Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6391/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, X2 İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1950/2022 saylı 23 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsi 3-cü döngədə yerləşən 14C saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
2. İş materiallarında olan xx.xx.2016-cı il tarixli ******* nömrəli aktın, xx.xx.2016cı il tarixli ******* nömrəli aktın, xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktın, xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın surətlərindən görünür ki, abonent İddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə edilməsi halları müəyyən edilmiş və bu barədə həmin aktlar tərtib edilmişdir.
3. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçının abonent hesabına (abonent kodu **********00030) aktlar əsasında 2012-ci ilin yanvar ayında 134,40 manat, 2012-ci ilin dekabr ayında 60,40 manat, 2016-cı ilin noyabr ayında 317,40 manat, 2016-cı ilin dekabr ayında 165,20 manat, 2018-ci ilin yanvar ayında 927 manat, 2021-ci ilin oktyabr ayında 1144,80 manat, 2021-ci ilin noyabr ayında 457,92 manat, 2021ci ilin dekabr ayında 648 manat, 2022-ci ilin yanvar ayında 648 manat, 2022-ci ilin fevral ayında 648 manat, 2022-ci ilin mart ayında 669,6 manat və 2022-ci ilin aprel ayında 669,60 manat olmaqla ümumilikdə 6490,32 manat məbləğində borc hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, **********00030 saylı kod üzrə ünvan 1 ünvanındakı abonentə yazılmış 5400 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırımışdır ki, ünvan 1 ünvanındakı fərdi yaşayış evi ona məxsusdur. Həmin ev **********00030 saylı kod əsasında cavabdeh təşkilat tərəfindən qazla təmin edilir. Əvvəllər adi sayğacdan istifadə etsə də, sonradan sayğac dəyişdirilmiş və “Smart” kartdan istifadə etmişdir. Cavabdeh təşklatı təmsil edən şəxslər sayğacı dəyişdirdikdən sonra onların Cavabdeh İstehslat Birliyinə 5400 m3 qaz borcumuzun olduğu bildirilmiş və bu barədə akt tərtib olunmuşdur. Qeyd etmişdir ki, akt tərtib olunarkən, nə də ondan sonra cavabdeh təşkilat tərəfindən onlara heç bir irad bildirilməmiş, akta imza etməmişlər. Bu sənədin varlığını çox sonra, onu Mərdəkan qəsəbəsində yerləşən qaz satışı idarəsindən tələb edib aldıqdan sonra bilmişdir. Aktda qeyd olunanlar həqiqəti əks etdirmir, belə ki, o yalnız smart kartdan istifadə etdiyi üçün karta yükləmiş pul vəsaitinə uyğun yanacaqdan istifadə etmişdir. Ona son üç ayda hər ay 760 manat olmaqla əsassız, ümumilikdə isə 5400 manat borc yazılmışdır. Prosessual qanunun tələblərinə görə aktı tərtib etmiş şəxs onun işin həqiqi hallarına uyğun olmasını və doğruluğunu sübut etməlidir.
6. Daha sonra iddiaçı iddia tələbinin həcminini artıraraq cavabdeh tərəfindən yazılmış 6070 manat əsassız qaz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1950/2022 saylı 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı abonent hesabına (abonent kodu **********00030) hesablanmış 6007,72 manat məbləğində borcun silinməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 80,07 manat dövlət rüsumunun alınaraq Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20 və 21.1-3-cü maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5, 6.6 və 6.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Bundan əlavə, təqdim edilmiş saldo və foto şəkillərdən aydın olur ki, iddiaçı birliyə ziyan vurmuşdur. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, əməkdaşlar tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qazxəttinə qoşulma mövcuddur. Sözügedən abonentin qazsayğacı tam işlək vəziyyətdə olmuşdur və heç bir nasazlıqdan söz açıla bilməz. Bilərəkdən (qəsdən) qaz qurğu sahibindən icazəsiz qaz alan cavabdeh şəxs, qaz qurğusu sahibinə vurmuş zərərin əvəzini ödəmək vəzifəsi daşıyır. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə iddiaçıdan sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Təqdim edilmiş saldodan isə aydın olur ki, iddiaçı sayğac vasitasilə heç sərfiyyat etməmişdir. Təbii ki sayğacdan kənar istifadə etdiyindən buna luzum qalmamışdır. Yuxarıda qeyd edilən kimi iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. İşin halları ilə bilavasitə əlaqədar olan halların araşdırılması üçün ekspertiza təyin edilməsi zəruri və qaçınılmazdır. Abonentin qaz sayğacı tam işlək vəziyyətdə olmuşdur və tərəflərdən heç bir səhvə yol verilmədiyini yoxlamaq məqsədi ilə ekspertiza və yerində müayinə təyin edilməsi məqsədə müvafiqdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, Cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun
13. Maddə 20 müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
14. Maddə 21.1 müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
15. Maddə 6.5 qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
16. Maddə 6.6 qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir.
17. Məddə 6.7 qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, iddiaçı iddia tələbinin təmin edilməməsi hissəsində qətnamənin mübahisələndirmədiyindən apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir..
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1950/2022 saylı 23 iyun 2022-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddiaçının abonent hesabına borcun hesanlanmasına əsaslar Cavabdeh tərəfindən tərtib edilmiş aktların olmasını və həmin aktların tərtib edilməsinə əsaslar iddiaçı tərəfindən dəfələrlə təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi faktı cavabdeh tərəfindən tərtib edilmiş aktlarla müəyyən edildiyindən, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür.
27. Belə ki, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərindən də görünündüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Halbuki qeyd edilən və mütləq olunmalı olan hərəkətlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir.
28. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 2012-ci ilin yanvar və fevral aylarında, 2018-ci ilin yanvar ayında, 2021-ci ilin oktyabr, noyabr, dekabr aylarında, 2022ci ilin yanvar, fevral, mart və aprel aylarında tərtib edilmiş aktların mötəbərliyinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən və həmin aktların əsaslı olmaları da məhkəmə araşdırılması zamanı müəyyən edilmədiyindən həmin aktlar əsasında iddiaçının abonent hesabına hesablanmış borclar əsassızdır.
29. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlərə əsasən formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1950/2022 saylı 23 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.