Məhkəmə qərarları › İş №2(103)-6310/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6310/2021

30.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6310/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızından və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Əliyev Ziya Mehman oğlunun, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili Məmmədov Zamin Əli oğlunun, həmçinin direktoru Zalov Saday Camal oğlunun, cavabdeh Əhmədov Alik Elşad oğlunun iştirakları ilə İddiaçı Əliyev Ziya Mehman oğlunun cavabdehlər “xxxx” MMC-yə və Əhmədov Alik Elşad oğluna qarşı “öhdəliyin ötürülməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2297/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Əliyev Ziya Mehman oğlu cavabdehlər “xxxx” MMC-yə və Əhmədov Alik Elşad oğluna qarşı “öhdəliyin ötürülməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxx” MMC ilə Əhmədov Alik Elşad oğlu arasında bağlanmış 07.08.2018-ci il tarixli, 47/L-12 saylı “Öhdəliyin ötürülməsi haqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əliyev Ziya Mehman oğlu ilə “xxxx” MMC arasında 13.02.2012-ci il tarixli 47/L-12 saylı Lizinq müqaviləsi və Məmmədov Namiq Gülmusa oğlu arasında 13.02.2012-ci il tarixli 42 saylı alqı-satqı müqaviləsi bağlanaraq bir ədəd “Shacman” SX3314DM366 markalı yük avtomobili iddiaçı tərəfindən lizinqə götürülmüşdür. Əliyev Ziya Mehman oğlu ilə “xxxx” MMC arasında bağlanmış 13.02.2012ci il tarixli 47/L-12 saylı Lizinq müqaviləsinə görə, eləcə də 42 saylı, 13.02.2012-ci il tarixli üçtərəli alqı-satqı müqaviləsinə görə lizinqin ümumi dəyəri 67000 manat təşkil etmişdir. İddiaçı tərəfindən lizinq ödənişləri bir müddət həyata keçirilsə də, sonradan müəyyən fasilə yaranmış və bu səbəbdən Lizinqverən “xxxx” MMC Yasamal rayon Məhkəməsinə müraciət edərək, iddiaçıdan və digər zamin şəxslərdən lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın ödənilməsini və lizinq obyektinin qaytarılmasını məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 14.11.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Əliyev Ziya Mehman oğlundan 22.183 manat əsas borc, 4854 manat faiz borcu olmaqla, cəmi 277037 manat məbləğində pul vəsaiti “xxxx” MMC-nin xeyrinə tutulmuşdur. İddia tələbində olan ikinci tələb - əldən çıxmış fayda hissəsində iddi tələbi təmin edilməmişdir. Bu qətnamədən apellyasiya şikayəi verilsə də, qətnamə qanuni qüvvəsində saxlanılmışdır. Əliyev Ziya Mehman oğlu ilə "xxxx" MMC arasında bağlanmış 13.02.2012-ci il tarixli 47/L-12 saylı Lizinq müqaviləsinin 2.3-cü bəndinə əsasən "Lizinqin müdəti bitdikdən və lizinq ödənişləri Lizinq alan tərəfindən tam ödənildikdən sonra lizinq verən lizinq obyektinə mülkiyyət hüququnu lizinq alana verir, buna uyğun olaraq Lizinq alan lizinq obyekti üzərində mülkiyyət hüququ əldə edir.” Həmin müqavilənin “Lizinq obyektinə mülkiyyət hüququ və balans uçotu” adlı 4-cü bəndinin 4.6-cı yarım bəndində müəyyən edilmişdir ki, “Lizinq müddəti bitikdən sonra Lizinq alan bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirdikdə və lizinq ödənişlərinin tam məbləğini ödədikdə və ya müqavilə şərtlərini lizinq verənin razılığı ilə vaxtından əvvəl icra etdikdə Lizinq obyektinə mülkiyyət hüququ Lizinq alana keçir. Məhkəmə öz qənaməsilə Lizinq obyektinin tam dəyərini Z.Əliyevdən tutmuşdur və bu səbəbdən lizinq obyektinin dəyəri onun tərəfindən tam ödənilməklə lizinq obyektinə olan mülkiyyət hüququ ona məxsus olmalıdır. AR MPMnin 82.3-cü maddəsinə əsasən “Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.” “xxxx” MMC 07.08.2018ci il tarixli, 47/L-12 saylı “Öhdəliyin ötürülməsi haqqında” müqavilə bağlayaraq “Shacman” SX3314DM366 markalı yük avtomobilini 4500 manata Əhmədov Alik Elşad oğlunun mülkiyyətinə vermişdir. Bu Azərbaycan Respubkikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisinin 4703-1221 saylı, 15.01.2021-ci il tarixli məktubu ilə də təsdiq olunur. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Hesab edir ki, “xxxx” MMC-nin dəyəri iddiaçı Ziya Əliyev tərəfindən ödənilməsi nəzərdə tutulan “Shacman” SX3314DM366 markalı yük avtomobili Alik Əhmədovun mülkiyyətinə verilə bilməzdi. Bundan sonra, iddiaçı və onun nümayəndəsi-vəkili məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, ərizəsində göstərmişdir ki, “öhdəliyin verilməsi” barədə razılaşma borclu və üçüncü şəxs arasında bağlanır, kreditordan isə bu barədə razılıq alınır. Hesab etmişdir ki, müqavilənin borclunun iştirakı olmadan bağlanılması, onun sahibliyində olan əmlakın onun xəbəri olmadan qiymətləndirilməsi və metal tullantısından da aşağı qiymətə satılması və bu barədə Mülki Məcəlləyə zidd olan müqavilənin bağlanılması “xxxx” MMC ilə Əhmədov Alik Elşad oğlu arasında bağlanmış 07 avqust 2018-ci il tarixli 47/L-12 saylı “Öhdəliklərin ötürülməsi haqqında müavilə”nin etibarsızlığı üçün əsasdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2297/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarını hərtərəfli araşdırmadığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin direktoru Zalov Saday Camal oğlu apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında 13 fevral 2012-ci il tarixdə lizinq müqaviləsi bağlanmışdır. Bir müddət iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirsə də, bir müddətdən sonra həmin öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış müqavilənin müddəti 2015-ci il tarixdə bitmişdir. Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçıdan 27037 manat borcun tutularaq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı bugünədək cəmi 6990 manat pul ödənişi etmişdir. 2015-ci ildə iddiaçı ilə MMC arasında olan müqavilə sona çatdığından, “xxxx” MMC “öhdəliklərin ötürülməsi haqqında” müqavilə əsasında “Shacman” SX3314DM366 markalı yük avtomobilini Əhmədov Alik Elşad oğluna satmışlar. Qeyd etmişdir ki, lizinq obyekti olan avtomobil tam yararsız vəziyyətdə rayonda tapılmışdır. Avtomobilin demək olar ki, yalnız boş kuzası və raması qalmışdır, kranla qaldırıb təmirə aparılıb və 4500 manata satılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkili də oxşar məzmunlu izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə tətbiq edilməli olan maddi hüquq normalarının seçimi zamanı səhvə yol vermiş, iddia tələbinə qiymət verərkən əqdin etibarsızlığına dair qanunvericilik normalarına istinad etməyərək qətnaməni düzgün əsaslandırmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Kollegiya bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmaqla iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə Əliyev Ziya Mehman oğlu arasında bağlanmış 13 fevral 2012-ci il tarixli 47/L-12 saylı lizinq müqaviləsinə əsasən “xxxx” MMC ümumi dəyəri 67000 manat olan bir ədəd Shacman markalı yük nəqliyyat vasitəsini yararlı vəziyyətdə 36 ay müddətinə Əliyev Ziya Mehman oğlunun müvəqqəti sahiblik və istifadəsinə verməyi, Əliyev Ziya Mehman oğlu müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini qəbul edərək lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxx” MMC-nin direktoru Zalov Saday Camal oğlu ilə Əhmədov Alik Elşad oğlu arasında bağlanmış 07 avqust 2018-ci il tarixli 47/L-12 saylı “Öhdəliklərin ötürülməsi haqqında” müqaviləyə əsasən, öhdəlik köçürən tərəfindən müqavilənin bağlanan tarixinə 13 fevral 2012-ci il tarixli 47/L-12 saylı “Daxili Lizinq Müqaviləsi” üzrə (1 ədəd “Shacman” SX3314DM366 markalı yük daşıyan avtomobilin əldə edilməsi üçün rəsmiləşdirilmiş) yaranmış qalıq əsas və faiz borc öhdəliklərinin qəbul edilən 4500 məbləğdə hissəsinin öhdəlik qəbul edənə ötürülməsi, öhdəlik qəbul edən bu müqavilə üzrə qəbul etmiş olduğu 4500 AZN məbləği 1 ay müddətinə “xxxx” MMC-yə ödəyəcəyinə öhdəlik götürür. Məhkəmənin qətnaməsində göstərilən 27067 manatdan 4500 manat çıxılaraq qalan məbləğin ödənilməsi Əliyev Ziya Mehman oğluna aiddir. İş materiallarında olan AR DİN BDYP-nin vəkil Rüstəm Zülfüqarova ünvanladığı məktubdan görünür ki, Shacman Yük markalı **-XT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 08.08.2018-ci il tarixdən Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan 22.02.1985-ci il təvəllüdlü Əhmədov Alik Elşad oğlunun adında qeydiyyatdadır. İş materiallarında olan “Daşınan əmlakın qiymətləndirilməsi” haqqında 14 sentyabr 2016-cı il tarixli MB 09/182 saylı ekspert rəyindən görünür ki, “xxxx” MMC-yə mülkiyyət hüququ ilə məxsus, qeydiyyat şəhadətnaməsi AB №748501, dövlət qeydiyyat nişanı 90JS853 olan “SHACMAN SX3314DM366” yük markalı özüboşaldanın bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirmə işi həyata keçirilmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, qiymətləndirilən avtonəqliyyat vasitəsinin 14 sentyabr 2016-cı il tarixə bazar dəyəri 3300 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı “xxxx” MMC cavabdehlər Əliyev Ziya Mehman oğlu, Ələkbərov Akif İbrahim oğlu, Rəhimov Vasif Mirzə oğlu, Quliyev Osman Vəli oğlu və Məmmədov Namiq Gülmusa oğluna qarşı lizinq ödənişlərinin, dəbbə pulunun, əldən çıxmış faydanın ödənilməsi və lizinq obyektinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Cavabdeh Əliyev Ziya Mehman oğlundan 22183 manat əsas borc, 4854 manat faiz borcu olmaqla, cəmi 27037 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı “xxxx” MMC-nin xeyrinə verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh Əliyev Ziya Mehman oğlu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsini 14 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ididaçı Əliyev Ziya Mehman oğlu cavabdeh xxxx MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xxxx MMC-dən 13.02.2012-ci il tarixli 47\L-12 saylı lizinq müqaviləsinə görə lizinq obyekti olan bir ədəd Shacman SX3314DM366 markalı yük avtomobilinin geri alınaraq iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı Əliyev Ziya Mehman oğlunun cavabdeh xxxx MMC-yə qarşı cavabdeh xxxx MMC-dən 13.02.2012-ci il tarixli 47\L-12 saylı lizinq müqaviləsinə görə lizinq obyekti olan bir ədəd SHACMAN SX3314DM366 markalı yük avtomobilinin geri alınaraq iddiaçının mülkiyyətinə qaytarılması barədə tələbi təmin edilməmişdir. Sözügedən qətnamədən narazı qalan iddiaçı Əliyev Ziya Mehman oğlu apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yasamal Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, əslində sözügedən məhkəmə aktları ilə iddiaçının hazırda mübahisələndirdiyi müqaviləyə dolayısıyla qiymət verilmiş və tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 12.2-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq ödəmədikdə lizinq alan bu müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmədikdə, lizinq verən lizinq obyektini lizinq alanın istifadəsindən geri ala və müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Həmin müqavilənin 12.3-cü bəndində görə, lizinq obyektinin geri alınması lizinq alanı bu müqavilə üzrə öhdəliklərin icrasından, dəbbə pulunun ödənilməsi, lizinq obyektinə və lizinq verənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsindən azad etmir. Lizinq obyekti geri alındıqda, lizinq verənə faktiki ödənilmiş lizinq ödənişləri və ya digər pul öhdəliklərinin hesabına daxil edilmiş ödənişlər geri qaytarılmır. Həmin müqavilənin 12.6-cı bəndinə əsasən qaytarılmış lizinq obyektinin vəziyyətinin uyğunluğunun qiymətləndirilməsi məqsədilə lizinq obyektinin bazar qiymətini müəyyənləşdirən müstəqil qiymətləndirici cəlb olunur Digər tərəfdən kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyildir; belə ki, İş materiallarında olan tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 12.2-ci bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini ödəniş qrafikinə uyğun olaraq ödəmədikdə lizinq alan bu müqavilə üzrə digər öhdəliklərini yerinə yetirmədikdə, lizinq verən lizinq obyektini lizinq alanın istifadəsindən geri ala və müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Həmin müqavilənin 12.3-cü bəndində görə, lizinq obyektinin geri alınması lizinq alanı bu müqavilə üzrə öhdəliklərin icrasından, dəbbə pulunun ödənilməsi, lizinq obyektinə və lizinq verənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi vəzifəsindən azad etmir. Lizinq obyekti geri alındıqda, lizinq verənə faktiki ödənilmiş lizinq ödənişləri və ya digər pul öhdəliklərinin hesabına daxil edilmiş ödənişlər geri qaytarılmır.; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməmiş, onları bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, uydurma əqddə tərəflər, ona uyğun heç bir hüquqi nəticə (yəni özləri üçün həmin əqd üzrə hüquq və öhdəlik) yaratmaq niyyəti olmadan əqdi bağlamış olmalı, əqd üzrə hüquq və vəzifələrin əmələ gəlməməsi barəsində öz aralarında sövdələşməlidirlər. Cavabdehlər arasında bağlanmış müqavilə ilə əlaqədar isə belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə isə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2297/2021 saylı, 04 may 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Əliyev Ziya Mehman oğlunun cavabdehlər “xxxx” MMC-yə və Əhmədov Alik Elşad oğluna qarşı “öhdəliyin ötürülməsi haqqında müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar