Məhkəmə qərarları › İş №2(103)-6284/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6284/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6284/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər:sığorta pulu) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi X4 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2563/22 saylı iş üzrə 08 iyun 2022ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı mərhum əri X5 2010-cu ildə hakim vəzifəsinə təyin olunaraq Lənkəran Rayon Məhkəməsinin, 2018-ci ilin noyabr ayının 2-dən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olmuşdur.

2. X1 Apellyasiya Məhkəməsində öz xidməti vəzifəsini icra edən zaman (işə baxarkən) 2020-ci ilin noyabr ayında COVİD-19 coronavirus infeksiyasına yoluxmuş, 04 dekabr 2020-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Bakı şəhəri Xətai rayonu Zığ şossesi 27-ci km. ünvanda yerləşən Modul Hospitalına gətirilmiş, 15 dekabr 2020-ci ildə həmin xəstəlikdən vəfat etmişdir.

3. Sabirabad regional «ASAN xidmət» mərkəzində notariat ofisi tərəfindən 20 aprel 2021ci il tarixdə təsdiq edilmiş və reyestrdə 356 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququna dair şəhadətnaməyə əsasən İddiaçı mərhum həyat yoldaşı X3 qanun üzrə vərəsəsi hesab edilmişdir.

4. Azərbaycan Respublikası Mərkəzi Bankının 22 noyabr 2021-ci il tarixli məktubuna əsasən aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, icbari qaydada sığortalanmış X2 hakimi Fuad Soltanov xidməti vəzifəsinin icrası zamanı xəstələnmiş və 15 dekabr 2020-ci ildə həmin xəstəlikdən vəfat etmişdir. Bununla əlaqədar məktubun surəti Mərkəzi Bank tərəfindən Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilərək, sonuncudan «Sığorta fəaliyyəti haqqında» Qanunun 102.1-ci maddəsi rəhbər tutularaq baş vermiş hadisənin sığorta qanunvericiliyinə uyğun, Qanunun 7-ci maddəsinin «a» bəndində göstərilən sənədlər və sığorta hadisəsinin xidməti vəzifələrinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı əldə edilməklə 7 iş günü müddətində yenidən araşdırılması tələb olunmuşdur.

5. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti 07 oktyabr 2021-ci il tarixli xx-xx-1540 saylı məktubu ilə qeyd olunan sığorta ödənişinin verilməsindən imtina etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, öz xidməti vəzifəsinin icrası zamanı «Covid 19» virusuna yoluxmuş və sonradan həmin xəstəlikdən vəfat etmiş Şirvan Apellyasiya Məhkəməsinin mərhum hakimi X3 5 illik əmək haqqı məbləğində sığorta ödənişinin cavabdehdən tutularaq vərəsəsi kimi ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X5 2010-cu ildə hakim vəzifəsinə təyin olunaraq Lənkəran Rayon Məhkəməsinin, 2018-ci ilin noyabr ayının 2-dən isə Şirvan Apellyasiya Məhkəməsinin hakimi olmuşdur. Mərhum əri X1 Apellyasiya Məhkəməsində öz xidməti vəzifəsini icra edən zaman (işə baxarkən) 2020-ci ilin noyabr ayında COVİD-19 virusuna yoluxmuş, 15 dekabr 2020-ci ildə isə görülən tədbirlərə baxmayaraq vəfat etmişdir.

8. Bakı şəhəri Nəsimi Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-2563/22 saylı iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Səməd Cəfərov) iddia təmin olunmuşdur.

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin mərhum hakimi X5 öz xidməti vəzifəsinin icrası zamanı «Covid 19» virusuna yoluxmuş və sonradan həmin xəstəlikdən vəfat etmişdir. Ona görə də iddia əsaslıdır və təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922, 926, 934.1ci, «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 2, 4.1, 5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığorta hadisəsinin baş verməsi halında sığorta ödənişinin alınması üçün qeyd olunan sənədlər sığorta olunan, yaxud onun vərəsələri tərəfindən sığortaçıya təqdim edilməlidir. Lakin hazırkı iş üzrə iddiaçı tərəfindən sığorta olunanın əmək kitabçasının surəti və ya iş yerindən arayış, həmçinin vərəsəlik hüququnu təsdiq edən sənəd təqdim edilməmişdir. Hazırkı iş üzrə sığorta olunanın xidmət vəzifəsinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı da iddiaçı tərəfindən təqdim edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 6DX-26/2021 nömrəli məktub Qanunla müəyyən edilmiş arayışa bərabər tutulmur. Eyni zamanda baş vermiş hadisənin sığorta hadisəsi hesab edilə bilən hallara uyğun gəlməsi barədə arayış “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Məhkəmə Hüquq Şurası tərəfindən verilir. Lakin mərhumun xidməti vəzifələrinin icrası ilə bağlı vəfat etməsinə dair iş materiallarında hər hansı a r a y ış mövcud olmadığından, dolayısı ilə sığorta hadisəsinin mövcudluğu da istisna olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

16. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

17. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

18. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

19. Maddə 934.1. Bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir.

«Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanunu

20. Maddə 2.1.2. sığortaçı - bu Qanunla müəyyən edilmiş qaydada dövlət icbari şəxsi sığorta üzrə fəaliyyəti həyata keçirən və sığorta vəsaitlərini idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

21. Maddə 2.1.3. sığortaolunan - barəsində sığorta fəaliyyəti həyata keçirilən hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçiləri;

22. Maddə 2.1.4. sığortalı - sığortaolunan üçün sığorta haqqı ödəyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının məhkəmələri;

23. Maddə 2.1.5. sığorta ödənişi almaq hüququ olan şəxs - bu Qanunla müəyyən edilrıiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsi;

24. Maddə 2.1.6. sığorta hadisəsi - sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 5-ci maddəsi ilə müəyyən edilən haldır.

25. Maddə 4.1. sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir.

26. Maddə 5. Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olmasından (vəfat etdikdə) ibarət sığorta hadisəsi baş verdikdə, bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 100 faizi həcmində sığorta ödənişi verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı işdə iddia tələbi tam təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütünlüklə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. İddiaçı tələbinin faktiki əsası kimi mərhum həyat yoldaşının xidməti vəzifələrinin icrası ilə bağlı həlak olmasına, hüquqi əsası kimi isə “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə istinad etmişdir.

31. “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanunun 5-ci maddəsinə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir.

32. Cavabdeh iddiaçı tərəfindən sığorta olunanın əmək kitabçasının surəti və ya iş yerindən arayış, həmçinin vərəsəlik hüququnu təsdiq edən sənəd, ölümün sığorta olunanın xidmət vəzifəsinin icrası ilə bilavasitə bağlı olması barədə müvafiq orqanın arayışı təqədim edilmədiyindən hadisənin sığorta hadisəsi kimi qəbul edilməsinə imkan vermədiyinə istinad etməklə iddiaya etiraz etmişdir.

33. Birinci instansiya məhkəməsi Şirvan Apellyasiya Məhkəməsinin mərhum hakimi X3 öz xidməti vəzifəsini icra edərkən «Covid 19» coronavirus infeksiyasına yoluxduğu və sonradan həmin xəstəlikdən vəfat etdiyi qənaətinə gələrək iddianı əsaslı hesab etmişdir.

34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

36. Apellyasiya şikayətinin əsas dəlillərindən biri “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmaması barədədir. Həmin maddəyə əsasən məhkəmə və hüquq mühafizə orqanları işçilərinin xidmət vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması sığorta hadisələri hesab edilir.

37. Apelyatorun qənaətinə görə sığorta olunanın «Covid 19» coronavirus infeksiyasına yoluxması nəticəsində vəfat etməsi faktı sığorta hadisəsi hesab edilmir və buna görə də sığorta təminatına daxil deyildir.

38. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin bu dəlilini əsassız sayır.

39. İş materiallarından göründüyü kimi, mərhum Fuad Soltanov iş yerində xidməti vəzifələrini icra edərkən “Covid-19” virusuna yoluxmuş, vəziyyəti kəskinləşdikdən sonra stasionara yerləşdirilmiş və xx.xx.2020-ci il tarixdə stasionarda müalicədə olarkən vəfat etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin sədri Dövlət Sığorta Kommersiya Şirkətinə məktub göndərərək mərhumun əmək funksiyalarını həyata keçirən zaman “Covid-19” virusuna yoluxduğunu və məhz bu səbəbdən vəfat etdiyini təsdiq etmişdir. Fövqəladə Hallar Nazirliyinin X7 Hospitalının verdiyi epikrizdə və Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədə də ölümün səbəbi kimi “Covid-19” virusuna yoluxma göstərilmişdir.

40. Apellyasiya baxışı zamanı mərhum Fuad Soltanovun sonuncu iş yeri olan Şirvan Apellyasiya Məhkəməsinə edilən sorğu nəticəsində müəyyən olunmuşdur ki, 2020-ci ilin oktyabr-noyabr aylarında məhkəmənin 8 (səkkiz) əməkdaşı “Covid-19” coronavirus infeksiyasına yoluxmuşdur.

41. Məhkəmə kollegiyasının qənaətinə görə göstərilən hal mərhum Fuad Soltanovun məhz xidməti vəzifələrinin icrası ilə bağlı «Covid 19» koronavirus infeksiyasına yoluxduğunu və vəfat etdiyini bir daha təsdiq edir. Bu fakt “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinin tələbinə əsasən sığorta hadisəsi hesab edilir və sığorta təminatına daxildir.

42. Apelyator mərhum Fuad Soltanovun xidməti vəzifələrin icrası ilə bağlı «Covid 19» koronavirus infeksiyasına yoluxmasını və nəticədə vəfat etməsini sığorta hadisəsi kimi qəbul etməsə də, apellyasiya şikayətində sığorta ödənişinin verilməsi üçün lazımi sənədlərin sığortaçıya təqdim olunmadığını bildirir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, bu dəlilin özü ziddiyyətli olmaqla yanaşı, həm də əsassızdır. Belə ki, əvvəla, mərhum Fuad Soltanovun sonuncu iş yeri Şirvan Apellyasiya Məhkəməsi olduğundan onun xidməti vəzifələrin icrası ilə bağlı «Covid 19» koronavirus infeksiyasına yoluxması nəticəsində vəfat etməsi barədə arayış da həmin orqan tərəfindən verilmişdir və bunda hər hansı qanunsuzluq yoxdur.

44. Əmək kitabçası mərhumun sonuncu iş yerində saxlanılmış və onun vəfatından sonra vərəsəsi olan həyat yoldaşına verilmişdir. Mərhumun ölümündən sonra miras qalmış əmlaka dair notariat ofisi tərəfindən onun arvadının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir ki, bu da Sığorta Şirkətinə müraciət edən şəxsin qanunla müəyyən olunmuş qaydada mirası qəbul etdiyini və sığorta ödənişinin verilməsi barədə müraciət etməyə hüququ olduğunu birbaşa təsdiq edir. Sığorta məbləğinə vərəsəlik şəhadətnaməsi isə yalnız Sığorta Şirkəti tərəfindən ödəniləcək məbləğə dair arayış verildikdən sonra mümkündür.

45. Beləliklə, şikayətin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar