Məhkəmə qərarları › İş №2(103)-6314/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6314/2022

29.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6314/2022 29.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh ilə İddiaçı arasında 10 sentyabr 2021-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, müqaviləyə görə Cavabdeh İB İddiaçı təbii qazla təmin etmək, İddiaçı isə ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər.

2. Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş 10 mart 2022-ci il tarixli ******* nömrəli akta görə, İddiaçı məxsus evdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar edilmişdir.

3. Cavabdeh komissiyasının “İtirilmiş təbii qazın dəyərinin hesablanması tələbləri”nə görə, İddiaçı aid ünvanda itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 8640 m3 qazın dəyərinin ödənilməsi tələb olunmuşdur

4. 100725100220000 nömrəli abonent İddiaçı məxsus abonentin saldosuna görə, onun 2022-ci ilin mart ayı üçün akt üzrə olan borcu 1036,80 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqlarının bərpa edilməsi, 10 mart 2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli aktın etibarsız hesab edilərək hesablanmış 1036 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanmış 10 sentyabr 2021-ci il tarixli müqaviləyə əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, E.Babayev küçəsi, 7-ci sıra, ev 2B fərdi yaşayış evində quraşdırılmış köhnə kart sayğacı yeni elektron sayğacla əvəz edilmişdir. Cavabdeh Birliyin əməkdaşları tərəfindən qaz sayğacının yoxlanılması məqsədilə xx.xx.2022-ci il tarixində fərdi yaşayış evinə baxış keçirilmiş, təbii qazdan sayğacdan kənar əlavə xətlə qeyri-qanuni istifadə etməsi haqqında akt tərtib olunmuşdur. Cavabdehin tərtib etdiyi ******* saylı akt əsassızdır. Belə ki, 10 mart 2022-ci il tarixində evə baxış zamanı evin üzərində nazik 2 metr uzunluğunda və heç bir yerə birləşdirilməmiş bir ədəd dəmir qaz turbasının olması aşkar edilmiş, qaz sayğacından kənar qeyri-qanuni qaz işlətdiyindən şübhə yarandığından evində bütün qaz işlədicilərini bağlayaraq qaz sızması və ya əlavə qeyri-qanuni qaz istifadə edib-etməməsi yoxlanılmış, həqiqətən elə bir hadisənin olmamasına şahid olmuş, həmin şübhəli predmet kimi qiymətləndirilən qaz turbasının rəsmini çəkərək məsələni araşdırmaq qərarına gəlmişlər. Ayın sonunda qaz borcunu yoxladıqda əlavə olaraq 1036 manat məbləğində cərimə gəlməsini görmüş, istehlakçı hüquqları pozulduğundan məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

7. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçının ünvanında sayğaca baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni qoşulma yolu ilə istifadə halı müəyyən edilmiş, fotoçəkiliş aparılmış, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Akt əsasında itirilmiş qazın sərfiyyatı hesablanmış, tələbnaməyə əsasən 90 gün üçün 1036,80 manat maddi ziyan məbləği hesablanmışdır. 2022-ci ilin mart ayında yeni sayğac quraşdırıldıqdan və qeyri-qanuni qoşulma halı ləğv edildikdən sonrakı dövrlə əvvəlki dövrün eyni aylarının sərfıyyatlarına nəzər salınsa, ödənişlərdəki fərq aydın şəkildə özünü göstərmiş olacaqdır. Belə ki, qaz sərfiyyatına görə 2021-ci il üzrə aprel ayında 2,50 manat, may ayında 2,50 manat, iyun ayında 1,60 manat, 2022-ci il üzrə isə aprel ayında 25 manat, may ayında 17,50 manat, iyun ayında 10 manat hesablanmışdır. Göründüyü kimi fərq 6 dəfəyə yaxındır. Bu fakt isə qeyri-qanuni qoşulma faktının mövcudluğunu sübut edən halardan biridir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 30,36 manat məbləğində dövlət rüsumunun Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən 10 mart 2022-ci il tarixli ******* nömrəli akt tərtib etmiş, lakin aktın tərtib edilməsində iddiaçının iştirakı təmin edilməmiş, yalnız cavabdeh təşkilatın öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, habelə aktın tərtib edilməsinə hal şahidləri də cəlb olunmamışdır. Belə olan halda, 10 mart 2022-ci il tarixli ******* nömrəli akt etibarlı olmadığından etibarsız hesab edilməli və akt əsasında İddiaçı hesablanmış 1036 manat məbləğində borc Cavabdeh tərəfindən silinməlidir.

10. Gəldiyi qənaətin hüquqi əsası kimi məhkəmə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 1.3-cü, 4.2-ci, 4.8-ci, 5.2-ci, 5.6-cı, 6.5-ci, 6.6-cı və 6.7-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.

11. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, aktın tərtibindən sonra iddiaçının qaza görə ödənişlərində artımı nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.

b) Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar

12. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Cavabdeh İB nümayəndəsini məhkəməyə göndərməmiş, məhkəmə iclasında iştirak edən iddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

14. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

15. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

“Qaz təchizatı” haqqında Qanun

16. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

17. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.

18. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

19. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

26. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşır.

27. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Kollegiya hesab edir ki, akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir və istinad etdiyi akt iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz.

28. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3795/2022 saylı iş üzrə 13 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş Dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar