Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-636/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Həsənovun sədrliyi və məruzəsilə, İlham Əziz oğlu Kərimlidən və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh2 və Bakı Şəhəri 44 saylı Dövlət Notariat Kontoruna qarşı "ərizənin etibarsız hesab edilməsi" tələbi üzrə tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(011)-5885/2021 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəs və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 44 saylı Notariat ofisinə qarşı – Cavabdeh2 20.10.2018-ci il tarixli ərizəsinin ləğv edilməsinə dair Bakı şəhəri 44 saylı notariat ofisinə verdiyi 28.12.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi və həmin ərizə əsasında aparılmış notariat hərəkətinin ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)5143/2015 saylı 04.08.2015-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı 1.450.000 ABŞ dolları pul vəsaitinin və 20,3 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq tələbkar Cavabdeh2 verilməsi qərara alınmışdır. Həmin icra sənədi Nəsimi rayon İcra şöbəsinə daxil olmuş, həmin icra sənədi üzrə icra icraatına başlanmış və böyük icra məmuru Azər Heydərovun icraatına qəbul edilmişdir. Ötən dövr ərzində borclu İddiaçı ilə tələbkar Cavabdeh2 arasında razılaşma əldə olunmuş, 20.10.2018-ci il tarixdə tələbkar Cavabdeh2 Bakı şəhəri 44 saylı notariat ofisində təsdiq olunmuş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ona "xxxx" MMC-də olan 25% payını verərək 2.000.000 ABŞ dolları vurulmuş ziyanı tam olaraq ödəmişdir. Hazırda onun İddiaçı qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ərizəsi nəzərə alınsın. Lakin Cavabdeh2 sonradan digər cavabdeh olan Bakı şəhəri 44 saylı notariat ofisinə təkrar ərizə ilə müraciət edərək, 20.10.2018-ci il tarixli ərizənin ləğv edilməsini xahiş etmiş və notariat ofisinin 28.12.2020-ci il tarixli 408 nömrəli məktubu ilə 20.10.2018-ci il tarixli ərizənin ləğv edilməsi barədə məlumat verilir. Cavabdeh tərəfindən ikinci dəfə verilmiş 28.12.2020-ci il tarixli ərizə etibarsızdır, tərəflər arasında razılaşmanın pozulmasına səbəb olmuşdur. Lakin cavabdeh əvvəlki ərizənin ləğv edilməsi barədə notariusa etdiyi müraciətində ləğv etmənin səbəblərini göstərməmiş, bu barədə iddiaçıya məlumat verməmişdir. İddiaçı sonradan iddia tələblərinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 20.10.2018-ci il tarixli ərizəsinin ləğv edilməsinə dair Bakı şəhəri 44 saylı notariat ofisinə verdiyi 28.12.2020-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(011)-5885/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 20.10.2018-ci il tarixli ərizənin ləğv ediməsinə dair Bakı şəhəri 44 saylı notariat ofisinə verdiyi 28.12.2020-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizə şəxsin öz istəyi ilə etdiyi müraciətdir, hər hansı hüquq münasibətinə səbəb olmur və istənilən vaxt şəxsin özü bu ərizədən imtina edə bilər. Həqiqətən, məhkəmənin qeyd etdiyi kimi ərizə tərəflər arasında razılaşma kimi qiymtləndirilməlidirsə, nəyə görə cavabdehlə iddiaçı arasında razılaşmanın bağlanmadığı, cavabdehin ərizə verdiyi araşdırılmalı idi. Bu mübahisə üzrə tərəflər arasında razılaşmanın bağlanması üçün heç bir maneə olmamışdır, məhz cavabdeh özü istəyərək və bilərək ərizə verərək öz müraciətini bildirmişdir. Tərəflər necə ki, əvvəlcə birgə idarəetmə haqqında müqavilə bağlamışdılarsa, eyni qaydada borcun tam olaraq ödənilməsinə dair də akt tərtib edə bilərdilər. Eyni zamanda, məhkəmə həqiqətən bu ərizə əsasında mülki mübahisənin həll olunub-olunmamasını araşdırmamış, qeyd edilən məbləğin ödənilməsinin müəssisənin payının verilməsi ilə mümkün olubolmamasına münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, İ dərəcəli hüquqşünas X10 10.09.2019-cu il tarixli “Cinayət təqibinə xitam verilməsi haqqında” qərarına istinad edərək bu qərardan məhkəmə nəzarəti qaydasında verilən şikayətlərin təmin olunmaması, belələliklə də qərarın qanuni olmasının müəyyən edildiyini, bununla da İddiaçı cavabdehə olan borcunu "xxxx" MMCnə olan 25% payını verərək, 2.000.000 ABŞ dolları vurulmuş ziyanı tam olaraq ödəmiş, cavabdeh isə 20.10.2018-ci il tarixdə iddiaçıdan heç bir şikayətinin və tələbinin olmamasını notarial qaydada ərizə ilə təsdiq etdiyinin fakt olaraq təsdiqləndiyini qeyd etmişdir. Belə ki, qətnamədə “Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh2 İddiaçı tərəfindən ona vurulmuş ziyanın tam ödənilməsi və heç bir şikayətin və tələbinin olmamasına dair 20.10.2018-ci il tarixli ərizə və ərizə ilə müəyyən olunmuş faktlar qanuni qüvvədə olan cinayət təqibinə xitam verilməsi barədə 10.09.2019-cu il tarixli qərarda, Binəqədi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarlarında öz əksini tapmışdır. Odur ki, Cavabdeh2 tərəfindən 28.12.2020-ci il tarixdə notarial qaydada ərizə verməklə 20.10.2018-ci il tarixdə verilmiş “ziyanın ödənilməsi və şikayətin olmaması” barədə ərizəni birtərəfli qaydada ləğv etdirməsi barədə ərizəsi əhəmiyyətsizdir və həmin ərizənin verilməsi faktiki olaraq yuxarıda qeyd edilən qərarların məzmununa zidd olmuşdur” qeyd edilir. İlk növbədə qeyd etmək lazımdır ki, bu qərar və məhkəmə nəzarəti qaydasında verilən şikayətlər iddia ərizəsinə qoşma kimi yaxud məhkəmənin gedişi zamanı rəsmi qaydada iddiaçı yaxud cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bu sənədlərin hansı qaydada məhkəməyə təqdim olunması, məhkəmənin bu sənədləri hansı üsul və vasitələrlə əldə etməsi məlum olmamış, bu da öz növbəsində məhkəmənin qətnaməni çıxararkən qeyriprosessual üsullardan istifadə etməsinə ciddi şübhələr yaradır. Hətta tam qanunsuz olaraq istinad edilən “həmin ərizəni Cavabdeh2 istintaq orqanına təqdim edərkən "xxxx"MMC-nin banklarda girovda olmasını bilirdi və o, bu halı bilərəkdən həmin ərizəni könüllü olaraq vermişdir. Əmlakın girovda olmasının tərəflər üçün aşkar olması yuxarıda qeyd olunan səs yazısı ilə öz təsdiqini tapır” faktını doğru qəbul etsək belə, burada əmlakın girovda olması deyil, həmin əmlakın ümumiyyətlə qeyd edilən müəssisənin mülkiyyətindən çıxması mübahisə predmeti olan məqamdır. Tələbkar icra şöbəsinə icra icraatına xitam verilməsi barədə ərizə ilə müraciət etməmişdir. Tələbkar ilə borclu arasında hazırki icra işi ilə bağlı barışıq sazişi və ya icra sənədinin tam icra olunması haqqında heç bir sübut mövcud deyildir. Məhkəmə Cavabdeh2 İddiaçı tərəfindən ona vurulmuş ziyanın tam ödənilməsi və heç bir şikayətinin və tələbinin olmamasına dair 20.10.2018-ci il tarixli ərizə və ərizə ilə müəyyən olunmuş faktlar qanuni qüvvədə olan cinayət təqibinə xitam verilməsi barədə 10.09.2019-cu il tarixli qərarda, Binəqədi Rayon Məhkəməsinin 28.09.2020-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarlarında öz əksini tapdığını və təsdiq olunduğunu bildirsə də, müvafiq qaydada sübuta yetirilməmişdir. Çünki cinayət təqibinə dair qərarlarda göstərilən hallar və faktlar mülki məhkəmə icraatı üçün məcburi deyildir və ayrıca tədqiq olunmalıdır. Qeyd edilən ərizə üzrə ziyanın həqiqətən ödənilməsi müəyyən edilməmiş, araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı, habelə onun vəkili Vəkil2 apellyasiya şikayətinə etəraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul olunmalıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı 04.08.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar Cavabdeh2 və X1 birgə verdikləri apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.05.2015-ci il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 ABŞ dollarının tutularaq Cavabdeh2 ödənilməsi, cavabdehlər İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 1.450.000 ABŞ dolları tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı 04.08.2015-ci il tarixli xüsusi qərardadının surətindən görünür ki, İddiaçı və X5 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan “külli miqdarda ziyan vurmaqla dələduzluq” cinayətinin, eləcə də "xxxx" MMC-nin vəzifəli şəxslərinin əməllərində məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – Cinayət Məcəlləsinin 213-cü maddəsinin tərkib əlamətlərinin olması ehtimal edildiyindən bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 tərəfindən notariat ofisində verilmiş 20.10.2018-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı ona "xxxx" MMC-nə olan 25% payını verərək, 2.000.000 ABŞ dolları vurulmuş ziyanı tam olaraq ödəmişdir. Hazırda onun İddiaçı qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Cavabdeh2 tərəfindən notariat ofisində verilmiş 28.12.2020-ci il tarixli ərizənin surətindən görünür ki, 20.10.2018-ci il tarixdə, 8İ-3999 reyestrlə təsdiq edilməklə yazdığı ərizəni ləğv etdirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 10.09.2019-cu il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı, X11 və X2 əməllərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Cinayət təqibinə xitam verilməsi əsası, tərəflər arasında mübahisənin mülki xarakterli olması olmuşdur. Qərardan həmçinin görünür ki, 28.02.2019-cu il tarixdə Cavabdeh2 istintaqa ərizə ilə müraciət edərək, İddiaçı ona vurduğu ziyanı ödəmək üçün "xxxx" MMCnə dair özünə məxsus 25 faiz payı ona verdiyini, eyni zamanda İddiaçı qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı 04.08.2015-ci il tarixli xüsusi qərardadı əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində faktla əlaqədar cinayət işi başlanılmış, həmin cinayət işi üzrə İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Cavabdeh2 isə zərərçəkmiş şəxs kimi tanınmış, həmin cinayət işinin gedişində zərərçəkmiş şəxs Cavabdeh2 28 fevral 2019-cu il tarixdə istintaq orqanına ərizə verərək (həmin ərizə 20.10.2018-ci il tarixdə notarial qaydada təsdiq edilmişdir) İddiaçı ona vurduğu ziyanı ödəmək üçün "xxxx" MMC-yə dair özünə məxsus 25 faiz payı ona verdiyini, eyni zamanda İddiaçı qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Həmin cinayət işinin istintaqı zamanı tərəflər arasında uğursuz biznes fəaliyyətinin olması və aralarında olan mübahisənin mülki xarakter daşıması müəyyən olunduğundan, cinayət işinin icraatına Cinayət Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən (cinayət hadisəsi olmadıqda) xitam verilmişdir. Həmçinin müəyyən olunur ki, Cavabdeh2 ərizəsi əsasında 28 dekabr 2020-ci il tarixdə notarial qaydada vermiş olduğu ərizə notariat orqanı tərəfindən ləğv edilmişdir. Hazırda İddiaçı 20.10.2018-ci il tarixli ərizənin ləğv olunmasına dair Cavabdeh2 Bakı şəhəri 44 saylı nitariat ofisinə verdiyi 28.12.2020-ci il tarixli həmin ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən verilmiş 20.10.2018-ci il tarixli ərizə formaca ərizə olsa da, məzmunca faktiki olaraq, onunla iddiaçı arasında olan razılaşmanı ehtiva edir. Həmin ərizə faktiki olaraq tərəflər arasında razılaşmanı ehtiva etdiyindən birtərəfli qaydada ləğv edilə bilməzdi. Həmçinin məhkəmə hesab etmişdir ki, ərizədə əks olunmuş faktlar qanuni qüvvədə olan cinayət işinə xitam verilməsi barədə qərarda, habelə məhkəmə qərarlarında öz əksini tapdığından, həmin ərizənin ləğv edilməsi əhəmiyyətsizdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə düzgün olmamışdır. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə isə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən normaların dispozisiya şərtlərindən belə nəticəyə gəlmək olur ki, əqdin etibarsızlığının mübahisələndirilməsi zamanı ilk növbədə həmin əqdin mülki qanunvericiliklə müəyyən edilmiş əqd anlayışının tələblərinə cavab verməsi, yəni mülki hüquqi anlamda əqd olub olmaması aydınlaşdırılmalıdır. Hazırkı işin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi 28.12.2020-ci il tarixli ərizə cavabdeh tərəfindən verilmişdir və onun tərəfindən daha əvvəl – 20.10.2018-ci il tarixdə verilmiş digər bir ərizənin ləğv edilməsi ilə bağlı olmuşdur. Həmin ərizə isə istintaqı aparılan cinayət işi üzrə zərərçəkmiş şəxs Cavabdeh2 həmin iş üzrə təqsirləndirilən şəxs olan İddiaçı qarşı şikayətinin və tələbinin olmaması, ona dəymiş ziyanın ödənilməsi faktının etirafı ilə bağlı olmuşdur. Qeyd edilən iş üzrə cinayət işi üzrə icraata xitam verilməsi barədə 10 sentyabr 2019cu il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə icraata zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi əsası ilə deyil, cinayət hadisəsinin olmaması əsası ilə xitam verilmişdir. Başqa sözlə, Cavabdeh2 tərəfindən verilmiş həmin ərizə qeyd edilən cinayət işinin icraatına xitam verilməsinin əsası kimi nəzərə alınmamış, yəni heç bir hüquqi nəticəyə səbəb olmamışdır. Mülki hüquqi anlamda iradə ifadəsi yalnız o halda əqd hesab edilə bilər ki, onun nəticəsində mülki hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam verilməsi şəklində hüquqi nəticəsi olsun. Beləliklə, müəyyən olunur ki, Cavabdeh2 tərəfindən 20.10.2018-ci il tarixdə verilmiş və iddiaçıya qarşı heç bir tələb və şikayətinin olmaması, ona dəymiş zərərin ödənilməsi barədə ərizə həmin iş üzrə heç bir hüquqi nəticə doğurmadığından birtərəfli əqd hesab edilə bilməz və onun ləğv edilməsinə dair cavabdehin ərizəsi də mülki hüquqi anlamda əqdin birtərəfli qaydada ləğv edilməsi kimi qiymətləndirilə bilməz. Beləliklə, mülki qanunvericilikdə əqdlərin etibarsızlığının mümkünlüyü müəyyən edildiyindən, iddiaçının mübahisələndirdiyi ərizə isə əqd hesab olunmadığından həmin ərizənin etibarsızlığının məhkəmə qaydasında mübahisələndirilməsi yolverilməzdir və məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası izah edir ki, iddiaçının mübahisələndirdiyi ərizənin etibarsızlığı müstəqil məhkəmə baxışının predmeti ola bilməz, bununla yanaşı həmin ərizə başqa bir mülki mübahisə üzrə sübut növlərindən biri kimi istifadə edilə bilər. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261, 263, 365, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.09.2021-ci il tarixli, 2(011)-5885/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-636/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-636/2022
17.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver