Məhkəmə qərarları › İş №2(103)-6370/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6370/2024

04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6370/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi) iş üzrə QƏTNAMƏ İş № 2(103)-6370/2024 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi) “əsassız yazılmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2141/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçının yaşadığı Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, bağ evi 107 A/207 A ünvanında ona 171.38 manat sərfiyyat borcu hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, bağ evi 107 A/207 A ünvanında yerləşən mənzilə (kod:**********00070) əsassız olaraq borc kimi yazılmış olan 171.38 manatın cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, bağ evi 107 A/207 A ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətindədir. Abunəçi olaraq xx.xx.2023-cü il tarixdə ona yazılan həddindən artıq yüksək sərfiyyatla 171.38 manatla razı olmadığı üçün Azərişığın Binəqədi rayon idarəsinə gələrək yazılı şəkildə şikayət etmişdir. O, 2002-ci ildən abunəçidir və heç bir zaman bu qədər sərfiyyatda enerji işlətməmişdir. Xahiş etdi ki, bu barədə araşdırma aparılsın və ona yazılan artıq sərfiyyat silinsin. Ona məlumat verildi ki, sayğac yenilənəcək və köhnə sayğac laboratoriya yoxlamasından keçiriləcək. Laboratoriya yoxlaması zaman ona məlumat veriləcək və onun iştirakı ilə yoxlama aparılacaqdır. xx.xx.2023-cü il tarixdə sayğac yeniləndi. Lakin bu günə kimi ona laboratoriya yoxlanışı barədə heç bir məlumat verilmədi. xx.xx.2023-cü tarixində isə ona 226.56 borc gəlib. xx.xx.2023-cü il tarixdə sayğac əvəzlənmişdir və əlavə sərfiyyat yazılmışdır. Ona xx.xx.2024-cü il tarixdə isə elektron cavab yazaraq bildirmişlər ki, AKT-a əsasən sayğacda qüsur olmamış, sayğacın normal buraxıla bilən xəta ilə işləməsi müəyyən olunmuşdur. Göründüyü kimi onun nəzarətində olmayan sayğacın heç bir qüsuru olmadığı halda əsassız olaraq borc yazılmış, borc ödəilməzsə işıq verilişinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. Cavab məktubunda qeyd edilən qüsur isə abonent olaraq ona heç bir aidiyyəti yoxdur.

4. Məhkəmə iclaslarında iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun evi 3 otaqlıdır, evində 2 kondisioner var, lakin az işlədilir, qonşularında da bu cür hallar baş vermişdir, yay aylarında abonentlərə artıq sərfiyyat yazılır, heç vaxt bu qədər elektrik enerjisi sərf etməmişdir, sayğac çıxarılan zaman elə həmin gün yeni sayğac quraşdırıldı, qəbzi alan zaman sayğacın göstəricisinə baxmamışdır, ev fərdi yaşayış evidir, evində hər hansı təmir işləri aparmamışdır, onun xəttinə başqa heç kəs qoşulmamışdır, qonşusu şikayətin mənası olmadığı üçün şikayət etməmişdir.

5. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməmiş və etirazını belə əsaslandırmışdır ki, hesablanan məbləğ sayğac göstəricisinə əsasən yazılmışdır, abonentin müraciətindən sonra sayğac demontaj edilmiş və laboratoriya yoxlanışına göndərilmiş, yoxlama zamanı sayğacın standarta uyğun xəta ilə işlədiyi müəyyən edilmişdir.Bundan əlavə saldodan görünür ki, abonent sayğacın əvəzlənməsindən sonra 49 gün üçün cəmi 62 k.vt enerji sərf etmişdir, hansı ki, agentliyin nümayəndəsinin də bildirdiyi kimi sayğac göstəricisinin gec oxunması mümkündür, çünki burada insan faktoru var. Göstərici vaxtında oxunmadığı halda sonrakı aylarda əvəzləşdirilir.

6. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi X3 bildirmişdir ki, sayğac göstəricisindən xəta bir neçə səbəbdən ola bilər. Sayğacın özündə problem olarsa, fazalar toqquşarsa, göstərici vaxtında oxunmayanda, oğurluq olarsa və.s hallarda mümkündür. Günün müxtəlif vaxtlarında naqildən keçən cərəyan fərqli olur. 1.9 amper gərginlik o qədər də yüksək sayılmır. Nəzərə alsaq ki, yoxlama gündüz vaxtlarında aparılmışdır, axşam vaxtlarında bu gərginliyin artması və dolayısı ilə istifadə olunan elektrik enerjisi sərfiyyatının artması təbiidir.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2141/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim İlkin Əliyev) iddia rədd edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 8.1, 8.2, 8.14 və 8.15-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nə işdə olan sübutlara hüquqi qiymət verməmiş, nə də obyektiv və subyektiv səbəbləri araşdıra bilməmişdir. Yəqin hesab edir ki, məbləğ azdır deyə iddiaçı bu məbləğlə razılaşmalıdır. İşdə olan sübutlardan görünür ki, illər ərzində, eyni aylarda, həmçinin borc yazılan əvvəlki ayda, borc yazılan sonrakı ayda, ümumiyyətlə yay və qış mövsünün eyni rübündə heç vaxt bu məbləğdə sərfiyyat olmamışdır. ayın borcy azılan əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Bu normaya görə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxilmalıdır və hüquq normalarına müvafiq qiymətləndirilməlidir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutlar tələbi təmin etmək üçün kifayət etməlidir. Labaratoriya yoxlanılması keçirilən zaman iştiralkı təmin edilməmiş, nəticələr barədə məlumat verilməmiş əvəzində borc yazılmışdır. Akta əsasən sayğacda qüsur olmamış, sayğacın normal buraxıla bilən xəta ilə işləməsi müəyyən olunmuşdur. Cavabdehin sayğacının xəta ilə işləməsinə görə abonent niyə cavab verməlidir?! “Sayğac göstəricisinin gec oxunması mümkündür, çünki burada insan faktoru var. Göstərici vaxtında oxunmadığı halda sonrakı aylarda əvəzləşdirilir” izahatını sübut kimi qəbul ediməsini əsaslandırılmamışdır. Halbuki əgər bu izahatı sübut kimi qəbul edirdisə məhkəmə əvvəkki ayın borcu ilə sonrakı ayların borclarını da müqayisəli təhlil etməli idi, məhkəmə izahatı üstün tutmuşdur və hesab etmişdir ki, bu bir ayın deyil, 49 günün borcudur. Amma əvvəlki ayla sonrakı ay arasında sərfiyyat müqayisə edilərsə sayğacın göstəricində 49 gün üçün bu qədər borc yığılmamışdır. Cavabdein iddiaya cavab vernəyə arqumenti olamış, bu səbəbdən də üçüncü şəxsin izahatına istinad etmişdir, məhkəmə isə bunu cavabdehin sübutu kimi qəbul etmişdir. Üçüncü şəxsin izahatında qeyd edilənlər, cavabdehin də üçüncü şəxsə istinad edərək izahat verərək iddianı rədd etməsi, məhkəmənin isə buna istinad edərək qətnamə çıxarılması qərəzli iş araşdırılmasıdır. Üçüncü şəxsin izahatında qeyd edilənlərin heç birinə görə iddiaçının cavabdehliyi yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

12. Apellyasiya baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hal-hazırda 171 manat borcdan ödənişlər etmir, məhkəmə qərarını gözləyir.

13. Apellyasiya baxışında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilən sənədlərdən görünür ki, iddiaçının 171 manat sərfiyyat borcu qalmışdır.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış 3-cü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləi barədə məlumat verməmişdir. Kolegiya onun iştirakı olmadan işə baxılmasını mümükün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”

17. Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.

18. Bənd 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

19. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

20. Bənd 8.2. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

22. Bənd 8.14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir.

23. Bənd 8.15. Ödəmə sənədində səhv və ya sayğacların göstərişlərində anlaşılmazlıq aşkar olunarsa, istehlakçı, o cümlədən məişət abonenti bu barədə enerjitəchizatı müəssisəsinə yazılı məlumat verməlidir. İstehlakçı, o cümlədən məişət abonenti yazılı məlumat verdikdən sonra enerjitəchizatı müəssisəsi on gündən gec olmayaraq hesablaşmanı, lazım gələrsə, sayğacı yoxlamalı və bu yoxlamanın nəticələri haqqında ona məlumat verməlidir. Əgər sayğac göstəricilərinin xətası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi normalardan artıq deyilsə, onda bu xəta normal sayılır və yenidən hesablaşma aparılması tələb olunmur. Əgər yoxlamanın nəticələrinə görə yenidən hesablaşma aparmaq tələb olunarsa, onda növbəti dövr üçün ödəniş sənədləri yazıldıqda, elektrik sayğaclarına onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə yenidən hesablaşma aparılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki apellyasiya baxşının predmetini qətnamənin qanuniliyinin və əsaslılığının bötüvlükdə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən evdə yaşayan abonent İddiaçı ilə (abonent kodu: **********00070) "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında elektrik enerjisindən istifadə ilə bağlı müqavilə münasibətləri vardır. Tədqiq edilən abonentin saldosundan və ödəmə ilə bağlı məlumatdan müəyyən edilmişdir ki, abonentə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət üçün 1426 k.vt elektrik enerjisi sərfiyyatı yazılmış və buna görə limitdən artıq istifadə ilə birlikdə ona 171.38 manat borc hesablanmışdır. Abonent bu miqdarda sərfiyyat etmədiyini düşünərək yazılmış borcdan narazılığını müəssisəyə yazılı şəkildə bildirmiş və həmin müraciəti əsasında xx.xx.2023-cü il tarixdə ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilmiş və bu barədə 302618 nömrəli AKT tərtib edilmişdir. Həmin AKT-da qeyd edilmişdir ki, illik sərfiyyata baxdıqda ciddi fərq görüldü, lakin sayğacda başqa problem yoxdur. Sayğacdan axan yük ölçülmüş və 1.9 amper hesablanmışdır. Nəticədə sayğacın yenisi ilə əvəzlənməsi və köhnə sayğacın laboratoriya şəraitində yoxlanılmağa göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə ASC-nin laboratoriya mərkəzində sayğac yoxlanılmış və bu barədə 018827 nömrəli AKT-protokol tərtib edilmişdir. Yoxlamanın nəticəsi kimi qeyd edilmişdir ki, sayğacın möhürü normaldır, sayğac normal buraxılan xəta ilə işləyir. Abonentin laboratoriya yoxlamasında iştirakı təmin edilməmişdir. Hazırda abonent onun bu miqdarda elektrik enerjisi sərf etmədiyini iddia edir və iddiasını onunla əsaslandırır ki, qonşularında da belə hallar olmuşdur. Lakin bu barədə hər hansı sübut təqdim etməmişdir..Bundan əlavə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək (49 gün) abonentin cəmi 62 k.vt elektrik sərf etdiyi müəyyən edilir, hansı ki, onun dəyəri cəmi 5 manat təşkil edir.

34. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki mübahisənin düzgün həll olunması üçün iddiaçıya mübahisəli sərfiyyatın hesablandığı zaman elektrik sayğacının normal işlək və toxunulmaz vəziyyətdə olub-olmamasının müəyən edilməsindən asılıdır.

35. İşin faktiki hallarından göründüyü kimi abonent sərfiyyatdan narazılığını enerjitəchizatı müəssisəsinə yazılı qaydada bildirdikdən sonra sayğac çıxarılaraq yoxlanılmış və sayğacın normal xəta ilə işləməsi müəyyən edilmişdir. Bundan əlavə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndəsinin birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında da sayğaca baxış keçirilən zaman aşkar olunmuş göstəricilərin normal olması bildirilmişdir. Qeyd edilənlər onu deməyə əsas verir ki, yuxarıda istinad edilmiş Qaydaların 8.15-ci bəndinə əsasən elektrik sayğacının normal xəta ilə işləməsi mübahisəsiz olduğundan abonentə yazılmış sərfiyyatda anlaşılmazlıq olmamış və yenidən hesablaşma aparılmasına zərurət yaranmamışdır.

36. Kollegiya bildirir ki, iddiaçı tələbinin əsası kimi qonşularında da belə halların baş verməsinə, əvvəlki və sonrakı dövrlərə baxdıqda heç vaxt bu qədər sərfiyyatın olmadığına istinad etmişdir. Kollegiya hesab edir ki, əvvəlki dövrlə müqayisədə fərqli sərfiyyatın olması da iddianın əsaslı olması anlamına gəlmir. İşin araşdırılmış hallarından və tətbiq edilməli olan hüquq normalarından görünür ki, iddiaçıya sərfiyyat texniki vəziyyəti normal olan elektik sayğacının göstəricilərinə uyğun yazılmış və buna müvafiq borc hesablanmışdır. Həmçinin nəzərə alınmalıdır ki, subyektiv və ya obyektiv səbəblərdən irəli gələrək hansısa bir dövr ərzində kommunal xidmətlərdən daha çox istifadənin olması baş verə bilən haldır.

37. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh tərəfindən yazılmış borc qanuni və əsaslı olduğuna görə iddia tələbinin rədd edilməsi barədə ilkin məhkəmə gəldiyi nəticədə haqlı olmuşdur, buna görə də iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2141/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar