Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6365/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və onun vəkili X14, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı (Bakı şəhəri 46 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər kimi cəlb olunmaqla) «vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi, vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payın müəyyən edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi» tələbinə dair 2(009)-260/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Kontoruna və Cavabdeh2 qarşı (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 xüsusi mülkiyyətində olmuş, ünvan 1 ünvanda yerləşən 42 saylı mənzilə Bakı şəhəri 46 saylı Notariat Kontoru tərəfindən Cavabdeh2 adına 14.02.2013-cü il tarixdə verilmiş, reyestrdə 2v/05 nömrə ilə qeydin qismən etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında verilmiş həmin şəhadətnamə əsasında əldə olunan bütün hüquqi nəticələrin ləğv edilməsi, X3 xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 42 saylı mənzilə onun mərhum oğlu X7 vərəsəlik hüququnun tanınması, X7 həmin əmlak üzərində və 1/2 hissədə payının müəyyən edilməklə yenidən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı vəsatət verərək, Bakı şəhəri 46 saylı Notariat Kontorunun cavabdehlər siyahısından çıxarılması və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən həmin vəsatət təmin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən 42 saylı mənzil özəlləşdirmə əsasında xüsusi mülkiyyət hüququ ilə nənəsi X6 məxsus olmuşdur. Sonuncu 09.08.2012-ci ildə vəfat etmişdir. X11 əri X16 isə 08.07.1990-cı il tarixdə vəfat etmişdir. Vəfat etmiş nənəsi və babasının qanun üzrə 2 vərəsəsi - atası X17 və bibisi Cavabdeh2 olmuşdur. Nənəsi və babasının hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında əmanətləri olmuşdur. Beləliklə, nənəsi X3 vəfatından sonra həm onun və həm də babasının hər birinin adına ayrı-ayrılıqda Əmanət Bankında olan əmanətlərdən başqa eyni zamanda ünvan 1 ünvanında yerləşən X11 adına olan 42 saylı miras mənzil qalmışdır. Həmin mənzildə mərhum X25, anası Nəzakət Hüseynova, bacısı Emilya Hüseynova, bibisi Cavabdeh2 və o, qeydiyyatda olmaqla yaşamışlar. Eyni zamanda o, həmin mənzildə doğulmuşdur. X25 08.03.2020-ci il tarixdə vəfat etmişdir. Digər şəxslər, yəni anası Nəzakət Hüseynova, bacısı Emilya Hüseynova, bibisi Cavabdeh2 və o, bu gün də həmin mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Beləliklə X25 və bibisi Cavabdeh2 nənəsi və babasının miras əmlaklarından bərabər hissədə irs almışlar. Belə ki, nənəsi və babasının miras əmlaklarına dair Bakı şəhəri 46 saylı notariat kontorunda 2v/280 saylı, 13.12.2012-ci il tarixdə başlanıb 13.12.2012-ci il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işi-nənəsinin SSRİ Əmanət Bankında əmanətləri barədə, Bakı şəhəri 46 saylı Notariat Kontorunun 2v/281 saylı 13.12.2012-ci il tarixdə başlanıb 13.12.2012-ci il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işi-babasının SSRİ Əmanət Bankında əmanətləri barədə, Bakı şəhəri, 46 saylı Notariat Kontorunun 2v/05 saylı 14.02.2013-cü il tarixdə başlanıb 14.02.2012-cü il tarixdə qurtarmış qanun üzrə vərəsəlik işi - nənəsinin X4 xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 42 saylı mənzil barədə 3 (üç) qanun üzrə vərəsəlik işi olmuşdur. Birinci iki vərəsəlik işi üzrə, yəni 2012-ci ilin dekabr ayının 13də başlanıb-qurtarmış vərəsəlik işi üzrə X25 notariat kontoruna ərizə verərək, nənəsinin və babasının hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərindən ona düşən payın bibisi Cavabdeh2 verilməsinə etiraz etmədiyini bildirmişdir. Üçüncü, 14.02.2013-cü il tarixdə başlanıb qurtarmış vərəsəlik işi üzrə, yəni X11 xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən payın bibisi Cavabdeh2 verilməsi barədə barədə X25 notariat kontoruna ərizə verməmiş, başqa sözlə, həmin paydan üçüncü şəxsin xeyrinə imtina etməmişdir. Belə ki, X25un vəfatından sonra yəni 2020-ci ilin avqust ayında onlar qanun üzrə vərəsələr (anası, bacısı və o) Bakı şəhəri, 46 saylı Notariat Kontoruna müraciət edərək, mərhum nənəsi Qalina Hüseynovadan miras qalmış ünvan 3 ünvanında yerləşən 42 saylı mənzildən 08.03.2020-ci il tarixdə vəfat etmiş Tofiq Hüseynova çatası hissəyə dair irsi transmissiya üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edilmişdir. Həmin müraciətə Bakı şəhəri, 46 saylı Notariat Kontorunun 10.08.2020-ci il tarixli, x/613 saylı məktubu ilə cavab verilmiş, həmin məktubun məzmunundan məlum olmuşdur ki, X25 2012-ci ilin dekabr ayının 13-də başlanıbqurtarmış birinci iki vərəsilik işi üzrə, nənəsi və babasının hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərdən ona düşən paydan bibisi Cavabdeh2 xeyrinə imtina etmiş, lakin üçüncü, yəni bundan 3 ay sonra - 14.02.2013-cü il tarixdə başlanıbqurtarmış vərəsəlik işi üzrə X11 xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən paydan 3-cü şəxsin xeyrinə imtina etməmiş, yəni həmin payın bibisi Cavabdeh2 verilməsi barədə notariat kontoruna ərizə verməmişdir. Bu hal ona məhz həmin məktub daxil olduqdan sonra, yəni bu ilin avqust ayında məlum olmuşdur. Bundan sonra o, müvafiq notariat işlərinin əldə olunması üçün dərhal vəkilə müraciət edərək müqavilə bağlamış və Bakı şəhəri, 46 saylı Notariat Kontoruna vəkil sorğusu verilmişdir. Həmin vəkil sorğusu əsasında hər üç vərəsəlik işi onlara təqdim edilmişdir. Bu zaman məlum olmuşdur ki, bibisi Cavabdeh2 mərhum nənəsi Qalina Hüseynovaya məxsus olan miras əmlak-mənzili öz adına vərəsəlik qaydasında rəsmiləşdirmiş, rəsmiləşdirmə zamanı qanunsuzluğa yol verilərək, digər vərəsə-atası Hüseynov gizlədilmişdir. Notariat kontorunda vərəsəlik dairəsi tam göstərilməmişdir. Həqiqətən də notariat işindən məlum olur ki, vərəsə olaraq X25 siyahıda göstərilməmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hərəkətləri hüquqa zidd olmuş, qanunsuz sənədləşmə işləri aparılmaqla, miras əmlak üzərində bibisi atasının da payına sahib olmuş, onun vərəsəlik hüququnu pozmuşdur. Heç şübhəsiz ki, Bakı şəhəri, 46 saylı Notariat Kontoru da rəsmiləşdirmə zamanı qanunsuzluğa yol verdiyini bilmişdir. Belə ki, birinci iki vərəsəlik işi üzrə Bakı şəhəri, 46 saylı Notariat Kontorunda sonuncudan 3 ay əvvəl aparılmışdır. Əgər həqiqətən də X25 üçüncü vərəsəlik işi üzrə, yəni nənəsinin Qalina Hüseynovanın xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən paydan da bibisi Cavabdeh2 xerinə imtina etsə idi, o halda elə həmin vaxt, yəni birinci iki vərəsəlik işi aparılarkən bu barədə notariat kontoruna ərizə vermiş olardı. Beləliklə, göründüyü kimi həm bibisi Cavabdeh2, həm də Bakı şəhəri 46 saylı Notariat Kontoruna bilə-bilə miras əmlak-mənzilə dair rəsmiləşdirmə zamanı qanunsuzluğa yol vermiş digər vərəsə-X25u miras paydan məhrum etmişlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun deyildir. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxslərin nümayəndələri iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı iddianın rədd edilməsinə dair qətnamə tam yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Bakı şəhər VVAQ tərəfindən verilmiş 24 aprel 1954-cü il tarixli evlənmə haqqında şəhadətnaməyə əsasən X16 ilə X12 arasında 24 aprel 1954-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. - Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 avqust 2012-ci il tarixli AZ-İ seriyalı 543402 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X9 09 avqust 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 14 avqust 2012-ci il tarixdə 421 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Səbail Rayon VVAQ şöbəsi tərəfindən verilmiş 18 avqust 1999-cu il tarixli V-JQ seriyalı 323797 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X16 08 iyul 1999-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 avqust 1999-cu il tarixdə 436 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş 20 iyun 1982-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X18 ilə X15 arasında 20 iyun 1982-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. - İddiaçı məxsus 15.06.1983-cü il tarixli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, ata qrafasında X17, ana qrafasında X8 qeyd edilmişdir. - Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2020-ci il tarixli AZ-İİ seriyalı 053185 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X18 08 mart 2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 mart 2020ci il tarixdə 36 nömrə ilə qeyd edilmişdir. - Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən İddiaçı və Emiliya Hüseynovaya ünvanlanmış 10 avqust 2020-ci il tarixli, x/613 saylı məktubda qeyd olunmuşdur ki, Q.Hüseynovadan irs qalmış əmanətə dair onun qızı Cavabdeh2 13.12.2012-ci il tarixdə Bakı şəhər 46 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilmiş, miras qoyanın oğlu Tofiq Hüseynov isə həmin mirasdan imtina etmişdir. Bundan sonra 14.02.2013-cü il tarixdə mirasın tərkibinə daxil olan Bakı şəhəri Nizami küçəsi ev 48-də yerləşən 42 saylı mənzilə dair adıçəkilən notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilmişdir (mərhum T.Hüseynov göstərilən mənzildə pasport qeydiyyatında olmuşdur). - Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən verilmiş 14 fevral 2013-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 09 avqust 2012-ci ildə vəfat etmiş X4 vərəsəsi - ünvan 5 ünvanda yaşayan qızı Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 14.12.2004-cü ildə verilmiş, 1358 saylı reyestr kitabının 203966-cı səhifəsində 30/203966 saylı qeydəalma ilə verilmiş qeydiyyat vəsiqəsinə əsasən üç otaqlı, ümumi sahəsi 115,5 m2, yaşayış sahəsi 72,0 m2 olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48 saylı evin 42 saylı mənzilindən ibarətdir. - Bakı şəhəri 46 saylı notariat kontoruna Cavabdeh2 tərəfindən yazılmış ərizədə göstərilmişdir ki, onun 09.08.2012-ci il tarixdə ünvan 5 ünvanda yaşamış anası X9 vəfat etmişdir. Miras əmlak Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 48 saylı evin 42 saylı mənzilidir. - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 21297 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 48 saylı evin 42 saylı mənzili X4 adına 14.12.2004-cü il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri 46 saylı notariat kontoruna X18 tərəfindən yazılmış və 13.12.2012-ci il tarixdə təsdiqlənmiş ərizədən görünür ki, 09.08.2012-ci il tarixdə vəfat etmiş anası - X5 miras pul qalmışdır. Həmin mirasdan heç bir pay tələbi yoxdur. Həmin puldan ona düşən payın bacısı Cavabdeh2 adına verilməsinə etiraz etmir. Gələcəkdə həmin miras puldan pay tələbi üzrə məhkəmə və digər orqanlar qarşısında iddia və şikayət etməyəcəkdir. - Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 7E/32 saylı reyestr kitabından çıxarışda X13 13.12.2012-ci il tarixdə notariat kontoruna ərizə təqdim etdiyi qeyd olunmuşdur. - Bakı şəhəri 46 saylı notariat kontoru tərəfindən verilmiş 13 dekabr 2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 09 avqust 2012-ci ildə vəfat etmiş X4 vərəsəsi - ünvan 5 ünvanda yaşayan qızı Cavabdeh2 miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak SSRİ Əmanət Bankının 79950/02 saylı 020568 №-li hesabda, 3538/0274 saylı filialında 42076 №-li və 12833 №-li hesablarda olan əmanətlərdən ibarətdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 48 saylı evin 42 saylı mənzili 05.03.2013-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. - Səbail rayonu 7 saylı MKİS tərəfindən Cavabdeh2 verilmiş 24.11.2020-ci il tarixli 82 nömrəli arayışa əsasən Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 48 saylı evin 42 saylı mənzilinin məişət tullantısı və istismar xərcini 01.01.2020-ci il tarixədək mərhum X17 ödəmiş, 2020-ci ilin xərcini isə mənzilin sahibi ödəmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 18.12.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri Səbail rayonu Nizami küçəsi ev 42 saylı mənzil notarius T.H.Kərimova tərəfindən təsdiqlənmiş 14.02.2013-cü il tarixli 2V05 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda sonuncunun mülkiyyətindədir. - 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş 11 dekabr 2020-ci il tarixli arayışa əsasən Cavabdeh2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Sosial ödənişlər» alt sisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından 1-ci qrup əlilliyi olan şəxsə qulluğa görə 50 manat məbləğində Prezident təqaüdü almışdır. Birinci instansiya məhkəməsi tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ünvan 6 ünvanda yerləşən 42 saylı mənzil 09.08.2012-ci ildə vəfat etmiş X6 məxsus olmuş, ölümündən sonra qanun üzrə 2 vərəsəsi - övladları X17 və Cavabdeh2 qalmışdır (əri X16 isə 08.07.1990-cu il tarixdə vəfat etmişdir). X10 ölümündən sonra miras əmlak kimi onun və həm də mərhum ərinin hər birinin adına ayrı-ayrılıqda Əmanət Bankında olan əmanətləri və ünvan 1 ünvanda yerləşən 42 saylı miras mənzil qalmışdır. Miras əmlaklarına dair Bakı şəhəri 46 saylı notariat kontorunda 3 vərəsəlik işi olmuşdur. 2012-ci ilin dekabr ayının 13-də başlanıb-qurtarmış vərəsəlik işi üzrə vərəsələrdən Tofiq Hüseynov notariat kontoruna ərizə verərək, valideynlərinin hər ikisinin ayrı-ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərindən ona düşən payın digər vərəsə Cavabdeh2 verilməsinə etiraz etmədiyini bildirmişdir. 14.02.2013-cü il tarixli vərəsəlik işi üzrə isə həmin tarixdə mirasın tərkibinə daxil olan Bakı şəhəri Nizami küçəsi ev 48 ünvanda yerləşən 42 saylı mənzilə dair adıçəkilən notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilmişdir. Göstərilən mənzil hazırda Cavabdeh2 mülkiyyətindədir. Mərhumun oğlu olan Tofiq Hüseynov 08.03.2020-ci il tarixdə vəfat etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının miras mənzildən atasına düşən payın bibisi Cavabdeh2 verilməsi barədə X25un notariat kontoruna ərizə verməməsinin həmin paydan üçüncü şəxsin xeyrinə imtina etməməsi kimi, bununla da cavabdehin hərəkətlərinin hüquqa zidd olması, qanunsuz sənədləşmə işləri aparılmaqla miras əmlak üzərində bibisinin onun atasının da payına sahib olmaqla, vərəsəlik hüququnu pozması kimi qiymətləndirilməsi barədə dəlili ilə bağlı düzgün olaraq qeyd etmişdir ki, ünvan 5 mülkiyyətçi X4 09 avqust 2012-ci ildə vəfatından sonra mirasın tərkibinə daxil olan əmlaklardan olmaqla bu miras əmlaka dair 46 saylı notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilməsi zamanı qanunverciliyin pozulması halına yol verilməmişdir. Belə ki, mərhum Q.Hüseynovadan irs qalmış əmanətə dair onun qızı Cavabdeh2 13.12.2012-ci il tarixdə Bakı şəhəri 46 saylı notariat ofisində vərəsəlik şəhadətnaməsi verilən zaman (SSRİ Əmanət Bankında olmuş əmanətlərlə bağlı) miras qoyanın oğlu Tofiq Hüseynov həmin mirasdan imtina etsə də, 14.02.2013-cü il tarixdə mirasın tərkibinə daxil olan Bakı şəhəri Nizami küçəsi ev 48 ünvanda yerləşən 42 saylı mənzilə dair adıçəkilən notariat ofisində Cavabdeh2 müvafiq şəhadətnamə verilərkən onun özünə düşən paydan imtina etməsinə dair növbəti ərizə ilə müraciət etməsinə zərurət yox idi. Cavabdeh tərəfin izahatları və şahid ifadələri ilə müəyyən edilmişdir ki, hələ Tofiq Hüseynovun sağlığında onun və cavabdehin hazırki iş üzrə iddiaçı ilə ailə münasibətlərində müəyyən gərginlik olmuşdur. Məhz bu səbəbdən gələcəkdə ölümündən sonra oğlunun bacısını evdən çıxarmaması üçün Tofiq Hüseynov özü cavabdehlə notariusa gedib mənzili onun adına keçirməsi prosesində iştirak etmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən həmçinin 2013-2020-ci illər ərzində mübahisəli mənzilin yalnız Cavabdeh2 adına vərəsəlik hüququ əsasında rəsmiləşdirilməsinə narazılığı olduğu halda X1 bu halı mübahisələndirməməsini nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, işin araşdırılmış faktiki halları sonuncunun ölən günə qədər belə bir niyyətinin (mübahisələndirmək) olmamasına kifayət qədər dəlalət edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 62, 76, 80, 104.1, 106.1-ci maddələrinə istinad edərək haqlı olaraq qeyd etmişdir ki, cavabdeh tərəfin izahatlarının və şahid ifadəsinin məzmunu iş materialları və işin digər araşdırılmış halları ilə təsdiq edilir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının X25 anası Qalina Hüseynovanın ölümündən sonra onun xüsusi mülkiyyətində olmuş mənzildən ona düşən payın qəbul edilməsinə dair ümumiyyətlə notariat kontoruna müraciət etməmişdir. Halbuki, işin materiallarından görünür ki, o valideynlərindən hər ikisinin ayrı- ayrılıqda SSRİ Əmanət Bankında olmuş əmanətlərinin miras əmlak kimi qalmasını bilmiş, bu əmanətlərdən ona düşən payın bibisi Cavabdeh2 verilməsinə etiraz etmədiyini yazılı şəkildə notariatda bildirmişdir. Eyni zamanda da iddiaçının X25 anası Qalina Hüseynovanın ölümündən sonra onun xüsusi mülkiyyətində olmuş mübahisəli mənzilin də miras əmlak kimi qalmasını bilməyə bilməzdi və hadisələrin araşdırılmış qaydada müəyyən edilmiş faktiki vəziyyəti bu halı mübahisəsiz təsdiq edir ki, mərhum Tofiq Hüseynovun (SSRİ Əmanət Bankında olmuş əmanətlərdən ona düşən miras payından başqa) mübahisəli mənzildən miras payının öz adına rəsmiləşdirilməsi üçün ona heç kim və heç nə mane olmamışdır. Lakin onun keçən müddət ərzində bu payla bağlı Notariat Kontoruna hər hansı formada ərizə verməməsi, mənzildə ölən günə kimi yaşayaraq məişət tullantısı və istismar xərclərini ödəməsi onun həmin mənzilin bacısının adına olmasından məlumatlı olmasını bir daha tam təsdiq edir. Beləliklə də, Tofiq Hüseynov anası Qalina Hüseynovanın ölümündən sonra açılmış mirasın (mənzillə bağlı) qəbulu ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət ərzində heç bir cəhd etməmişdir. Çünki, mənzilin tam mülkiyyət hüququ əsasında cavabdeh olan Cavabdeh2 adına rəsmiləşdirilməsinə faktiki etirazı olmamış, ölən günə qədər bu halla bağlı heç bir formada mübahisə açmamışdır. Əksinə X18 13.12.2012-ci il tarixli ərizəsində miras qalmış əmlakların bir hissəsi olan pul əmanətlərindən bacısı Cavabdeh2 xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Həmin Məcəllənin 1269-cu maddəsinə görə mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Mülki Məcəllənin 1268-ci maddəsinə uyğun olaraq vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1257-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etmək və ya ondan qismən imtina etmək olmaz. Vərəsə mirasın bir hissəsindən imtina etdikdə, o, mirasdan imtina etmiş sayılır. İddiaçı tərəf mübahisəli mənzilin 2013-cü ildə yalnız Cavabdeh2 adına vərəsəlik hüququ əsasında rəsmiləşdirilməsindən X7 xəbəri olmamasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları təqdim etməli, məhkəmə isə həmin tələbə onu əsaslandıran sübutlar, faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının tələbinin əsas qayəsi olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsinə dair istinad etdiyi maddi hüquq normaları (1133.1, 1133.2, 1134.1, 1145.1, 1146, 1147.1, 1151.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1255, 1291, 1321.1-1321.3, 1321.3, 1322, 1325) vərəsəlik hüquq münasibətlərini təsbit edən normalar olmaqla bu şəhadətnamənin hər hansı formada etibarsızlığı üçün hüquqi əsas yaratmır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə ilk öncə iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı idda tələbini qaldırmağa subyektiv hüququnun olmaması barədə gəldiyi nəticə istisna olmaqla, aidiyyatı maddi hüquq normalarına istinad edərək iddianı rədd etməklə, mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İddianın rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2(009)-260/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6365/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6365/2021
21.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver