Məhkəmə qərarları › İş №2(103)-6342/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6342/2023

17.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6342/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(011)-3013/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evində təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdeh tərəfindən baxış keçirilmişdir, baxış zamanı “abonent sayğacın dişli çarxlarını kəsərək sayğaca müdaxilə etmişdir, nəticədə sayğac sərfiyyatı qeyd etmir” barədə nöqsan qeyd olunmuş və bu əsasla cavabdeh tərəfindən təbii X3 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilməklə, borunun en kəsiyinə uyğun olaraq 6 m3, sutkalıq 24 saat və illik 360 gün müddətinə hesablaşma aparılmış və bu hesablaşmaya uyğun olaraq itirilmiş təbii qazın bərpası üzrə 51840 m3 (6X24X360) sərfiyyat, bunun məbləği kimi isə 6220,8 manat borc müəyyən edilmişdir və həmin məbləğ də iddiaçının **********00000 saylı abonent hesabına yazılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindəki **********00000 abonent koduna qanunsuz olaraq hesablanmış 6220,80 manat məbləğində borcun silinməsini cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən bir neçə metr aralıda Cavabdeh İB tərəfindən quraşdırılmış Fransa istehsalı olan smart qaz sayğacına xx.xx.2023-cü il tarixində axşam saatlarında özlərini təqdim etməyən, sözdə “ işçi qrupu kimi adlanan bir qrup dəstə” onun iştirakı olmadan və iştirakını təmin etmədən birtərəfli qaydada qaz sayğacına baxış keçirdərək, qaz sayğacının müxtəlif düymələrinə müdaxilə etmişlər, həmin zaman isə qaz sayğacının düzgün işləmədiyinin müəyyən edilməsi əsası ilə 6220,80 manat məbləğində borc yazmışdırlar. Borcun kimlər tərəfindən və hansı normativ hüquqi akta əsasən hesablanması ilə bağlı tərəfindən maraqlandıqda bu barədə ona heç bir dəqiq məlumat və ya rəsmi sənəd (baxış aktı, zərər aktı və s.) təqdim edilməmişdir. Fərdi yaşayış evindən bir neçə metr aralı həyətdə Cavabdeh İB tərəfindən quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin öz işçiləri tərəfindən vizual müdaxiləyə yol verilməklə ünvanına heç bir normativ hüquqi akta əsaslanmadan astronomik şəkildə 6220,80 manat məbləğində borcun yazılması qanunsuz və əsassızdır. İddiaçı məlumat üçün qeyd etmişdir ki, 2020-ci ilin may ayından etibarən başqa ünvanda yaşayır, borcun yazıldığı ünvan isə ona məxsus 2-ci ünvandır və həmin ünvana arada bir gedib-gəlir. İddiaçı qeyddə bildirmişdir ki, o, qaz sayğacına müdaxilə etməmişdir və qaz sayğacının işlək vəziyyətində texniki nasazlıq yaranmışdırsa bu, onun təqsiri ucbatından da baş verməmişdir.Qaz sayğacına müdaxilə edilmişdirsə və ya texniki vəziyyəti nasaz vəziyyətə gətirilmişdirsə, bu hal küçədən keçən istənilən şəxs tərəfindən və eləcə də qaz sayğacına birtərəfli qaydada baxış keçirən zaman səlahiyyəti təsdiq olunmayan “ Azəriqaz “ İB-nin əməkdaşları tərəfindən də törədilmiş ola bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(011)- 3013/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 5443 (beş min dörd yüz qırx üç) manat 20 (iyirmi) qəpik məbləğində borcun silinməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdehndən 74 (yetmiş dord) manat, 43 (qırx üç) qəpik dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən abonent kodu üzrə sayğac göstəricisi əsasında 2019-2020-ci il mayından bir il ərzində ümumilikdə 1409 (10+10+5+1+1+160+345+200+195+230+200+52) manat ödəniş həyata keçirilmişdir. Bununla belə, 2020-ci ilin sentyabr ayından sonrakı dövrlər üzrə hesablaşmalara dair hallar (sayğac göstəricisi, sərfiyyat, ödənişlər, sayğaca sonuncu baxış vaxtı) məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə, itirilmiş təbii qaz sərfiyyatına münasibətdə qeyd etmişdir ki, itirilmiş qaz sərfiyyatına bağlı olaraq dəymiş ziyana görə hesablaşma “6 m3 x 24 saat x 360 gün = 51840 m3” düstur üzrə aparılmışdır ki, bu hesablaşma da sutkalıq və illik sərfiyyat üzrə qanunla müəyyən edilmiş həddə cavab vermir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları» na 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanır. Məhkəmə itirilmiş qaz sərfiyyatına münasibətdə qeyd etmişdir ki, ümumilikdə itirilmiş qaz sərfiyyatı qanunvericiliyə uyğun olaraq sutkalıq 12 saat, aylıq 3 ay (90 gün) müddəti götürülməklə hesablanmalıdır ki, bu da 777,6 (6m3 x 12 saat x 90 gün = 6480 m3X12 qəpik) manat təşkil edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının abonent hesabına yazılmış 6220,80 manat borcdan 777,6 manat saxlanılmalı, 5443,20 (6220,80-777,60) manat silinməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, eyni zamanda itirilmiş qaz sərfiyyatı müəyyən olunduğundan, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına itirilmiş qazın bərpası məqsədilə hesablanmış 5443,20 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbi 1000 manatdan çox olduğundan və cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, 74,43 manat məbləğində pul Cavabdeh İB-dən alınaraq dövlət büdcəsinə ödənilməlidir. nəticələnəcəkdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin – iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən həmçinin cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materialları əsasında, nə də məhkəmədə işə baxılan zaman iddiaçının qaz sayğacına müdaxilə etməsi, yəni qaz sayğacının sərfiyyatı qeyd etməməsinin onun təqsirindən baş verməsi sübuta yetirilməmişdir. Bununla bağlı Cavabdeh İB tərəfindən məhkəməyə tutarlı sübut və ya hər hansı təsdiqedici sənəd təqdim edilməmişdir. Lakin məhkəmə tərəfindən iddia tələbinin təmin olunmayan hissəsində qanunsuz qətnamə qəbul edilmiş, abonent kodundan 777,60 manat əsassız borc silinməmişdir. Bundan başqa onun iştirakı olmadan birtərəfli qaydada qaz sayğacına baxış keçirən zaman Cavabdeh işçilərinin özləri qaz sayğacına müdaxilə etmiş, sonra isə haqsız qazanc əldə etmək üçün ona əsassız yerə borc yazılmışdır. Qaz sayğacı ona məxsus fərdi yaşayış evindən aralı küçədə quraşdırılmışdır, qaz sayğacının da işlək vəziyyətdə saxlanmasına cavabdeh deyildir. Həmçinin məhkəmə tərəfindən abonent koduna yazılmış 6220,80 manat borcun məhkəmə tərəfindən 777,60 manat hissəsi saxlanılmaqla 5443,20 manat hissəsi silinərkən X3 6.5-2 - ci yarımbəndinə istinad edilmiş və hesablama ona uyğun aparılmışdır. İş materiallarından göründüyü kimi xx.xx.2023-cü il tarixində tərtib edilmiş bir akt üzrə məhkəmə qanunsuz hesablama aparmışdır. Məhkəmə hesablama apararkən, “Qazdan istifadə Qaydaları”na xx.xx.2023-cü il tarixli qərarla sonradan əlavə edilmiş 6.5-2-ci yarımbəndinə istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə onun vəziyyətini ağırlaşdırmışdır. Bununla yanaşı qeyd edir ki, ünvan 2 ünvanında yaşayan qonşuların da qaz sayğaclarını 03/2023-cü il tarixində çıxarmış Azəriqaz İB işçiləri onların da hər birinə “sayğacın dişli çarxlarının kəsilərək müdaxilə edilməsi və qaz sayğacının sərfiyyatı qeyd etməməsi” nöqsanı ilə ümumi qaydada 6220,80 manat məbləğində borc yazmışdır. Qonşularına yazılan 6220,80 manat məbləğində borcların silinməsi üzrə eyni məzmunlu işlərə baxmış Xətai Rayon Məhkəməsinin digər hakimləri həmin borcları tam silmişlər. Hazırki iş üzrə üzrə iddia qismən təmin olunmaqla əsassız qətnamə qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın ekranının söndüyü aşkar edilmişdir. Sayğac dərhal əvəz olunaraq Dövlət yoxlamasına göndərilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında akt tərtib edilmişdir. Daha sonra isə Cavabdeh İB Metrologiya Departamentində sayğaca baxış keçirilmiş və müvafiq rəyə əsasən istehlakçının məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuşdur. Qeyd olunanlara əsasən “təbii X3 pozulması haqqında” akt tərtib edilmiş, həmin akt əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq olumuşdur. Həmin tələbnaməyə əsasən itirilmiş təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni sayğaca müdaxilə edərək təbii qazın dəyərini ödəmədən istifadə etmiş və cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Cavabdeh İB nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt və iş materiallarında olan digər sübutlar Birliyə vurulmuş zərəri sübut edir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. “Qaz təchizatı haqqında” qanun: 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdeh tərəfindən baxış keçirilmiş, baxış zamanı “abonent sayğacın dişli çarxlarını kəsərək sayğaca müdaxilə etmişdir, nəticədə sayğac sərfiyyatı qeyd etmir” barədə nöqsan qeyd olunmuş və bu əsasla cavabdeh tərəfindən təbii X3 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilməklə, borunun en kəsiyinə uyğun olaraq 6 m3, sutkalıq 24 saat və illik 360 gün müddətinə hesablaşma aparılmış və bu hesablaşmaya uyğun olaraq itirilmiş təbii qazın bərpası üzrə 51840 m3 (6X24X360) sərfiyyat, bunun məbləği kimi isə 6220,8 manat borc müəyyən edilmişdir və həmin məbləğ də iddiaçının **********00000 saylı abonent hesabına yazılmışdır, hazırda iddia tələbi 6220,80 manat borcun silinməsi barədədir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abonent saldosundan görünür ki, iddiaçının **********00000 saylı abonent koduna 03/2023 tarixi üçün “Qalıq və aktlar” qrafasında 6220,80 manat borc yazılmışdır. Birinci instansiya məhkəməsi itirilmiş qaz sərfiyyatı qanunvericiliyə uyğun olaraq sutkalıq 12 saat, aylıq 3 ay (90 gün) müddəti götürülməklə hesablanmalı olmasına gəlsə də bu qənaətini iddiaçı tərəfindən abonent kodu üzrə sayğac göstəricisi əsasında 2019 2020-ci il mayından bir il ərzində ümumilikdə 1409 (10+10+5+1+1+160+345+200+195+230+200+52) manat ödəniş həyata keçirilməsi, bununla belə, 2020-ci ilin sentyabr ayından sonrakı dövrlər üzrə hesablaşmalara dair hallar (sayğac göstəricisi, sərfiyyat, ödənişlər, sayğaca sonuncu baxış vaxtı) məhkəmə tərəfindən müəyyən olunmaması ilə əsaslandırmışdır. Məhkəmənin qənaətinə görə itirilmiş qaz sərfiyyatına bağlı olaraq dəymiş ziyana görə hesablaşma “ 6m3 x 24 saat x 360 gün = 51840 m3” düstur üzrə aparılmışdır ki, bu hesablaşma da sutkalıq və illik sərfiyyat üzrə qanunla müəyyən edilmiş həddə cavab vermir. Başqa sözlə, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən təbii X3 pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın məzmunu ilə razılaşır, lakin borunun en kəsiyinə uyğun olaraq 6 m3, sutkalıq 24 saat və illik 360 gün müddətinə hesablaşma aparılması və bu hesablaşmaya uyğun olaraq itirilmiş təbii qazın bərpası üzrə 51840 m3 (6X24X360) sərfiyyat, bunun məbləği kimi isə 6220,8 manat borc müəyyən edilməsi ilə razılaşmayaraq özü tərəfindən itirilmiş qaz sərfiyyatı qanunvericiliyə uyğun olaraq sutkalıq 12 saat, aylıq 3 ay (90 gün) müddəti götürülməklə hesablanmalı olmasını və bu da 777,6 (6m3 x 12 saat x 90 gün = 6480 m3X12 qəpik) manat təşkil etdiyi üçün iddiaçının abonent hesabına yazılmış 6220,80 manat borcdan 777,6 manat saxlanılması, 5443,20 (6220,80- 777,60) manat silinməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Həmçinin kollegiya qeyd edir ki, aktda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən cavabdeh birlik tərəfindən hər hansı sübutun məhkəməyə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri mümkün edir. Bununla yanaşı müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən ziyanın hesablanmasına əsas olmuş akt iş materiallarında olsa da, cavabdeh təşkilat tərəfindən tərtib edilmiş akt iddiaçı tərəfindən imzalanmamış, həmin akt cavabdeh təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Belə ki, həmin aktın tərtib edilməsinə dövlət qurumlarının nümayəndələri cəlb edilməmiş, eləcə də qanunvericiliyin imperativ göstərişinə əməl edilməməklə həmin aktın bir nüsxəsi abonentə təqdim edilməmişdir. Göründüyü kimi iddiaçıya məxsus evə quraşdırılmış və evdən kənarda yerləşən sayğaca onun tərəfindən müdaxilə olunması halı sübuta yetirilməyincə, həmin sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsini Cavabdeh İB daşıyır. Hazırki işin araşdırılan halları ilə iddiaçının evindən kənarda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə etməsi halı isı sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmuş və birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən hissəsində düzgün nəticəyə gəlmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində düzgün olmayan nəticəyə gəlmişdir və bu hal da iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsası cavabdehin apellyasiya şikayətinin dəlillərinin isə əsassız olmasına dəlalət edir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, təbii X3 pozulması haqqında aktda “sayğacın dişli çarxlarına müdaxilə edilmişdir və nəticədə sayğacdan keçən qaz sərfiyyatı qeyd edilmir” qeyd edilsə də, qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi itirilmiş qaz sərfiyyatına bağlı olaraq dəymiş ziyana görə hesablanmış borcun məhz iddiaçının təqsiri üzündən yaranması, yəni sayğacın dişli çarxlarına iddiaçının müdaxilə etməsi və sayğacdan keçən qaz sərfiyyatının qeyd edilməməsi iddiaçının təqsirli hərəkətləri nəticəsində baş verməsi müəyyən edilmədiyindən, dəymiş ziyana görə aparılmış hesabatın qanunla müəyyən edilmiş həddə cavab verib-verməməsinin müəyyən edilməsi hazırki vəziyyətdə əhəmiyyətsizdir, çünki sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşımışdır və xətaların normadan artıq olmasının iddiaçının təqsiri ucbatından olması sübuta yetirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış cərimənin silinməsi barədə iddia tələbi əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində vurğuladığı və şikayətinə əlavə edilmiş məhkəmə qətnamələrinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə ilə yanaşı xüsusi qərardadı əsasında isə Cavabdeh İB - nin əməkdaşlarının əməllərində cinayət əlamətlərinin olub-olmamasının yoxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsini qərara almışdır. Qərardadında məhkəmə Cavabdeh İB –nin buna məsul şəxslərinin təbii qazın talanmasının qarşısını almaq kimi vəzifələrini həyata keçirməklə bağlı hərəkətlərindən (hərəkətsizliklərində) səhlənkarlıq cinayətinin əlamətləri mövcuddur. İddiaçı apellyasiya şikayətində ünvan 2 ünvanında yaşayan qonşularının da qaz sayğaclarını 2023-cü ilin mart ayında çıxarmış Azəriqaz İB işçiləri onların da hər birinə “sayğacın dişli çarxlarının kəsilərək müdaxilə edilməsi və qaz sayğacının sərfiyyatı qeyd etməməsi” nöqsanı ilə ümumi qaydada 6220,80 manat məbləğində borc yazılmasını göstərərək onlara yazılan 6220,80 manat məbləğində borcların silinməsi üzrə eyni məzmunlu işlərə baxmış Xətai Rayon Məhkəməsinin digər hakimlərinin (Pərviz Zamanlı, Aynur Abdullayeva, Aygün Həsənova, Əminə Abbasova, Samirə Eyvazova) həmin borcları qonşularının abonent kodlarından tam silmələrinə qətnamələrindən görünür ki, iddiaçı ilə eyni küçədə yaşayan digər abonentlərin qaz sayğaclarına müdaxilə etməmiş, onların birgə yaşadıqları küçədə Azəriqaz” İB işçiləri 2023-cü ilin mart ayında qaz sayğaclarını çıxardıb başqa sayğaclarla əvəz edərkən çıxardıqları hər bir sayğaca görə hamısına ümumi qaydada eyni məbləğdə 6220,80 manat borc yazılmışdır ki, bununla bağlı da apellyasiya instansiyası məhkəməsinin növbəti xüsusi qərardad çıxarılmasını zəruri saymışdır. Göstərilən xüsusatlar isə birinci instansiyası məhkəməsi tərəfindən məntiqi ardıcıllıqla qiymətləndirilməmiş, iş üzrə həlledici əhəmiyyət kəsb edən məqamlar lazımınca araşdırılmamış, iş üzrə sübutlar MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirilməmiş, mübahisə üzrə dəyərləndirmə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətlərinə, qanunvericiliyin tələblərinə uyğun olmamış, nəticə etibarilə qətnamə iddia tələbinin təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(011)- 3013/2023 nömrəli qətnaməsi qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 776.6 (yeddi yüz yetmiş altı manat, altmış qəpik) məbləğində borc silinsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar