Məhkəmə qərarları › İş №2(103)-636/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-636/2021

16.02.2021 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-636/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "Cavabdeh1" MMC-yə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair 2(004)-626/2020 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "Cavabdeh1" MMC və Bakı şəhəri Cavabdeh2nə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi, iddia tələblərinin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə məhkəməyə müraciət edərək, onlar ilə cavabdeh "Cavabdeh1" MMC arasında bağlanmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehlər "Cavabdeh1" MMC və Bakı şəhəri Cavabdeh2ndən müştərək qaydada ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə iddiaçılara məxsus mənzilin dəyərini təşkil edən 155000 ABŞ dolları, 9010 ABŞ dolları məbləğində icarə haqqının, icarə haqqına dair 11381,75 ABŞ dolları cərimənin, 18097 ABŞ dollar təmir xərcinin,təmir xərcinə dair 4976.66 ABŞ dolları cərimənin, cəmi 198465.41 ABŞ dolları məbləğində pulun, 110 manat vəkil xərcinin, 30 manat məbləğində dövlət rüsumunun və 10000 manat məbləğində mənəvi ziyanın tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri Nəsimi Rayonu İcra Hakimiyyətinin cavabdehlər sırasından çıxarılaraq, iddia tələblərinin bütövlüklə digər cavabdeh "Cavabdeh1" MMC-yə qarşı yönəldilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2007-ci il tarixli çıxarışa əsasən (reyestr nömrəsi **********28-05101-093023) iddiaçılar Azadlıq prospekti 80 ünvanındakı 4 mərtəbəli yaşayış binasında yerləşən 4 otaqlı 45 nömrəli mənzilin mülkiyyətçiləridir. Bakı şəhəri Cavabdeh2 başçısının xx xxxx 2017-ci il tarixli, 173 saylı sərancamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 nömrəli qərarının icrası ilə əlaqədar iddiaçılara məxsus mənzilin yerləşdiyi binanın sökülərək yerində Cavabdeh1 MMC tərəfindən yeni yaşayış binasının tikintisi nəzərə alınmaqla ərazi planlaşdırma sənədləri təsdiq edilmişdir. Cavabdeh1 MMC ilə iddiaçılar arasında bağlanmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli müqavilənin 1,3,4-cü bəndlərinə əsasən iddiaçılar müqavilə qüvvəyə mindiyi tarixdən, yəni xx xxxxxxx 2017-ci il tarixdən etibarən 30 gün müddətində tərəflərin 155000 ABŞ dolları məbləğində qiymətləndirdiyi mənzili tam boşaldıb Cavabdeh1 MMC-yə təhvil verməyi, Cavabdeh1 MMC isə 2 il müddətində iddiaçılara onlara məxsus mənzilin əvəzinə həmin yerdə inşa edəcəyi binada ümumi sahəsi 120,60 kv.m. olan tam təmirli mənzil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5ci bəndinə əsasən təmir işləri cavabdeh tərəfindən aparılmalı, iddiaçılar razılaşmadığı təqdirdə isə təmir işləri iddiaçılar tərəfindən aparılmalı və Cavabdeh1 MMC iddiaçılara mənzilin hər kv.m. üçün 150 ABŞ dolları məbləğində təmir xərcləri verməlidir. Cavabdeh təmir xəclərinin ödənilməsi ilə bağlı öhdəliyini vaxtında yerinə yetirməzsə, gecikmənin hər gününə görə gecikdirilən məbləğin 5 faizi miqdarında cərimə ödəməlidir. Müqavilənin 7.1ci bəndinə əsasən cavabdeh yeni yaşayış sahəsinin tam hazır olması və iddiaçılara təqdim edilməsi haqqında müqavilə tərəflər arasında təhvil-təslim aktı imzalanana qədər iddiaçılara icarə xərcləri olaraq ayda 265 ABŞ dolları məbləğinin ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh icarə xərclərinin ödənilməsi ilə bağlı öz öhdəliyini yerinə yetirməzsə, iddiaçıların tələbi ilə gecikmənin hər gününə görə gecikdirilən məbləğin 5 faizi miqdarında cərimə ödəməlidir. Cavabdeh müqavilə üzrə götürdüyü öhdəlikləri tamamilə icra etməmişdir. Belə ki, iddiaçılar tərəfindən müqaviləyə əsasən onlara məxsus mənzil xx xxxxxxx 2017-cu il tarixdə boşaldılaraq cavabdehə təhvil verilməsinə və müqavilənin qüvvəyə mindiyi tarixdən 24 ay keçməsinə baxmayaraq, cavabdeh iddiaçıları yeni mənzillə təmin etməmiş, onların kirayədə qalması üçün xx xxxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxx 2020-ci il tarixədək (ümumi 34 ay müddət üçün) icarə haqqlarını ödəməmişdir. Göründüyü kimi, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. İddiaçılar tərəfindən cavabdehə müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilmiş və müqavilənin ləğv edilməsinə 10 gün ərzində münasibət bildirilməsi xahiş edilmişdir. Həmin bildiriş cavabdehə xx xxxxxx 2019-cu il tarixdə təqdim edilmişdir, lakin sonuncu bildirişə cavab verməmişdir. Müqavilənin şərtlərinin Cavabdeh1 MMC tərəfindən yerinə yetirilməməsi nəticəsində iddiaçılar məcbur olaraq öz vəsaitləri hesabına kirayə mənzil tutmuş və maddi sıxıntılarla üzləşmişlər. Həmçinin iddiaçılar müqavilənin şərtlərinin həyata keçirilməsi ilə bağlı cavabdeh MMC-yə müraciət etdikdə köbud rəftara məruz qalmış, əsəb və stress keçirmişlər. İddiaçılar onlara dəymiş mənəvi ziyanı 10000 manat məbləğində qiymətləndirirlər. İddiaçılar öz hüquqlarının müdafiəsi üçün vəkilə müraciət etmiş və hüquqi yardıma görə 110 manat ödəmişlər. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh1 MMC arasında bağlanmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh1 MMCdən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı 155000 (yüz əlli beş min) ABŞ dolları, icarə haqqına görə 8347,50 (səkkiz min üç yüz qırx yeddi ABŞ dolları əlli sent) ABŞ dolları, icarə haqqına görə 835 (səkkiz yüz otuz beş) ABŞ dolları cərimə, təmir xərcinə dair 18097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları, təmir xərcinə görə 1810 (min səkkiz yüz on) ABŞ dolları cərimə, cəmi 184089,50 (yüz səksən dörd min səksən doqquz ABŞ dolları əlli sent) ABŞ dolları borcun, 1000 (min) manat məbləğində mənəvi zərərin və ödənilmiş 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək, iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin əsası işin hallarından göründüyü kimi iddiaçılar ilə cavabdeh MMC arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli müqavilə olmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh MMC iddiaçılara məxsus mənzilin ona təhvil verilməsindən sonra 24 ay ərzində iddiaçılara müqavilə ilə təhvil verməyi öhdəlik götürdüyü mənzili təmirli şəkildə verməli olmuşdur. Lakin 2 illik müddət ərzində pilot layihənin icrasında cavabdehdən asılı olmayan problemlər yaranmışdır. Belə ki, yeni çoxmərtəbəli binanın tikilməsi nəzərdə tutulan ərazidə yerləşən mənzil mülkiyyətçilərindən bəziləri pilot layihənin şərtləri və onlara edilən təkliflərlə razılaşmaq istəməmiş, tənasübsüz tələblər irəli sürməklə tikintini yubatmışdır. Mülkiyyətçiləri də qanunsuz şəkildə mənzildən məhrum etmək, razılıq olmadan mənzillərin sökülməsi qanunla qadağan edildiyindən bu prosesdə məsələnin məhkəmə qaydasında həlli müəyyən vaxt tələb etmişdir. Nəticədə cavabdeh MMC müqavilədə nəzərdə tutulan müddətdə iddiaçılara mənzili təhvil verə bilməmişdir, lakin qeyd etdiyi kimi buna səbəb cavabdehdən asılı olmayan hallar olmuşdur. Yəni bu halların öncədən dəqiq proqnozlaşdırılması mümkün deyildir. İşə baxan məhkəmə müqavilə öhdəliklərinin icrasının obyektiv səbəblərdən irəli gəlməsini nəzərə almamışdır. Cavabdeh MMC də üzərinə götürdüyü öhdəliyi vaxtında icra etmək üçün əlindən gələni etmişdir. Onu da qeyd edir ki, tikinti ilə bağlı işlər pilot layihə çərçivəsində yekunlaşdırılacaqdır və mənzillər mülkiyyətçilərə təhvil veriləcəkdir. İddiaçıların onlara məxsus olmuş mənzilin dəyəri ilə yanaşı onun təmir xərcini də tələb etmələri, hətta təmirə görə cərimənin də istənilməsi absurddur. Yəni iddiaçılar bir tərəfdən müqavilənin ləğvini tələb edir, digər tərəfdən isə ondan irəli gələn nəticələri. Əgər iddiaçılar müqavilənin ləğvini tələb edirsə, bu halda onlara məxsus olmuş mənzilin müqavilə bağlanan zaman qəbul edilmiş dəyərini tələb edə bilərlər. Müqavilədə göstərilən təmir pulu iddiaçılara müqavilə çərçivəsində onlara yeni mənzilin təhvil verilməsi halında və cavabdeh tərəfindən təmir işləri aparılmasa ödəniləcəkdir. Yəni cavabdeh MMC təmirli şəkildə mənzili təhvil vermədikdə, iddiaçılar özləri təmir işlərini apararsa cavabdehdən bu pul tələb edilə bilər. Məhkəmə isə müqavilənin bu şərtinə əhəmiyyət vermədən iddiaçıların təmir ilə bağlı tələbini, hətta təmirə dair cəriməni də təmin etmişdir. Belə çıxır ki, məhkəmə cavabdehin mənzili təmirsiz şəkildə təhvil verəcəyini qabaqcadan güman etmişdir. Təmir xərcləri ilə bağlı hissədə iddia ümumiyyətlə əsassızdır və qəbul edilməzdir. Təmir pulundan yalnız müqavilə qüvvədə qaldığı halda, iddiaçılara yeni mənzilin təhvil verilməsi halında söhbət gedə bilər. Göründüyü kimi məhkəmə müqavilə şərtlərinə və işin faktiki hallarına əhəmiyyət vermədən əsassız qətnamə çıxarmışdır. Bir daha qeyd etmək istəyirəm ki. cavabdeh MMC tərəfindən pilot layihə şərtlərinə uyğun olaraq bütün işlər görülümşdür, müqavilənin vaxtında icra edilməməsi üzrlü hallardan irəli gəlir. Buna görə də iddia əsassızdır. Mənəvi zərərlə bağlı qeyd edək ki, iddiaçılara müqavilə ləğv olunmadığı halda öhdəlik götürülmüş mənzil təhvil veriləcəkdir. Yaranmış problem barədə məlumat verilmişdir, yəni iddiaçıların mənəvi sarsıntı və əzab keçirmələrinə əsas ola biləcək hal yoxdur. Sadəcə müqavilənin icrası müddəti yubanır ki, bu da cavabdehdən asılı olmayan səbəblərdəndir, bu vəziyyətdə iddiaçılara mənəvi zərərin vurulmasından söhbət gedə bilməz. Müqavilə icra olunmasa onlar dəymiş ziyanla bağlı yenə də iddia qaldıra bilərlər. Bir məqamı da qeyd edirlər ki, məhkəmə müqavilənin ləğv edilməsi ilə bağlı iddiaçıların ilkin olaraq cavabdehə müraciət etmədiklərini nəzərə almamışdır. Hazırkı halda da Cavabdeh1 MMC müqavilə öhdəliklərinin icrası üçün vicdanlı hərəkət etmiş, təqsirli olaraq gecikməyə yol verməmiş, gecikmənin baş verməsi ondan asılı olmayan hallardan baş vermişdir. Apellyasiya baxışı zamanı İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər iddiaçı və cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə apellyasiya baxışınını predmetini iddianın təmin olunmuş hissəsində qətnamənin yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən təmir xərcinin və ona hesablanmış cərimənin tutulması hissəsində maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə qismən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. İş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* saylı Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 80 ünvanda yerləşən 45 saylı mənzil paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə İddiaçı2, ½ hissədə isə İddiaçı1 məxsus olmuşdur. Bakı şəhəri Cavabdeh2 Başçısının № 173 saylı, xx xxxx 2017-ci il tarixli Sərəncamına əsasən, İddiaçı2 və İddiaçı1m yaşadıqları mənzilin yerləşdiyi bina da daxil olmaqla Azadlıq prospekti, Vaqif prospekti, Hənifə Ələsgərov və Mirəli Qaşqay küçələrinin ərazisində yerləşən 4 mərtəbəli yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və yerində yeni yaşayış binalarının tikilməsi cavabdeh "Cavabdeh1" MMC-yə həvalə edilmişdir. İddiaçılar ilə cavabdeh arasında xx xxxxxxx 2017-ci il tarixdə bağlanmış "Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" müqavilənin 1-ci maddəsinə əsasən, müqavilə qüvvəyə mindiyi tarixdən etibarən 30 təqvim günü ərzində İddiaçı1 və İddiaçı2 mülkiyyətçisi olduqları və Tərəflərin 155000 ABŞ dolları məbləğində qiymətləndirdikləri ünvan 2 ünvanında yerləşən 45 saylı mənzili boşaldıb sökülməsi məqsədilə "Cavabdeh1" MMC-yə təhvil verirlər. Müqavilənin 3-cü maddəsinə əsasən, "Cavabdeh1" MMC ünvan 2 ünvanındakı 4 mərtəbəli yaşayış binasında İddiaçı1 və İddiaçı2 məxsus olan ümumi sahəsi 95,26 kv.m. olan 4 otaqlı mənzilin əvəzinə həmin yerdə inşa ediləcək binada, 15-ci mərtəbədə, Vaqif prospektinə baxan hissədə 4 otaqlı 50 nömrəli 120,65 kv.m. olan yaşayış mənzilini mülkiyyətçilərə verir və həmin 120,65 kvadrat metrlik yaşayış sahəsinin dəyərinin 155000 (yüz əlli beş min) ABŞ dollarına ekvivalent olan məbləğdə manatla İddiaçı1 və İddiaçı2 tərəfindən tam şəkildə ödənilməsi barədə sənədi həmin şəxslərə təqdim edir. Müqavilənin 4-cü bəndinə əsasən, 3-cü bənddə göstərilən mənzil tam təmirli vəziyyətdə İddiaçı1 və İddiaçı2 müqavilə qüvvəyə mindiyi tarixdən 24 təqvim ayı ərzində təhvil verilməlidir. Müqavilənin 9-cu maddəsinə əsasən, müqavilə notariat qaydasında təsdiq edildiyi andan qüvvəyə minir. Müqavilənin 7.1-ci maddəsinə əsasən, yeni yaşayış sahəsi tam hazır olana qədər "Cavabdeh1" MMC hər ay İddiaçı1 və İddiaçı2 265 ABŞ dolları məbləğində müvəqqəti olaraq digər mənzildə yaşamaq üçün icarə haqqı ödəməli idi. Sözügedən məbləğ vaxtında və tam olaraq ödənilməzsə, İddiaçı1 və İddiaçı2 tələbi ilə onlara gecikmə gününə görə gecikdirilən məbləğin 5 faiz miqdarında cərimə ödənilməlidir. İddiaçılar müqavilə şərtlərinə uyğun olaraq xx xxxxxxx 2019-cu il tarixdə mülkiyyətlərində olan ünvan 3 ünvanda yerləşən 45 saylı mənzili "Cavabdeh1" MMC-yə təhvil vermişlər. Müqavilənin 3-cü maddəsində göstərilən mənzilin (yeni tikiləcək binanın Vaqif prospektinə baxan hissəsində yerləşdiriləcək 4 otaqlı 50 nömrəli 120, 65 kv.m. olan mənzil) tikintisinə başlanılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3933 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 MMC ilə Səfərova Fəridə Əhməd qızı və İddiaçı2 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” müqavilə üzrə Cavabdeh1 MMC-nin xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixdə İddiaçı1 və İddiaçı2 ödəməli olduğu icarə haqqının 6625 ABŞ dolları təşkil etdiyi, hesablanmış icarə haqqında hesablanan cərimə borcunun 9950,75 ABŞ dolları məbləğində olması müəyyən edilir. Cavabdeh1 MMC ilə İddiaçı1 və İddiaçı2 arasında bağlanmış x xxxxxxx 2017-ci il tarixli “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” müqavilə üzrə xx xxxxxx 2019-cu il tarixdən ekspert rəyinin tərtib edildiyi xx xxxxxx 2020-ci il tarixədək İddiaçı1 və İddiaçı2 ödənilməli olan cərimənin 1431 ABŞ dolları təşkil etdiyi müəyyən edilir. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış “Mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair” xx xxxxxxx 2017-ci il tarixli müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan, yəni müqavilə üzrə öhdəliklərin tamamilə icra edilməməsi təsdiq edildiyindən, müqavilənin ləğv edilməsinə dair hissədə, həmçinin müqavilənin şərtləri cavabdeh tərəfindən pozularaq, iddiaçılar yeni mənzil ilə təmin edilmədiyindən, həmin mənzilin əvəzi olaraq 155000 ABŞ dolları pulun tutulmasına dair hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Lakin Kollegiya bildirir ki, iddiaçılar "mənzilin sökülməsi və yerində yeni tam təmirli mənzillə təmin edilməsinə dair" xx xxxxxxx 2017-ci il tarixli müqaviləyə əsasən sökülmək üçün cavabdehə təhvil verdikləri mənzilin razılaşdırdıqları dəyəri olan 155000 ABŞ dolları pul vəsaitini tələb etdikləri və həmin pul vəsaiti onların xeyrinə tutulduğu üçün təhvil verilməli olan mənzilə görə təmir xərcinin və ona cərimənin tələb edilməsi hissəsində iddia qanuni və əsaslı hesab edilə bilməz. Buna görə təmir xərcinin və ona hesablanmış cərimənin tutulması hissələrində qətnamə ləğv edilməli və həmin hissələrdə iddia təmin edilməməlidir. Bundan başqa, cavabdeh tərəfindən yeni mənzilin tikintisi dövründə iddiaçıların kirayədə qalmaları üçün, onlara kirayə haqqlarının ödənilməsi öhdəliyinin yerinə yetirilməsini təsdiqləyən dəlillər təqdim edilmədiyindən, iddiaçıların xx.xx.2017-xx.xx.2020ci il tarixi üzrə dövr üçün (31 ay 15 gün) 8347,50 manat məbləğində icarə haqqının tutulması, habelə icarə xərcinin miqdarını, tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq 835 ABŞ dolları məbləğində icarə xərclərinə cərimənin tutulması hissələrində qətnamənin ləğvi və (ya) dəyişdirilməsi üçün faktiki və (ya) hüquqi əsaslıar müəyyən edilməmişdir. Habelə, mənəvi zərərin baş verməsinə səbəb olmuş cavabdehin hərəkət və hərəkətsizliyini, bunun nəticəsində iddiaçıların keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını, cavabdehin təqsirini və əmlak vəziyyətini, habelə işin sair diqqətəlaiq hallarını nəzərə alaraq, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat pulun tutulması ağlabatan və ədalətli hesab edilir. Ona görə apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə təmir xərcinin və həmin xərcə görə cərimənin tutulması hissələrində ləğv edilməli və iddia həmin hissələrdə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "Cavabdeh1" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-626/2020 saylı qətnaməsi qismən - Cavabdeh1 MMC-dən ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə təmir xərcinə dair 18097 (on səkkiz min doxsan yeddi) ABŞ dolları və təmir xərcinə görə 1810 (min səkkiz yüz on) ABŞ dolları cərimənin tutularaq İddiaçı1 və İddiaçı2 ödənilməsi hissələrində ləğv edilsin. İddia ərizəsi həmin hissələrdə təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar