Məhkəmə qərarları › İş №2(103)-634/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-634/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-634/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 8, 1004 (yeni 881) saylı mənzilin alqı-satqısına dair bağlanmış 19 mart 2013-cu il tarixli, 17081 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 8, 1004 (yeni 881) saylı mənzilin boşaldılması və mənzilin iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Novruzova, iş № 2(005)-1881/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında Bakı şəhəri, Nərimanov rayonu, 1937 saylı məhəllə, Əliyar Əliyev küçəsi, bina 8, blok 8, 1004 (yeni 881) saylı mənzilin alqı-satqısına dair 19 mart 2013-cu il tarixli, 17081 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 141679,95 manat müəyyən edilmiş və həmin məbləği 120 ay müddətində hər ay 1097,33 manat olmaqla hər ayın 19-dək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən uzun müddətdir ki, aylıq ödənişlər edilmir, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini də pozmaqda davam edir. Bu hal iddiaçıya müqavilənin 3.1.1.3. və 3.1.1.7-ci bəndlərinə əsasən cavabdehi yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Müqavilənin 3.1.1.3-cü bəndinə əsasən alıcı bu Müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusilə Müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş ödəniş qaydaları barədə müddəaları pozduqda, satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Müqavilənin 3.1.1.7-ci bəndinə əsasən alıcı bu Müqavilə ilə müəyyən olunmuş ödəniş müddətindən sonrakı 30 təqvim günü ərzində ödəniş etmədikdə, yazılı xəbərdar edildikdən sonra, satıcının bu Müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Bu Razılaşma satıcı tərəfindən alıcını qabaqcadan yazılı xəbərdar etməklə birtərəfli qaydada ləğv edilə bilər və bu halda mənzil satıcıya geri qaytarılmalıdır/təhvil verilməlidir. Cavabdeh tərəfindən Müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı Müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Tələb olunan mənzil Nərimanov rayonunda yerləşir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsində Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, maddi vəziyyəti pisləşdiyindən mənzilə görə ödənişlər edə bilmir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə qətnaməsində ölkədə olan hazırkı vəziyyət nəzərə alınmamışdır. Mənzilin kreditinin ödənişinin gecikdirilməsinin əsas səbəbi onun həmin müddət ərzində işləmədiyi, həmçinin işə düzələ bilməməsinin əsas səbəbi dünyaya yayılmış pandemiyanın ölkədə də ağır nəticələrə səbəb olması və Respublikamızda xüsusi karantin rejiminin tətbiq olunması nəticəsində ondan irəli gəlmişdir. O, bu günə qədər 85.000 manatdan artıq pul ödəmişdir, təmirə təxminən 100.000 manat pul xərcləmişdir, mənzilin bazar dəyəri 260.000 manat təşkil edir. Qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş edir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Nərimanov Rayon Məhkəməsinin iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 19 mart 2013-cü il tarixli, 17081 nömrəli müqaviləyə əsasən Bakı şəhərində, Nərimanov rayonu ərazisində 1937 saylı məhəllədə Əliyar Əliyev küç., 8 saylı binanın ,8-ci blok, 16-cı mərtəbə, 1004 saylı 3 otaqdan ibarət, ümumi sahəsi 129.16 kv.m olan mənzili Cavabdeh tərəfindən 141.679,95 manata cavabdeh tərəfindən alınmışdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh mənzilin dəyərini hər ay 1097,33 manat olmaqla 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən cəmi 83.652,45 manat məbləğində, yəni 76 aylıq ödəniş edilmiş, qalan məbləğin ödənilməsi ilə bağlı öhdəlik icra edilməmişdir. Belə ki, alıcının qrafik üzrə 27301,91 manat və ya 25 ay aylıq ödəniş məbləği borcu mövcuddur. Alıcı 29.11.2018-ci il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır və ödəniş müddətində gecikmə günlərinin sayı 2 il 1 ay təşkil edir. İddiaçı müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulmasının davam etməsini müəyyən etdikdən sonra müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə təklif göndərsə də, cavabdeh tərəfindən həmin təklifə heç bir cavab verilməmiş və bu səbəbdən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq təmin etmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 387.2, 389.1, 399.3, 421, 423, 433, 442, 448-ci və MPM-nin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi aylıq ödənişlərin üzrlü səbəbdən – pandemiya ilə bağlı ödənilmədiyini, onun həmin müddət ərzində işləmədiyini nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsassız sayır və qeyd edir ki, cavabdeh müqavilə üzrə ödənişləri pandemiya dövründə deyil, ondan bir il əvvəldən, 29 noyabr 2018-ci ildən dayandırmışdır. Bu baxımdan şikayətdə göstərilən dəlillər onun müqavilə öhdəliyinin icrasından yayınması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı dəlilləri də əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 26 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar