Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6289/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi və aktın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiyanın qeyri-mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi və aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(011)-3057/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan fərdi yaşayış evindəki **********1001 koduna qanunsuz yazılmış aktın ləğv edilməsi və onun əsasında hesablanmış 6220 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(011)- 3057/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(011)- 3057/2023 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.
5. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli, e-2(011)- 3057/2023 nömrəli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: Maddə 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Qeyd edildiyi kimi, MPM-in 361.1.4-cü maddəsinə əsasən də, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.
9. Lakin apellyasiya şikayətində mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişinə əməl olunmamış, şikayətdə “qərardadın ləğv edilməsi” məzmunda xahiş əks olunmuş, mübahisənin həlli (ərizənin tam, yaxud hansı hissədə rədd edilməsi) ilə bağlı hansı qərarın qəbul olunmasına dair tələb dəqiq ifadə edilməmişdir.
10. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
11. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini diqqətə almamış, MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
12. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
13. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli, e-2(011)- 3057/2023 nömrəli qərardadından İddiaçı şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev