Məhkəmə qərarları › İş №2(103)-6350/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6350/2023

09.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6350/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5359/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5359/2023 nömrəli qərardadı ilə ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsində cavabdehin ad, soyadı və atasının adı göstərilsə də, onun şəxsiyyətini eyniləşdiyməyə imkan verən məlumatlar göstərilməmiş, bunu təsdiq edən hər hansı sübut ərizəyə qoşma edilməmişdir. “Elektron məhkəmə informasiya sistemi” vasitəsilə də cavabdehin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və tələbinə baxılmasını xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin əsas məlumatları, yəni ki cavabdehin adı, soyadı və atasının adı, eləcə də cavabdehin olduğu və yaşadığı yer (daşınmaz əşyanın da olduğu yer) iddia ərizəsində tam dəqiqliklə göstərilmiş və cavabdeh tərəfindən qanunsuz inşa edilmiş daşınmaz əşyanın olduğu yerin fotoşəkilləri iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmənin, cavabdeh şəxsin əldə etməsi üçün onun olduğu və yaşadığı ünvana, eləcə də cavabdeh şəxsə çatdırılması üçün cavabdeh şəxsin yaşadığı inzibati ərazi üzrə dairə nümayəndəliyinə məhkəmə bildirişi göndərmədən iddia ərizəsində cavabdeh şəxsin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və s.) göstərilmədiyinə görə iddia ərizəsini iddiaçı tərəfə geri qaytarması qanunsuzdur.

6. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 152.1 və 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-5359/2023 nömrəli qərardadı ləğv edilməli və iş, iddia ərizəsinin icraata götürülərək baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

11. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır, həmin qənaət formal əhəmiyyət kəsb edir.

12. Hazırda təqdim edilmiş ərizədə cavabdehin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi (AZE********) və FİN kodu (2PQX507) göstərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemində göstərilmiş FİN kod vasitəsi ilə cavabdehin şəxsiyyət vəsiqəsi məlumatlarını əldə etmək mümkündür.

13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 5359/2023 nömrəli qərardadı ləğv edilsin və mülki iş iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar