Məhkəmə qərarları › İş №2(103)-6352/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6352/2020

31.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6352/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-2342/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı yaşadığı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, yeni massiv yaşayış sahəsi ünvanda yerləşən fərdi yaşayış evinə (kod: **********00139) əsassız olaraq hesablanmış 1944 məbləğində borcun qaz hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, yeni massiv yaşayış sahəsi ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Təbii qazdan istifadəyə görə tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır, istifadəsində olan smart tipli qaz sayğacı xx.xx.2018-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmişdir. Köhnə sayğac çıxarılarkən sayğacın bütövlülüyü pozulmamışdır, belə ki, sayğacın üzərindəki bütün möhürlər yerində olmuşdur. Yeni sayğacdan qısa bir müddət istifadə etdikdən sonra smart kartından tutulmaların aparıldığını görmüşdür. Bununla bağlı yerli qaz idarəsinə getdikdə ona bildirmişdirlər ki, istifadəsində olmuş qaz sayğacına güya tərəfindən müdaxilə olunduğu, yəni sayğacın çıxış plastmas borusu deşildiyi üçün ona 1944 manat məbləğində cərimə hesablanıb. Bu axı ağlasığmazdır. Sayğac yaşayış evindən kənarda, yol tərəfdə quraşdırılmışdır. Sayğac çıxarılarkən bütün möhürləri üzərində olub və belə olan halda sayğacın daxilinə müdaxilə etmək mümkün deyildir. Qaz sayğacına hər ay Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilirdi, əgər tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olunsaydı dərhal xəbərləri olardı. Abonent saldosundan da göründüyü kimi o, hər ay istehlak etdiyi qazın dəyərini artıqlaması iləödəmişdir. Buna görə də hesab edir ki, cərimə olunmağı heç bir məntiqə, qanuna, hüquqi akta əsaslanmadan həyata keçirilmişdir. O, istifadəsində olmuş qaz sayğacına müdaxilə etməmişdir. Onun həyətində nə zavod, nə də ki, istixana yoxdur, hansı qanuna əsaslanaraq ona 1944 manat məbləğində cərimənin yazılması müəyyən deyil. Bu da cavabdehin əməllərinin qanunsuz olması qənaətinə gəlmək əsası verir.. Bakı şəhəri Xətai rayon Мəhkəməsinin 2(011)-2342/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacı çıxarılaraq dövlət yoxlamasından keçirilməsi üçün göndərilmiş, sayğaca müdaxilə olunduğu aşkar edilmiş, bu səbəblə qaz sərfiyyatına görə 1944 manat abonentdən tələb olunmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən hallara heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçının yaşadığıünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmiş, dövlət yoxlamasından keçirilərkən “Sayğacın çıxış plastmas borusu deşilmişdir” müəyyən edilmiş, bu barədə akt tərtib edilmiş, eyni zamanda itirilmiş qazın bərpasıüçün hesabat aparılmış və hesablanmış 1944 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»a (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). İddiaçının təqdim etdiyi saldodan və apellyasiya şikayətindən görünür ki, iddiaçıya tərtib olunmuş akt üzrə 1944 manat borc hesablanmışdır. Cavabdehin sübut kimi istinad etdiyi aktın surətindən görünür ki, aktda aktı tərtib etmiş şəxslər abonentin onu imzalamaqdan imtina etdiyi barədə qeydlər aparmışlar. Beləliklə, akt birtərəfli qaydada cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş, iddiaçı aktı imzalamamışdır. Aktda iddiaçının onu imzalamaqdan imtina etdiyi qeyd olunsa da, aktın tərtib olunmasında hal şahidləri iştirak etmədiyindən həmin məlumatın mötəbərliyi şübhə doğurur. İddiaçı da aktın məlumatlarının mötəbərliyini mübahisələndirir və borcunun olmadığını bildirir. Yaranmış vəziyyətdə Qaydaların tələbinə uyğun olaraq aktları lazımi qaydada tərtib etmək və bir nüsxəsini abonentə təqdim etmək, iddiaçıya məxsus qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirildiyi və məhz aktda göstərilən cihazın müəyyən edildiyi barədə zəruri sübutları məhkəməyə təqdim etmək vəzifəsi cavabdehin üzərində olmuşdur. Lakin cavabdeh iddiaçıya məxsus evə dair qazdan istifadəyə görə hesablanmış 1944 manat borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-2342/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar