə (hakim F.E.Hətəmzadə) iddia qismən təmin edilmiş, İddiaçı (Abonent kodu: **********00020) hesablanmış borcun 3.270,62 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi, Cavabdehndən 254,50 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdehndən 55,25 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının yaşadığı evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt tərtib etmişdir. Lakin həmin aktın tərtib edilməsində istehlakçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb edilməmişdir. Belə olan halda, 30 dekabr 2022-ci il tarixli, ******* nömrəli nömrəli akt etibarlı olmadığından məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli və həmin akt əsasında İddiaçı (Abonent kodu: **********00020) hesablanmış 3525,12 manat məbləğində borcun 3.270,62 manatı Cavabdeh tərəfindən silinməli və akta görə iddiaçıdan əsassız tutulmuş 254,50 (3525,12 -3270,62=254,50) manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

8. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddia qiyməti 3525,12 manat olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 55,25 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

9. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 1.3, 4.2, 4.8, 5.2, 5.6, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 217.4, 218.3-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.5-ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş qanunsuz istifadə edilmiş təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan abonentə dair saldosunda yeralmış məlumatları, aktı, fotoşəkilləri, kənar xəttlə qoşulma nəticəsində borcun yaranması hallarını araşdırmamışdır. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qanunsuz istifadə edilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi.

14. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 21. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

19. Hazırkı işdə iddia qismən təmin olunduğundan və cavabdeh qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. İşdən görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılan sayğaca baxış keçirilən zaman Cavabdeh əməkdaşları tərəfindən sayğacdan kənar xəttin olduğu aşkar olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş, akta əsasən 3.525,12 manat məbləğində borc hesablanmış və karta yükləmələrdən borca görə tutulmalar həyata keçirildiyindən, 2023-cü ilin iyul ayına 3270,62 manat borcun ödənilməsi iddiaçıdan tələb edilmişdir.

21. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərinə müvafiq olaraq cavabdeh tərtib edilmiş aktın bir nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməmişdir. Belə ki, istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

22. İddiaçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyi halda cavabdeh iddiaçıdan vurulmuş zərərin ödənilməsini xx.xx.2022-ci il tarixli tələbnamə ilə tələb etmiş, həmin zərərin məbləğini abonentin hesabına daxil etmiş, bununla da istinad olunan qanunvericiliyin tələblərini pozmuşdur.

23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

24. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 4371/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar