Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6364/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı Maraqlı şəxs1 və Bakı şəhəri Yasamal rayon İcra şöbəsi mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “ipoteka müqaviləsinin etibarsız saylıması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(009)-1381/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı Maraqlı şəxs1 və Bakı şəhəri Yasamal rayon İcra şöbəsi mübahisə predmetinə dair müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə X3 arasında bağlanmış 29.03.2005-ci il tarixli ipoteka müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı iddianı təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək, mübahisəyə baxılıb yekun qərar qəbul edilənədək X2 adına olan Bakı şəhəri, Səbail rayonu, A.Abbasov küçəsi, 22 “A” saylı evin, 3 saylı mənzilinin üzərinə həbs qoyulması barədə qəradad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(009)-1381/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı tərəfdən qərardaddan verilmiş şikayət məhkəmənin 25.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəməyə gəlmədiklərinə görə işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından göründüyü kimi mübahisələndirilən ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan mənzil iddiaçının əri X3 tərəfindən 27.11.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən alınmış, 29.03.2005-ci il tarixli İpoteka müqaviləsinə əsasən həmin mənzil “xxxx” KB ilə Maraqlı şəxs1 arasında bağlanılmış kredit müqaviləsinin təminatı olaraq ipotekaya qoyulmuşdur. İddiaçı hazırda həmin ipoteka müqaviləsinin etibarsızlığını tələb edir və yekun qərar qəbul edilənədək mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə ərizənin təmin edilməməsi barədə gəldiyi nəticəni əsaslandırmamış, ipoteka predmeti olan mənzilin hazırki statusunu müəyyənləşdirməmiş, təminatı olduğu kredit müqaviləsi üzrə tutmanın həmin mənzilə yönəldilib-yönəldilməməsi, mənzillə bağlı hər hansı icra hərəkətlərinin edilib-edilməməsi (o cümlədən hərracın keçirilibkeçirilməməsi) kimi halları araşdırmadan, ərizəni təmin etməmişdir. Halbuki, iddiaçının tələbi açıq-aşkar uğursuz tələb kimi görünmür və tələbin predmetini də məhz üzərinə həbs qoyulmasını tələb etdiyi mənzilin ipotekası barədə müqavilənin etibarsızlığı təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında göstərilmişdir ki, “... İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. ... Məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir". Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən yuxarıda göstərilən hallar araşdırılmaqla, iddianın təmin tədbirinin tətbiq edilməsi barədə ərizənin təmin edilməli olması və ya buna zərurət olmaması barədə nəticəyə gəlməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddianı təmin tədbiri barədə iddiaçının iddianı təmin etmə tədbiri barədə ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli 2(009)-1381/2021 saylı qərardad ləğv edilsin və İddiaçı iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6364/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6364/2021
21.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver