Məhkəmə qərarları › İş №2(103)-6339/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6339/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6339/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlisəfa qızına qarşı (Açar sözlər: “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 Əlisəfa qızının və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlisəfa qızına qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-3178/2023 nömrəli qətnaməsindən Cavabdeh2 Əlisəfa qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Sığorta dəyəri 132.397,5 manat olan 2019-cu il buraxılışlı “Audi A6” markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixinədək “Avtonəqliyyat vasitəsinin tam (kasko) sığortası” növü üzrə sığortalanmışdır. Azadolma məbləği 100 manat təşkil etmişdir.

2. Cavabdeh1 mülkiyyətində olan **-RF-*** dövlət qeydiyyat nişanlı, “KİA Rio” markalı nəqliyyat vasitəsi arvadı Cavabdeh2 Əlisəfa qızı tərəfindən etibarnamə əsasında idarə olunarkən xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş vermiş, nəticəfə “Audi A6” markalı avtonəqliyyat vasitəsi zədələnmişdir.

3. Cavabdeh2 Əlisəfa qızı barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, sonra müvafiq qərar qəbul edilməklə inzibati məsuliyyətə cəlb edilmişdir.

4. Şikar X2 RPİ DYPŞ-nə ünvanladığı izahatında baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirini etiraf etmişdir.

5. “Audi A6” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin 10.696 manat məbləğində olduğu müəyyən edilmiş, azadolma məbləği 100 manat nəzərə alınmaqla 10.596 manat məbləğində vəsait nəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

6. Təqsirli tərəfin mülki məsuliyyətinin icbari sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4.953,25 manat məbləğində vəsait ödənilmişdir.

7. Cavabdeh1 xx.xx.2020-ci il tarixində "xxxx" ASC-yə ərizə ilə müraciət edərək xx.xx.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində həyata keçirilmiş 10.596 manat məbləğində sığorta ödənişinin 5.642,75 manat hissəsinə onun maddi vəziyyəti və şəhid ailəsinin üzvü olduğu nəzərə alınaraq endirim tətbiq olunmasını və həmin məbləğin 18 ay ərzində ödənilməsi barədə razılıq əldə edilməsini xahiş etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Əlisəfa qızına qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən iddiaçının xeyrinə 5.642,75 manat məbləğində vəsaitin, 76,83 manat dövlət rüsumunun və 0,4 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 Əlisəfa qızı tərəfindən idarə olunan **-RF-*** dövlət qeydiyyat nişanlı, “KİA Rio” markalı nəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsinin tam sığortası” növü üzrə sığortalanmış **-PB-*** dövlət qeydiyyat nişanlı, “Audi A6” markalı avtonəqliyyat vasitəsinin toqquşması nəticəsində sonuncuya zərər vurulmuşdur. Hadisə ilə bağlı qəbul edilmiş müvafiq qərara əsasən Cavabdeh2 Əlisəfa qızı təqsirli bilinmişdir. Sığortalı Audi 6 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində 10.596 manat pul avtonəqliyyat vasitəsinin təmiri ilə əlaqədar ödənilmişdir. Təqsirli tərəfin icbarı sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 4.953,25 manat məbləğində vəsait ödənilmiş, qalan 5.643,75 manat cavabdehlər tərəfindən ödənilməsi sonunculara təklif olunsa da, müsbət nəticə əldə edilməmişdir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir.

10. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3178/2023 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia qismən təmin edilmiş, Cavabdeh2 Əlisəfa qızından 5.642,75 manat pul və ödənilmiş 76,83 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 Əlisəfa qızının hazırki iddia tələbi üzrə məsuliyyətinin qanuni əsası mövcuddur və onun təqsiri müvafiq inzibati xəta haqqında qərara müvafiq olaraq müəyyən edilmişdir. Bu səbəbdən, Cavabdeh2 qarşı iddia tələbi qanuni və əsaslıdır.

12. Lakin iddia tələbi üzrə “KİA Rio” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 məsuliyyətinin hüquqi əsası mövcud deyildir. Belə ki, Cavabdeh1 baş vermiş yol nəqliyyat hadisəsi üzrə hər hansı təqsiri və ya məsuliyyəti iş materiallarına əsasən müəyyən edilmir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1108.1, 1108.2, 1108.3-cü maddələrinə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh2 Əlisəfa qızı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yol-nəqliyyat hadisəsi nəticəsində hesablanmış zərərin şişirdilmiş məbləğ olması, həqiqi, real bazar qiymətindən qat-qat artıq olması barədə cavabdehin şifahi vəsatətinə əhəmiyyət verməmiş, yol nəqliyyat hadisəsi nəticəsində zədələnmiş hissələrin dəyərinin, həmin hissələrin təmirinə (təmiri mümkün olmadığı halda dəyişdirilməsi) çəkilmiş xərclərin, bununla bağlı görülən işlərin (xidmətlərin) dəyərinin müəyyən edilməsi üçün əmtəəşünaslıq ekspertizası təyin etməmiş, ziddiyyətli məqamlara aydınlıq gətirmədən əsassız və qanunsuz qətnamə qəbul edərək iddiaçının tələbini əsassız olaraq qismən təmin etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnamənin təmin olunmuş hissəsində “Audi A6” markalı, **-PB-*** nömrəli avtomaşına 10.596 manat dəymiş ziyanı əsaslı hesab etsə də, həmin zərərin hansı meyarlar əsasında hesablandığı müəyyən edilmir. İş materiallarında olan qüsur aktında, habelə mütəxəssis rəyində nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği hazırda həmin buraxılış ili olan nəqliyyat vasitəsinin bazar dəyəri ilə eyniləşdirilmişdir ki, nəticədə iddiaçının əsassız şəkildə gəlir əldə etməsinə səbəb olmuşdur. Halbuki, təqdim edilmiş fotoşəkillərdən bəlli olur ki, nəqliyyat vasitəsi tam yararsız hala düşməmiş, yalnız qarşı sol hissəsi zədələnmişdir. Eyni zamanda, məhkəmə tərəfindən iş üzrə qətnamə qəbul edilən zaman Yasamal rayon Pİ-nin inzibati tənbeh haqqında qərarına istinad edilmişdir ki, həmin qərar hazırki iş üzrə yalnız cavabdehin tam olaraq təqsirli olmasını sübut etmir. Məhkəmə tərəfindən hazırki iş üzrə ilk növbədə müəyyən edilməli olan hal ondan ibarətdir ki, cavabdehin vurmuş olduğu zərər onun hərəkətləri ilə birbaşa əlaqəlidirmi? Yol nəqliyyat hadisəsini törətmiş faktiki sürücünün “dəyişdirilməsi” hissəsinə hüquqi qiymət verilməmişdir. Hazırki iş üzrə iddiaçının həmin yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olub-olmamasına hüquqi qiymət verilməmişdir. “Audi A6” markalı avtomaşının arxadan “KİA Rio” markalı avtomaşını vurması istər inzibati tənbeh tətbiq olunan zaman, istərsə də hazırkı iş ilə birbaşa əlaqəli olduğuna baxmayaraq məhkəmə baxışı zamanı qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, yalnız inzibati tənbehin tətbiq edilməsi haqqında qərara istinad etmiş, zərərin vurulmasında “Audi A6 markalı” avtomaşının rolunu müəyyən etməmiş və bunu tam sübuta yetirə bilməmişdir. Hazırkı iş üzrə keçirilən məhkəmə iclası zamanı cavabdeh tərəfindən iş üzrə ekspertizanın keçirilməsinə dair dəfələrlə şifahi vəsatət verilsə də, vəsatətlər nəzərə alınmamış, məhkəmənin təşəbbüsü ilə ekspertiza təyin edilməmiş, həmin vəsatətlərə münasibət bildirilməmiş və hərəkətsiz saxlanılmışdır. Vəsatəti şifahi verməyi məhkəmənin öz təşəbbüsü ilə ekspertza təyin etməməsinə haqq qazandırmır. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarındakı mütəxəssis rəyi, habelə qüsur aktının qiymətləndirilməsi zamanı yanlışlığa yol verilmiş, birtərəfli olaraq rəy əsas götürmüşdür. Halbuki, rəy tərtib edilərkən nəqliyyat vasitəsinə yerindəcə baxış həyata keçirilməmiş, vizual və foto təsvirlər əsasında rəy verilmişdir ki, məhkəmə bu halı nəzərə almamış və iş üzrə ekspertiza təyin etməmişdir. Məhkəmə tərəfindən “Audi A6” markalı avtomaşının yol-nəqliyyat vasitəsi zamanı faktiki idarə edən sürücüsünün həqiqi kimliyinin müəyyən olunması istiqamətində müəyyən hərəkətlərin edilməsi ilə bağlı müvafiq tapşırıq versəydi, sözügedən yol nəqliyyat hadisəsi sığorta hadisəsi olsa da, “Audi A6” markalı avtomaşına dəymiş zərərə görə sığortaçı tərəfindən pul ödənilməsi (sığotra müqaviləsinin şərtlərinin pozulması, etbarnamə olmadan avtomaşının Türkiyə vətəndaşı tərəfindən idarə edilməsi, sürücünün dəyişdirilməsi və s.) baş tutmayacaqdı və hazırkı məhkəmə mübahisəsi mövcud olmayacaqdı. Belə ki, “Audi A6” markalı avtomaşını idarə edən Türkiyə Respublikasının vətəndaşı, türk millətindən olan sürücü ona yaxınlaşıb sola hərəkət etməkdə onu günahlandırmış, özünün "xxxx" ASC-nin rəhbəri olduğunu bildirmişdir. Təxminən bir saatdan sonra DYP əməkdaşları, sığorta agentləri gəlib sənədləşmə işlərini aparmışdılar. Cavabdeh də DYPB-nə gedib izahat vermişdir. Qeyd edir ki, “Audi A6” markalı avtomaşının qabaq sol tərəfində əzik var idi. Onun maşını əzilməmişdir, kiçik cızıq var idi. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi iştirak etməmiş, tərəflərin məhkəmə çəkişməsi təmin edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin surətlərini cavabdehlərə təqdim etdikdən sonra sənədlərdən (işə əlavə edilmiş sürücülük vəsiqəsindən) bəlli oldu ki, guya “Audi A6” markalı avtomaşını X3 idarə edibmiş. Bu saxtakarlıq barədə hakimə bildirsələr də, həmin şəxsin məhkəməyə dəvət olunması, Şərifzadə küçəsində YNH-baş verdiyi əraziyə qədər əvvəlki kameraların arxiv görüntülərinin tələb olunması, kamera görüntülərindəki “Audi A6” markalı avtomaşını həqiqətdə idarə edən sürücü ilə X1 şəxsiyyətinin eyniləşdirilməsinin aparılması barədə şifahi vəsatət verməsinə baxmayaraq, hakim vəsatətə əhəmiyyət verməmişdir. Yol nəqliyat hadisəsini törətmiş iki avtomaşından birinə 10.696 manat, digərində isə 100 manatdan da az ziyan dəyməsinin ağlabatan olub-olmamasına hüquqi qiymət verilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Əlisəfa qızı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, yoldaşı Cavabdeh1 mübahisəli məbləği qəbul etdiyindən deyil, "xxxx" ASC-nin əməkdaşları təklif etdiyindən ərizə ilə müraciət etmişdir ki, şəhid ailəsi olduqlarına görə məlbəğin hissə-hissə ödənilməsinə dair "xxxx" ASC-nin rəhbərliyi ilə razılıq əldə olunsun. Lakin "xxxx" ASC tərəfindən həmin mücaiətə cavab verilməmişdir. Qüsur aktında göstərilən ehtiyyat hissələrinin qiymətləri həqiqəti əks etdirmir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdehə məxsus avtomobil hələ də təmir olunmayıb, avtomobildə bir batıq və cızıq var. Dəymiş zərərlə bağlı məbləğ isə şişirdilmiş məbləğdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, “Audi A6” markalı avtomaşının bir ədəd qabaq farasının qiyməti 10.000 manata yaxındır, məhkəmə prosesi başlamamışdan öncə bunu mağazaya zəng edərək dəqiqləşdirmişdir. “Audi A6” markalı avtomaşın təmir olunarkən istifadə olunmuş ehtiyyat hissələrindən istifadə edilmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 61.1. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək və s. hüquqları vardır.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Hazırkı işdə iddia qismən təmin olunduğundan və Cavabdeh2 apellyasiya şikayətində qətnaməni iş üzrə iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, Cavabdeh2 Əlisəfa qızı xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş, hadisə nəticəsində “Audi A6” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin bir hissəsi Cavabdeh2 mülki məsuliyyətinin icbari sığortaçısı tərəfindən iddiaçıya ödənilmiş, iddiaçı subroqasiya qaydasında tələb hüququndan istifadə etməklə vurulmuş zərərin ödənilməmiş qalan 5.642,75 manat hissəsini cavabdehlərdən tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, Cavabdeh2 Əlisəfa qızına münasibətdə iddia əsaslı olduğundan təmin edilməlidir.

29. Məhkəmə kollegiyası cavabdehin yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olub-olmamasına hüquqi qiymət verilməməsi, məhkəmə tərəfindən “Audi A6” markalı avtomaşının yol-nəqliyyat vasitəsi zamanı faktiki idarə edən sürücüsünün həqiqi kimliyinin araşdırılmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, iş üzrə qəbul edilmiş qərardan şikayət vermək kimi qanunvericilikdə nəzərdə tutulan hüquqları vardır. İşdən görünür ki, Cavabdeh2 onun barəsində tərtib edilmiş inzibati məsuliyyətə cəlb edilmə haqqında qərarı mübahisələndirməmiş və izahatında da baş vermiş yol nəqliyyat hadisəsi üzrə təqsirini etiraf etmişdir.

30. Bundan başqa, cavabdeh apellyasiya şikayətində “Audi A6” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin şişirdilmiş olduğunu bildirərsə də, kollegiya qeyd edir ki, Cavabdeh2 əri – hazırki iş üzrə digər Cavabdeh1 iddiaçıya ərizə ilə müraciət edərək hazırki iddia üzrə tələb olunan məbləğə endirimin tətbiq olunmasını və həmin məbləğin 18 ay ərzində ödənilməsini xahiş etmişdir. Göründüyü kimi, həmin məbləğ mübahisələndirilməmiş, yalnız müəyyən güzəştin olunması xahiş edilmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh2 Əlisəfa qızının apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 3178/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar