Məhkəmə qərarları › İş №2(103)-6367/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6367/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6367/2023 16.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4846/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı Cavabdeh MMC tərəfindən İddiaçı tərəfindən ödənilmiş məbləğin və iddiaçının mənzilinə vurulmuş ziyanın dəyərinin cəmi olan 66046 manat və 2500 manat dəyərində kirayə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehə məxsus mebellərin iddiaçının mənzilindən cavabdehin hesabına sökülərək çıxarılması barədə iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4846/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Qərardadda Azərbaycan Respublikası 35.1, 151.1, 152.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, “AZEMİS” elektron məhkəmə informasiya sisteminin “vergi ödəyicilərinin məlumatları” altsistemindən əldə olunmuş çıxarışdan görünür ki, cavabdeh "xxxx" MMC Sumqayıt şəhəri, ev Ü.Hacıbəyov küçəsi ilə Koroğlu küçəsinin kəsişdiyi yerdə 9-cu mikrorayonla 10-cu mikrorayon arasında yerləşən firmaya məxsus bina ünvanında qeydiyyatdadır. Həmin ünvan Sumqayıt şəhərinin ərazisinə aid edildiyindən iddianın ərazi aidiyyəti Sumqayıt Şəhər Məhkəməsinə aiddir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4846/2023 saylı qərardadının ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsinə baxılması üçün icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60, Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehin ünvanı Sumqayıt şəhərinin ərazisinə aid edilsə də, müqavilənin icra edildiyi yer cavabdehin malları yerləşdirdiyi iddiaçının mənzili hesab olunur (Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən Renessans Palace yaşayış kompleksi, Blok 4C, 1028 nömrəli mənzil). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4846/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosessual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-45, 149-152, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən şikayətə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, sübuta yetirilməyən əsasla şikayətin təmin edilməsi mülki prosessual baxımından yolverilməzdir. Mülki Prosessual Məcəllənin tələblərinə görə: Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (35.1). İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər (36.9.) İddiaçı müqavilənin icra edildiyi yerin cavabdehin malları yerləşdirdiyi iddiaçının (Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən Renessans Palace yaşayış kompleksi, Blok 4C, 1028 nömrəli) mənzilin hesab olunduğunu qeyd etsə də, iddiaçı (sifarişçi) ilə cavabdeh arasında müqavilədə bağlandığı yer və ya icra yeri (ünvan) qeyd edilməmiş, müqavilə cavabdehin adı yazılan blankda tərtib edilsə də hüquqi şəxsin səlahiyyətli şəxsi tərəfindən imzalanmamış və möhürü ilə təsdiq edilməmişdir, müqaviləni Ehtiram adlı şəxs imzalamışdır. İddiaçı özü isə Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyatdadır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4846/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar