Məhkəmə qərarları › İş №2(103)-6349/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6349/2022

12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6349/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 qarşı subroqasiya qaydasında pul tələbinə dair e- 2(008)-3102/2022 saylı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 28 iyul 2020-ci il tarixdə saat 21:15 radələrində Bakı şəhəri Novxanı-Binəqədi yolu ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində cavabdeh X1 idarə etdiyi «Ford Connect» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Auidi A8» markalı **-AZ- *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur.

2. «Ford Connect» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır.

3. Cavabdeh yol nəqliyyatı hadisəsi törədilməsində təqsirli bilinərək inzibati məsulliyyətə cəlb edilmişdir. Eyni zamanda hadisə zamanı onun avtomobili idarə etmək üçün etibarnaməsinin olmadığı müəyyən olunmuş, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 332.1-ci maddələrinə əsasən inzibati tənbeh haqqında qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir.

4. xx.xx.2020-ci il tarixli 3616 nömrəli ödəniş tapşırığına əsasən, zərərin məbləği olaraq 2000 manat iddiaçı tərəfindən zərərçəkən X3 «Unibank KB ASC-də olan hesabına ödənilmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" ASC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 2000 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdehin nəqliyyat vasitəsini idarə etmək üçün etibarnaməsi olmadığından, iddiaçı sığorta şirkəti tərəfindən zərərçəkmiş şəxsə ödənilmiş 2000 manat pul subroqasiya qaydasında cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3102/2022 saylı mülki iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim X5)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi etibarnaməsiz idarə etməyi ehtiva etmir.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 926, 936, 1096.1, 1097.1, 1108.1, 1114.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin “nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi etibarnaməsiz idarə etməyi ehtiva etmir” nəticəsi yanlış olmuşdur. Məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 922.1-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddianın tam təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd olunması barədə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və dəyişdirilməsinə əsas yoxdur.

16. İş materiallarından görünür ki, «Ford Connect» markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus olmuş və yol nəqliyyat hadisəsi törədilən zaman cavabdeh X1 həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Bu əsasdan sığorta şirkəti subroqasiya qaydasında iddia irəli sürmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, nəqliyyat vasitəsini istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəqliyyat vasitəsini etibarnaməsiz idarə etməyi ehtiva etmir. Yalnız avtomobilin nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan istismar edilməsi həmin maddənin təsiri altına düşə bilərdi.

17. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır.

18. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (2000 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.

18. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3102/2022 saylı mülki iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar