Məhkəmə qərarları › İş №2(103)-6356/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6356/2022

08.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6356/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-337/21 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi : İddiaçı cavabdehlər Bakı şəhəri 39 saylı notariat ofisinə, X3, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyi, X4, Bakı şəhəri Pirşağı qəsəbəsi Sabunçu RİNB-nin Pirşağı qəsəbəsi üzrə nümayəndəliyinə qarşı DƏDRX-nin Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində qeyd edilməklə 39 saylı notariat ofisi tərəfindən Kazımova (Əminova) Lətafət İsa qızına Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsindəki 19 saylı evə və onun yerləşdiyi 0,1753 ha torpaq sahəsinə dair verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, DƏDRX-nin Bakı Ərazi İdarəsindən həmin evə və torpağa dair Kazımova Lətafətin adına xx.xx.2019-cu il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh qismində Cavabdeh3, Bakı şəhəri 39 saylı notariat ofisini və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsini qeyd edərək, xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-124 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-123 nömrə ilə qeydə alınmış vəsiyyatnamə üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş, reyestrdə **********76-10301 nömrə ilə qeydə alınmış Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-337/2021 saylı iş üzrə qəbul etdiyi 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-124 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-123 nömrə ilə qeydə alınmış vəsiyyatnamə üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına verilmiş, reyestrdə **********76-10301 nömrə ilə qeydə alınmış Çıxarışın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh3 apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-337/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-337/2021 iş üzrə qəbul etdiyi 02 iyun 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh3 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli qərardadın ləğv edilməsi, əks halda bu şikayət baxıldıqdan sonra 7 gün müddətində mülki işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-337/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh3 Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-337/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Sonradan Cavabdeh3 nümayəndəsi (vəkili) Əliyev X2 Rayon Məhkəməsinin 2(008)- 337/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsinə dair vəsatət verərək, onun (nümayəndə və Vəkil) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Akademik M.A.Topçubaşov adına xəstəxananın Xüsusiləşdirilmiş Angioloji Mərkəzində stasionar və xx.xx.2022-ci il tarixdən hazırkı vaxta kimi Bakı şəhəri 34 saylı şəhər poliklinikasında ambulator müalicədə olmaqla əmək qabiliyyətinin olmamasını nəzərə alıb, apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürdüyünü üzürlü hesab edib vəsatətinin təmin edilməsini, apellyasiya şikayətini qəbul edib, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil vəsatəti rədd edilmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-337/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsi qərara alınmışdır. Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini, əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-337/21 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı cavabdehin şikayətinə qarşı etiraz ünvanlayaraq cavabdehin müddətin bərpası barədə vəsatətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan müddətin bərpası barədə ərizəyə əlavə edilmiş tibbi sənədlərdən müəyyən olunur ki, nümayəndə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi stasionar və xx.xx.2022-ci il tarixdən ambulator müalicədə olmuşdur. Nümayəndə vəsatətində apellyasiya şikayətini vaxtında verməməsini əməliyyat olunduğundan əmək qabiliyyəti olmaması ilə əsaslandırmışdır. Yuxarıda qeyd edildiyi kimi Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Cavabdeh3 məhkəmənin 02 iyun 2021-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmış, Cavabdeh3 həmin qərardadı xx.xx.2021-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada almış və həmin qərardaddan 10 gün ərzində şikayət etmək hüququ olmuşdur. Lakin həmin qərardaddan şikayət xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi, cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddət ərzində də qətnamədən apellyasiya şikayəti verə bilərdi. Lakin, cavabdeh bunu etməmişdir. Kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbzə imza edilməklə rəsmi qaydada alınmışdır, ərizəçinin dəlillərinə görə üzürlü hesab edilməli olan müddət isə yalnız xx.xx.2022-ci ildən sonrakı müddəti əhatə edir. Göründüyü kimi, ərizəçinin nümayəndəsinin xəstələndiyi tarix qətnamə rəsmi qaydada verildikdən təxminən 3 ay sonra baş vermişdir. Halbuki, mülki prosessual qanunvericilikdə qətnamədən şikayət verilməsi müddəti 1 ay müəyyən edilmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur, yəni qətnamə cavabdeh tərəfindən alındıqdan uzun müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Nəzərə alınmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın (“X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.3-cü maddəsinə əsssən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qərardaddan verilmiş şikayəti əsassız hesab edir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-337/21 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar