Məhkəmə qərarları › İş №2(103)-6304/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6304/2022

10.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6304/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh, Cavabdeh İddiaçı Naib oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul torpaq sahəsinə gediş-gəliş və avtomobil yolunun verilməsi, qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlkin iddia üzrə İddiaçı və onun vəkili X2, İlkin iddia üzrə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "bağ evi və torpaq sahəsinə gediş-gəliş və avtomobil yolunun verilməsi" tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı Naib oğluna qarşı "özbaşına qoyulmuş darvazanın sökülməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 87/2022 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, «Abşeron» b/y-nın 46 saylı bağ sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. İddiaçı ilə Cavabdeh istifadəsində olan torpaq sahələri qonşu sahələr olmaqla, mişar daşından inşa edilmiş hasar vasitəsilə bir birindən ayrılır. Həmin hasarda İddiaçı ona məxsus torpaq sahəsindən Cavabdeh istifadəsində olan torpaq sahəsinə açılan dəmir darvaza quraşdırmışdır.

3. İddiaçı hazırda iddia edir ki, o, bu darvaza vasitəsilə həyətinə avtomobillə gəlibgedə və lazımi əşyaları daşıya bilmir, çünki Cavabdeh onun yolunu kəsərək orada daş hasar tikmişdir.

4. Cavabdeh isə bildirir ki, əslində o, ailəsi ilə uzun illərdir ki, həmin torpaq sahəsindən istifadə edir və bunun üçün hər il bələdiyyəyə icarə haqqı ödəyir, İddiaçı əslində evin əks istiqamətindən gediş-gəliş və avtomobil yolu mövcuddur, sadəcə İddiaçı 2020-ci ildə onun xəstəxanada olmasından istifadə edərək, onun istifadəsində olan torpaq sahəsində tikilmiş hasarın bir hissəsini söküb orada darvaza qoyaraq, onun istifadəsində olan torpaq sahəsini zəbt etmək istəyir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz tikinti aparmaqla ona məxsus bağ sahəsinin avtomaşınla giriş-çıxış yolunu bağladığı üçün həmin tikintinin sökülməsi və cavabdehə bu tikintini gələcəkdə də aparmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlkin iddia üzrə Cavabdeh 15 ildən çoxdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Abşeron» bağçılıq-yoldaşlığına məxsus sahədə qanunsuz tikdiyi bağ evində yaşayır. İddiaçı isə 15 ildən çoxdur ki, DİN-in əməkdaşı olaraq ona ayrılmış 46 saylı bağ evində yaşayır. Ona məxsus bağ evində yaşamasını həm qonşuları, həm də uzun illər xidmət göstərdiyi Daxili İşlər Nazirliyinin digər əməkdaşları təsdiq edə bilərlər. Eləcə də, işə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Hövsan qəsəbəsindəki "Abşeron" bağçılıq yoldaşlığının ərazisindən torpaq sahələri verilmiş bağçılıq üzvlərinin xx.xx.2011-ci il tarixli Siyahısında 41-ci sırada 621 kv.m ölçüdə göstərilmişdir. Həmin bağ sahəsi tərəfindən özəlləşdirilmiş və ona DƏDRX tərəfindən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış da verilmişdir. Lakin Cavabdeh adı bu siyahıda yoxdur. Çünki, bu siyahıya yalnız Daxili İşlər Nazirliyinin əməkdaşlarının adları daxil edilmişdir. İddiaçı özü istefada olan polis mayorudur. Onun bağ evinin hasarında avtomaşın yolu üçün dəmir darvaza qoymuşdur. O, bu darvaza vasitəsilə həyətinə avtomobillə gəlib-gedə və lazımi əşyaları daşıya bilmir. Onun darvazasının açıldığı yerdə digər hər hansı bağ sahəsi yoxdur və bu bağçılığın cizgi sxemindən də görünür. Lakin Cavabdeh gözünün qarşısında onun avtomobil yolunu bilərəkdən kəsərək orada daş hasar tikməyə başlamışdır. O, cavabdehdən qanunsuz tikintidən əl çəkməyi, onun yolunu açmağı tələb etdikdə, yalandan uydurdu ki, guya bu kiçik sahəni ona kənd bələdiyyəsi verib. O, cavabdehə həmin ərazinin bələdiyyə ərazisi olmadığını dəfələrlə izah etmiş, lakin cavabdeh oranı qanunsuz tikib gələcəkdə kiməsə bağ sahəsi kimi satıb qazanc əldə etmək niyyəti olduğundan öz qanunsuz hərəkətini davam etdirdi. O, cavabdehin hərəkətləri barədə Suraxanı RPİ 30-cu polis bölməsinə müraciət etmiş, orada da rəsmi araşdırma aparılmış və torpaq sahəsinin Cavabdeh heç bir aidiyyəti olmadığı və ona bu məsələ ilə bağlı məhkəməyə mülki qaydada müraciət etməsi tövsiyyə olunmuşdur. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2021-ci il tarixli məktubla təsdiq edilmişdir ki, ona məxsus 46 saylı bağın giriş-çıxış darvazası qarşısında qanunsuz hasar tikilmiş və bu hasarın sökülməsi barədə tədbir görülməsi üçün müvafiq orqanlara məlumat verilmişdir. Onun bağ sahəsinə dair verilmiş sənədlərdən - DƏDRX-nin verdiyi RX № ******* saylı çıxarış, torpaq sahəsinin planı və ölçüsü, cizgi-çertyoj və DİN-nin Hövsan qəsəbəsindəki «Abşeron» bağçılıq yoldaşlığının siyahısı aiddir. Həmin siyahıdan görünür ki, 46 saylı bağ sahəsi ona aiddir. Eləcə də bu siyahıda Cavabdeh adı yoxdur.

7. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadəsində olan bağ sahəsində qanunsuz özbaşına qoyulmuş darvazanın sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həmin bağ sahəsi Bakı şəhəri X3 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 13/705 saylı qərarı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ayrılmışdır. İddiaçı Naib oğlu xx.xx.2020-ci il tarixdə onun xəstəxanada olmasından istifadə edərək istifadəsindəki mübahisəli nömrəsiz bağ sahəsinin daş hasarında qanunsuz olaraq özbaşına dəmir darvaza qoyaraq onun torpaq sahəsinə giriş-çıxış yolu açmışdır. O, bu hərəkəti ilə onun bağ sahəsi üzərində istifadə və sahiblik hüquqlarını pozmuşdur. Həmin bağ sahəsi onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi bağlar massivinin qonşuluğunda yerləşir. Bu bağ sahəsindən o, 16 ildən çoxdur ki, istifadə edir. Lakin bu bağ sahələrinin arasında yerləşən torpaq sahəsi təxminən 200 kv.m olan onun istifadəsindəki torpaq sahəsinin adı qeyd olunan qərarla heç bir əlaqəsi yoxdur. Bu torpaq sahəsi onun həyat yoldaşı X5 ilə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Bələdiyyəsi arasında şifahi razılaşmaya (bağlanmış icarə müqaviləsinə) əsasən onların ailəsinin istifadəsindədir. Arvadı tərəfindən torpaq sahəsindən istifadə edilməsinə görə ildə 22,40 manat icarə haqqı ödənilir. Özü də hərbi xidmət borcunu yerinə yetirərkən yaralandığı üçün ömürlük 2-ci qrup əlil olmuşdur. O, bir neçə dəfə bu qanunsuz hərəkətlərinə son qoyulması, qonşuluq münasibətlərini gözləməsini ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xahiş etmiş, lakin İddiaçı onlara qarşı öz qərəzli hərəkətlərini davam etdirir, bir keçmiş polis mayoru kimi öz imkanlarından istifadə etməklə onu həbs etdirəcəyi və ya öldürəcəyi ilə hədələyir, onun haqqında müvafiq dövlət orqanlarına qərəzli ərizələr yazdırır. Hər dəfə onu görəndə hədələyib deyir ki, onun təklifinə razı olmasa, onun və ailəsinin həyatını çox pis günlər gözləyir, onun kimsəsiz, xəstə adam olmasını, onsuz da öz istəyinə nail olacağını bildirir. Faktiki olaraq o, hazırda Daxili İşlər və digər hüquq mühafizə orqanlarında fəaliyyət göstərən tanışlarına arxalanaraq onlara hədə-qorxu gəlir, daima onu və ailəsini həyəcan və qorxu içində saxlamaqla öz qanunsuz istəyinə nail olmaq istəyir.

9. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-87/2022 saylı qətnaməsi ilə (hakim R.Qafarova) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.

10. Məhkəmə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə mövqeyini onunla əsaslandırmışdır ki, iddianın əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birincisi torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı, ikinci cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə birinci hal mövcuddur. Yəni, iddiaçının mülkiyyətində torpaq sahəsi var. Lakin, ikinci hal iş materialları ilə müəyyən edilmir. Belə ki, iddiaçı iddia tələbini “özünün bağ evinin hasarında avtomaşın yolu üçün inşa etdiyi dəmir darvaza vasitəsilə həyətinə avtomobillə gəlib-gedə və lazımi əşyaları daşıya bilməməsi” kimi dəlillərlə əsaslandırsa da, işin məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla cavabdeh tərəfindən iddiaçının bağ sahəsinə gediş-gəlişi üçün nəzərdə tutulmuş əsas avtomobil yolunun zəbt edilməsi halı görünmür. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı iddianın əsaslı hesab edilməsi üçün tutarlı dəlillər mövcud deyildir.

11. Məhkəmə öz mövqeyini AR Konstitusiyasının 29-cu maddəsinə, AR Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin dəlilləri

12. İlkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən-X1 iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilməsi və həmin iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi istifadə etdiyi bağ sahəsinin onun mülkiyyətində olmasını müəyyən etsə də, Cavabdeh hansı əsaslarla “Abşeron” bağçılıq-yoldaşlığına məxsus torpaq sahəsindən istifadə edib orada fərdi yaşayış evi inşa etdirməsini araşdırmamış və işin həmin hallarına müvafiq hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona məxsus bağ sahəsinə gediş-gəliş üçün avtomobil yolunun zəbt edilməsinin müəyyən olunmamasını və bununla əlaqədar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmadığını əsas göstərmişdir. Hesab edir ki, məhkəmə iddianı əsassız sayarkən istinad etdiyi maddi hüquq normalarının qüvvəsini düzgün tətbiq etməmiş, tətbiq edilməli olan qanunun normasını tətbiq etməmiş və beləliklə də qətnaməni qanunun tələblərinə uyğun əsaslandırmamışdır. Qətnamədə Cavabdeh istifadəsində olan bağ sahəsinə çəkdiyi daş hasarın onun mülkiyyətində olan 46 saylı bağ sahəsinə gedişgəliş üçün nəzərdə tutulmuş əsas avtomobil yolundan istifadəsinə məhdudiyyət və ya maneçilik yaratmamasına dair Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2022-cil tarixli rəyinə istinad olunsa da, məhkəmə tərəfindən həmin rəyə heç bir hüquqi qiymət verilməmiş və iddianın əsassız olması barədə nəticə həmin rəyə sübut kimi istinad olunmaqla əsaslandırılmamışdır. İşdən görünür ki, ona məxsus gediş-gəliş yoluna cavabdeh tərəfindən çəkilmiş daş hasarın mane olub-olmaması məsələsi bundan əvvəl də məhkəmənin qərardadına əsasən məhkəmə ekspertizası mərkəzi tərəfindən araşdırılmış və 01 noyabr 2021-ci il tarixli rəylə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən daş hasar ona məxsus evin darvazasının qoyulduğu yolun qarşısında inşa edilməklə həmin yoldan istifadəyə məhdudiyyət yaradır və həmin məhdudiyyətin aradan qaldırılması üçün daş hasarın üç metr enində sökülməsi lazımdır. Lakin məhkəmə tərəfindən biri digərini inkar edən ekspert rəyləri arasındakı ziddiyyətlər araşdırılmamış, ekspert rəylərindən hansının işin materiallarına və həqiqi hallarına uyğun olması araşdırılmamışdır. Cavabdeh Daxili İşlər Nazirliyinin əməkdaşı olması, nazirliyin bağçılıq-yoldaşlığının üzvü olması, bağ sahəsinin onun istifadəsinə verilməsi barədə hüquq müəyyənedici sənədin olması, bağ sahəsinin nömrəsi, hasarın tikintisinə müvafiq icazənin olması, nə vaxt tikilməsi, hasarın iddiaçıya məxsus darvazadan hansı məsafədə inşa edilməsi, eləcə də bağçılıqyoldaşlığının və yaxud onu əvəz edən orqanın həmin hallara münasibəti aydınlaşdırılmamışdır. Halbuki, həmin hallar cavabdehin hərəkətinin qanuniliyinin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Əgər cavabdehin bağ sahəsindən istifadəsinin qeyri-qanuni olması müəyyən olunarsa, daş hasarın gediş-gəliş yolundan istifadəyə nə dərəcədə mane olmasından aslı olmayaraq qeyri-qanuni tikili kimi sökülməli və gediş-gəliş yolunun piyada və avtomobilin hərəkətinə tam sərbəst istifadə üçün imkan verən vəziyyətə gətirilməsi barədə qətnamə qəbul olunmalıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti tamamilə əsassızdır, iddiaçı heç bir zaman bu ərazidən gediş-gəliş yolu kimi istifadə etməmişdir, İddiaçı bağ sahəsi onların istifadə etdiyi bağ sahəsinin əks istiqamətində divar qonşuluğunda yerləşir, iddiaçı 2020-ci ildə onun xəstəxanada olmasından istifadə edərək onların istifadəsində olan bağ sahəsinin daş hasarında qanunsuz olaraq dəmir darvaza qoymuş və onların bağ sahəsinə özü üçün özbaşına, qanunsuz olaraq giriş-çıxış yolu açmışdır, onun istifadəsində olan torpaq sahəsinin DİN-ə ayrılmış torpaq sahəsinə və İddiaçı heç bir aidiyyəti yoxdur və onun bununla bağlı hər hansı sənədi yoxdur, həmin torpaq sahəsi həyat yoldaşı Fatma Əhmədova ilə Suraxanı rayon Hövsan bələdiyyəsi arasında razılaşmaya əsasən İİ qrup Çernobıl əlilinin ailəsi kimi onlara verilmişdir, torpaq sahəsindən istifadəyə görə hər il icarə haqqı ödəyirlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı və onun vəkili X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

21. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin qismən, ilkin iddianın rədd edilməsi hissəsində ləğv edilməsinə və ilk iddia tələbinin təmin edilməsini yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin ilkin iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası

22. 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

24. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

25. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:

26. 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.

AR Mülki Prosessual Məcəlləsinin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işin araşdırılan hallarından mübahisəsiz qaydada müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin 20 yanvar 1989-cu il tarixli qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarına bağçılıq yoldaşlığının yaradılması üçün ayrılmış sahədə yerləşən 46 saylı bağ-torpaq sahəsidir.

33. Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi isə iddiaçıya məxsus torpaq sahəsinə bitişik yerləşir və onların arasında mişar daşından inşa edilmiş hasar mövcuddur. Həmin hasarda İddiaçı tərəfindən cavabdehin istifadəsində olan sahəyə açılan dəmir darvaza quraşdırılmışdır.

34. Cavabdeh istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir və həmin torpaq sahəsi onun tərəfindən özbaşına tutulmuşdur.

35. Hazırda İddiaçı ona məxsus olan torpaq sahəsinə avtomobillə giriş çıxışın təmin edilməsi üçün Cavabdeh inşa etdiyi tikintinin (hasarın) sökülməsini xahiş etmişdir.

36. Cavabdehin etirazının dəlili isə ondan ibarətdir ki, həmin torpaq sahəsi şifahi razılaşma əsasında Hövsan qəsəbə Bələdiyyəsi tərəfindən onun ailəsinin istifadəsinə verilmişdir və onlar bu torpaq sahəsinə görə 16 ildir ki, bələdiyyəyə müvafiq vergilər ödəyirlər.

37. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən iki dəfə məhkəmə mühəndis-texniki ekspertizası keşirilmişdir.

38. 01.11.2021-ci il tarixli rəylə müəyyən edilmişdir ki, Cavabdeh istifadəsində olan bağ sahəsinə çəkdiyi daş hasar iddiaçının iddia etdiyi və eni 3 metr olan darvaza qoyduğu yolun qarşısında inşa edilərək, həmin yoldan istifadəyə məhdudiyyət yaradır. Həmin məhdudiyyətin aradan qaldırılması üçün daş hasarın 3 metr enində sökülməsi lazımdır.

39. 19.05.2022-ci il tarixli rəylə isə müəyyən edilmişdir ki, Cavabdeh inşa etdiyi daş hasar iddiaçının mülkiyyətində olan Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi DİN-in Abşeron b/y-nın 46 saylı bağ sahəsinə gediş-gəlişi üçün nəzərdə tutulmuş əsas avtomobil yolundan istifadə edilməsinə məhdudiyyət və ya maneçilik yaratmır.

40. İş üzrə məhkəmə heyəti tərəfindən mübahisəli torpaq sahələri tərəflərin iştirakı ilə yerində müayinə edilmişdir.

41. Müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi düzbucaqlı konfiqurasiyaya malik olmaqla, dörd tərəfdən daş hasarla əhatə olunmuşdur və onun daxilində bir mərtəbəli kürsülü ev inşa edilmişdir. Torpaq sahəsinin sağ və sol tərəfində onunla eyni cərgədə digər qonşu torpaq sahələri yerləşir. Qeyd edilən torpaq sahələrinin əsas giriş-çıxışı onların qarşı hissəsində yerləşən və bağçılıq-yoldaşlığına aid plan-cizgidə nəzərdə tutulmuş gediş gəliş yolu tərəfdəndir. İddiaçının torpaq sahəsindən həmin gediş gəliş yoluna bir alaqapı açılır. Torpaq sahəsinin arxa tərəfindəki hasarın üzərində dəmir darvaza quraşdırılmışdır. Həmin darvaza hasarın digər tərəfində yerləşən, dörd tərəfdən daş hasarla əhatə olunmuş digər torpaq sahəsinə açılır. Bu torpaq sahəsinin giriş-çıxış əks tərəfdə yerləşən dalan vasitəsilə təmin olunur və həmin dalana açılan dəmir darvazası vardır. Torpaq sahəsinin daxilində hər hansı tikili yoxdur. Tərəflərin bildirdiyinə görə, qeyd edilən torpaq sahəsi cavabdehin faktiki istifadəsindədir. Yerində müayinə zamanı iddiaçı məhz həmin torpaq sahəsindən keçməklə ona yol verilməsini istədiyini, bu səbəbdən qeyd edilən torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş daş hasarın sökülməli olduğunu bildirmişdir.

42. İşin mübahisəsiz hallarından, iş materiallarında olan sənədlərdən, keçirilmiş ekspertizaların rəylərindən, habelə yerində müayinə zamanı əldə edilmiş məlumatlardan bu nəticəyə gəlmək olur ki, iddiaçının hazırkı iddiaçının hazırkı iddiası əsassız olmuşdur.

43. Bu qənaətə gələrkən kollegiya ona istinad edir ki, iddiaçının hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtlərinə görə mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Başqa sözlə, iddianın bu əsasla uğurlu olması üçün mülkiyyətçinin öz mülkiyyətindən istifadəsinə cavabdeh tərəfindən maneələrin yaradılması müəyyən edilməlidir. Bu mənada, iddiaçının öz mülkiyyətindən istifadəsi də qanuni əsaslara söykənməlidir.

44. Lakin hazırkı işin araşdırılması zamanı iddiaçının iddia tələbinin əsasını təşkil edən faktiki halların bu maddənin dispozisiya şərtlərinə uyğun olmadığı müəyyən edilir.

45. Belə ki, iddiaçı ona məxsus olan torpaq sahəsindən cavabdehin istifadəsində olan tərəfindən giriş-çıxış yolunun açılmalı olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı həmin ərazidə ümumiyyətlə, yolun mövcud olmadığı müəyyən edilmişdir.

46. Əksinə, iddiaçının mülkiyyətində olan bağ torpaq sahəsinin verilməsi üçün əsas olmuş sənədlərdə (torpaq sahəsinin ayrılmasına dair qərar və həmin torpaq sahəsinin bağçılıq-yoldaşlığının üzvlərinə paylanmasına dair səlahiyyətli orqan tərəfindən təsdiq edilmiş plan-cizgi) həmin sahənin giriş-çıxışının onun qarşı tərəfindən keçən yola açıldığı, cavabdehin faktiki istifadəsində olan iddiaçının tikintinin sökülməsini tələb etdiyi ərazidə hər hansı yolun layihə üzrə nəzərdə tutulmadığı, həmin ərazidə su hovuzunun tikintisinin nəzərdə tutulduğu müəyyən edilmişdir.

47. İddiaçının özü də izahatında etiraf etmişdir ki, hazırda cavabdehin qanunsuz istifadə etdiyi torpaq sahəsində layihə üzrə bağçılıq yoldaşlığına məxsus hovuzun tikilməsi nəzərdə tutulmuş ərazidir.

48. Göstərilənlərdən bu nəticəyə gəlmək olur ki, cavabdehin həmin ərazidən qanuni əsas olmadan istifadə etməsi və orada tikinti aparması onunla qonşuluqda yaşayan iddiaçının qanunla qorunan hər hansı marağına toxunmadığından, sonuncunun bu tikililərin sökülməsini tələb etməyə subyektiv hüququ da olmamışdır.

49. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının subyektiv hüququ ilə bağlı məsələyə toxunaraq qeyd etmişdir ki, torpaq mülkiyyətçisi onun mülkiyyət hüququnu pozan və ya məhdudlaşdıran zəbt etmə halına qarşı məhkəmə müdafiəsindən isitifadə edə bilər. Bu hüquq mülkiyyətçinin birbaşa hüquq və mənafelərinin müdafiəsinə yönəlmiş Konstitutsion hüquqdur və həyata keçirilməsi üsulları maddi hüquq normalarında təsbit edilmişdir.

50. Məhkəmə həmçinin qeyd etmişdir ki, Rafadddin Məmmədovun iddiasının əsaslı hesab edilməsi üçün iki şərtin mövcud olması vacibdir. Birinci - torpaq sahəsi maraqlı şəxsin mülkiyyətində və ya qanuni istifadəsində olmalı; ikinci - cavabdeh tərəfindən torpaq sahəsinin qanunsuz zəbt edilmə halı mövcud olmalıdır, hansı ki, bu zəbt edilmə halı iddiaçının qanuni mənafelərini pozur və ya məhdudlaşdırır. Hazırkı işdə birinci hal mövcuddur. Yəni, iddiaçının mülkiyyətində torpaq sahəsi var. Lakin, ikinci hal iş materialları ilə müəyyən edilməmişdir.

51. Belə ki, iddiaçı iddia tələbini “özünün bağ evinin hasarında avtomaşın yolu üçün inşa etdiyi dəmir darvaza vasitəsilə həyətinə avtomobillə gəlib-gedə və lazımi əşyaları daşıya bilməməsi” kimi dəlillərlə əsaslandırsa da, işin məhkəmə araşdırılması zamanı toplanmış sübutlarla cavabdeh tərəfindən iddiaçının bağ sahəsinə gediş-gəlişi üçün nəzərdə tutulmuş əsas avtomobil yolunun zəbt edilməsi halı müəyyən edilməmişdir.

52. Kollegiya işin yuxarıda şərh edilən hallarından çıxış edərək birinci instansiya məhkəməsinin bu yanaşmasını əsaslı hesab edir.

53. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən biri digərini inkar edən ekspert rəyləri arasındakı ziddiyyətlərin araşdırılmamasına dair apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, işin araşdırılması zamanı keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının rəyləri arasında hər hansı ziddiyyətin olması müəyyən edilməmişdir.

54. Belə ki, ilk dəfə tərtib edilmiş rəydə iddiaçının torpaq sahəsindən cavabdehin faktiki istifadə etdiyi sahəyə açılan darvazadan giriş çıxışa mane olub-olmadığı araşdırılmış, tərtib edilmiş ikinci rəydə isə iddiaçının torpaq sahəsindən əsas yola giriş-çıxışla bağlı araşdırılma aparılaraq bununla bağlı maneələrin olmadığı müəyyən edilmişdir. Göründüyü kimi, bu iki rəydə iddiaçıya məxsus torpaq sahəsindən müxtəlif istiqamətlərdə olan girişçıxışla bağlı araşdırma aparılmışdır.

55. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

56. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-87/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar