Məhkəmə qərarları › İş №2(103)-6344/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6344/2023

10.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6344/2023 10.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(001)-5355/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 2(001)- 5355/2023 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddəsinə əsasən, mövqeyini belə izah etmişdir ki, hazırki iddia ərizəsində cavabdehin ad, soyadı və atasının adı göstərilsə də, onun şəxsiyyətini eyniləşdiyməyə imkan verən məlumatlar göstərilməmiş, bunu təsdiq edən hər hansı sübut ərizəyə qoşma edilməmişdir. “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə də cavabdehin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır Həmin qərardaddan İddiaçı İstehsalat Biriliyi şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin adı, soyadı və atasının adı, eləcə də cavabdehin olduğu və yaşadığı yer (daşınmaz əşyanın da olduğu yer) iddia ərizəsində tam dəqiqliklə göstərilmiş və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daşınmaz əşyanın olduğu yerin fotoşəkilləri iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə, cavabdeh şəxsin əldə etməsi üçün onun olduğu və yaşadığı ünvana, eləcə də cavabdeh şəxsə çatdırılması üçün cavabdeh şəxsin yaşadığı inzibati ərazi üzrə dairə nümayəndəliyinə məhkəmə bildirişi göndərmədən iddia ərizəsində cavabdeh şəxsin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.) göstərilmədiyinə görə iddia ərizəsini iddiaçı tərəfə geri qaytarması qanunsuzdur. Cavabdeh, Bakı şəhərinin ünvan 1 ünvanında qaz xəttini sonradan qanunsuz tikdiyi daşınmaz əşyanın daxilində qapalı şəraitə salmaqla qaz xəttinin mühafizə zonasını pozmuşdur. İddiaçı İB tərəfindən iddia tələbi qanunsuz inşa edilmiş daşınmaz əşyanın olduğu yer üzrə qaldırılmış və həmin qanunsuz inşa edilmiş daşınmaz əşyanın da yerləşdiyi ünvanın faktiki sahibi Cavabdehdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5355/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Bu Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki-Prosessual Məcəllənin 149.2.2-ci maddəsinə görə iddia ərizəsində işdə iştirak edən şəxslərin eyniləşdirmə məlumatları dəqiq göstərilməldir. Bu məlumatların iddia ərizəsində olmaması hakimi ərizənin məhkəmədə baxılmağa hazırlanması və məhkəmədə baxılması üzrə bəzi prosessual hərəkətləri etmək imkanından məhrum edir. Hazırki iddia ərizəsindən göründüyü kimi iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin pozulması qeyd olunan normanın tələbləri pozulmamış, cavabdehin qanunvericiliklə nəzərdə tutulan formada məlumatlandırılması üçün məhkəməyə müvafiq məlumatlar təqdim edilmişdir. Bundan başqa “Azemis” elektron məhkəmə sistemindən 40Q56TT fin kodu üzrə iddiaçının cavabdeh qismində cəlb etdiyi şəxsə aid şəxsi məlumatların əldə edilməsi mümkündür. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi sadalanan əsaslarla iddia ərizəsini geri qaytarmaqda haqlı olmamış, məhkəmə iddiaçının ədalət mühakiməsinə çatımlıq hüququnu pozmuşdur. Ona görə də həmin qərardad ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5355/2023 saylı 14 avqust 2023cü il tarixli qərardadı tamamilə ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul məsələsinə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar