Məhkəmə qərarları › İş №2(103)-6287/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6287/2022

04.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6287/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair e-2(006)-2585/2022 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22067745 saylı müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə “Samsung” markalı televizor, xx.xx.2020-ci il tarixli 22046404 saylı müqaviləyə əsasən “Acer Aspire A315” markalı kompyuter, xx.xx.2020-ci il tarixli 21131117 nömrəli müqaviləyə əsasən “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefon dəyəri hissə-hissə ödənilməklə nisyə satılmışdır.

2. Tərəflər arasında bağlanmış müqavilələrə əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müştəri tərəfindən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində penya ödənilir. İddiaçının 22067745; 22046404 və 21131117 nömrəli müqavilələrə əsasən cərimə borcu üzrə tələb etdiyi məbləğ müvafiq olaraq 185 manat; 169 və 55 manat təşkil edir.

3. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 22067745 nömrəli müqaviləyə əsasən Samsung TV-ni qüsursuz halda təhvil almışdır.

4. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 22046404 nömrəli müqaviləyə əsasən “Acer Aspire A315” markalı kompyuteri qüsursuz halda təhvil almışdır.

5. xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 21131117 nömrəli müqaviləyə əsasən İMEİ kodu **********42061 olan “XİAOMİ REDMİ NOTE 9S” markalı telefonu qüsursuz halda təhvil almışdır.

6. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Samsung” TV üçün 1850 manat ödənilməmiş hissə, 185 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, “Acer Aspire A315” markalı kompyuter üçün 1696 manat ödənilməmiş hissə, 169 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********42061 olan “XİAOMİ REDMİ NOTE 9S” markalı mobil telefon üçün 559 manat ödənilməmiş hissə, 55 manat cərimə olmaqla, ümumilikdə 4514 manat borcun və 65,14 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı qarşısında müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli e-2(006)- 2585/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, əsas borclar üzrə xx.xx.2020ci il tarixli müqaviləyə əsasən 1850 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1696 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 559 manat; cərimə borcları üzrə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 20 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 20 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 10 manat; ümumilikdə 4105 manat əsas borc, 50 manat cərimə borcu və dövlət rüsumu kimi ödənilmiş 65,14 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət olunmuşdur. (hakim X2)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, Cavabdeh iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, lakin tələb olunan dəbbə pulu əsas borcun məbləğinə mütənasib olmamışdır.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442, 600, 601, 467-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməmiş,əsas və cərimə borcları düzgün hesablanmamış, ilkin ödənişlər borc məbləği hesablanarkən nəzərə alınmamışdır. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının nümayəndəsi Nümayəndə isə şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

14. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv edilib iddia tələbinin təmin edilməməsi xahiş olunduğundan qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 16.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Tərəflər arasında bağlanmış müqavilələr borc müqaviləsi adlandırılsa da, məhkəmə düzgün olaraq bu müqavilələri əşyaların nisyə alqı-satqı müqaviləsi kimi qiymətləndirmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və dəyişdirilməsinə əsas yoxdur.

17. İş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1 ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən müqavilə üzrə dəbbə pulunun tutulmasını əsas borca münasibətdə mütənasib olaraq azaltmaqda haqlı olmuşdur.

18. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır

19. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (4105+50=4155 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli e-2(006)- 2585/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar