Məhkəmə qərarları › İş №2(103)-63/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-63/2024

20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-63/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyun 2022-ci il tarixli qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının (apellyatorun) nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı ASC-nin buna səlahiyyətli olan nümayəndəsi cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, subroqasiya qaydasında 1.806,94 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,07 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 0,40 manat, ümumilikdə 1.845,41 manat məbləğində pulun cavabdehdən iddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi “Hyundai Tucson” markalı, **-XT-*** dövlət nömrə nişanlı avtomobil Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə hərəkət edən zaman “X6 Prado” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Nizami rayon DYPŞ tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (ara məsafəsi qaydalarının pozulması) törətməkdə təqsirli bilinmişdir. Hadisə nəticəsində iddiaçı ASC-də avtonəqliyyat vasitələrinin könüllü sığortası ilə sığortalanan “X6 Prado” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilə 5.259 manat maddi zərər dəymişdir. MİB2000191 saylı “Sığorta şəhadətnaməsinə” və AKS210216 saylı, xx.xx.2021-ci il tarixli “Sığorta ödənişi aktına” əsasən "xxxx" ASC tərəfindən 3.444,25 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

3. Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işin baxılmasına cəlb edilmişdir. b) birinci instansiya məhkəməsində icraat zamanı işdə iştirak edən şəxslərin verdikləri izahatlar barədə məlumat

4. Məhkəmə iclasında iddiaçı ASC-nin nümayəndəsi Nümayəndə3 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi məhkəmədən xahiş etmişdir. Cavabdeh həmçinin göstərmişdir ki, Nizami rayon DYPŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, “X6” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil qaydanı pozaraq cavabdehin qarşısına çıxmış və nəticədə avtomobillərə ziyan dəymişdir. Cavabdehin idarə etdiyi “Hyundai Tucson” markalı, **-XT-*** dövlət qeydiyyat nömrəli avtomobilin icbari sığortası mövcuddur və hər hansı ödəniş ondan deyil “Azərsığorta” icbari sığorta şirkətindən, yəni hazırki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdən tələb edilməlidir. İddia əsassızdır və iddiaçı artıq pul tələb edir.

6. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinin nümayəndəsi X4 öz izahatında göstərmişdir ki, iddianın həllini məhkəmənin mülahizəsinə buraxır. Yol-nəqliyyat hadisəsinin baş verməsində hər iki tərəf təqsirli olmuşdur. İddia tələbinin əsaslı və ya əsassız olması barədə bir fikir deyə bilmirlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

7. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

8. Rayon Məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, cavabdehin və “X6 Prado” markalı, **-PN-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün hər ikisinin yolnəqliyyat hadisəsi zamanı təqsirinin olması aşkar edilmişdir. Cavabdehin təqsirinə uyğun olaraq ümumi hesablanan zərərin yarısı sonuncunun icbari siğorta şirkəti olan Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən “X6 Prado” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Yəni cavabdeh öz üzərinə düşən öhdəliyini tam şəkildə (dolayı yolla) həyata keçirmişdir. d) apellyasiya şikayəti barədə məlumat

9. İddiaçı ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış Apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, mövcud işgüzar adətlərə əsasən, yol-nəqliyyat hadisəsində hər iki sürücü təqsirli olarsa, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunuun 58.3-2-ci maddəsinə əsasən, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə görə mütənasib məbləğdə azalır. İddiaçı ASC-nin həyata keçirdiyi 3.444,25 manat sığorta ödənişinə görə subroqasiya hüququ yarandığına görə cavabdehin idarə etdiyi “Hyundai Tucson” markalı, **-XT-*** dövlət qeydiyyat nömrəli avtomobilin icbari sığortaçısı olan Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinə müraciət edilmiş, hadisədə hər iki sürücünün təqsiri olduğuna görə həmin məbləğ tam olaraq deyil, 50 faizə qədər azaldılaraq 1.637,31 manat məbləğində pul vəsaiti xx.xx.2021ci il tarixdə iddiaçı ASC-yə ödənilmişdir. Belə olan halda, iddiaçı ASC 1.806,94 manat məbləğində pul vəsaitinin ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin işin qeyd edilən hallarını nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar barədə məlumat

11. İddiaçının nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

12. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi.

13. Apellyasiya baxışının sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da cavabdeh iclasa gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya baxışının iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da iclaslarda nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

15. Cavabdehin və üçüncü şəxsin gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

16. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

17. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halı kimi müəyyən edilir ki, Cavabdeh iddiaçı ASC-də kasko növü üzrə sığortalanmış “Hyundai Tucson” markalı, **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq, “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC-yə məxsus və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində icbari növü üzrə sığortalanmış “X6 Prado” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobillərə maddi ziyan vurulmuşdur. Hadisə nəticəsində “X6 Prado” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın miqdarı 5.259 manat təşkil etmiş, iddiaçı ASC tərəfindən həmin avtomobilə dəymiş zərərə görə 3.444,25 manat sığorta ödənişi həyata keçirilmişdir. Bundan sonra iddiaçı ASC həyata keçirdiyi sığorta ödənişinə görə cavabdehin idarə etdiyi “Hyundai Tucson” markalı, **-XT-*** dövlət qeydiyyat nömrəli avtomobilin icbari sığortaçısı olan Azərbaycan Respublikası Dövlət Kommersiya Şirkətinə müraciət etmiş, hadisədə hər iki sürücünün təqsiri olduğuna görə həmin məbləğ tam olaraq deyil, 50 faizə qədər azaldılaraq 1.637,31 manat məbləğində pul vəsaiti xx.xx.2021-ci il tarixdə iddiaçı ASC-yə ödənilmişdir.

18. Hazırda isə iddiaçı ASC qalan 1.806,94 manat vəsaitin subroqasiya qaydasında cavabdehdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir.

19. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanununun 58.3–2-ci maddəsinə görə, fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır.

20. Qeyd edilən maddi hüquq normasına istinad etmiş Rayon Məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehin təqsirinə uyğun olaraq ümumi hesablanan zərərin yarısını sonuncunun icbari siğorta şirkəti olan Dövlət Kommersiya Sığorta Şirkəti tərəfindən “X6 Prado” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Yəni cavabdeh öz üzərinə düşən öhdəliyini tam şəkildə (dolayı yolla) həyata keçirmişdir.

21. Lakin Rayon Məhkəməsi nəzərə almamışdır ki, "xxxx" ASC tərəfindən sığorta ödənişi icbari sığorta üzrə deyil, kasko sığortası üzrə həyata keçirilmişdir.

22. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanunu Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədi ilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən tənzimlədiyi üçün həmin Qanunun 58.3–2-ci maddəsi kasko sığortası üzrə yaranmış münasibətlərə şamil edilmir.

23. Belə olan halda, iddiaçı ASC cavabdehə qarşı hazırki iddia tələbini irəli sürməkdə haqlı olmuşdur.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (maddə 1097.1.). Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır (maddə 1114.1.). Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1.). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (maddə 1108.1.). Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir (maddə 916.1.).

25. Qeyd edilən maddi hüquq normalarının hazırki mübahisənin həllinə tətbiqi nəticəsində Məhkəmə belə qənaətə gəlir ki, Rayon Məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, iddianı təmin etməməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. f) apellyasiya baxışının nəticəsi

26. Beləliklə qeyd edilənlərə əsasən, Məhkəmə tərəfindən müəyyən edilir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Rayon Məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddianın təmin edilməməsi barədə səhv nəticəyə gəlmişdir.

27. Buna görə də, Məhkəmə, MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, iddiaçı ASC-in apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

28. Məhkəmə həmçinin bildirir ki, iddia tələbinin qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olmadığından hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

29. Odur ki yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyun 2022-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə” iddiası təmin edilsin. Subroqasiya qaydasında 1.806,94 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 38,07 manat və ödənilmiş xidmət haqqının əvəzi olaraq 0,40 manat, ümumilikdə 1.845 (min səkkiz yüz qırx beş) manat 41 (qırx bir) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və bu məqsədlə Cavabdeh 19 (on doqquz) manat 23 (iyirmi üç) qəpik məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar