Məhkəmə qərarları › İş №2(103)-6350/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6350/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6350/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3662/2021 saylı mülki iş üzrə qəbul etdiyi 12 aprel 2021-ci il tarixli qərardaddan İddiaçı MMC-nin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.04.2021-ci il tarixli qərardada əsasən, iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 05.05.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsini ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması nəticəsinə gəlmiş Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, pretenziya qaydasına riayət edilməmişdir, xəbərdarlıq məktubunun cavabdehə göndərilməsi barədə qəbzin mövcudluğu pretenziya qaydasına riayət edilməsi kimi qiymətləndirilə bilməz. Çünki MMC tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubu cavabdehə çatdırılmamışdır. MMC-nin qərardaddan verdiyi şikayət onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş MAPS arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Xəbərdarlıq məktubu da həmin ünvana göndərilmişdir. Lakin həmin məktubun iddiaçının təqsiri olmadan, yəni ünvanın tapılmaması əsası ilə cavabdehə çatdırılmaması iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Qeyd edilənləri nəzərə alan Məhkəmə mövcud məsələnin həlli ilə bağlı olaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 152.1.6-ci maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış 27.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh lizinq müqaviləsinin ləğv ediləcəyi və müqavilə üzrə yaranmış borcun məhkəmə qaydasında tələb ediləcəyi barədə MMC tərəfindən xəbərdar olunur. Həmin xəbərdarlıq məktubu iddiaçı MMC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin MAPS Şöbəsi tərəfindən 19.01.2021-ci il tarixdə verdiyi arayışında cavabdehin qeydiyyatda olduğu ünvan kimi göstərmiş ünvan 1 ünvanı üzrə göndərilmişdir. Məktubun çatdırılması barədə qəbzdən görünür ki, həmin məktub ünvanın tapılmaması əsası ilə cavabdehə çatdırılmamışdır. Göründüyü kimi, iddiaçı MMC cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana xəbərdarlıq məktubunu göndərmişdir. Qeyd olunan ünvanın həqiqiliyi iş materiallarına əlavə edilmiş MAPS arayışla da təsdiq olunur. Belə olan halda hesab edilməlidir ki, iddiaçı pretenziya qaydasına əməl etmişdir. Çünki xəbərdarlıq məktubunun cavabdehə çatdırılmamasında iddiaçı MMC-nin təqsiri yoxdur. Bu baxımdan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı yuxarıda qeyd edilən əsasla qaytarmaqda haqlı olmamışdır. Buna görə də, şikayət təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və mülki işə mahiyyəti üzrə baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3662/2021 saylı mülki iş üzrə qəbul etdiyi 12 aprel 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki işə mahiyyəti üzrə baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar