Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6321/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Nəcəfova X6 (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6321/2024 (Açar sözlər:mülkiyyət hüququnun tanınması və mənzilin təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçının vəkili X5, iddiaçının nümayəndəsi (direktoru) Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Nəcəfova X6 qarşı (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “daşınmaz əmlak (yaşayış evi) üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3402/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 04 dekabr 2024-cü il tarixində Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Nəcəfova X9 ilə "xxxx" MMC arasında imzalanmış 17 avqust 2006-cı il tarixli “Razılıq sazişi”nə əsasən Nəcəfova X9 ünvan 1 ünvanda yerləşən ona məxsus olan evi 130.000 ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC isə həmin evə görə 70.000 ABŞ dolları ödəmiş, qalan 60.000 ABŞ dollarını 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürmüşdür.
2. “Razılıq sazişi” üzrə qalan 60.000 ABŞ dolları "xxxx" MMC tərəfindən ödənilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" MMC cavabdeh Nəcəfova X6 qarşı (AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi və "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “daşınmaz əmlak (yaşayış evi) üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı yaşayış evi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququnun tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin evin boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
4. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cəmiyyət yeni hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə almaq və həyata keçirmək məqsədi ilə yaradıldığı 2006cı ildən başlayaraq Bakı şəhəri, Yasamal rayonu, Sereteli, M.F.Axundov, İ.Əbilov və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə yaşayan sakinlərlə müəyyən sövdələşmələr aparmış, onların bəziləri ilə ilkin alqı-satqı əməliyyatları həyata keçirmiş, bəzilərinə isə beh ödənişləri edərək külli miqdar pul vəsaiti xərcləmişdir. Göstərilən əməliyyatlar çərçivəsində hazırki iddia tələbi üzrə cavabdeh Nəcəfova X6 məxsus olmaqla Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı evlə bağlı tərəflər arasında Bakı şəhəri 12 saylı DNK-da bağlanaraq Reyestrdə 3M-5-1085 nömrə ilə qeyd edilmiş 17 avqust 2006-cı il tarixli “Razılıq Sazişi” rəsmiləşdirilmişdir. Həmin sazişin 1-ci bəndində göstərilmişdir: Mən, Nəcəfova X9 ünvan 1 ünvanda yerləşən mənə məxsus olan evi 130 000 ABŞ dollarına "xxxx" MMC-yə satmışam, lakin 70.000 ABŞ dolları aldım və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəmə götürürəm. Qeyd edilməlidir ki, cavabdeh yuxarıda göstərilən sazişdən (bundan sonra əqd) irəli gələn öhdəliyinə bu günədək əməl etməmiş, bu istiqamətdə heç bir addım atmamış, habelə cəmiyyətin qanuni təmsilçisi Nümayəndə2 tərəfindən edilən bütün cəhdlər də bu günədək heç bir nəticə verməmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, yuxarıda göstərilən mübahisəli yaşayış evinə bitişik ətraf ərazidə yeni binaların tikintisinin aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddiaları üzrə üçüncü şəxs "xxxx" MMC-yə həvalə edilmişdir. Belə ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 59 saylı Sərəncamı ilə Yasaml rayonu, C.Cabbarlı, İ.Əbilov, M.F.Axundov, N.Aşurbəyova, S.Salayev və F.İbrahimbəyov küçələrinin əhatə etdiyi ərazidə şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin yerləşdiyi 2,87 ha torpaq sahəsi, həmin tikililərin istifadəçiləri və mülkiyyətçiləri ilə müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" MMCnin istifadəsinə ayrılmışdır. Odur ki, artıq xeyli vaxtdır ki, ərazidə söküntü-qazma işləri aparan üçüncü şəxs "xxxx" MMC-nin səlahiyyətli əməkdaşları tərəfindən daşınmaz əmlak sahibləri ilə (o cümlədən iddiaları üzrə cavabdehlə) söküntüyə gedən əmlakların əvəzləşdirilməsi istiqamətində sövdələşmələr aparılır və müqavilələr bağlanır. Bu səbəbdən cəmiyyətin yuxarıda göstərilən əqddən irəli gələn hüququnun pozulmasının qarşısını almaq üçün sözügedən əqd barədə üçüncü şəxs "xxxx" MMC-yə dəfələrlə məlumat verilmiş, lakin hər dəfə cavabında bu məsələnin onlara heç bir aidiyyəti olmadığı, sakinlərlə faktiki yaşayış sahəsi üzrə əvəzləşdirmələr aparılacağı birmənalı olaraq bildirilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, "xxxx" MMC-nin yuxarıda gösərilən əqddən irəli gələn hüququ həm cavabdeh, həm də üçüncü şəxs tərəfindən nəzərə alınmır. Belə davam edəcəyi təqdirdə isə cəmiyyət zərərə məruz qalacaq, nəticə etibarilə tərəflər arasında bağlanmış əqd öz əhəmiyyətini itirmiş olacadır. Ona görə də hesab edirlər ki, məsələ məhkəmə qaydasında həll edilməli, Bakı şəhəri, Yasamal rayonu, Sereteli küçəsində yerləşən 59 saylı yaşayış evi üzərində "xxxx" MMC-nin mülkiyyət hüququ tanınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı, həmin ev boşaldılaraq "xxxx" MMC-yə təhvil verilməlidir
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3402/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın rədd olunması qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 448.1, 448.2, 567, 597.1, 600.1, 646.1, və 646.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi-direktoru apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və bildirdi ki, 2008-ci ildə həbs olunmuşdur.
11. Apellyasiya baxışında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Bildirdi ki, alqı-satqı yarımçıq şəkildə həyata keçirilmişdir, həmin zaman iddiaçının rəhbəri həbsdə olduğundan alqı-satqını bitirə bilməmişdir. Daha sonra da Almas xanıma təkliflər edilsə də nə pulu qaytarır, nə də alqı-satqı prosedurunun tam şəkildə həyata keçirilməsinə razılıq verir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya digər şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
14. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
15. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır
17. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir
18. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
19. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür
20. Maddə 597.1. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur
21. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
23. Maddə 5.1. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır.
24. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və qətnaməni iddiaçı mübahisələndirdiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
34. Belə ki, iş materiallarında olan Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda bağlanaraq Reyestrdə 3M-5-1085 nömrə ilə qeyd edilmiş Nəcəfova X9 ilə "xxxx" MMC arasında imzalanmış 17 avqust 2006-cı il tarixli “Razılıq sazişin”ə əsasən Nəcəfova X9 ünvan 1 ünvanda yerləşən ona məxsus olan evi 130.000 ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC isə həmin evə görə 70.000 ABŞ dolları ödəmiş, qalan 60.000 ABŞ dollarını 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürmüşdür.
35. İşin məhkəmə iclasında tədqiq edilmiş hallarına əsasən kollegiya bildirir ki, iddiaçı yuxarıda qeyd edilmiş “Razılıq sazişi” rəhbər tutaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sazişin şərtlərindən görünür ki, cavabdeh mənzilini 130.000 ABŞ dollarına "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İddiaçı "xxxx" MMC isə müqavilənin dəyərinin yalnız 70.000 ABŞ dollarını ödəmiş, qalan 60.000 ABŞ dollarını isə 4 ay müddətinə X1 ödəməyi öhdəsinə götürsə də, həmin məbləğin X1 ödənilmədiyi müəyyən edilmişdir. Qalan məbləğin cavabdehə ödənilə bilməməsini məhkəmə iclasında iddiaçının nümayəndəsi 2008-ci ildə həbs olunması ilə əlaqələndirmişdir.
36. Beləliklə, müəyyən olunur ki iddiaçı tələbinin faktiki əsasını təşkil edən Sazişlə razılaşdırılmış öhdəliyini tam icra etməmişdir. Bu fakt cavabdehə qarşı yönəlmiş tələbin əsaslı olmadığına dəlalət edir. Çünki cavabdeh X2 mübahisəli evi 70.000 ABŞ dolları müqabilində deyil, 130.000 ABŞ dolları müqabilində "xxxx" MMC-yə satmağı və həmin evi "xxxx" MMC-nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Nə qədər ki iddiaçı üzərinə düşən öhdəliyini tam yerinə yetirməmişdir, cavabdehdən də qarşılıqlı öhdəliyini icra etməsini tələb etməkdə haqlı olmamışdır.
37. Kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsi Sazişlə şərtləşdirilmiş məbləğin qalan qismini ödəməməsini həbsdə olması ilə izah etsə də, məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o, 2008-ci il tarixində azadlıqdan məhrum edilmiş və 2006-cı il tarixindən həmin vaxtadək olan kifayət qədər müddət ərzində də Saziş üzrə qalan məbləği ödəməyərək müqavilə şərtini pozmuşdur.
38. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
40. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır.
41. Mülkiyyət hüququnun 2 əmələ gəlmə üsulu vardır və şəxsin əmlaka mülkiyyət hüququnun təsbit edilməsi üçün bu 2 əsasdan birinə sahib olmalıdır: ilkin və törəmə. İlkin üsul — əvvəllər heç kimə məxsus olmayan əşyaya mülkiyyət hüququnun yaranması və ya əşyanın əvvəlki mülkiyyətçisinin iradəsindən və hüquqlarından asılı olmadan mülkiyyət hüququnun əmələ gəlməsidir. Bu zaman əşyaya mülkiyyət hüququ ilk dəfə yaranır və ya əvvəlki mülkiyyətçinin iradəsindən asılı olmadan əmələ gəlir. Ona görə də burada tərəflərin razılığı tələb olunmur, qanun əsasında müəyyən edilir. Bu üsulla mülkiyyət hüququ yaranan mülkiyyətçi həmin hüququ tam əldə edir. Törəmə üsul isə – əmlakın əvvəlki mülkiyyətçisinin iradə ifadəsi ilə əmələ gəlir. Yeni mülkiyyətçinin mülkiyyət hüququ əvvəlki mülkiyyətçinin mülkiyyət hüququ həcmində olur. Törəmə üsullara isə mülki – hüquqi əqdlər üsulu, vərəsəlik qaydasında verilmə üsulu və əşyanın verilməsi üsulunu göstərmək olar.
42. Hazırki iş üzrə iddiaçı mübahisəli əmlaka öz mülkiyyət hüququnun tanınmasını xahiş etsə də, həmin hüququnun tanınmasına əsas ola biləcək yuxarıda qeyd edilən halların hansısa birinin mövcudluğuna dair əsaslı dəlillər irəli sürə bilməmişdir. Tərəflərin arasında mübahisəli əmlakla bağlı razılıq əldə edildiyi iddia edilsə də, bu razılığın özü də qanunvericiliklə müəyyən edilmiş formada bağlanmış hər hansı əqdlə rəsmiləşdirilməmişdir.
43. Təsadüfi deyil ki, mülki qanunvericilik daşınmaz əmlakla bağlı olan və hüquqi nəticələrə səbəb ola biləcək əqdlərin yazılı formada və notarial qaydada təsdiqlənərək bağlanmasını zəruri bilmişdir.
44. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququnun tanınması və yaşayış evinin boşaldılaraq təhvil verilməsi tələbinin heç bir qanuni əsasının olmaması səbəbindən birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
45. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
47. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
48. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
49. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3402/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev