Məhkəmə qərarları › İş №2(103)-6347/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6347/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6347/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqosiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-1497/2024 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Müəyyən olunur ki, xx.xx.2023-ci ildə sığorta hadisəsi baş verib. Cavabdeh3 idarə etdiyi “Khazar SD” markalı **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydasını pozaraq “Kia Carnival” markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub və həmin avtomobilə mexaniki zədə yetirib. 2.“Kia Carnival” markalı avtomobil iddiaçı tərəfindən sığortalandığına görə iddiaçı həmin avtomobilin sahibinə zərərin əvəzi kimi 21.536 manat sığorta ödənişi verib. Hazırda iddiaçı həmin məbləği subroqasiya qaydasında zərərin əvəzi kimi cavabdehlərdən tələb edir. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsində tələb olunub ki, subroqasiya qaydasında zərərin əvəzi kimi 21.536 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilsin. 4.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, subroqasiya qaydasında zərərin əvəzi kimi 20.211 manat cavabehlərin birindən – Cavabdeh3 iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin edilməsin. 5.Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. 7.Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. 8.Cavabdeh3 və iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.İddiaçı zərərə görə cavabdehlərin məsuliyyətini belə əsaslandırıb ki, 3-cü cavabdeh yüksək təhlükə mənbəyinə, yəni “Khazar SD” markalı avtomobilə hüquqa zidd yiyələnmiş və yol-nəqliyyat hadisəsini törətmiş şəxs kimi məsuliyyət daşıyır, 1-ci və 2-ci cavabdehlər isə həmin avtomobilin onların sahibliyindən hüquqa zidd götürülməsində təqsirli şəxslər kimi məsuliyyət daşıyır. Belə ki, 1-ci Cavabdeh1 “Khazar SD” markalı avtomobilin mülkiyyətçisidir, 1-ci cavabdeh avtomobili etibarnamə əsasında 2-ci Cavabdeh2 verib, bundan sonra 2-ci cavabdeh avtomobili etibarnamə olmadan 3-cü Cavabdeh3 verib, sonuncu isə yol hərəkəti qaydasını pozaraq “Kia Carnival” markalı avtomobilə mexaniki zədə yetirib. 10.Lakin müəyyən olunur ki, 3-cü cavabdehin adına xx.xx.2023-cü il tarixli etibarnamə var (iş v. 56). Bu isə onu təsdiq edir ki, o, yol-nəqliyyat hadisəsini törədərkən avtomobilə qanuni əsasla sahiblik edib. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu maddədəki “və ya” onu təsdiq edir ki, belə hadisələr baş verdikdə mülkiyyətçi və digər qanuni sahib müştərək məsuliyyət daşımır, avtomobilə etibarnamə əsasında sahiblik edən və yol hərəkəti qaydasını pozan şəxs (sürücü) məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsində icraat zamanı zərərin əvəzinin müəyyən edilməsi üçün ekspertiza keçirilib, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə zərərin məbləğinin 20.211 manat olduğu müəyyən edilib və həmin məbləğin yalnız sürücüdən tutulması qət edilib. 11.Beləliklə, qətnamə iddianın rədd edilməsinə aid hissədə qanunidir. 12.Qətnamə iddianın təmin edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə, həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 1497/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar