Məhkəmə qərarları › İş №2(103)-630/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-630/2024

08.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-630/2024 08.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iş üzrə (Açar sözlər: “müqavilənin etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-1465/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Atatürk prospekti 3078 “A” məhəllənin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının A4 korpusunda, 11-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m olan mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında xx.xx.2003-cü il tarixli, 148 nömrəli müqavilə bağlanmışdır.

2. Daha sonra həmin mənzilə dair İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2004-cü il tarixli, 315 nömrəli müqavilə bağlanmışdır.

3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, X9 dövlət sərhədindən xx.xx.2003cü ildə giriş, xx.xx.2003-cü ildə çıxış etmişdir.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, e-2(001)- 2711/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş binanın A4 korpusunun, 11-ci mərtəbəsində ümumi sahəsi 138,97 kv.m olan 3 otaqlı mənzilin iddiaçı Cavabdeh1 təhvil verilməsi vəzifəsi Cavabdeh2 MMC-yə həvalə edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7951/2021 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-2711/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3/N- 4116/2022 saylı qərardadı ilə ərizəçi İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7951/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardadla İddiaçı izah olunmuşdur ki, qanunsuz hesab etdiyi Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləni mübahisələndirə bilər.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1919/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu, 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə İddiaçı istifadə və sahiblik hüquqlarının tanınaraq həmin mənzilin Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-722/2023 nömrəli qətnaməsi ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-1919/2022 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi ilə bağlı qüvvədə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(001)-2711/2021 nömrəli qətnaməsi olduğu halda, iddiaçı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əsasən əşya hüququna əsaslanmaqla Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış müqaviləni mübahisələndirmədən, eyni mənzilə İddiaçı istifadə və sahiblik hüquqları tanınaraq, mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməsi əsaslı hesab edilə bilməz.

9. Qətnamədən müəyyən olunur ki, işə baxan məhkəmə kollegiyası xx.xx.2023cü il tarixdə işdə iştirak edən şəxslərin iştirakları ilə mübahisəli mənzilə yerli baxış keçirmiş, mənzilin qapısını Cavabdeh1 oğlunun qardaşı açmış, mənzilin açarının onlarda olduğunu bildirmişdir. Yerli baxış zamanı məlum olunmuşdur ki, mənzildə təmir işləri yekunlaşmamış, üçüncü şəxs tərəfindən plastik qapılar qoyulmuşdur.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2418/2023 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilimiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-722/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 6253/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 X10 və Cavabdeh2 MMC-yə qarşı iddiası təmin edilmiş, Cavabdeh2 MMC-nin inşa etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilin X1 dair xx.xx.2003-cü il tarixli 43 saylı müqavilənin lazımi qaydada bağlanmadığından, mənzilin əvəzi ödənilmədiyindən xitam olunduğu nəzərə alınmaqla xx.xx.2004-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin Cavabdeh1 sahiblik və istifadəsinə qaytarılması, onun mənzilə olan mülkiyyət hüquqlarının həyata keçirilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmiş, Cavabdeh2 MMC-nin Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-4704/2019 nömrəli qətnaməsi ilə Cavabdeh2 MMC-nin apellyasiya şikayəti qismən, X4 apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 X10 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin sahiblik və istifadəyə qaytarılması və s.” tələblərinə dair iddiası rədd edilmiş, Cavabdeh2 MMC-nin Cavabdeh1 qarşı qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilə münasibətdə etibarsız hesab edilməsi qət edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7220/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi qismən dəyişdirilmiş, Cavabdeh2 MMC-dən 62.595 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnəsi ilə alınaraq X5 ödənilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, X9 Cavabdeh2 MMC ilə bağladığı müqavilə üzrə göstərilən məbləği MMC-yə ödədiyi barədə sübutları – ödəniş qəbzini məhkəməyə təqdim etmiş, MMC isə həmin qəbzin həqiqiliyini mübahisələndirməmiş, nə pulun real olaraq ödənilməməsi barədə, nə də aralarında mövcud olduğunu iddia etdiyi işgüzar fəaliyyətlə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1, 178.3.2, 179.3.2, 179.3.2, 193- 1.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. Hökmə əsasən X11 həmçinin, vahid qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda təkrarən ələ keçirmə məqsədilə, 2003-2012-ci illərdə Cavabdeh2 MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdiyi binada bir neçə şəxslərə, o cümlədən İddiaçı Ağahəsən qızına satdığı mənzildən 32.005 manat, ümumilikdə isə 262 mənzil və 3146 kv metr qeyri-yaşayış sahəsinin satışından 11.218.675 manat məbləğində pul vəsaiti alsa da binanın tikinti-quraşdırma işlərinə 7.712.913 manatını sərf edərək, ümumilikdə 3.505.762 manat məbləği etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə qeyd olunan şəxslərə külli miqdarda ziyan vuraraq təkrarən dələduzluq etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarı qismən – A.Abdullayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilmiş, həmin hissədə cinayət işi üzrə icraata xitam verilmiş, 2003-2012-ci illərdə Cavabdeh2 MMC-nin Bakı şəhəri, Atatürk prospekti 3078 “a” ünvanında inşa etdiyi yaşayış və qeyri-yaşayış sahəsinin tikintisinə görə dələduzluq yolu ilə 3.505.762 manat məbləğin ələ keçirilməsi ilə bağlı epizod A.Abdullayevin əməlində cinayət tərkibi olmadığına görə ümumi ittihamdan xaric edilmiş, həmçinin A.Abdullayevə özgə əmlakını mənimsəmə yolu ilə ələ keçirilməsi ilə bağlı epizod məhkumun təqsirliliyi sübuta yetirilmədiyindən ümumi ittihamdan xaric edilmişdir.

18. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli 315 nömrəli müqavilə əsasında MMC-nin inşa etdiyi Bakı şəhəri, Atatürk prospekti 3078A, bina A4, 11-ci mərtəbə, 3 otaqdan ibarət 138.97 kv.metr olan mənzilin qanunsuz olaraq təkrarən Cavabdeh1 satılması ilə bağlı müraciəti ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Həmin cinayət işi üzrə istintaq davam etdirilir.

19. "xxxx" ASC tərəfindən Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, qeyd olunan mənzilə dair abunə kodu üzrə istehlakçı kimi Müşqinaz Əhmədova xx.xx.2019-cu il tarixdən qeydiyyata alınmışdır.

20. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, əsasən X6 və digərlərinin məhkum edilmələrinə dair 1(101)-340/2015 saylı cinayət işinin materiallarında Cavabdeh2 MMC-yə məxsus qeydiyyat jurnalı aşkar edilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 Cavabdeh2 MMC ilə bağladığı xx.xx.2003-cü il tarixli, 148 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2004-cü il tarixli 315 nömrəli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində yerləşən yeni yaşayış binasında A4 korpusu 11-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan mənzili 32.658 ABŞ dollara almışdır. Lakin Cavabdeh2 MMC həmin mənzili iddiaçıya təhvil vermirdi. Bu səbəbdən iddiaçı Binəqədi Rayon Məhkəməsinə “mənzilə istifadə hüququnun tanınması” tələbi ilə müraciət etmişdi. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1919/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş, Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusu 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə İddiaçı istifadə və sahiblik hüquqları tanınaraq həmin mənzil Cavabdeh2 MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin sözü gedən qətnaməsindən cavabdeh X9 apellyasiya şikayəti verərək həmin mənzilin ona məxsus olduğunu bildirmişdir. Belə ki, Ə.Müşkinaz ilə Xudafərin MMC arasında Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsinin şimal hissəsində inşa olunmuş çoxmərtəbəli yaşayış binasının A4 korpusunun 11-ci mərtəbəsində yerləşən, 3 otaqdan ibarət ümumi sahəsi 138,97 kv.metr, yaşayış sahəsi 78,32 kv.metr təşkil edən mənzilə dair xx.xx.2003-cü il tarixli, 148 nömrəli müqavilə bağlamışdır və məzilin dəyəri tam şəkildə ödənilmişdir. Həmin müqavilə etibarsız müqavilədir. xx.xx.2003-cü il tarixli 148 saylı müqavilədə əks olunan imza cavabdeh X5 məxsus deyil. Belə ki, Ədliyyə Nazirliyinin Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarışı "xxxx" Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin ümumi yığıncağının qərarını və həmin qərarı imzalamış mülkiyyətçilərin imzalarını Sizə təqdim edərək bildiririk ki, X3 Atatürk prospekti, ev C, 3078A, mənzil 23 nömrəli mənzili olduğu göstərilir. Həmin sənədlərdən görünür ki, X3 imza qrafasında olan imzası ilə 06 noyabr 2003-cü il tarixli, 148 saylı müqavilədə olan imzası bir-birinə uyğun gəlmir, tamamilə fərqlidirlər, bir-birilərinə ziddir. Həmin imza Cavabdeh1 məxsus deyil. Buna görə də həmin müqavilə etibarsız müqavilədir. Eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin Bakı şəhəri, Atatürk prospekti 3078 məhəllənin şimal hissəsində yerləşən yeni yaşayış binasında A4 korpusu 11-ci mərtəbə 3 otaqdan ibarət, sahəsi 138,97 kv.m olan mənzili 2(103)-722/2023 saylı iş nömrəli işi üzrə məhkəmə proseslərinin birində X3 qardaşına sual ünvanlanmışdır ki, binanın tikintisi ilə əlaqədar mülkiyyətçilər tərəfindən bina təhvil verilmədiyi üçün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edilmişdir. Lakin həmin şikayətçilər və mülkiyyətçilər arasında onların adları yoxdur. Bu suala cavab olaraq bildirmişdir ki, 15 ildir ki, Azərbaycan Respublikasında yaşamırlar. Ona görə də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş başlayan zaman burada olmamışlar. Həmin mənzilə qapının kim tərəfindən qoyulması mübahisəsi zamanı cavabdehin qardaşı bildirmişdir ki, qapını 2015-ci ildə onlar qoymuşdur. Yəni 2015-ci ildə Azərbaycan Respublikasında olduqlarını bildirirlər. Əgər bunlar 2015-ci ildə AR-da olmuşlarsa, 15 ildi AR-da olmamışlarsa, onların ölkəni tərk etməsi 2000-ci ilə təsadüf edir. Bu da deməkdir ki, 2003-cü ildə bağlanmış müqavilə formal müqavilədir. Tərəf ölkədə olmaya-olmaya necə müqavilə bağlaya bilər. Bu müqavilə bağlandığı gündən etibarsızdır. Belə ki, bu müqavilə X3 qardaşı ilə Cavabdeh2 MMC rəhbərliyi arasında olan ət satışı arasında yaranmış borc münasibətlərinə əsasən geriyə bağlanmış müqavilədir. Həmçinin həmin şəxs məhkəmə tərəfindən mənzilə baxış keçirilərkən mənzilə qapını 2015-ci ildə qoyduqlarını bildirmişdir. 2015-ci ildə mənzilə qapını qoydurduqlarını bildirdikləri halda 15 il ölkədə olmaması 2000-ci ilə təsadüf edir. Müqavilə isə 2003-cü il tarixdə bağlanmışdır. Buradan da görünür ki, müqavilə cavabdeh X9 tərəfindən bağlanmamışdır. Belə ki, ya müqavilə sonrakı tarixdə bağlanmışdır, ya da ki müqavilə ümumiyyətlə X9 tərəfindən imzalanmamışdır. Eyni zamanda, təqdim edilən mövcud sənədlərdə X3 imzaları bir-birinə bənzəmir. Göründüyü kimi xx.xx.2003-cü il tarixli 148 saylı müqavilə imzalanan vaxt maraqlı şəxs X9 Azərbaycan Respublikasında olmamışdır. X9 2000-2015-ci il tarixlərində Azərbaycan Respublikasında olmadığı halda xx.xx.2003-cü il tarixli 148 saylı müqavilə X9 tərəfindən imzalana bilməzdi.

23. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 1465/2023 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilməmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, hazırda işin mübahisəli halı ondan ibarətdir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında xx.xx.2003-cü il tarixli 148 nömrəli müqavilə bağlandığı tarixdə Cavabdeh1 ölkə hüdudlarından kənarda olduğundan müqavilədəki imzanın Cavabdeh1 tərəfindən icra edilməsi mümkün deyildi, habelə mübahisəli müqavilə Cavabdeh2 MMC-nin möhürü ilə rəsmiləşdirilməmiş, bundan başqa hazırki müqavilə yalan əqddir, cavabdehlər arasında olan “ət satışı” ilə əlaqədar borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanmışdır. Həmin müqavilənin etibarsız müqavilə olmasını göstərən digər hal isə cinayət işi materiallarında olan xx.xx.2014-cü il tarixli Aktda cavabdehə məxsus müqavilənin aşkar edilməməsidir.

25. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının dəlillərinə görə, mübahisəli müqavilə bağlanarkən Cavabdeh1 ölkə hüdudları xaricində olmuş, bu səbəbdən də həmin müqavilə 2003-cü il tarixində imzalana bilməzdi. Lakin işin faktiki halı ilə iddia tələbinin bu dəlili öz təsdiqi tapmamışdır.

26. Məhkəmə həmçinin də, iddiaçının mübahisəli mənzilin Cavabdeh1 adına özgəninkiləşdirilməsinin formal, yalnız görünüş üçün olması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, bu dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı cavabdehlər arasında ət satışı ilə bağlı münasibətlərin olmasını iddia edir, həmin halla bağlı sübut qismində Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın xx.xx.2019-cu il tarixli qərarına istinad edir. Həmin qərardan görünür ki, Cavabdeh2 MMC onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia qaldırmışdır. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil əslində Cavabdeh1 satılmamışdır, sonuncu bunun üçün hər hansı ödəniş etməmişdir, həmin müqavilə sadəcə olaraq “X22”na verəcəyi ətin təminatı olaraq bağlanılmışdır, yəni həmin müqavilə digər əqdi pərdələmək məqsədilə bağlanılmışdır. Apellyasiya məhkəməsi həmin dəlillərə münasibətdə hesab etmişdir ki, Cavabdeh1 Cavabdeh2 MMC ilə bağladığı müqavilə üzrə göstərilən məbləği MMC-yə ödədiyi barədə sübutları – ödəniş qəbzini məhkəməyə təqdim etmiş, MMC isə həmin qəbzin həqiqiliyini mübahisələndirməmiş, nə pulun real olaraq ödənilməməsi barədə, nə də aralarında mövcud olduğunu iddia etdiyi işgüzar fəaliyyətlə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.

27. Məhkəmə bildirmişdir ki, qeyd olunan məhkəmə qərarı hazırki mülki mübahisə ilə bağlı preyudisial əhəmiyyət kəsb etmir. Digər tərəfdən isə cavabdeh cəmiyyət “X22”na verəcəyi ətin təminatı kimi məhz həmin işdəki mübahisəli mənzili nəzərdə tutmuş, eyni zamanda göründüyü kimi, məhkəmənin gəldiyi nəticə ilə cavabdehlər arasında işgüzar fəaliyyətlə bağlı iddia dəlili öz təsdiqini tapmamışdır.

28. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, mübahisələndirilən müqavilə cavabdehlərin iradə ifadəsi ilə bağlandığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Belə olanda məhkəmə qeyd edir ki, mübahisəli mənzilə dair müqavilə cavabdehlər arasında İddiaçı daha əvvəl bağlanmış və mənzil ilkin olaraq Cavabdeh1 sahibliyinə verilmişdir. İddiaçı Cavabdeh1 mənzilə sahiblənməsinin qanunsuz olması halını sübuta yetirə bilməmişdir. Bununla belə iddiaçı tərəfindən cavabdehlər arasında bağlanmış müqavilənin tarixinin müqavilədə qeyd olunduğu vaxta aid olmadığına dair dəlilləri təsdiqini tapmamışdır.

29. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Nə qədər ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və dövlətin adından çıxarılmış həmin qətnamə icra olunmalıdır, ona görə məhkəmənin mübahisəyə bu kontekstdən qiymət verməsindən başqa digər seçimi mövcud deyil.

30. Məhkəmə bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7951/2021 saylı qətnaməsindən göründüyü kimi, cavabdeh cəmiyyətin şikayətinin dəlilləri “MMC-nin ona hansı maneəni yaratdığını araşdırmadığı və beləliklə də MMC-nin üzərinə vəzifə qoymaqda haqlı olmadığı, mənzilin hazırda boş olubolmadığını aydınlaşdırmadığı” olmuşdur. Göründüyü kimi, cavabdeh mübahisəli əqdin bağlanmasında öz iradə ifadəsinin olduğunu dərk etmiş, belə iradə ifadəsi, yəni müqavilədə cəmiyyətə məxsus möhürün olmadığını mübahisələndirməmiş, nəticə etibarilə məhkəmə çəkişmələrinin mövcudluğu kontekstində demək mümkündür ki, cavabdeh cəmiyyət xx.xx.2003-cü il tarixli müqaviləni bəyənmiş, həmin müqaviləyə dair qeyd olunan pretenziyası olmamışdır. Belə olanda məhkəmə hesab etmişdir ki, hazırda iddia tələbinin bu dəlili ilə razılaşmaq olmaz, digər tərəfdən isə iddiaçının həmin müqavilədəki imzanı, eləcə də möhürü mübahisələndirməyə subyektiv hüququ olmamışdır.

31. Beləliklə, məhkəmə qeyd olunanlarla yanaşı əlavə olaraq qeyd etmişdir ki, İddiaçı Cavabdeh1 ilə cavabdeh cəmiyyət arasında bağlanmış müqavilə üzrə tərəf olmadığından, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. Göründüyü kimi, məhkəmələr tərəfindən Cavabdeh1 mübahisəli mənzilə istifadə və sahiblik hüquqları tanınmışdır. Belə olanda məhkəmə hesab edir ki, cavabdehlər arasındakı öhdəlik münasibətlərinin mövcudluğu iddiaçının şəxsin hüquq və mənafelərinə toxuna bilməz, həmin müqavilənin mövcudluğu məhz müqavilə tərəfləri üçün öhdəliklər yaradır. Bu baxımdan da məhkəmə bildirir ki, iddiaçı cavabdehlər arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, yaşayış binalarında mənzillərin tikilib verilməsi və onun verilməsi şərtləri, həmin müqavilə münasibətinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində öz razılaşmalarına uyğun şərtləşdirmək sərbəstliyini müəyyən edir.

32. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, mülki qanunvericilik fərdi müəyyən əşyanın başqasının mülkiyyətinə verilməsi barədə iki müqavilə olduğu halda məhz bu əsasla onlardan birinin etibarsız olduğu barədə xüsusi qayda müəyyən etmir. Əksinə bir müqavilə üzrə əmlakın üçüncü şəxsə daha əvvəl verilməsi digər müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüquq yaranır.

33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 6.1.5, 157.2, 158.4, 324.1, 324.2, 324.4, 324.5, 329.1, 331, 334.1, 334.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1, 340.2, 357, 452.1-ci maddələrinə, “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə” dair xx.xx.2022-ci il Qərarına, “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının № 02/2022 qərardadının 20-ci bəndinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” işi üzrə xx.xx.2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 88, 106.1, 107, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

34. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh2 MMC vətəndaşlardan alğı-satqı yolu ilə vəsaitlər almağına, müvafiq banklardan kreditlər götürməyinə baxmayaraq mübahisəli binanın inşaasını tamamlamadığı üçün vətəndaşların şikayətləri üzrə cinayət işi başlatmış və cinayət işi üzrə istintaq fəaliyyətinin həyata keçirilməsi məqsədilə istintaq orqanları tərəfindən audit təşkil edilmişdir. Audit zamanıCavabdeh2 MMC tərəfindən həmin MTK-dan mənzil alan şəxslərlə bağlanılmış müqavilə və maliyyə arayışları istintaq orqanlarına təqdim edilmişdir. Həmin audit rəyindən aydın olur ki, sözügedən mənzil, xx.xx.2004-cü il tarixli, 315 nömrəli müqavilə ilə iddiaçı Əliyeva X2. Bakı Ağır Cinayətlər Məhkəməsində olan iş materiallarında ümumiyyətlə Cavabdeh1 adı keçmir. Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında xx.xx.2003-cü il tarixli 148 nömrəli müqavilənin Cavabdeh1 tərəfindən imzalanması tam şübhəlidir. Belə ki, alğısatqı müqaviləsində əks olunan imza ilə binanın mülkiyyətçilərinin təsis etdikləri MMMCnin təsis edilməsi üçün mülkiyyətçilərin imzaları sırasında Cavabdeh1 atdığı imza birbirindən tamamilə fərqlənir (Ədliyyə Nazirliyi Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən çıxarış iş materiallarına əlavə edilmişdir). Cavabdehin nümayəndəsi etiraf etmişdir ki, MMMC-yə aid sənədlərdəki imza Ə.Müşkinaza məxsus deyildir. Həmin imzanı onun qardaşı atmışdır. Cavabdeh1 vəkili və nümayəndəsi də müqavilədəki imza ilə etibarnamədəki imzaların fərqli olduğunu bildiyi üçün məhkəməyə etibarnamənin elektron formada olan versiyasını təqdim etmişdir. Göründüyü kimi cavabdehin müqavilədə olan imzası ilə həmin çıxarışda olan imzaların tamamilə fərqli olması, həmçinin müqavilədə olan imza ilə cavabdeh X7 şəxsiyyət vəsiqəsində olan imzalar arasında da fərqlilik müqavilədəki imzanın cavabdeh Ə.Müşkinaza aid olmasını şübhə altında qoyur. Lakin nədənsə məhkəmə bunu görməzdən gəlmişdir. Hesab edir ki, Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında xx.xx.2003-cü il tarixli 148 nömrəli müqavilə 2003-cü il tarixdə deyil, daha sonralar başqa bir əqdi pərdələmək üçün bağlanmışdır ki, həmin müqavilə Ə.Müşkinaz tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmışdır. Tərəfindən xətşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verilsə də, təmin edilməmişdir. Məhkəmə imzanın Ə.Müşkinaza aid olub-olmadığını yoxlamadan, müqavilənin MMC tərəfindən təsdiq edilmədiyini bildiyi halda hesab edir ki, mübahisəli mənzilə dair müqavilə cavabdehlər arasında İddiaçı daha əvvəl bağlanmış və mənzil ilkin olaraq Cavabdeh1 sahibliyinə verilmişdir. Lakin məhkəmə Cavabdeh2 MMC barəsində bu qanunsuz fəaliyyətlərinə görə cinayət işi açılmasını nəzərə almır. Həmin müqavilədə Ə.Müşkinazın imzası şübhəli olmaqla yanaşı, Cavabdeh2 MMC tərəfindən imzalanan imza da digər bu tipli müqavilələrdəki imzalardan fərqlənməklə yanaşı müqavilə Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilməmişdir. Ona görə ki, müqavilə 2003-cü ildə deyil, daha sonralar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlayandan, möhür istintaq tərəfindən götürüldükdən sonra imzalanmışdır. Möhürü istintaqdan götürə bilmədikləri üçün müqavilə möhürlənə bilməmişdir. Halbuki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanılmış müqavilədə MMC-nin möhürü var. Eyni zamanda, məhkəməyə Cavabdeh2 MMC ilə digər vətəndaşlar arasında bağlanılmış bir neçə müqavilə təqdim etmiş və həmin müqavilələrdə də MMC-nin möhürü olsa da, nədənsə Cavabdeh1 ilə Cavabdeh2 MMC arasında bağlanılmış müqavilədə MMC-nin möhürü olmamışdır. Göründüyü kimi, cavabdehlər arasında olan bu müqavilə Mülki Məcəllənin müqavilə üçün nəzərdə tutulmuş formasına uyğun tərtib olunmamışdır. Ümumiyyətlə MMC ilə Ə.Müşkinaz arasındakı məhkəmə aktından da göründüyü kimi tərəfin nümayəndəsi sadəcə “MMC-nin ona hansı maneəni yaratdığını araşdırmadığı və beləliklə də MMC-nin üzərinə vəzifə qoymaqda haqlı olmadığı, mənzilin hazırda boş olub-olmadığını aydınlaşdırmadığı”nı deməklə kifayətlənmişdir. Bu isə o deməkdir ki, tərəflər arasında müqavilə formal olaraq bağlanmışdır. İddiaçı və cavabdeh arasında müqavilə olduğu üçün iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh isə öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh1 məhkəmədə onu təmsil etməklə bağlı verdiyi etibarnamənin müddəti xx.xx.2023-cü il tarixində bitsə də, cavabdehin vəkili son iki məhkəmə iclasında (xx.xx.2023 və xx.xx.2023-cü il tarixli iclaslar) iştirak etmiş və həmçinin cavabdehin adından çıxış etmişdir. Halbuki, verilən etibarnamənin müddəti bitdiyi üçün səlahiyyətli nümayəndə olaraq vəkil tərəfin adından çıxış edə bilməz. Məhkəmə isə buna diqqət yetirməmiş və Cavabdeh1 vəkilindən yeni etibarnamə təqdim edilməsini istəməmişdir. Mübahisəli mənzilin Cavabdeh1 təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olsa da, hesab edir ki, bu qətnamənin hazırkı işlə əlaqəsi yoxdur. Belə ki, həmin iş üzr iddia tələbi “mənzilin təhvil verilməsi” olsa da, hazırki iş üzrə isə iddia predmeti “müqavilənin etibarsızlığı”dır. Yəni ki, əvvəlki məhkəmə işində hazırki tələbə heç bir münasibət bildirilməmişdir. Hazırki iş üzrə iddianın predmeti əvvəlki məhkəmə işlərində məhkəmə tərəfindən müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan bütün şəxslərin mənzili var. Lakin iddiaçının yoxdur. Binada ikili satış olmamışdır. Cavabdehlər arasında bağlanmış müqavilədə möhür yoxdur. Cavabdehin adına verilən sənəd mədaxil orderi deyil, kompüterdə düzəldilmiş bir şeydir. Cavabdeh1 Bakıya 2015-ci ildə qayıtmışdır, iddiaçı mənzilə qapını 2017-ci ildə qoymuşdur. Cavabdeh1 üç mənzil verilmiş, onlardan ikisini məhkəmədə uduzmuşdur. İddiaçı tərəfindən edilmiş ödəniş hökmlə öz təsdiqini tapır. Həm iddiaçının, həm cavabdehin adına verilmiş ödəniş qəbzlərini qəbul etmirlər. Cavabdeh2 MMC Cavabdeh1 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-7220/2019 nömrəli qərarı ilə itirdiyi mənzilə görə kompensasiya kimi iddiaçıya məxsus mənzili vermiş və köhnə tarixlə müqavilə imzalamışdır. İddiaçıya məxsus mənzilin cavabdehə verilməsinə dair müqavilədə MMC-nin möhürü yoxdur, lakin eyni tarixdə cavabdehlər arasında bağlanmış başqa mənzilə dair müqavilədə MMC-nin möhürü var. İddiaçını zəif tərəf bilərək ona məxsus mənzili cavabdehin adına rəsmiləşdirmişlər.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh güclü tərəf deyil, digər iki mənzilindən məhrum edilmişdir, bugünki günədək cavabdeh həmin mənzillərlə bağlı şikayətlər edir.

39. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 331.2. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir.

41. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir. Müqavilənin standart şərtləri onu təklif etmiş tərəflə digər tərəf arasında bağlanmış müqavilənin tərkib hissəsinə yalnız o halda çevrilir ki, təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə əyani qeyd yazsın və bu şərtlərə istinad etsin, digər tərəf isə həmin şərtlərlə tanış olmuş və razıdırsa, bu şərtləri qəbul etmək imkanına malik olsun (Mülki Məcəllənin 418.1-ci maddəsi). Müqavilənin standart şərtləri müqavilənin tərkib hissəsinə çevrildikdə, hüquqi qüvvə alır. Bunun üçün müqavilənin standart şərtlərini təklif etmiş tərəf müqavilənin bağlandığı yerdə bu barədə yazılı qeyd aparmaqla bu şərtlərə istinad etdiyini bildirməlidir. Bu, standart şərtlərin irəli sürülməsini təklif edən tərəfin iradəsinin ifadəsi olduğunu göstərir və digər tərəfin həmin şərtlərlə tanış olmasına imkan yaradır. Standart şərtlərin ünvanlandığı digər tərəf həmin şərtlərlə tanış olaraq onları qəbul edib-etməmək haqqında qərara gəlməlidir. Xüsusilə qeyd edilməlidir ki, Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

Apellyasiya baxışının hədləri

43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. İşdən müəyyən olunur ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 148 saylı müqaviləyə əsasən Cavabdeh2 MMC mübahisəli yaşayış binasının A4 korpusunda, 11-ci mərtəbədə, 3 otaqdan ibarət, ümumi sahəsi 138,97 kv.m, yaşayış sahəsi 78,32 kv.m olan mənzili Cavabdeh1 təhvil verməyi öhdəsinə götürmüşdür. Eyni mənzilə dair İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2004-cü il tarixli, 315 nömrəli müqavilə bağlanmışdır.

47. Hazırda iddiaçı cavabdehlər arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 148 saylı müqavilənin etibarsız olduğunu iddia edir və tələbini belə əsaslandırır ki, xx.xx.2003cü il tarixli 148 saylı müqavilədə əks olunan imza cavabdeh X5 məxsus deyil. Müqavilə imzalanarkən o, ölkədə olmamış və onun müqavilədə olan imzası ilə "xxxx" MMMC-nin ümumi yığıncağının qərarında əks olunmuş imzası fərqlidir. Bundan əlavə, cavabdehlər arasında bağlanmış müqavilə X3 qardaşı ilə Cavabdeh2 MMC rəhbərliyi arasında olan ət satışından yaranmış borc münasibətlərinə əsasən geriyə bağlanmış müqavilədir.

48. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən əldə edilmiş məlumatlara əsasən X9 qeyd olunan müqavilə imzalanarkən ölkədə olmuşdur. Bundan əlavə, iddiaçı özü apellyasiya şikayətində göstərmişdir ki, cavabdehin nümayəndəsinin etirafına əsasən MMMC-yə aid sənədlərdəki imza Ə.Müşkinaza məxsus deyil, həmin imzanı onun qardaşı atmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlər arasında imzalanmış xx.xx.2003-cü il tarixli 148 saylı müqavilədə əks olunan imzanın cavabdeh X5 məxsus olub-olmaması müqavilənin digər tərəfi – Cavabdeh2 MMC tərəfindən heç zaman mübahisələndirilməmişdir.

49. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehlər arasında bağlanmış müqavilənin X3 qardaşı ilə Cavabdeh2 MMC rəhbərliyi arasında olan ət satışından yaranmış borc münasibətlərinə əsasən geriyə bağlanmış müqavilə olması da iş materialları ilə öz təsdiqini tapmır.

50. Belə ki, işdə olan məhkəmə aktları ilə müəyyən edilir ki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2003-cü il tarixli müqavilənin Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078 “A” məhəlləsi ünvanında yerləşən çoxmənzilli yaşayış evinin “C” korpusu, 12-ci mərtəbəsində yerləşən 4 otaqlı mənzilə münasibətdə etibarsız hesab edilsə də, Cavabdeh2 MMC-dən 62.595 ABŞ dolları məbləğində pul ödəniş gününə manata məzənnəsi ilə alınaraq X5 ödənilməsi qərara alınmışdır. Belə ki, X9 Cavabdeh2 MMC ilə bağladığı müqavilə üzrə göstərilən məbləği MMC-yə ödədiyi barədə sübutları – ödəniş qəbzini məhkəməyə təqdim etmiş, MMC isə həmin qəbzin həqiqiliyini mübahisələndirməmiş, nə pulun real olaraq ödənilməməsi barədə, nə də aralarında mövcud olduğunu iddia etdiyi işgüzar fəaliyyətlə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.

51. Məhkəmə iddiaçının cavabdehlər arasında bağlanmış müqavilənin Cavabdeh2 MMC-nin möhürü ilə təsdiq edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, mülki qanunvericilikdə müqavilənin hüquqi şəxs tərəfindən mütləq qaydada möhürlə təsdiq edilməsinə dair imperativ tələblər yoxdur. Cavabdeh2 MMC tərəfindən də ona məxsus möhürün müqavilədə olmaması əsası ilə müqavilənin etibarsızlığı iddia edilməmişdir.

52. Bundan başqa, Mülki Məcəllənin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər.

53. Cavabdehlər arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 148 nömrəli müqavilənin 6.3-cü bəndində qeyd edilmişdir ki, bu müqavilə imzalandığı gündən qüvvəyə minir. Eyni məzmunlu bənd iddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli, 315 nömrəli müqavilədə də əks olunmuşdur.

54. Göründüyü kimi, müqavilənin möhürlə təsdiqlənməsinə dair tələblər və bu tələblərə riayət edilməməsinin nəticələri müqavilədə öz əksini tapmamışdır.

55. Həmçinin qeyd edilməlidir ki, cavabdehlər arasında bağlanmış müqavilədə MMC-nin möhürü olmasa da, həmin müqavilə üzrə MMC tərəfindən verilmiş kassa mədaxil orderinin qəbzində möhür əks olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş ona aid kassa mədaxil orderi də eyni formada tərtib edilmiş və MMC-nin möhürü ilə təsdiq edilmişdir.

56. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli 315 nömrəli müqavilə əsasında MMC-nin inşa etdiyi Bakı şəhəri, Atatürk prospekti 3078A, bina A4, 11-ci mərtəbə, 3 otaqdan ibarət 138.97 kv.metr olan mənzilin qanunsuz olaraq təkrarən Cavabdeh1 satılması ilə bağlı müraciəti ********* nömrəli cinayət işinə əlavə edilmişdir. Həmin cinayət işi üzrə istintaq davam etdirilir.

57. Göründüyü kimi, hazırda mübahisəli mənzilə dair cavabdehlər arasında müqavilənin bağlanmasında hər hansı cinayət əməlinə yol verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil.

58. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-722/2023 nömrəli qətnaməsindən görünür ki, məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə işdə iştirak edən şəxslərin iştirakları ilə mübahisəli mənzilə yerli baxış keçirilmiş, mənzilin qapısını Cavabdeh1 qardaşı açmış, mənzilin açarının onlarda olduğunu bildirmişdir. Yerli baxış zamanı məlum olmuşdur ki, mənzildə təmir işləri yekunlaşmamış, üçüncü şəxs tərəfindən plastik qapılar qoyulmuşdur.

59. Cavabdeh1 çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən yaradılmış "xxxx" MMMC-nin iştirakçısı olması, 2019-cu ildə "xxxx" ASC tərəfindən mübahisəli mənzilə dair onun adına abunə kodunun verilməsi də ona dəlalət edir ki, Cavabdeh1 mənzilə sahiblənmişdir.

60. Belə olan halda məhkəmə kollegiyası mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsaslanaraq birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır ki, mübahisəli mənzilə dair müqavilə cavabdehlər arasında iddiaçıdan daha əvvəl bağlanmış və mənzil ilkin olaraq Cavabdeh1 sahibliyinə verilmişdir. Bir müqavilə üzrə əmlakın üçüncü şəxsə daha əvvəl verilməsi digər müqavilə üzrə kreditorun əşyanın ona verilməsi tələbini aradan qaldırır. Belə olan halda həmin şəxsin əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır.

61. Məhkəmə kollegiyası cavabdehin vəkilinin son iki iclasda etibarnamənin müddəti qurtarmasına baxmayaraq nümayəndə qismində çıxış etməsi ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.

63. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 1465/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar