Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6307/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi, ev 163/37A ünvanında yerləşən mənzil xx.xx.2024-cü il tarixdən ********** qeydiyyat nömrəsi ilə İddiaçı qeydə alınmışdır. 48737376 nömrəli müqavilə üzrə **********001 abonent koduna 240 (iki yüz qırx) manat məbləğində borc hesablanmışdır. İSS-20M-2 markalı, 24077779 nömrəli sayğac xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsinə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan mənzilə 240 manat hesablanmış cərimə məbləğinin cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 dekabr 2006-cı ildə Yasamal rayon İcra hakimiyyəti başçısının sərəncamı ilə İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən ev və köməkçi sahə İcra hakimiyyətinin yaşayış fonduna keçirilmiş və order verilmişdir. Həmin gündən qaz, elektrik və su üçün sayğac qoyulması üçün lazimi təşkilatlara müraciət etmişdir. Elektrik və qaz idarələrindən əməkdaşlar gəlmiş, abunə kodlarını açmış və sayğaclarını qoymuşlar, lakin su idarəsindən bildirmişlər ki, ailə sayına görə gəlib aylıq işlətdiyi suyun pulunu əraziyə nəzarət edən müfəttiş alacaqdır. O gündən bu günə bütün kommunal xərcləri vaxtında ödəyir. Heç bir narazılıq nə idarələr tərəfindən, nə də onun tərəfindən olmamışdır. Evləri plana düşdüyünü demişlər, bundan sonra Yasamal rayon Sukanal idarəsi abunə kodu olmadığı üçün kod açdırmağını istəmişdir. O, etiraz etməmişdir. Kod açılmış və sayğac qoyulmuşdur. Lakin ona suyun pulunu verdiyi axırıncı bir il üçün qeyri-qanuni olaraq 240 manat cərimə yazmışlar. O bildirmişdir ki, 18 ildir suyun pulunu ödəyir. Məsul işçiləri niyə vaxtında kod açmır, amma hər ay gəlib pulu alırdı. İndi onu qanunsuz olaraq cərimə edirlər. Deməli, cavabdeh şəxslər bu 18 ildə cinayət əlaqəsinə girərək dövlətin küllü miqdarda pulunu mənimsəmişlər. Çox güman ki, kodu olmayan çoxlu insanlar var və bu cinayət hələ də davam edir. Yaşadığı məhəllə plana düşmüş, yəqin müəyyən zamanda söküləcək, lakin bu məhəllədə kodu olmayan o qədər evlər var ki, Yasamal rayon Sukanal idarəsinin əməkdaşları tərəfindən dövlətin pulu mənimsənilir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4406/24 saylı iş üzrə 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırki iddia tələbi üzrə sübutetmə yükünün (borcun qanuniliyinə səbəb olan halların əsaslandırılması) cavabdehin üzərində olmasına baxmayaraq cavabdeh tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq borc məbləğinin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Hal-hazırda iddiaçının Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulması aşkar edilmədiyindən, bununla bağlı 18 il ərzində hər hansı akt tərtib edildiyinə dair sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1-ci, Su Məcəlləsinin 98-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci, “Su təchizatı və tullantı suları” haqqında qanunun 59.3-cü maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 2-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İri Şəhərlərin Birləşmiş S u Təchizatı Xidməti"publik hüquqi şəxsin əməkdaşları tərəfindən evə baxış keçirilən zaman su və kanalizasiya xidmətlərindən müqavilə bağlamadan sudan qanunsuz qoşulmaqla qeyri-qanuni istifadə faktları aşkarlanmışdır. Bu ünvanın su təchizatı dayandırılmış və bundan sonra A. Orucov İdarəyə yaxınlaşaraq sənədlərini təqdim etmiş, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “S udan istifadə qaydalarının 8.7-ci bəndinə əsasən müqavilə bağlanmışdır. Həmçinin iddiaçı öz iddia ərizəsində də etiraf etmişdir ki, uzun müddətdir aylıq işlətdiyi suyun pulunu qapıya gələn nəzarətçilərə ödəmiş lakin, bununla bağlı hər hansı qəbz tələb etməmişdir. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “S udan istifadə qaydalarının 8.7-ci bəndinə əsasən, sudan müqaviləsiz istifadə aşkar olunduqdan bu qaydaların 4 nömrəli əlavəsində göstərilən kimi 1 illik cərimə hesablanmaqla kod açılır və müqavilə bağlanır. Dəymiş ziyanın və qalıq borc məbləğinin ödənilməsi iddiaçıya təklif olunmuşdur, lakin iddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
11. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublkasının Mülki Məcəlləsi:
Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Su Məcəlləsi Maddə 98. Xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 59.3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna və müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır.
14. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanun
Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydaları Bənd 2. İstehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. Bənd 4.1.3. Verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
19. İddiaçı borcun qanunsuz, əsassız olduğunu bildirərək hazırkı iddianı qaldırmış və əsassız hesablanmış borcun silinməsini tələb etmişdir.
20. Baxılan iş üzrə iddiaçı fiziki şəxsdir və cavabdeh məhz iddiaçı tərəfindən borcun ödənilməməsi barədə heç bir mötəbər sübut təqdim etməmiş, iddiaya etirazını subyektiv mülahizə və ehtimallarla əsaslandırmağa çalışmışdır.
21. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
22. İddiaçı 18 il sudan istifadəyə görə ödənişləri nəzarətçilərə ödədiyini bildirir, cavabdeh isə bu barədə sübutların təqdim olunmadığını bildirir.
23. Kollegiya nəzərə alır ki, iddiaçı uzun müddət mübahisəli ünvanda yaşamaqla sudan istifadə etmişdir. Cavabdeh sudan sitifadəyə görə iddiaçı tərəfindən ödəniş edilmədiyini bildirsə də, suyun verilişini dayandırmamış, iddiaçıya bu barədə xəbərdarlıq göndərilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
24. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
27. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 16 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.