Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6328/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "borcun silinməsi" tələbinə dair (Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-3817/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktına əsasən, xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən bağ evində qaz sayğac quraşdırılmışdır. Sayğacın tipi mexaniki, göstəricisi 0 m3 olmuşdur. Həmin akta əsasən müəyyən olunmuşdur ki, qaz cihazları qoşulmayıb, qaz xətti mətbəxə çəkilməyib.
2. xx.xx.2025-ci il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı 692,31 manat borc hesablanmış, qalıq borc 0 manat, limitli qaz istehlakı 149,81 manat, limitdən artıq qaz istehlakı 542,50 manat təşkil edir.
3. Cavabdeh İB ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixdə AK-05601/02-25 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi bağlanmışdır.
4. İddiaçı tərəfindən qazdan isitifadəyə görə xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş həyata keçirilmişdir.
5. xx.xx.2025-ci il tarixli bildirişə görə, qaz sərfiyyatına görə ümumi borc 1.156,51 manat, son ay üzrə hesablanan borc: 391,80 manat; qalıq borc: 764,71 manatdır.
6. İddiaçının adına olan abonentin saldosuna (abonent kodu **********01490) əsasən 2025-ci ilin yanvar ayında 3.283 m3 təbii qazın sərfiyyatına görə sərfiyyatın məbləği 409,85 manat təşkil etmişdir. Həmin ayda limitin keçməsinə görə 260,86 manat borc hesablanmışdır.
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh İB-yə qarşı “hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təbii qazdan istifadəyə görə onunla rəsmi müqavilə bağlanılan xx.xx.2025-ci il tarixinədək hesablanmış borcun silinməsi; xx.xx.2025-ci il tarixindən sonrakı müddətdə hesablanmış borcdan sərfiyyat limitinin keçməsinə görə hesablanmış borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən bağ evi xx.xx.2024-cü il tarixindən iddiaçının xüsusi mülkiyyətindədir. 2024-cü ilin oktyabr ayında Cavabdeh İB tərəfindən onun evinə qaz xətti çəkilmiş və qaz sayğacı quraşdırılmışdır. Lakin, sayğac aktiv edilməmiş və xx.xx.2025-ci il tarixinədək qaz təchizatı müqaviləsi bağlanmamışdır. Buna baxmayaraq, qeyd olunan dövr ərzində sayğac aktiv olmadan qaz istehlakı qeydə alınmış və xx.xx.2025-ci il tarixində 692,31 manat borc hesablanmışdır. xx.xx.2025-ci il tarixli Borc bildirişində göstərilmişdir: qalıq borc: 0 manat; limitli qaz istehlakı: 149,81 manat; limitdən artıq qaz istehlakı: 542,50 manat. Yanvar ayı üçün qaz istehlakının limitin keçməsi, digər aylar üçün də qaz sərfiyyatının yüksək hesablanmasına səbəb olmuşdur, yəni bu limitdən artıq hesablanmışdır. Bundan əlavə, xx.xx.2025-ci il tarixində ona təqdim edilmiş digər bildirişdə qaz sərfiyyatına görə ümumi borcunun 1.156,51 manat təşkil etdiyi göstərilmişdir. Həmin bildirişə əsasən son ay üzrə hesablanan borc: 391,80 manat; qalıq borc: 764,71 manatdır. Qeyd edilən ünvanda yaşayış mövcud olmamış, mənzil boş olmuşdur. Evində yaşayış olmadığı halda, qaz sərfiyyatının həddindən artıq yüksək göstərilməsi əsassızdır, heç bir hüquqi və texniki əsasla izah edilə bilməz. Belə ki, yaşayış olmayan evdə yalnız iki kombi və bir stolüstü qaz sobası mövcuddur. Ümumilikdə 182 kvadrat metr sahəsi olan bu mənzildə qeyd edilən qaz istehlakı məntiqə və real sərfiyyat göstəricilərinə uyğun deyil. Hətta yaşayış olan evlər üçün belə, bir ay ərzində bu həcmdə qaz istehlakının qeydə alınması əsaslı şübhə doğurur.
9. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)- 3817/2025 nömrəli qətnaməsi ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi borc X4nın pozulması (sayğaca müdaxilə və ya kənar qoşulma) ilə bağlı deyil, təbii qazdan istifadəyə görə yaranmış (2025-ci ilin yanvar ayı üzrə sayğacın mexaniki göstəricisi 3.283 m3 olmaqla) debitor borcdur. İş materialları ilə müəyyən olunur ki, abonentə qaz sayğacı xx.xx.2024-cü il tarixdə quraşdırılmış, qazın alqı-satqısına dair müqavilə xx.xx.2025-ci il tarixdə bağlanılmşdır. Abonentin salsodu üzrə ilkin qeydiyyat 2025-ci ilin yanvar ayında aparılmış həmin tarixdə abonentin sayğacının mexaniki göstəricisi 3.283 m3 olmuş, sərfiyyat borcu 409,85 manat, limitdən artıq istifadəyə görə borc 260,86 manat təşkil etmişdir.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, 2025-ci ilin yanvar ayında yazılmış borc faktiki istifadə olunmuş 3.283 m3 qaz sərfiyyatı üzrə aparıldığından, müqavilənin xx.xx.2025-ci il tarixdə bağlanılması əsası ilə həmin tarixədək hesablanmış sərfiyyata görə borcun silinməsi tələbi əsassızdır. Belə ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının ünvanı üzrə qaz sayğacı müqavilənin bağlanılmasınadək xx.xx.2024-cü il tarixdə quraşdırılmışdır və abonentin istifadəsinə verilmişdir. Buna görə də xx.xx.2025-ci il tarixdə müqavilənin bağlanılmasınadək hesablanmış borcun (2025-ci ilin yanvar ayı üzrə 3.283 m3 qaz sərfiyyatı) silinməsi barədə iddia tələbi təmin edilməməlidir.
13. Qazdan istifadəyə görə müəyyənləşdirilmiş limitin keçməsinə görə hesablanmış borcun silinməsi tələbinə dair məhkəmə qeyd edir ki, 2025-ci il üzrə müəyyən edilmiş tariflərdən görünür ki, 1.200 m3-dək qaz sərfiyyatı üzrə hər 1 m3 təbii qaz həcminə görə 12,5 qəpik, 2.500 m3 -dək qaz sərfiyyatı üzrə hər 1 m3 təbii qaz həcminə görə 22 qəpik, 2.500 m3-dən yuxarı qaz sərfiyyatı üzrə hər 1 m3 təbii qaz həcminə görə 30 qəpik ödəniş tarifi müəyyən edilmişdir. Belə ki, 2025-ci ilin yanvar ayı üzrə qeydə alınmış 3.283 m3 qaz sərfiyyatı ikinci limitlə müəyyən edilmiş qaz həcmini keçmişdir. Buna görə cavabdeh təşkilatın qazdan istifadə üzrə limitin keçməsi ilə borcun hesablanması əsaslı olmuşdur.
14. Həmin sərfiyyatın tamamilə və ya bir hissəsinin xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinə aid olmaqla 2025-ci ildə limitin keçməsinə əsas verməməsi barədə iddiaçının dəlillərinə gəldikdə məhkəmə qeyd etmişdir ki, qaz sayğacının xx.xx.2024-cü ildən quraşdırılaraq, 2025-ci ilin yanvar ayı üzrə mexaniki göstəricisinin 3.283 m3 olması işin müvahisəsiz halı olduğu halda, həmin sərfiyyatın bir hissəsinin (2025-ci ildə limitin keçməyəcəyinə əsas verə biləcək qaz həcmi) xx.xx.2025-ci il tarixinədək olan dövrə aid olması - iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olduğu təqdirdə sayğacın apardığı qeydiyyatının mötəbərliliyinə dair əsaslı şübhələr olmadığı halda, sayğac göstəricisi əsaslı hesab edilməli və limitin keçməsi ilə bağlı hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı ümumilikdə sayğacın sərfiyyat qeydiyyatını mübahisələndirməmişdir; iddia tələbi sayğacın mexaniki göstəricisinin məhz 2025-ci ilin yanvar ayında qeydə alınması və buna görə borcun hesablanması ilə bağlı olmuşdur. Novbəti aylarda aparılmış qeydiyyat mübahisə predmeti olmamışdır.
15. Hesablama qaydası ilə bağlı məhkəmə qeyd etmişdir ki, yuxarıda göstərilmiş göstəricilə üzrə 3.283 m3 qaz sərfiyyatını qiyməti hesablandıqda: ilkin limit üzrə 1.200 m3 görə ödəniş 150 manat (1.200*12,5 qəpik); 1.300 m3 görə ödəniş 286 manat (1.300*22 qəpik); yerdə qalan 783 m3 görə ödəniş 234,90 manat (783*30 qəpik) təşkil edir. Bununla da qeyd olunan məbləğlərin cəmi 670,92 manat təşkil edir ki, həmin məbləğ iddiaçıya 2025-ci ilin yanvar ayı üzrə hesablanmış 670,71 manat debitor borca uyğundur. (409,85 manat sərfiyyatı borcu + 260,86 manat limitin keçməsindən sonra hesablanmış borc).
16. Məhkəmə gəldiyi nəticəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 18-ci, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə, 13-cü maddəsinin 8-ci bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3 və 1.4-cü, 3.1.10-cu, 4.1, 4.2, 4.8-ci bəndlərinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 217.3, 217.4, 218.1, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi bardə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh İB arasında müqavilə yalnız xx.xx.2025-ci il tarixində bağlanmışdır. Buna qədər isə nə müqavilə bağlanmış, nə də sayğac aktivləşdirilmişdir. Buna görə də, müqavilə bağlanmamış və qaz sayğacı aktiv edilməmiş dövrə (yəni xx.xx.2025-ci il tarixinə qədər) dair hər hansı qaz sərfiyyatının qeydə alınması və bu əsasında borcun hesablanması hüquqi əsası yoxdur. Məhkəmə yalnız sayğac göstəricisini əsas götürərək, digər halları (yaşayışın olmaması, qaz sərfiyyatının qeyri-real olması, müqavilənin gec bağlanması, sərfiyyatın texniki əsaslandırılmaması və s.) araşdırmadan və bu barədə ekspertiza təyin etmədən qətnamə çıxarmışdır. Məhkəmə sayğacın sərfiyyat göstəricisinin xx.xx.2024– xx.xx.2025 dövrünə aid olduğunu qəbul etsə də, bu sərfiyyatın hansı dövrə məxsus olduğunu ayırd etməmiş, halbuki bu, məntiqi və texniki ekspertiza tələb edən məsələdir. Hakim işin materiallarında sərfiyyatın tarixçəsini aydınlaşdırmadan və bölmədən, sərfiyyatın hamısının bir ay – 2025-ci ilin yanvarına aid olduğunu fərz edərək bütün borcu bir tarixə yönəltmişdir. Bu isə həm faktların təhrifinə, həm də borcun əsassız hesablanmasına gətirib çıxarmışdır Cavabdeh "Azəriqaz" İB təqdim etdiyi borc bildirişləri ilə kifayətlənmiş, lakin sayğacın aktiv edildiyi vaxt, qeydiyyatın başlanğıcı, qazın texniki ötürülməsi tarixi, həmin dövrdə real sərfiyyatın texniki imkanları barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmə isə borcun əsasının və sərfiyyatın düzgünlüyünün sübuta yetirilməsi vəzifəsinin cavabdehin üzərinə düşdüyünü nəzərə almamışdır. Halbuki, sayğacın göstərdiyi rəqəmin özü, təkbaşına, sərfiyyatın real və qanuni əsasla baş verməsini sübut etmir. Əlavə olaraq, evdə yaşayış olmaması və sərfiyyatın qeyri-adi dərəcədə yüksək olması faktı iddiaçı tərəfindən yazılı şəkildə təqdim edilsə də, cavabdeh bu iddianı təkzib edən sübut təqdim etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə edilmişdir.
21. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin xx.xx.2026-cı il tarixli rəyində qeyd edilmişdir ki, mütəxəssis rəyinin verilməsi üçün zəruri olan sənədlər (materiallar) toplanılmış və Bakı Regional Qaz İstismarı İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanında yerləşən vətəndaş İddiaçı məxsus fərdi yaşayış evinin qaz xətti üzərində Elster G-6T markalı 42676920 nömrəli mexaniki tipli qaz sayğacının olduğu müəyyən edilmişdir. Beləliklə, rəyin hazırlanması üçün toplanmış materiallara əsasən mütəxəssis qarşısında qoyulmuş sualların mahiyyəti üzrə aşağıdakılar bildirilir: ünvan 2 ünvanında yerləşən vətəndaş İddiaçı məxsus fərdi yaşayış evinin qaz xətti üzərində istismarda olan Elster G-6T markalı 42676920 nömrəli mexaniki tipli qaz sayğacı xx.xx.2025-ci il tarixində ilkin quraşdırma olaraq quraşdırıldığı məlum olmuşdur. Sayğacın saldosuna baxış keçirdikdə 2025-ci ilin 12 ayı üzrə təyin olunmuş illik tarif limitlərinə uyğun düzgün hesablandığı müşahidə olunmuşdur. Lakin sözügedən ünvanda 2024-cü ildə qazdan istifadə edilmədiyi üçün, 2024-cü il üçün qaz sərfiyyatı mövcud deyil.
22. İddiaçı elektron kabinet vasitəsilə etiraz ünvanlayaraq bildirmişdir ki, rəylə razı deyil, belə ki, birinci instanaiya məhkəməsində cavabdeh 2024-cü ilin oktyabr ayından qaz sayğacının istifadə edildiyi və 2025-ci ilin yanvar ayına artıq limiti aşdığı üçün 2 müvafiq olaraq limitdən əlavə olaraq 1200 kubdan artıq qaz sərfiyyatını keçdiyi üçün limitdən əlavə 0,22 qəpikdən əlavə 286 manat, 2500 kub keçdiyi üçün limitdən əlavə 0,30 qəpikdən hesablanmaqla 256 manat artıq hesablanmasını qeyd etmişdir. Hazırkı rəydə isə 2024-cü ildə istifadə edilmədiyi, 2025-ci ilin yanvar ayının 1-də quraşdırıldığımı qeyd edərək düzgün hesablama aparıldığı qeyd edilir. Halbuki, fərdi yaşayış evinə quraşdırılmış 2 ədəd kombi və 1 ədəd qaz plitəsinin gücü 1 ayda 692 manatlıq, yəni 3355 kuv sərfiyyatla işləməsi mümkünsüzdür. Nəzərə alaraq ki, sayğac 09 fevral quraşdırılmışdır, (sübut iş materiallarında vardır) rəydə bunun əksinə xx.xx.2025-ci ildə quraşdırıldığı qeyd edilmişdir. Mütəxəsis rəyinin ziddiyyətli və əsassızlığı səbəbindən iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi, texniki şərtdə qeyd edilmiş avadanlıqların 1 aya 3355 kub qaz sərfiyyatının mümkün olub-olmaması, olmadığı halda maksimum sərfiyyatın nə qədər ola bilməsi, sayğac üzrə 09 fevraldan etibarən istifadə edilən qaza uyğun sərfiyyat və istifadə edilmiş qaz məbləğinin müəyyən edilməsini xahiş edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, həmçinin bildirdi ki, 200 manatı ona görə ödəmişdir ki, xəstə anası var, yeriyə bilmir, həmin bağ evini onun xəstəliyi ilə əlaqədar hava alsın deyə nəzərdə tutmuşdular. Ev 2024-cü ilin dekabrın 31-də tikilib yekunlaşmışdır. Orada qaz istifadə edilməmişdir, yaşamamışlar. Elektrik sayğacı da var ki, sərfiyyat yoxdur. Fevral ayında anasını ora yerləşdirdi, anası zəng etdi ki, evdə qaz yoxdur. Araşdırdı, dedilər ki, qazınızı kəsiblər, 1.600 manat borcu var. Bildirdilər ki, 200 manat ödəniş etsin, ondan sonra borcu mübahisələndirərsiniz. Anasına görə həmin gün ödəniş etmişdir. İstismar aktında yazıblar, guya 24 oktyabrda o, akta imza çəkmişdir. Müqavilə bağlanılan günə 1.200 manat borc yazmışdılar.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi bildirdi ki, o, "Azəriqaz" İB ilə araşdırma etdi, oranın hüquqşünasını iki dəfə dəvət etdi, lakin idarəyə gəlmədi, nə də məhkəmədə görüşə bildi. Mənzildə 2024-cü ilə aid sayğacdan istifadə haqqında onlarda heç bir sənəd yoxdur. 2025-ci ildə borc sıfırdır, sayğac yanvarda quraşdırılıb, 3283 kub metri 1 ay ərzində işlətmək mümkünsüz bir şeydir. Burada təbii ki məsuliyyətsizlikdən söhbət gedir, 3-4 ay evdən bildiriş götürməyiblər, hansı ki hər ay gedilməlidir. İşlədicilərin gücünə baxsaq, həmin sərfiyyat 1 ay üçün yenə də yoxdur. Bu onun şəxsi qənaətidir, ola bilər ki, onların başqa arqumenti olar, amma onlar da burada iştirak etmirlər. Araşdırmanı bu dəfə Cavabdeh üzərindən tam aparsa, 2024-cü ilə aid onların saldosu yoxdur. Saldo yoxdursa, belə qənaətə gəlinir ki, sayğac olmayıb. X8 qərarına uyğun olaraq hesablanıb, sadəcə rəqəm düz yazılmayıb. 1 ayın ərzində hər 3 limiti də keçiblər. Bura yüklənmə kub metr yaza bilərlər. 670,71 manat fevral ayının 1-nə olan borcdur.
25. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X4” Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı işdə iddia rədd olunduğundan və iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir.
32. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən işin halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir.
33. İşdən müəyyən edilir ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə xx.xx.2025-ci il tarixində bağlanmışdır. İşdə olan saldodan müəyyən edilir ki, 2025-ci ilin yanvar ayında iddiaçının qazdan istifadəyə görə sərfiyyatı 3283 m3 qeyd olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının 2024-cü ildə təbii qazdan istifadəsi ilə bağlı hər hansı məlumat nə məhkəməyə, nə də üçüncü şəxsin nümayəndəsinə təqdim edilməmişdir.
34. Bundan başqa, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən sözügedən ünvana qaz cihazlarının qoşulmadığı, qaz xəttinin mətbəxə çəkilmədiyi müəyyən olunmuşdur.
35. Üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında bildirdiklərinə əsasən təkcə 2025-ci ilin yanvar ayında iddiaçı tərəfindən 3283 m3 həcmində qazdan istifadə qeyri-mümkündür.
36. Kollegiya həmçinin qeyd edir ki, həmin sərfiyyat 2500 m3 keçdiyinə görə cavabdeh tərəfindən təbii qazdan sərfiyyat 1 m3 üçün 0,3 manatdan hesablama aparılmış, bu da əsassız olaraq iddiaçının əlavə debitor borcunun yaranmasına səbəb olmuşdur.
37. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2024cü il 29 dekabr tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii qazın ölkədaxili tarifləri”nə əsasən əhali üçün illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 1 m3 görə 0,125 manat, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 0,22 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,3 manat müəyyən edilmişdir.
38. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixinədək debitor borcun (670,71 manat), həmin tarixdən sonra isə 1m3 qazdan istifadəyə görə 0,3 manatdan debitor borcun hesablanması əsassız olmuşdur.
39. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-3817/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı ilə xx.xx.2025-ci il tarixinədək təbii qazdan istifadəyə görə hesablanmış 670,71 manat məbləğində borc silinsin. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixindən sonrakı müddətdə borcun hesablanası illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 1 m3 görə 0,125 manat, 1200 - 2500 m3 olan hissəsi üçün 0,22 manat, 2500 m3-dən çox olan hissəsi üçün isə 0,3 manat nəzərə alınmaqla həyata keçirilsin, artıq hesablanmış borc isə silinsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: