Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6287/2023 03.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1153/2023 nömrəli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya aid olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Asif Həsənov küçəsindəki evdə (abonent kodu: **********01650) təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* nömrəli akt ləğv edilsin və həmin akta əsasən hesablanmış 864 manat borc silinsin. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, həmin akt ləğv edilsin və 864 manat borcu silmək vəzifəsi cavabdehə həvalə edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Həmin borc cavabdehin tərtib etdiyi xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən hesablanıb. Aktda qeyd olunub ki, abonent təbii qazdan sayğacdankənar istifadə edir. Daha sonra hesabat aparılıb, dəymiş ziyanın əvəzi kimi iddiaçıya borc hesablanıb. Lakin iddiaçının qazdan sayğacdankənar istifadə etdiyi sübut olunmur. Bu, aşağıda qeyd olunanlarla təsdiq olunur: Birinci, Cavabdeh İB-nin tərtib etdiyi, təbii qazdan sayğacdankənar istifadə barədə akt abonent tərəfindən imzalanmayıb. Aktda qeyd olunub ki, abonent aktı imzalamaqdan imtina edib. Lakin aktın imzalanmaq üçün abonentdə təqdim edildiyi sübut olunmur. Aktın imzalanmaq üçün abonentə təqdim edildiyini sübutetmə yükü Cavabdeh İB-nin üzərinə düşür. Cavabdeh İB-nin imkanı olub ki, aktın imzalanmaq üçün abonentə təqdim edildiyini, abonentin isə aktı imzalamaqdan imtina etdiyini hal şahidlərinin iştirakı ilə rəsmiləşdirsin və ya bu faktı audio-videoyazı ilə qeydə alsın. Lakin o, bunu etməyib. İkinci, birinci instansiya məhkəməsində icraat zamanı qaz xəttinə sayğacdankənar qoşulma faktının olub-olmadığının müəyyən edilməsi üçün ekspertiza təyin edilib. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3/528 nömrəli rəyinə görə, sayğaca müdaxilə edilməyib. Üçüncü, qaz xəttinə qanunsuz qoşulma faktı barədə Cavabdeh İB-nin məhkəməyə təqdim etdiyi fotoşəkildəki təsvirin həmin evə aid olduğu müəyyən edilmədi. Bundan başqa, fotoşəkildə təsvir qaz xəttinə sayğacdankənar qoşulma faktını müəyyənləşdirməyə imkan vermir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 2(011)-1153/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6287/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6287/2023
03.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver