Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-633/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh Zolfi Bakhshalinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Zolfi Bakhshaliyə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Cavabdeh1 MTKnın hərəkətinin qanunsuz hesab edilməsi, arayışın verilməsi, mənzillərin dəyişdirilməsinin tanınması və onun rəsmiləşdirilməsi, çıxarışın ləğv edilməsi, protokolun və borcun olmaması barədə arayışın ləğvi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2(004)-3301/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, Zolfi Bakhshaliyə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı384 saylı mənzilin Cavabdeh2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 mart 2020-ci il tarixli 06 saylı protokolun və həmin tarixli borcun olmamasına dair arayışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə ləğv olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağanmış 21 iyul 2010-cu il tarixli "xxxx" müqaviləyə əsasən Cəmiyyət ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzili iddiaçıya veməyi öhdəsinə götürüb, iddiaçı həmin mənzilin dəyərini tam şəkildə ödəmiş və Cəmiyyət tərəfindən ona maliyyə arayışı verilmişdir. 2020-ci ildə "xxxx" MMC Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qoşulmuşdur. Bundan sonra həmin cəmiyyət ləğv edilmişdir. İddiaçı yaşadığı 384 saylı mənzili 2014-cü ildə Cavabdeh2 məxsus ümumi sahəsi 122 kv.m olan mənzillə dəyişmişdir. İddiaçı 2021-ci ildə alqı-satqı prosesini rəsmiləşdirmək istədiyi zaman müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK iddiaçının mənzilini başqa şəxsin adına keçirmişdir. Hazırda həmin mənzildə iddiaçı, oğlu Əzizov Camal və gəlini X3 yaşayır. Mənzilə görə ödənişlər iddiaçı tərəfindən həyata keçirilmiş və maliyyə arayışı da onun adına verilmişdir. İddiaçı tərəfindən kooperativ üzvlüyü və payı barədə arayışın verilməsi üçün Cavabdeh1 MTK-ya müraciət olunmasına baxmayaraq, sonuncu tərəfindən buna münasibət bildirilməmişdir. Qeyd olunan sənədlərin alınması iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Cavabdeh1 MTK-nın qanunsuz hərəkətləri nəticəsində iddiaçının konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(004)-3301/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətində iddia ərizəsində göstərilmiş eyni əsaslara istinad edilmiş, əlavə olaraq göstərilmişdir ki, İddiaçı ilə sonradan ləğv olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 iyul 2010-cu il tarixli "xxxx" müqaviləyə əsasən, Cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində inşa edilən «Yeni Yasamal yaşayış massivi» çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı, 384 saylı mənzili iddaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı 2011-ci ilin dekabr ayında qeyd olunan mənzilə köçmüşdür. 2014-cü il tarixdə iddiaçı yaşadığı 384 saylı mənzili, ümumi sahəsi 122 kv.m olan, Cavabdeh2 məxsus olan 385 saylı mənzil ilə dəyişmişdir. Mənzillərin dəyişdirilməsi zamanı, iddiaçı hətta Cavabdeh2 əlavə ödəniş etməklə dəyişmişdir. Həmin ildən etibarən iddiaçı Yasamal rayonu, Talıblı küçəsində inşa edilən «Yeni Yasamal yaşayış massivi», çoxmənzilli yaşayış binasının 4-cü blokunda yerləşən 384 saylı mənzildə Cavabdeh2 ailəsi ilə, 385-ci il mənzildə isə iddiaçı ailəsi ilə yaşamağa başlamışlar. Hal-hazırda da həmin mənzillərdə həmin adamlar yaşayırlar. Sonradan, 2020-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti indiki Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qoşulmuşdur. 2021-ci il tarixdə iddiaçı mənzillərin dəyişdirilməsi prosedurunun başa çatdırılması və rəsmiləşdirilməsini, öz yeni mənzilinə mülkiyyət hüququnu qeydiyyata aldırmaq məqsədi ilə, Cavabdeh1 Mənzil Tikinti Kooperativinə müraciət etmişdir. Cavabdeh1 Mənzil Tikinti Kooperativi isə ona 384 saylı mənzilin başqa şəxsin adına keçdiyini bildirərək, heç bir sənəd verməmişdir. Mənzillər tərəflər arasında faktiki olaraq dəyişdirilsə də, artıq illərdir dəyişdikləri mənzillərdə köçüb yaşamalarına baxmayaraq, Cavabdeh1 MTK bu dəyişdirmənin rəsmiləşdirilməsinə mane olmuş, sənədləşmə işlərinin aparılmasına imkan verməmişlər. Baş verən qanunsuzluq nəticəsində də iddiaçının öz halal mənzili əlindən alınmışdır. Cavabdeh1 Mənzil Tikinti Kooperativi 20 aprel 2021-ci il tarixli, 65 saylı cavab məktubu ilə, iddiaçıya məxsus olan mənzilin Yasamal rayonu, Talıblı küç, 24B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilin Zolfi Bakhshaliyevin xüsusi mülkiyyətində olmasını bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya məxsus olan Yasamal rayonu, Talıblı küç, 24B saylı yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən iki otaqlı, 384 saylı mənzil faktiki olaraq qonşusu ilə dəyişdirildiyi halda, bu dəyişdirilmə başa çatdırılmamış, əksinə İddiaçı məxsus olan həmin mənzil Zolfi Bakshalinin adma rəsmiləşdirilmişdir. Göründüyü kimi, İddiaçı açıq-aşkar aldadılmış, dəyişdirilmənin həyata keçirilməsini təmin etmək üçün ondan imtina barədə ərizə alınmış, sonradan dəyişdirilmənin həyata keçirilməsini sənədləşdirmək üçün xeyli miqdarda ödəniş edilməli olduğu tərəflərə bildirilmişdir. Həmin məbləği ödəmək isə həm tərəflərə əsassız, həm də çox göründüyü üçün daha münasib məqam gözləməyi qərara almışlar. İddiaçı mübahisələndirilən mənzil üçün ödəniş etməsi barədə arayışının olması birinci instansiya məhkəməsində qeyd olunaraq, qəbul olunmuş qətnamədə öz təsdiqini tapmışdır və tərəflər də bunu məhkəmədə təsdiq etmişlər. Lakin bu hal sona qədər araşdırılmamışdır. Belə ki, iddiaçı mənzildən imtina edibsə, deməli bunun bir əsası olmalı idi və bundan başqa, o, həqiqətən də heç bir ön şərti olmadan imtina edərək mənzili MTKya qaytarırdısa, bunun bir prosedur forması olmalı idi və iş tamamlanmalı idi. Belə ki, o həmin mənzilin dəyərini tam ödəmişdi və heç bir borcu yox idi. Bəs onda həmin ödənişin taleyi necə oldu? Adam könüllü surətdə külli miqdarda puldan imtina etdi və çıxıb getdimi? Xeyr, açıq - aşkar görünür ki, adamın aldadılaraq mənzili əlindən alınmış və digər şəxsə yenidən satılmışdır. Beləliklə, iddiaçıya məxsus mənzilin dəyərinin onun tərəfindən tamamilə ödənilməsi, həmin mənzilin digər şəxslə könüllü surətdə dəyişdirilməsi, bu dəyişdirilmənin faktiki olaraq həyata keçirilməsi faktı birinci instansiya məhkəməsində sənədlərlə və işdə iştirak edən şəxslərin ifadələri ilə sübut olunmuş olsa da, məhkəmə bu hala diqqət yetirməmiş və iddianı təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdi və izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Zolfi Bakhshalinin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, digər cavabdehlər "xxxx" MTK və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi öz nümayəndələrini məhkəmə iclasına göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iş materiallarında olan 21.07.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağanmış 21 iyul 2010-cu il tarixli "xxxx" müqaviləyə əsasən cəmiyyət ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzili İddiaçı verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan verilmə tarixi göstərilməyən maliyyə arayışının kserosurətindən görünür ki, ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir və MMC-yə borcu yoxdur. İş materiallarında olan 13.03.2012-ci il tarixli müqavilənin kserosurətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağanmış 13.03.2012-ci il tarixli "xxxx" müqaviləyə əsasən cəmiyyət ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 122,00 kv.m olan üçotaqlı 385 saylı mənzili Cavabdeh2 verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan verilmə tarixi göstərilməyən maliyyə arayışının kserosurətindən görünür ki, ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.52 kv.m olan üçotaqlı 385 saylı mənzilin pay dəyəri payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir və MMC-yə borcu yoxdur. İş materiallarında olan İddiaçı Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı 12.04.2021-ci il tarixli ərizənin surətindən görünür ki, onunla “Şərur“ Mənzil Tikinti Kooperativi (MTK) arasında bağlanmış 21 İyul 2010-cu il tarixli müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilmiş çoxmənzilli yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində yerləşən 374 saylı 2 otaqlı (81 kv.m) mənzilinə dair kooperativ üzvlüyü və payı barədə arayışının, eləcə də aralarında bağlanmış müqavilənin təsdiq edilmiş surəti, etdiyi ödənişlər və pay dəyərinin tam ödənilməsi barədə maliyyə arayışının ona təqdim edilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış və 11 saylı xüsusi notariat ofisində təsdiq olunmuş 26 dekabr 2019-cu il tarixli **********765 nömrəli ərizənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 21.07.2010-cu il tarixli müqavilənin pozulması ilə əlaqədar qanunvericiliyə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsinə uyğun tədbir görülməsini xahiş etmişdir. Həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə heç bir etirazı olmadığını və bununla bağlı iddia tələbi irəli sürməyəcəyini bildirmişdir. İş materiallarında olan Cavabdeh1 MTK-nın İddiaçı ünvanladığı 20.04.2021-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 3ndə yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində olan, ümumi sahəsi 81,0 kv.m., 2 otaqlı, 384 saylı mənzil İddiaçı yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən 09.01.2020-ci il tarixdə Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsi. 24B saylı binanın 384 saylı mənzili Zolfi Bakhshalinin, 385 saylı mənzili Cavabdeh2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli 12 mart 2020-ci il tarixli protokolundan çıxarışından görünür ki, Zolfi Bakhshali Cavabdeh1 MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, ümumi sahəsi 71.5 kv.m, ev 24B ünvanında yerləşən yaşayış binasında 384 saylı mənzilin verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan 12.03.2020-ci il tarixli arayışdan görünür ki, Zolfi Bakhshali Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasında, ümumi sahəsi 81.0 kv.m, yaşayış sahəsi 42.43 kv.m olan, 2 otaqlı 384 saylı mənzil Zolfi Bakhshaliyə məxsusdur və mənzilin balans dəyəri 24.300,00 manat təşkil edir. Kooperativə mənzil sahibinin heç bir borcu yoxdur. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan AR Əmlak Məslələri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, ümumi sahəsi 71.5 kv.m, ev 24B, 384 saylı mənzil Zolfi Bakhshalinin adına xüsusi mülkiyyət hüququ ilə tam pay olmaqla 17.06.2020-ci il tarixdə **********8 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 06 nömrəli 24 iyun 2020-ci il tarixli protokolundan çıxarışından görünür ki, Cavabdeh2 Cavabdeh1 MTK-ya üzv qəbul edilmiş və ona MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, ümumi sahəsi 122.0 kv.m., ev 24B ünvanında yerləşən yaşayış binasında 385 saylı mənzilin verilməsi qərara alınmışdır. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan 24.06.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasında, ümumi sahəsi 122.0 kv.m, yaşayış sahəsi 61.52 olan, 3 otaqlı, 385 saylı mənzil Cavabdeh2 məxsusdur və mənzilin balans dəyəri 36.600,00 manat təşkil edir. Kooperativə mənzil sahibinin heç bir borcu yoxdur. İş materiallarında olan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli məktubuna əlavə olunan AR Əmlak Məslələri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, ümumi sahəsi 111.3 kv.m, ev 24B, 385 saylı mənzil Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə tam pay olmaqla 21.07.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşin araşdırılan halları və tərəflərin verdikləri izahatlarla müəyyən edilir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağanmış 21 iyul 2010-cu il tarixli "xxxx" müqaviləyə əsasən MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi Talıblı küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzili İddiaçı təhvil vermişdir. Həmçinin "xxxx" MMC ilə Cavabdeh2 arasında bağanmış 13.03.2012-ci il tarixli "xxxx" müqaviləyə əsasən MMC ünvan 3ndə inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.52 kv.m olan üçotaqlı 385 saylı mənzili Cavabdeh2 təhvil vermişdir. İddiaçı 26 dekabr 2019-cu il tarixdə yazdığı və notarial qaydada təsdiq olunmuş ərizə ilə "xxxx" MMC-yə müraciət edərək, mübahisəli mənzilə dair müqavilənin pozulması ilə əlaqədar qanunamüvafiq tədbir görülməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə etirazı olmadığını, bununla bağlı iddia və tələbi olmayacağını bildirmişdir. 2020-ci ildə "xxxx" MMC Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qoşulmuş və Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 12 mart 2020-ci il tarixli qərarı ilə 384 saylı həmin mənzil cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. Bundan sonra Zolfi Bakhshali həmin mənzilə dair mülkiyyət hüquqlarını 17.06.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmışdır. Həmçinin "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Yasamal rayonu Əsəd Əhmədov (Talıblı) küçəsi 24B saylı binanın 385 saylı mənzili 21.07.2020-ci il tarixdə Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İddia tələbinin məzmunundan görünür ki, iddiaçı ilk növbədə Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsini, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 Mart 2020-ci il tarixli 06 saylı protokolun və həmin tarixli borcun olmamasına dair arayışın ləğv edilməsiqt xahiş etmişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı özü onunla "xxxx" MMC arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsinə dair ərizə vermiş, Cavabdeh1 MTK ("xxxx" MMC-nin hüquqi varisi) tərəfindən müqavilənin ləğv edilməsi qəbul edilərək, mənzil geri qəbul edilmiş və sonradan digər cavabdeh olan Zolfi Bakhshaliyə təhvil verilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, İddiaçı ilə Cavabdeh1 MTK ("xxxx" MMC-nin hüquqi varisi) arasında 21 iyul 2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Qeyd edilən müqavilə ləğv edildiyindən, Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı əsasında mübahisəli mənzilin digər cavabdeh Zolfi Bakhshaliyə təhvil verilməsi İddiaçı hüquqlarını hər hansı şəkildə pozmamışdır, ona görə də, Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzilinin digər cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsinə dair tələb əsaslı hesab edilə bilməz. İddiaçı həmçinin, mübahisəli mənzilin onun adına rəsmiləşdirilməsini, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 MTK-nın üzərinə qoyulmasını xahiş etmiş, lakin bu tələbinin qanuni və faktiki əsasının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış mənzil tikintisi haqqında müqavilə iddiaçının özünün təşəbbüsü ilə ləğv edilmişdir. Həmin müqavilə ləğv edildikdən sonra Cavabdeh1 MTK mübahisəli mənzilin üzərində yenidən sərbəst sərəncam vermək hüququ əldə etmiş və bu hüququndan istifadə edərək mənzilin digər cavabdeh olan Zolfi Bakhshaliyə təhvil verilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh1 MTK-nın yenidən İddiaçı ilə mübahisəli mənzillə bağlı müqavilə münasibətlərinə daxil olmağa dair hər hansı öhdəliyi olmamışdır. Göstərilənlərə əsasən iddia tələbi həmin hissədə də əsassız olmuşdur. İddia tələbinin iddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzilin Cavabdeh2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İddiaçı hələ 2014-cü il tarixdə qonşusu olan digər Cavabdeh2la mənzillərinin dəyişdirilməsi barədə razılığa gəldiklərini, lakin sənədləşmə işinin baha başa gəlməsi səbəbindən bu niyyətlərini başa çatdırmaq üçün beş il gözləmək qərarına gəldiklərini bildirmişdir. Göründüyü kimi iddiaçı mübahisəli mənzil üzərində hələ 2014-cü ildə sərəncam verərək həmin mənzili eyni binada yerləşən Cavabdeh2 məxsus mənzillə dəyişdirdiyini iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında müəyyən edilir ki, Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Yuxarıda qeyd edilən qanunvericilik normalarının dispozisiya şərtlərindən və onların şərhinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən müəyyən olunur ki, daşınmaz əmlak üzərində sərəncam verilməsi yalnız həmin əmlaka dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra mümkündür. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı müqavilələr yazılı olmaqla, notarial qaydada rəsmiləşdirilməlidir. Bu qaydalara riayət edilimədən bağlanmış müqavilə isə etibarsızdır. Beləliklə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh2 arasında mənzillərin dəyişdirilməsinə dair razılaşma qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə cavab verməmiş, bu səbəbdən etibarsız olmuşdur. Ona görə də, Cavabdeh2 384 və 385 saylı mənzillərin dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair iddianı qəbul etməsi həmin iddianın təmin edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddia İddiaçı ilə Cavabdeh2 arasında mənzillərin dəyişdirilməsinin tanınmasına aid hissədə də əsassız olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1 və 139-1.1.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq norma). Həmin Məcəllənin 393-cü maddəsinə əsasən, tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.6-cı maddələrinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. Beləliklə, məhkəmə kollegiyası işin hallarını apellyasiya şikayətinin dəlilləri əsasında araşdıraraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisinin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir və hesab edir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh "xxxx" Mənzil Tikint Kooperativi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2(004)-3301/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-633/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-633/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver