Məhkəmə qərarları › İş №2(103)-6334/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6334/2021

17.06.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6334/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X3, Üçüncü şəxs X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə iddianı təmin etmə barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2516/2021 saylı 26 aprel 2021-ci il tarixli qərardadından (üçüncü şəxs qismində cəlb edilməklə) X4 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 08 may 2013-cü il tarixdə bağlanmış ünvan 1 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbə ümumi sahəsi 178.4 kv.m olan 78 saylı mənzilinin (yeni 84 nömrəli mənzil) izolə olunmuş 4 otaqdan ibarət olub bir pay kimi verilməsinə dair müqavilənin ləğv edilməsi, onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, dəymiş maddi ziyanın əvəzi olaraq 12.000 manat, mənəvi ziyanın əvəzi olaraq 5000 manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı səlahiyyətli nümayəndəsi-vəkili Ramil Vəliyev məhkəməyə iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək hazırki mülki işə məhkəmədə mahiyyəti üzrə baxılıb qəbul edilmiş qətnamə qanuni qüvvəsini alanadək ünvan 2 ünvanında yerləşən 84 (əvvəlki nömrəsi 78) saylı mənzilin və mənzildə yerləşən əşyaların (mebel və məişət əşyalarının) üzərinə həbsin qoyulması, həmçinin mübahisəli mənzildən üzərinə həbs qoyulacaq əmlakların mənzildən çıxarılması, eyni zamanda İİİ şəxslərin mənzilə daxil olmasının (daimi yaşamaq üçün) qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2516/2021 saylı 26 aprel 2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında yerləşən 84 (əvvəlki nömrəsi 78) saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə qadağan edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2516/2021 saylı 26 aprel 2021-ci il tarixli qərardadından (üçüncü şəxs qismində cəlb edilməklə) X4 şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən 3-cü şəxs X2, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən iddiaçının səlahiyyətli nümayəndəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2516/2021 saylı 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1-ci maddəsinə görə məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər. Mülki Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinə əsasən məhkəmə işə mahiyyəti üzrə baxılıb qurtarana qədər müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci və 158-ci maddələrinin məzmunundan görünür ki, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından ibarətdir. İddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2.-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəsi ilə razılaşaraq hesab edir ki, ünvan 1 ünvanında yerləşən 84 (əvvəlki nömrəsi 78) saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan olunması özlüyündə həmin əmlakla bağlı hər hansı hərəkətlərin aparılmasının qadağan olunmasını özündə ehtiva edir. Digər tərəfdən əmlakın özgəninkiləşdirilməsinin qadağan olunması iddianın təmin edilməsi üçün əsaslar olduğu halda qətnamənin gələcəkdə icrasını təmin etmək üçün yetərli olacaqdır. İddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqənin mövcud olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtarana qədər iddianı təmin etmə tədbiri barədə ərizəni qismən təmin edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən 84 (əvvəlki nömrəsi 78) saylı mənzilin özgəninkiləşdirilməsi cavabdehlərə qadağan edilməsini qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: İş üzrə 3-cü şəxs X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2516/2021 saylı 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar