Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6392/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(004)-2886/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsi, məhəllə 616, ev 216, 3 saylı mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1192 nömrəli reyestr kitabının 108294 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsi, məhəllə 616, ev 216, 3 saylı mənzil üzrə Smart tipli 1102AQ**********8 nömrəli sayğacın elektron tablosu işləmədiyi səbəbindən Smart Zenner G4T Smart tipli sayğacla əvəz olunmuşdur.
3. İddiaçı abonentin saldosundan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsi, məhəllə 616, ev 216, 3 saylı mənzil üzrə 2022-ci il üzrə 1534,75 (bir min beş yüz otuz dörd manat yetmiş beş qəpik) manat ödənilməmiş borcu vardır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh İB-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatı kimi xüsusi mülkiyyətində olan mənzilin **********00030 nömrəli abonent koduna 11643 m yəni 2689.75 manat yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilə dair qazdan istifadə edilməsi barədə müqavilə bağlanmış və sayğac quraşdırılmışdır. Sayğac daim normal vəziyyətdə işləmiş və ödənişlər sərfiyyata uyğun 2020-ci ilə kimi (yəni yaşadığı vaxtlarda) vaxtında ödənilmişdir. Qeyd edir ki, cavabdehin əməkdaşları sayğacların əvəzlənməsi ilə bağlı gəlmişlər və qaz sayğacını sökmüşlər, yerinə isə yeni qaz sayğacı quraşdırmışlar. Sayğac sökülən zaman sayğacın elektron tablosunun işləmədiyi bildirilmişdir. O, isə təxmini iki ilə yaxındır ki, mənzildə yaşamadığından yaşayış olmadığından xəbəri olmadığını bildirmişdir. Bu zaman cavabdehin əməkdaşları çıxıb getdilər. Quraşdırılan smartkart sayğacda isə 20m3 limit qoyulmuşdur ki, onu işlətsin sonra karta pul köçürülsün. O, isə limit bitməmiş qaz kartına pul köçürmək istədikdə pul köçürülməmiş və kart bloklandı yazılmışdır. Bunun araşdırılması üçün getmiş və ona cavabdeh orqan sayğacın elektron tablosu işləmədiyi üçün yaşamadığı və istifadə etmədiyi mənzilinin **********00030 nömrəli abonent koduna 11643 m’ yəni 2689.75 manat borc yazmışlar. Həmin borc ödənilməsə kartın blokunun açılmasının mümkün olmadığını bildirdilər. Hesab edir ki, həmin borc əsassız olaraq hesablaraq ona yazılmışdır. Belə ki, o iki ilə yaxındır ki, mənzilində yaşamır və qazdan istifadə etmir, eyni zamanda da əgər sayğacın elektron tablosu işləməsə belə sayğac smartkart olduğundan karta pul köçürməsə və sayğaca yüklənməsə qaz axınının olması və istifadəsi mümkünsüzdür. Belə olan halda cavabdehin hansı qaz sərfiyyatına görə yazdığı anlaşılan deyil və əsassızdır. Hətta həmin sayğac artıq 10 ildən çoxdur ki, quraşdırılmışdır və 5 (beş) il istismar müddəti vardır. Bu da onu göstərir ki, istismar müddəti bitibsə deməli o öz-özünə xarab ola bilər. Həm də ki, həmin zədələnmənin kim tərəfindən və ya necə baş verməsi araşdırılmamışdır. Bütün bunlara baxmayaraq hazırda cavabdeh əsassız olaraq mülkiyyətində olan mənzilin **********00030 nömrəli abonent koduna 11643 m3 yəni 2689.75 manat borc yazmışlar ki, onu da silmirlər və əksinə tələb edir. Bütün bu səbəblərdən də cavabdehin qanunsuz hərəkətlərinin artıq ona qarşı əsassız yazılaraq borc kimi ona ödətdirmək istdədikləri onun hüquqlarının pozulmasına səbəb olmuşdur.
6. Birinci instansiya məhkəməsi baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehin nümayəndəsinin məhkəmə iclasında hesablanmış borcun 2689.75 manat deyil, 1534,75 manat olduğu bildirildiyindən 1534,75 manat məbləğində hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(004)- 2886/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 2 ünvanı üzrə **********00030 nömrəli abonent koduna hesablanmış 1534,75 (bir min beş yüz otuz dörd manat yetmiş beş qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh məhkəməyə borcun 2022-ci il ərzində hansı müddətdə və hansı əsaslarla yarandığına dair mötəbər sübutlar təqdim olunmamışdır. Ona görə də məhkəmə hesablanmış borcu əsassız hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilədir. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Apelyasiya şikayətində göstərilmişdir ki, **********00030 saylı abonent kodu verilmiş ünvan 3 ünvanında quraşdırılmış smart itron tipli, G-4 markalı qaz sayğacı xx.xx.2022-ci il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt tərtib edilərək yeni qaz Zenner G 4 markalı sayğacı ilə əvəzlənmişdir. Elektron tablosu işləməyən Smart tipli sayğac çıxarılan zaman Birliyin əməkdaşları tərəfindən çıxarılmış sayğacın elektron göstəricisi ilə mexaniki göstəricisi arasında fərqin olması faktını aşkar etmişlər və bu barədə yuxarıda qeyd olunan akta müvafiq qeydlər aparılaraq istehlakçı məlumatlandırılmış, həmin faktın aşkar olmasını istehlakçı aktı imzalamaqla təsdiqləmişdir. Nəticə etibarı ilə çıxarılan smart tipli sayğacın üzərində elektron tablonun qeyd etmədiyi, lakin həmin sayğacın mexaniki hissəsinin qeyd etdiyi 11643 m3 sərfiyyat borcu aşkar edilmişdir, yəni sayğac mənfiyə işləmişdir. Bunun nəticəsi olaraq da abonentin istifadə etdiyi, yəni karta məbləğ yükləmədən işlətdiyi və bu səbəbdən də dəyəri ödənilməmiş 1534,75 manat məbləğində debitor borcu yaranmışdır. Beləliklə, iddiaçının mübahisələndirdiyi borc debitor borcdur. Bu danılmaz faktdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında hesablanmış dəymiş maddi zərər olsa idi bu hal mütləq abonentə dair Saldo-da müvafiq olaraq “Aktlar və qalıqlar” qrafasında öz əksini tapmış olardı. Digər tərəfdən də təbii qazdan istifadə qaydalarının pozulması haqqında hər hansı Akt belə mövcud deyildir. Göründüyü kimi, birinci instansiya məhkəməsi silinməsi xahiş olunan borcun hansı səbəbdən yaranmasının araşdırılmasına həddən artıq səthi yanaşmış, “Smart tipli sayğacda borc olmur” kimi iddiaçının uydurma, qeyri-peşəkar ifadələrinə inanmış və bununla da debitor borcu silərək qanunsuz qətnamə qəbul etmişdir. İddiaçı uydurma izahatından başqa və əsassız iddia tələbinə qanuni don geyindirməkdən başqa hər hansı sübut, yəni təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilən hər hansı aktı, digər tərəfdən borcun əsassız olmasına dair hər hansı bir sənədi təqdim edə bilməmişdir. Bu faktdır. Lakin tərəflərində tərtib edilən və iddiaçı tərəfindən də imzalanmış xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Akt onun, yəni abonentin nə dərəcədə haqqsız və iddia tələbinin qanusuz olmasını göstərir. Həmçinin məhkəmə baxış iclasına birinci instansiya məhkəməsi üçün daha da aydın olsun deyə Azəriqazın İB-də çalışan mütəxəssis (abonentlərlə iş üzrə şöbəsinin məsul əməkdaşı) şahid kimi dəvət olunaraq qeyd olunan debitor borca dair ətraflı, izahlı izahatı alınmış, məhkəmənin bu məsələ ilə bağlı suallarına cavab verilmişdir. Bundan başqa mühüm əhəmiyyət kəsb edən məsələlər birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamış qalmışdır. Belə ki, **********00030 saylı abonent koduna dair Gasrep proqramından çıxarış (iş materiallarında var). Həmin çıxarışda abonentin çıxarılmış sayğacından aşkarlanmış dəyəri ödənilməmiş təbii qaza yaranan borc məbləği qeyd olunub. İddiaçının digər komunal xidmətə görə (su və işıq) saldoları (vəsatət versək də nəticəsiz qalmışdır). Həmin sənədlər özündə iddiaçının həmin ünvanda özü dediyi kimi 2 il ərzində yaşayıb-yaşamaması faktınının aşkara çıxarılmasına yardımçı ola bilərdi.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, onun mənzilində quraşdırılmış sayğac mexaniki sayğac deyil, smart tipli sayğacdır. Smart tipli sayğacda pul bitən kimi işləməsi dayanmalıdır, amma bu sayğac öz-özünə fırlanırdı, işlək vəziyyətdə olmamışdır. Bununla bağlı cavabdehin nümayəndələrinə dəfələrlə bildirsə də nəticəsi olmamışdır. Göründüyü kimi qaz sayğacı işləməyib və ona görə də borc düzgün hesablanmamışdır. Çünki həmin mənzildə heç kim yaşamamışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktı isə məcburiyyət qarşısında qalaraq imza etmişdir. Belə ki, akta imza etmədiyi halda ona sayğac quraşdırılmasından imtina ediləcəyini bildirmişlər. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim edilmədiyindən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
17. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Apelyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası izahatı bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mənzilinə 25 avqust 2018ci il tarixdə Smart tipli sayğac quraşdırılmışdır. Daha sonra həmin ünvanda elektron tablosu işləmədiyi səbəbindən qaz sayğacı dəyişdirilərək, yenisi ilə əvəz edilmişdir. Məhkəməyə sübut kimi təqdim olunmuş abonent saldosundan görünür ki, iddiaçının mənzilinə 1534,75 (bir min beş yüz otuz dörd manat yetmiş beş qəpik) manat borc hesablanmışdır.
25. Cavabdeh tərəf apellyasiya şikayətində həmin borcun debitor borc olmasını bildirsə də məhkəmə kollegiyası cavabdehin dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olan cavabdeh tərəfin əməkdaşları tərəfindən tərtib edilmiş 25 aprel 2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsi, məhəllə 616, ev 216, 3 saylı mənzil üzrə Smart tipli 1102AQ**********8 nömrəli sayğacın elektron tablosu işləmədiyi səbəbindən Smart Zenner G4T Smart tipli sayğacla əvəz olunmuşdur.
26. Göründüyü kimi iddiaçıya məxsus mənzildə olan qaz sayğacının məhz elektron tablosu işləmədiyi səbəbindən başqa sayğacla əvəz olunmuşdur. Bundan sonra cavabdehə borc hesablanmışdır ki, həmin borc - debitor borc hesab edilə bilməz, çünki cavabdeh tərəfin əməkdaşlarının tərtib etdiyi aktda qaz sayğacının elektron tablosunun işləmədiyi aşkar edilmiş və elektron tablosu işləməyən qaz sayğacına borcun hesablanmasının nədən ibarət olması, borcun hansı əsasdan yaranması barədə cavabdeh tərəf mötəbər sübutlar təqdim edə bilməmişdir.
27. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz və istifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir.
29. Göründüyü kimi apellyasiya şikayətlərinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
30. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.
31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
37. Belə ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə də iddianın qiyməti 1534,75 (bir min beş yüz otuz dörd manat yetmiş beş qəpik) manat olmaqla beş min manatdan az olduğundan istinad edilən normanın tələbləri baxımından həmin qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir, bir sözlə apellyasiya instansiya məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, e-2(004)-2886/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov