Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6319/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-102/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Müdafiə Sənayesi Nazirliyi "xxxx" İstehsalat Birliyi MMC-nin “Alov” Zavodu Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Yasamal rayon İcra Hakimiyyətinə qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və qeyri-qanuni tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin boşaldılması və zəbt edilmiş torpaq sahəsində inşa edilmiş qeyri-qanuni tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-102/2021 saylı, 07 aprel 2021ci il tarixli qətnaməsi iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və rayon məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini, bu səbəbdən, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda hazırkı iş üzrə iddiaçı hüquqi şəxs olduğundan, cavabdeh isə VÖEN-i olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğundan hazırkı işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə kolegiyasının iclasında iddiaçının nümayəndəsi Q.Şükürov apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, üçüncü şəxs Yasamal RİH-in nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsaən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Kollegiya qeyd edir ki, mülki iş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışdan görünür ki, iddiaçı təşkilati-hüquqi forması digər kommersiya təşkilatı olmaqla hüquqi şəxsdir (i/v 11). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Cavabdeh VÖEN-i olmaqla sahibkarlıq fəaliyyəti ilə məğul olan fiziki şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin hazırkı iş üzrə iddia ərizəsi verilərkən qüvvədə olan 26.1-ci maddəsinə əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında, yaxud vergi orqanının qaldırdığı iddialar ilə bağlı vergi orqanı ilə vergi ödəyicisi arasında iqtisadi mübahisələr üzrə işlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Belə olan halda məlum olur ki, işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı hüquqi şəxs və cavabdeh fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşul olan fiziki şəxs olduğu üçün işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş materialları məhkəmə aidiyyətinə əsasən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-102/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6319/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6319/2021
16.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver