Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6317/2024 03.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 sentyabr 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq hesablanmış 1.520 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvanın digər kommunal xidmətləri iddiaçının adına olsa da, həmin ev ona babasından qaldığı üçün qazdan istifadə ilə bağlı istehlakçı kimi mərhum babasının adı davam etmişdir. xx.xx.2024-cü il tarixdə Birliyin əməkdaşları tərəfindən ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına görə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, baxış keçirilən zaman mənzildə sayğacdankənar qazdan istifadə aşkar edilmişdir. Aktı üç nəfər imzalamış, istehlakçının öldüyü, evdə yaşayan nümayəndənin isə aktla tanış olduğu lakin imzalamadığı qeyd edilmişdir. Akta da mənbəyi bəlli olmayan şəkillər əlavə etmişlər ki, guya sayğaca qoşulma faktını təsbit etmişlər. Halbuki həmin əlavə edilən şəkillərin onun ünvanına heç bir aidiyyatı yoxdur. xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamə tərtib edilmiş, tələbnamənin tərtib edilməsi üçün əsas qismində 31 yanvar tarixli akt göstərilmiş (halbuki aktın tarixi 18 yanvar qeyd edilmişdir) və qaz işlədicilərindən QSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, İranda istehsal olunmuş sobanın maksimal saatlıq qaz sərfi 1,5 kub metr/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə yekun olaraq 6.480 kub metr + 6.480 kub metr = 12.960 kub metr dəymiş ziyan hesablanmışdır. Qeyd edilən aktın və akt əsasında hesablanmış borcun heç bir əsası yoxdur. Aktda qeyd edildiyi kimi cavabdeh Birliyin əməkdaşları əraziyə heç bir baxış keçirməmiş, aktda qeyd edildiyi kimi nümayəndə tanış olub amma imzalamaması faktı mövcud olmamışdır. Çünki həmin evdə yalnız iddiaçı yaşayır və onun belə bir cərimənin varlığından aylar sonra xəbəri olmuşdur. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.
8. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
9. İş üzrə iddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat verdi. e) işdə olan sənədlər barədə məlumat
10. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir.
11. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçıya aid ünvanda quraşdırılmış qaz sayğacının maksimal saatlıq qaz sərfi 1,5 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün, İranda istehsal edilmiş sobanın maksimal saatlıq qaz sərfi 1,5 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 12.960 kub m hesablanmışdır.
12. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, 2024-cü ilin yanvar ayı üzrə iddiaçıya 1.555,20 manat borc hesablanmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
14. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
15. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
16. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, cavabdeh Birlik tərəfindən istehlakçının - iddiaçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir.
18. Belə ki, hazırkı mülki işin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Birliyin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, cavabdeh Birlik həmin akta göstərilən faktı – iddiaçının təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını da məhkəmələrə təqdim etməmişdir.
19. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən aktlar əsasında hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir.
20. Bu baxımdan hesab edilməlidir ki, cavabdeh Birliyin qətnamədən verdiyi apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır. g) apellyasiya baxışının nəticəsi
21. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
25. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
26. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 sentyabr 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.