Məhkəmə qərarları › İş №2(103)-6354/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6354/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6354/2023 13.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı şəhəri Bindəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, e-2(001)- 1552/2023 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə Bakı şəhəri Bindəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Bindəqədi Rayon Məhkəməsinin (bundan sonra mətndə – birinci instansiya məhkəməsi) 28 fevral 2023-cü il tarixli, e-2(001)-1552/2023 nömrəli qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia tələbi təmin edilərək, cavabdehdən 3640 manat sığorta ödənişi və 56,40 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3696,40 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bundan sonra cavabdeh 22 avqust 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə qeyd olunan qətnamədən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir. Cavabdeh ərizəni belə əsaslandırmışdır ki, o, qətnaməni 06 mart 2023-cü il tarixdə qəbul etsə də, səhhətində qəfil yaranmış və hələ də davam edən ciddi problemlərə görə apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi 06 sentyabr 2023-cü il tarixli qərardad qəbul edərək qeyd olunan ərizəni təmin etməmişdir. Qərardad belə əsaslandırılmışdır ki, iş materiallarında olan xəbərnamədən 28 fevral 2023-cü il tarixli məhkəmə qətnaməsinin 06 mart 2023-cü il tarixdə poçt vasitəsi ilə cavabdehə rəsmi qaydada təqdim edildiyi görünür. Cavabdeh müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsini “səhhətində qəfil yaranmış və hələ də davam edən ciddi problemə görə apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddəti üzürlü səbəbdən ötürməsi” ilə əsaslandırsa da, ərizəsinə həmin xüsusatları təsdiq edən sübutlar əlavə etməmişdir. Həmin qərardaddan cavabdeh şikayət vermiş, birinci instansiya məhkəməsi 20 sentyabr 2023-cü il tarixli qərardad qəbul edərək, şikayəti təmin etməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi şikayəti mümkün hesab edərək, icraata qəbul etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, iş materiallarını və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM-in) 233.1-ci maddəsindən müəyyən olunur ki, məhkəmə qətnaməsi, əgər ondan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmin Məcəllənin 135.2 və 135.5-ci maddələrinin mənasına görə məhkəmə sənədləri o halda rəsmi qaydada təqdim edilmiş sayılır ki, həmin sənədlər məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilsin. İş materiallarında olan (50-ci səhifə) “Poçt göndərişinin verilməsi haqqında” SS828738606AZ nömrəli xəbərnamədən isə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi "xxxx" MMC tərəfindən 06 mart 2023-cü il tarixdə cavabdehə rəsmi qaydada təqdim edilmiş, cavabdeh də bunu öz imzası ilə təsdiq etmişdir. Bu hal cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpasına dair ərizədə də etiraf edilir. Hansı ki, o, həmin ərizədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini 06 mart 2023-cü il tarixdə almışdır. Göründüyü kimi qətnamə 06 aprel 2023-cü il tarixdə, yəni cavabdehə rəsmi qaydada təqdim olunduqan 1 ay sonra qanuni qüvvəyə minmişdir. Belə olan halda qətnamə üzrə Qanunla müəyyən edilmiş 1 ay müddət keçdiyi üçün prosessual hərəkətləri etmək hüququ, yəni qətnamədən apellyasiya şikayəti vermək hüququ da keçmiş olur. Çünki MPM-in 130.1-ci maddəsinin tələblərinə görə Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ da keçmiş olur. Həmin Məcəllənin 133.1, 133.2 və 133.5-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxs əgər prosessual müddəti buraxmışsa, həmin müddətin bərpasına dair prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə ərizə verir. Məhkəmə isə işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti o halda bərpa edir ki, müddətin buraxılmasının səbəbini üzürlü hesab etsin. Səbəblər məhkəmə tərəfindən üzürlü hesab edilmədikdə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun buraxılmış müddətin üzürlü hesab edilməsinə dair hüquqi mövqeyi belədir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (X1 şikayəti ilə əlaqədar 08 may 2008-ci il tarixli qərarı). Cavabdeh isə öz ərizəsində prosessual müddəti “səhhətində qəfil yaranmış və hələ də davam edən ciddi problemlərə” görə buraxdığını qeyd etmiş, lakin bu barədə əsaslı dəlillər təqdim etməmiş, nəticədə həmin səbəbin mövcudluğunun öz iradəsindən asılı olmadığını, özü tərəfindən onun dəf edilməsi imkanlarından kənara çıxdığını, qətnamədən apellyasiya şikayəti verilməsinə maneə törətdiyini və ya məhdudiyyət yaratdığını sübuta yetirə bilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi prosessual qanunvericiliyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqeyə əsaslanaraq qeyd olunan səbəbləri üzürlü saymamaqda haqlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh birinci instansiya məhkəməsinə 09 avqust 2023-cü il tarixdə ərizə (səhifə 55) təqdim etmiş, qətnamənin mövcuduğu barədə məlumatı icra şöbəsində əldə etdiyini bildirmiş və qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. Lakin sonradan buraxılmış prosessual müddətin bərpa olunmasına dair 22 avqust 2023-cü il tarixli ərizə təqdim edərkən, qətnamənin ona 06 mart 2023-cü il tarixdə təqdim edildiyini etiraf etmişdir. Bir-biri ilə ziddiyyət təşkil edən bu hallar isə cavabdehin məhkəmə qarşısında nümayiş etdirdiyi dürüstlüyü və verdiyi izahatların həqiqiliyini şübhə altına salır, məhkəmədə onun xeyrinə olacaq daxili inam yaranmasına maneə törədir. Nəticədə kollegiya hesab edir ki, şikayətdə göstərilən hallar formal mülahizələrdən ibarətdir, birinci instansiya məhkəməsi isə qərardadını qanunamüvafiq əsaslarla qəbul etmişdir. Göstərilənlərə əsasən və MPM-in 10.8-1, 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r v e r d i: Şikayət təmin edilməsin. Bakı şəhəri Bindəqədi Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, e-2(001)- 1552/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar