Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-632/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X1 iştirakı ilə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 51 saylı notariat kontoruna və Bakı şəhəri 14 saylı notariat kontoruna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışların ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 51 saylı notariat kontoruna və Bakı şəhəri 14 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla (Cavabdeh3 etibarnamə əsasında) Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 31.01.2018-ci il tarixli və AN-İ seriyalı ******* nömrəli 31.01.2018-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməklə Cavabdeh2 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 06.02.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın, o cümlədən, Cavabdeh2 ilə Cavabdeh1 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair 09.02.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilənin etibarsız hesab edilməklə, onun əsasında Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.05.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı və 1153a saylı bağ sahələri sonuncunun məlumatı olmadan, Cavabdeh3 tərəfindən iddiaçının adından saxta etibarnamə hazırlanaraq həmin etibarnamə əsasında mübahisə predmeti olan torpaq sahələri onunla əlbir olan Cavabdeh2 satılmış, daha sonra Cavabdeh2 həmin torpaq sahələrini bir çıxarışda birləşdirərək onları digər Cavabdeh1 satmışdır. Yuxarıda qeyd etdikləri dolayısı ilə iddiaçının kürəkəni olan Cavabdeh3 qeyriləri ilə əlbir olaraq iddiaçınını aldatması Azərbaycan Respublikası Hərbi Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi X5 tərəfindən aparılan cinayət işi üzrə istintaq materialları ilə öz təsdiqini tapmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(001)- 204/2021 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermiş, qətnamənin qismən, “Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı bağ sahəsinin alğı-satqısına dair bağlanmış 09 fevral 2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilə etibarsız hesab edilməklə, həmin müqavilənin əsasında Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03 may 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə rədd olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmü ilə Cavabdeh3 və Cavabdeh7 saxta sənədlər əsasında iddiaçıya aid bağ sahələrini Cavabdeh2 adına keçirmələri öz təsdiqini tapmışdır. Dolayısı ilə, Cavabdeh3 İddiaçı adından Cavabdeh2la bağladığı alqı-satqı müqavilələri etibarsızdır. Lakin bu etibarsızlığın, Cavabdeh1 heç bir aidiyyəti yoxdur. Ona görə ki, Mülki Məcəllənin 140-cı maddəsinə görə, 148.2 149.2-ci maddələri Cavabdeh1 vicdanlı əldə edən şəxs kimi hüquqlarının qorunmalı olmasını açıq şəkildə təsbit edir. Həmin maddələrə əsasən, şəxsin vicdanlı əldə edən kimi hüquqlarının qorunması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: A) Mülkiyyət və ya digər əşya hüquqlarının varlığına dair daşınmaz əmlakın dövlət reyestrində qeydin mövcudluğu. Bu şərt mövcuddur. Belə ki, reyestrdə Cavabdeh2 adına mübahisəli bağ sahəsinə dair qeyd aparılmışdır. B) Həmin qeydin həqiqətə uyğun olmaması. Bu şərt də mövcuddur. Ona görə ki, Cavabdeh2 adına olan qeyd formal olaraq bağlanmış, əslində uydurma olan alqı-satqı müqavilələrinə əsaslanır. C) Hüququn üçüncü şəxsə keçidini təmin etmək məqsədilə daşınmaz əmlakın dövlət reyestrində etibarlı bir qeydin aparılması. Bu şərt də mövcuddur. Çünki Cavabdeh1 bağ üzərində mülkiyyət hüququ 09 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında dövlət qeydiyyatına alınmışdır. D) Daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxsin vicdanlı olması. Yəni daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxs reyestrdəki qeydin doğru olmadığını bilməməli və ya bilməli də olmamalıdır. Bu şərt də, mövcduddur, ona görə ki, cavabdeh E. Kazımov bağ sahəsinin iddiaçıya məxsus olduğunu, saxta yolla Cavabdeh2 adına keçirildiyini və s. barədə məlumatlı olmayıb. Bağ sahəsini əldə edərkən Cavabdeh1 bu halları da araşdırmaq kimi bir öhdəliyi də olmamışdı və ola da bilməzdi. Göründüyü kimi, Cavabdeh1 vicdanlı əldə edən kimi hüquqları qorunmalıdır. Məhkəməyə görə, Cavabdeh3 və Cavabdeh7 iddiaçıya məxsus bağ sahəsini saxta sənədlər əsasında satması ilə bağlı proseslərin Cavabdeh1 şübhə və diqqətini çəkməməsi ağlabatan mühakimə əsasında inandırıcı deyildir. Maraqlısı odur ki, məhkəmənin nəyin əsasında belə bir qənaətə gəldiyi aydın deyildir. Hərçənd ki, məhkəmə məhz Cavabdeh3 və Cavabdeh7 barəsində aparılan cinayət işinə görə hazırkı mülki iş üzrə icraatı dayndırmışdı. Və bu barədə 10 iyun 2020-ci il tarixli qərardadını onunla əsaslandırmışdı ki, “şəxsin qanunsuz hazırlanmış saxla rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə aldatma yolu ilə vətəndaşın xüsusi mülkiyyətində olmuş daşınmaz əmlakı notarial qaydada formal olaraq alqı-satqı edərək ələ keçirməsinə görə məhkum olunmasına səbəb olan faktlar, həmin cinayət nəticəsində itirilmiş əmlakın tələb edilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər”. Həmin hökmlə Cavabdeh1 Cavabdeh3 və Cavabdeh7nm qanunsuz hərəkətləri ilə heç bir bağlılığının olmadığı təsdiqlənmişdir. Cavabdeh1 həmin iş üzrə heç zərərçəkmiş şəxs qismində belə qalmamış, yalnız şahid qismində ifadə vermişdir. Buna qarşılıq, İddiaçı zərərçəkmiş şəxs olaraq tanlnmış və məhz ona maddi zərər vurduqlarına görə Cavabdeh3 və Cavabdeh7 barəsində ittihamedici hökm çıxarılmışdır. Bu kimi mübahisələrdə restitusiyanın eyni zamanda tətbiqi (yəni pulun qaytarılması ilə torpağın geri verilməsinin eyni anda icrası) mühüm əhəmiyyət kəsb edir. Əks halda, Cavabdeh1 torpaqdan çıxarılacaq, əvəzində pulunu da geri ala bilməyəcək. İddiaçı, bu işdə müqavilələrin etibarsızlığını tələb edir. Ancaq necə olursa, cinayət işində iddiaçının özünün ABŞ-dan göndərdiyi ərizəsi var. Ərizədə qeyd edilir ki, iddiaçının Bilgəh qəsəbəsində yerləşən torpaq satılması ilə əlaqədar olaraq kürəkəni E. Həsənova qarşı heç bir iddiası yoxdur. Maraqlıdır, iddiaçı, onun torpağını saxta yolla ələ keçirmiş Cavabdeh3 qarşı tələbi yoxdur. Ancaq vicdanlı əldə edən Cavabdeh1 qarşı tələbi var. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili D.Novruzov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 149.2-ci, 337-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh3 adına tərtib edilmiş etibarnamə saxta olduğundan heç bir hüquqi nəticə doğura bilməzdi və bu mənada həmin saxta etibarnamənin əhəmiyyətsizliyi onun əsasında Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanmış 31 yanvar 2018-ci il tarixli AN-İ ******* və ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqavilələrinin etibarsızlığını da ehtiva edir. Həmin müqavilələrin etibarsızlığı isə onların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin əsassız olduğu mənasına gəlməklə həmin müqavilələrin əsasında Cavabdeh2 adına verilmiş çıxarışın ləğv edilməli olduğunu ifadə edir. Məhkəmənin qənaəti həmçinin ondan ibarətdir ki, sözügedən həmin müqavilələrin etibarlılığı və onların əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin əsassız çıxması onların əsasında bağlanmış sonrakı əqdin və həmin əqdin əsasında verilmiş hüquq müəyyənedici sənədin (çıxarışların) etibarsızlığını da ehtiva edir. Bu mənada, iddia Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində də əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 09.02.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halına görə, Cavabdeh3 və Cavabdeh7 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etdiklərinə, habelə hüquq verən qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Bakı Hərbi Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 1-1(093)-53/2020 saylı hökmü əsasında barələrində 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, o cümlədən tətbiq olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq, tətbiq olunaraq, barələrində 1 il sınaq müddəti müəyyən edilmişdir. Bakı Hərbi Məhkəməsinin surəti iş materiallarına əlavə olunmuş həmin hökmü ilə müəyyən olunmuşdur ki, Cavabdeh3 Cavabdeh7 ilə qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə İddiaçı razılığı və məlumatı olmadan onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi 1153 və 1153a saylı bağ sahələrində yerləşən torpaq sahələrini notarial qaydada formal olaraq alğı-satqı edərək tanışı Cavabdeh2 xüsusi mülkiyyətinə keçirməklə ələ keçirib, sonradan torpaq sahələrini Cavabdeh2 adından notarial qaydada Cavabdeh1 sataraq İddiaçı külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bakı Hərbi Məhkəməsinin 03 fevral 2021-ci il tarixli məktubu ilə yuxarıda istinad olunan hökmün 20 oktyabr 2020-ci il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. Mülki Məcəllənin 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçı belə sübut növü təqdim etməmişdir. "S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunlugunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.10.2004-cü il tarixli Qərarında qeyd edilir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, əqdin etibarsızlığı üçün onun etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırkı halda Cavabdeh1 bağladığı əqdə münasibətdə vicdanlı olduğunu, müqavilə bağlayarkən əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmadığını, bağ sahəsini əvəzli şəkildə əldə edərək hüquqlarını qeydə aldırdığını və ona faktiki sahibləndiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 bu dəlillərinin əksini sübut etmək onun deyil, əqdi mübahisələndirən onun vicdanlı əldə edən olmadığını iddia edən iddiaçının vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. "Könül Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.05.2008-ci il tarixli Qərarında qeyd edilir ki, əmlakın üçüncü şəxsə keçməsində mülkiyyətçinin birbaşa və ya dolayısı iştirakının olmaması, əldə edənin (vicdanlı sahibin) əmlakla bağlı hüquqlarının yaranmasının əsasının isə onun mülkiyyətçisi ilə bağlanan əqddən törənən əlaqələrə söykənməməsi, onun mülkiyyətçiyə geri qaytarılmasına məhdudiyyət qoyan təminatın əqdin etibarsız hesab edilməsi ilə bağlı iddia ilə dəf olunmasını istisna edir. Vicdanlı sahibin xoşniyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı. "N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13.07.2009-cu il tarixli Qərarında qeyd edilir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilsin”. Mülki qanunvericiliyə əsasən əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Hər hansı əqdin etibarlılığı üçün isə, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, “bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır”. İşdən görünür ki, mübahisəli bağ sahəsinə dair alqı-satqı müqaviləsi bağlanarkən, müqavilələrin bağlanması ilə əlaqədar qanunvericiliyin tələblərinə riayət edilmiş, hər-hansı nöqsana yol verilməmişdir. Cavabdeh1 bağ üzərində mülkiyyət hüququ 09 fevral 2018-ci il tarixli alğı-satqı müqaviləsi əsasında dövlət qeydiyyatına alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrinə etimad edən şəxs reyestrdəki qeydin doğru olmadığını bilməməli və ya bilməli də olmamalıdır. Ona görə ki, cavabdeh E. Kazımov bağ sahəsinin iddiaçıya məxsus olduğunu, saxta yolla Cavabdeh2 adına keçirildiyini və s. barədə məlumatlı olmamışdır. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. İddia tələbindən göründüyü kimi, Cavabdeh3 tərəfindən İddiaçı adından saxta etibarnamə hazırlanaraq həmin etibarnamə əsasında mübahisə predmeti olan torpaq sahələri onunla əlbir olan Cavabdeh2 satılmış, daha sonra Cavabdeh2 həmin torpaq sahələrini bir çıxarışda birləşdirərək onları digər Cavabdeh1 satmışdır. İddia ərizəsində Cavabdeh1 tərəfindən torpaq sahələri alınan zaman hər hansı qanun pozuntusuna yol verildiyini təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. İddiaçı Cavabdeh3 tərəfindən iddiaçının adından saxta etibarnamə hazırlanaraq həmin etibarnamə əsasında mübahisə predmeti olan torpaq sahələri onunla əlbir olan Cavabdeh2 satıldığına əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. Bu əsasa istinad edərək iddiaçı həmin müqavilələrin etibarsızlığını mübahisələndirir. Nəzərə alınmalıdır ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq onlar əqdi bağlamalıdırlar. Hazırkı işdə isə Cavabdeh1 əqdin legitimsizliyi barədə hər hansı şübhə olmamış, müqavilə bağlanan zaman reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuş və o, əqd üzrə üzərinə düşən öhdəliyi icra edərək bağ sahəsi əldə etmiş və həmin daşınmaz əmlaka hüquqlarını dövlət qeydiyyatına aldırmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(001)-204/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi “Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 1153 saylı bağ sahəsinin alqı-satqısına dair bağlanmış 09.02.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli müqavilənin etibarsız hesab edilməklə, həmin müqavilənin əsasında Cavabdeh1 adına ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 03.05.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” hissəsində təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-632/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-632/2022
11.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver