Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6334/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun ləğv olunması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 avqust 2023-cü il tarixli qətnamədən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdeh ASC-yə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC tərəfindən ona əsassız olaraq hesablanmış 2.052 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 171 nömrəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. ASC ilə iddiaçı arasında bağlanmış 45322417 №-li müqaviləyə əsasən, iddiaçı, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sayğac göstəricilərinə uyğun olaraq istifadə olunmuş suyun dəyərini – 590 manatı tam olaraq ASC-yə ödəmişdir. Lakin, ASC-nin əməkdaşları 2023-cü ilin aprel ayında əsassız və qanunsuz olaraq akt tərtib edərək iddiaçıya isti sudan istifadəyə görə 2.052 manat məbləğində borc hesablamışlar. Halbuki, iddiaçıya məxsus mənzilə isti su mərkəzləşdirilmiş qaydada "xxxx" MMMC-nin qazanxanasından verilir və o, MMMC ümumi sayğacdan keçən suyun istehlak miqdarına uyğun hər ay ödənişləri MMMC-yə, MMMC isə öz növbəsində ASC-yə ödəyir. Buna görə də iddiaçıya hesablanmış borc əsassızdır. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh ASC tərəfindən 2.052 manat məbləğində borcun qanuni əsaslarla yazılmasına dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddia əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh ASC-nin buna səlahiyyəti olan nümayəndəsi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan mənzilə suyun verilməsi ilə bağlı iddiaçı ilə ASC-nin Nəsimi Sukanal İdarəsi ilə xx.xx.2022ci il tarixdə qeyri-əhali tarifində müqavilə bağlanmışdır. İdarənin əməkdaşları xx.xx.2023-ci il tarixdə iddiaçıya məxsus obyektə baxış keçirən zaman sayğacdan kənar bir ədəd d=15 mm-lik boru vasitəsilə sudan qeyri-qanuni istifadə edilməsi faktı aşkar edilmişdir. Həmin fakt üzrə tərtib edilmiş akta əsasən tarif fərqi mövcud olduğundan əlavə sərfiyyata görə 2.052 manat dəymiş ziyan hesablanmışdır. Borcun hesablanması əsaslı olmuş, lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
7. İşə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmiş iddiaçı və cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
8. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
9. Belə ki, DƏDRX tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş xx.xx.2020 tarixli “Çıxarışdan” görünür ki, iddia ərizəsində qeyd edilən mənzil iddiaçının mülkiyyətindədir.
10. Cavabdeh ASC-nin Nəsimi Rayon Sukanal İdarəsi üzrə ödənişlərin siyahısından görünür ki, iddiaçı ilə Sukanal İdarəsi arasında bağlanmış 45322417 nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində sudan istifadəyə görə hesablanmış borc iddiaçı tərəfindən hər ay vaxtı-vaxtında ödənilmiş və iddiaçının sudan istifadəyə görə cavabdeh ASC-yə borcu yoxdur.
11. "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 56 nömrəli arayışdan görünür ki, iddiaçıya məxsus mənzilin isti su ilə təchiz edilməsi mərkəzləşdirilmiş qaydada MMMC-nin qazanxanası vasitəsi ilə həyata keçirilir. MMMC, binanın ümumi sayğacından keçən suyun istehlak miqdarına uyğun hər ay Nəsimi Rayon Sukanal İdarəsinə ödənişlər edir.
12. Nəsimi Rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, iddiaçıya məxsus olan ofisin su təchizatı və sayğac qovşağının vəziyyəti yoxlanaraq müəyyən edilmişdir ki, obyektin isti sudan istifadəyə görə müqaviləsi yoxdur. Lakin obyektdə istifadə edilən isti su xətti MTK-nın (MMMC) girişində ona məxsus CTB (8000657) isti su sayğacından keçir. MTK isti suya müqaviləsi əhali tərəfindədir. Obyektin soyuq suya müqaviləsi qeyri-əhali tərəfindədir. Obyektdə istifadə edilən istisuya görə tarif fərqi mövcud olduğundan tarifə görə əlavə sərfiyyatın hesablanması məqsədə uyğundur.
13. Həmin İdarə tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Hesab fakturadan” görünür ki, 2023-cü ilin aprel ayında istifadə olunmuş su təchizatı və kanalizasiya xidmətləri haqqının ödənişi üçün 2.052 manat borc hesablanmışdır.
14. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir (maddə 5.3.). Hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını təmin etməlidir (maddə 12.; bənd “b”). Verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir (maddə 30.). Fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur (maddə 31.). Suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür (maddə 32.). Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır (maddə 61.1.).
15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər (maddə 3.). İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir (maddə 26.).
16. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin hazırki işin hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixinədək sayğac göstəricilərinə uyğun olaraq istifadə olunmuş suyun dəyəri – 590 manat tam olaraq ödənilmişdir. Bununla belə, obyektin isti sudan istifadəyə görə müqaviləsi yoxdur, mənzil isti suyu mərkəzləşdirilmiş qaydada MMMC-nin qazanxanasından alır və ümumi sayğacdan keçən suyun istehlak miqdarına uyğun hər ay Nəsimi Rayon Sukanal İdarəsinə MMMC tərəfindən ödənilmişdir. Belə olan halda, iddiaçı ilə cavabdeh ASC arasında isti suyun verilməsinə dair müqavilə bağlanmadığı halda, isti suyun qeyri-əhali qrupu üçün müəyyən edilmiş tarif üzrə müəyyən edilməsi və tarif fərqinin hesablanaraq iddiaçıya 2.052 manat borcun yazılması əsassızdır. ASC, isti su ilə bağlı yaranmış borcun ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyil.
18. Su istehlakçısı olan iddiaçının cavabdeh ASC-yə 2.052 manat borcunun olmasını sübut etmək vəzifəsi cavabdeh ASC-nin üzərinə düşür. Lakin cavabdeh ASC həmin borcun qanuni əsaslarla hesablanmasını sübut edə bilməmişdir. İşə baxmış Rayon Məhkəməsi də eyni nəticəyə gəlməkdə və iddianı əsaslı hesab etməkdə haqlı olmuşdur. Cavabdeh ASC-nin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. e) apellyasiya baxışının nəticəsi
19. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
20. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
23. Odur ki göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 avqust 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.