Məhkəmə qərarları › İş №2(103)-6297/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6297/2021

12.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6297/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "müqavilənin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(004)- 577/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə onun arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli, 5144/F-14 saylı kredit müqaviləsinin və həmin tarixdə bağlanmış 5144/f-14-01 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 10 oktyabr 2014-cü il tarixdə Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında bağlanmış 5144/F-14 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 36 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla 25500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi onunla Cavabdeh ASC-nin Sumqayıt filialı arasında 10 oktyabr 2014-cü il tarixli 5144/f-14-01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,62 kv.m, yaşayış sahəsi 43,62 kv.m olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 50.000 manat müəyyən edilmişdir. İddiaçı hesab edir ki, onunla Cavabdeh ASC arasında bağlanmış kredit və ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır. Belə ki, kredit müqaviləsi onunla dollarla bağlanmış, lakin ipoteka müqaviləsində mənzilin dəyəri manatla ifadə olunmuşdur. Bu hal özü qanunvericiliyə ziddir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(004)- 577/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(004)-577/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsinı məhkəmə kollegiyasından xahiş etmişdir İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin müəyyən olunmuş hallarından görünür ki, 10 oktyabr 2014-cü il tarixdə Cavabdeh ASC-nin Sumqayıt filialı ilə İddiaçı arasında 5144/F-14 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin üqaviləyə əsasən iddiaçıya 36 ay müddətinə, illik 24% olmaqla, 25500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi onunla Cavabdeh ASC-nin Sumqayıt filialı arasında 10 oktyabr 2014-cü il tarixli 5144/f-14-01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 57,62 kv.m, yaşayış sahəsi 43,62 kv.m olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmiş, əmlakın dəyəri müqavilə tərəflərinin qarşılıqlı razılığına əsasən 50000 manat müəyyən edilmişdir. Göründüyü kimi, kredit müqaviləsi ABŞ dolları ilə bağlansa da, ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri Azərbaycan manatı ilə ifadə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilən qanunvericilik normalarının məzmunundan göründüyü kimi, mülki düvriyyənin iştirakçıları müqavilə üzrə münasibətlərini öz iradlərinə uyğun olaraq, qanunvericiliyə zidd olmayan şəkildə həyata keçirə, o cümlədən bağladıqları müqavilənin şərtlərini öz mənafelərinə uyğun olaraq müəyyən etməkdə haqlıdırlar. Həmçinin, əqd o zaman etibarsız hesab edilir ki, Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla başlanmış olsun. Lakin mülki qanunvericilikdə kredit müqaviləsinin bir valyuta ilə, ipoteka müqaviləsində ipoteka predmetinin qiymətinin isə başqa valyutada müəyyən edilməsi əqdin etibarsız hedab edilməsinin əsası kimi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04.03.2021-ci il tarixli, 2(004)- 577/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar