Məhkəmə qərarları › İş №2(103)-63/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-63/2022

02.02.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-63/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçı Şirkətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(001)- 6441/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152785, 151145, 152225, 151292, 151370 və 141721 saylı neft quyularının mühafizə zolağı daxilində və Şirkətin Saziş ərazisi hüdudlarında ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(001)- 6441/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152785, 151145, 152225, 151292, 151370 və 141721 saylı neft quyularının mühafizə zolağı daxilində və Şirkətin Saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 (on) manatın Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun adına həmin ərazidə nə ev, nədə torpaq sahəsi mövcud deyil. Müəmmalı burasıdır ki, həmin ərazidə heç kimə qarşı belə bir iddia irəli sürülməmişdir. Həmin ev 2001-ci ildə tikilmişdir. Ev təmiri ilə məşğul olduğundan həmin evin sahibi tərəfindən zəhmət haqqı ödənilməklə təmir işləri onun tərəfindən aparılmış, 2003-cü ildə tam olaraq başa çatmış və həmin vaxtdan da evin sahibinin razılığı ilə müvəqqəti olaraq o evdə yaşayır. Həyətdə olan ağaclardan da görünür ki, həmin ağaclar 10-15 il əvvəl əkilmişdir. Ev bütün kommunal xidmətlərlə təmin edilmiş, 2004-2005-ci illərdə evin kommunal xətləri(qaz, su, işıq) sayğaclaşdırılarkən evin onun olmadığını, sənədlərini tələb etdikdə isə, onda olmadığını bildirmişdir. Belə olan vəziyyətdə sayğac qoyan şəxslər təklif etmişdir ki, öz sənədini versin ki, işıqla bağlı sayğacı onun adına qeydiyyata salsınlar, əks halda evin işıq xətti kəsiləcək, o, da məcburiyyət qarşısında qalaraq şəxsiyyət vəsiqəsini vermiş və evin işıq sayğacı onun adına rəsmiləşdirilmş, sonradan eyni qaydada qaz və su sayğacları da onun adına rəsmiləşdirilmişdir. Evdə o, yaşadığından komunal xidmətlərdən istifadə etdiyindən kommunal xidmət haqları onun tərəfindən ödənilir. İddiaçı şirkəti həmin torpaq sahəsinin mülkiyyətçisi deyildir, Saziş əsasında həmin ərazinin neft ehtiyatının işlədilməsini həyata keçirir. Həmin evin yerləşdiyi ərazidə məktəb tikilmişdir və məzarlıq da yerləşir ki, hökümət səviyyəsində məzarlığın köçürülməsi barədə qərar qəbul edilməmişdir və bu məsələ müzakirə edilməmişdir. Ona məxsus olmayan, əsassız olaraq onu cavabdeh qoymaqla müvəqqəti olaraq yaşadığı, əsl iddiaçının(yəqin ki, əsl cavabdehi nəzərdə tutur) 100000 manat xərcləyərək tikdiyi ev barədə əsassız qətnamə çıxarılması vicdana, ədalətə, həqiqətə zülümdür, çünki, o, iddiaya cavab verməli olan şəxs deyildir. Həmin ərazi üzrə Bələdiyyədən arayış alaraq iddiaçıya və məhkəməyə təqdim etmiş, arayışlarda göstərilir ki, onun adına həmin ərazidə torpaq sahəsi ayrılmayıb və həmin ərazidə evi yoxdur. Buna baxmayaraq iddiaçı kommunal sayğacın onun adına olmasını əsas tutaraq yenə də onu cavabdeh kimi göstərməklə ona qarşı iddia qaldırmışdır. Məhkəmə ehtimallara əsasən qətnamə qəbul etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat verməklə şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qeyd edilən torpaq sahəsi Şirkətin saziş ərazisinə daxildir. Buna görə də, tikilinin sökülməsini tələb edir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmənin sonuncu iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı 29.04.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu bulokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 01.07.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Bakı Apelyasiya Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli 2(103)-1252/20 nömrəli qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində inşa edilən tikilinin İddiaçı Şirkətinin ərazisi ilə üst-üstə düşüb-düşməməsi barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən mütəxəssis rəyinin alınması qərara alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti 13 noyabr 2020-ci il tarixli qərardadı ilə göndərilmiş Arayışda bildirilmişdir ki, müraciətə qoşma kimi əlavə eilmiş sxemlərdə göstərilən koordinatlar (1-ci sxemdə 396947.***-*******.607; 396959.***- *******.652; 396959.***-*******.211; 396966.***-*******.166; 2-ci sxemdə 399335.***- *******.218; 399336.***-*******.984; 399322.***-*******.484; 399321.***-*******.717) “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən koordinatlar yaşayış məntəqələrinin hüdudları daxilində olmaqla Azərbaycan Respublikası DNŞ-nin eləcə də Binəqədi OYL Əməliyyat Şirkətinin daimi istifadəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində yerləşir. Yuxarıda qeyd edilən koordinatlarda yerləşən torpaq sahələri iki ayrı-ayrı ərazidə yerləşməklə aralarındakı məsafə təxminən 2700 metrdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.1-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparılmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməsi hissələri (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə, Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır. İdda tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, birinci instansiya məhkəməsinin iş üzrə iddianı təmin etməklə gəldiyi nəticə düzgün olmuşdur. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Torpaq Məcəlləsinin 111-ci maddəsinin, eləcə də Mülki Məcəllənin 152.3, 157.8, 158.1.2, 180.1, 180.2, 180.3 və 180.4-cü maddələrinin dispozisiya şərtləri ilə uzlaşır, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Əvvəla cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 152785, 151145, 152225, 151292, 151370 və 141721 saylı neft quyularının mühafizə zolağı daxilində və Şirkətin Saziş ərazisi hüdudlarında ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilinin yerləşdiyi torpaq sahəsinin Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901 saylı Qanunu ilə təsdiq edilmiş, «Azərbaycan Respulikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında» Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşməsi iş materialları ilə mübahisəsiz olaraq təsdiq olunur. Bunu cavabdeh də mübahisələndirmir, əksinə şikayətində İddiaçı şirkətinin həmin torpaq sahəsinin mülkiyyətçisi olmasa da, Saziş əsasında həmin ərazinin neft ehtiyatının işlədilməsini həyata keçirdiyini bildirir. Cavabdehin mübahisələndirdiyi hal odur ki, o, mübahisəli torpaq sahəsinin və üzərində yerləşdiyi evin ona məxsus olmadığını bəyan edir, əsas kimi şikayətində göstərdiklərini bildirir. Ancaq cavabdehin göstərdikləri ilk növbədə inandırıcı və ağlabatan deyildir. Çünki, mübahisəli özbaşına tikili ona məxsus deyilsə, qətnamədən apellyasiya şikayəti verməkdə də hansısa marağı və mənafeyi olmamalı idi. Düzdür, apellyasiya baxışı zamanı verilən suallara cavab olaraq həmin evdə yaşamadığını, ancaq iddianın təmin olunmamasını xahiş etdiyini, özbaşına tikilinin onun hesabına sökülməsindən narazı olsa da, başqasının evinin də sökülməsinə razılıq verə bilmədiyini, çünki, kiminsə evinin sökülməsinin düzgün olmadığını bildirmişdir. Göründüyü kimi, bu cür vəziyyətdə mübahisəli özbaşına tikilinin cavabdehə aidiyyəti yoxdursa və orada yaşamırsa, o, qətnamənin yalnız ona aid hissədə, yəni konkret olaraq özbaşını tikilinin onun hesabına sökülməsi hissəsini mübahisələndirməli idi. Ancaq cavabdehin nədənsə “başqasının”ın evinin də sökülməsinə razılıq verə bilməməsi ilk baxışda humanist mövqe təsiri bağışlaya bilər, lakin bu “humanist mövqe” də qanuna zidd olmamalı, başqa şəxsin hüquqlarına və qanuni mənafeyinə zərər vurmamalıdır ki, hazırki işdə də özbaşına tikilinin iddiaçının mənafeyinə zərər vurduğunu görməmək mümkün olmur. İkincisi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məlumatına əsasən özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi İddiaçı şirkətinin ərazisində yerləşməklə Dövlət mülkiyyətinə aiddir. Bu hal özü də iddianın təmin edilməsi üçün əsasdır. Qeyd olunan sahələrdə yaşamaq üçün ev (özbaşına tikili) inşa olunması özü-özlüyündə təhlükəli olmaqla yolverilməzdir. Belə ki, bu hal da onu təsdiq edir ki, neft quyularının və neft xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi hər hansı bir hüquqla Bələdiyyəyə məxsus olsa belə, həmin ərazilərdə fərdi yaşayış evi tikilməsi üçün torpaq sahəsi ayrıla bilməzdi. Ona görə də, cavabdehin həmin tikiliyə “qanuni gözlənti” hüququnun yaranması da inandırıcı və ağlabatan ola bilməz. Üçüncüsü, mübahisəli torpaq sahəsində tikilinin aparılmasına icazə verən hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması da, hazırkı iddianın rədd edilməsi üçün deyil, təmin olunması üçün əsasdır. Birinci instansiya məhkəməsi bu halı da nəzərə almışdır. Dördüncüsü, İddiaçı şirkəti hazırki iddia ilə, o cmlədən analoji işlər üzrə minlərlə iddialarla iddiaçı qismində məhkəmələrə müraciət etmiş və bununla bağlı hər üç instansiya məhkəməsindən keçmiş, qanuni qüvvəyə minmiş çoxsaylı məhkəmə aktları mövcuddur. İddiaçı Sazişin pay iştirakçısı olub-olmadığından asılı olmayaraq, dövlət tərəfindən seçilmiş podrat şirkətidir və bununla bağlı ona səlahiyyət verilmişdir. Qeyd olunduğu kimi, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması, eyni zamanda onun iddiaçı kimi iştirak etdiyi minlərlə qanuni qüvvəsini almış məhkəmə aktının qanuniliyini də şübhə altına ala bilər. Beşincisi, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə düz nəticəyə gəlmişdir. Çünki, mübahisəli torpaq sahəsinin neft sənayesinə aid torpaqlar kateqoriyasına aid olması, özü-özlüyündə iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyi pozduğundan belə bir iddia qaldırmaq üçün subyektiv hüququ olmuşdur. Göründüyü kimi, bu məsələlər, birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün olan yekun nəticəyə gəlinmişdir. Altıncısı, mübahisəli torpaq sahəsinə və tikiliyə dair hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması da, hazırkı iddianın təmin olunması üçün əsas idi. Birinci instansiya məhkəməsi bu halları da nəzərə almışdır. Belə ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda özbaşına tikinti və onun nəticələri institutunun yaranmasına zərurət və əsas olmazdı. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır,düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli 2(001)-6441/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar