Məhkəmə qərarları › İş №2(103)-6394/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6394/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6394/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5457/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 23.02.2019-cu il tarixli müqaviləyə əsasən, PANASONİC markalı tozsoran, LG markalı televizor, Braun markalı ütü üçün 865 manat ödənilməmiş hissə, 262 manat dəbbə, 06.06.2019-cu il tarixli müqaviləyə əsasən, Tefal markalı ətçəkən, HOFFMAN markalı mini soba üçün 510 manat ödənilməmiş hissə, 122 manat dəbbə, 07.06.2019-cu il tarixli müqaviləyə əsasən, SHOSMAN markalı qazan dəsti, Granchio markalı qazan, Philips markalı ütü fen üçün 465 manat ödənilməmiş hissə, 102 manat dəbbə; 30.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********49748 olan X4 7 markalı telefon üçün 752 manat ödənilməmiş hissə, 155 manat dəbbə, ümumilikdə 3.233 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3.263 manat borcun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 23.02.2019-cu il, 06.06.2019-cu il, 07.06.2019-cu il, 30.06.2019-cu il tarixli müqavilələrə əsasən PANASONİC markalı tozsoran, LG markalı televizor, Braun markalı ütü, Tefal markalı ətçəkən, HOFFMAN markalı mini soba, SHOSMAN markalı qazan dəsti, Granchio markalı qazan, Philips markalı ütü fen, İMEİ Kodu **********49748 olan X4 7 markalı telefon almış və nəticədə 3.233 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 23.02.2019cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1.324 manat (18 ay x 73 manat + 10 manat ilkin ödəniş) olan PANASONİC markalı tozsoran, LG markalı televizor, Braun markalı ütü üçün ümumilikdə 1.127 manat olmaqla, ondan 865 manat ödənilməmiş hissə, 262 manat dəbbə, 06.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 612 manat (18 ay x 34 manat + 0 manat ilkin ödəniş) olan Tefal markalı ətçəkən, HOFFMAN markalı mini soba üçün ümumilikdə 632 manat olmaqla, ondan 510 manat ödənilməmiş hissə, 122 manat dəbbə, 07.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 558 manat (18 ay x 31 manat + 0 manat ilkin ödəniş) olan SHOSMAN markalı qazan dəsti, Granchio markalı qazan, Philips markalı ütü fen üçün ümumilikdə 567 manat olmaqla, ondan 465 manat ödənilməmiş hissə, 102 manat dəbbə, 30.06.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 846 manat (18 ay x 47 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********49748 olan X4 7 markalı telefon üçün ümumilikdə 907 manat olmaqla, ondan 752 manat ödənilməmiş hissə, 155 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 748 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Müqavilənin 3-cü bəndinə əsasən, ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, “ABC” “Müştəri”-nin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5457/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 23.02.2019-cu il tarixli müqavilə üzrə 865 manat əsas borc, 26 manat dəbbə pulu, 06.06.2019-cu il tarixli müqavilə üzrə 510 manat əsas borc, 12 manat dəbbə pulu, 07.06.2019-cu il tarixli müqavilə üzrə 465 manat əsas borc, 10 manat dəbbə pulu, 30.06.2019-cu il tarixli müqavilə üzrə 752 manat əsas borc, 15 manat dəbbə pulu olmaqla, ümumilikdə dörd müqavilə üzrə 2.592 manat ödənilməmiş məbləğ (əsas borc) və 63 manat dəbbə pulu olmaqla, cəmi 2.655 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia qismən təmin edildiyindən, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 82%-i, yəni 24.60 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, qalan 18 %-i, yəni 5,40 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5457/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi qanunsuz və ədalətsizdir. Birinci intansiya məhkəməsinin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci isntansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada xəbərdar edilməmiş, onun iştirakı olmadan işə baxan hakim məsələyə bir tərəfli baxmış və nəticədə qanunuz qərarın çıxarılmasına səbəb olmuşdur. Məhkəmənin hesabladığı borc və onun faiz dərəcələri ona münasibətdə düzgün hesablanmamışdır. Eyni zamanda iddiaçıya dəfələrlə yeni müqavilənin bağlanmasını təklif etsə də iddiaçı buna razı olmamışdır. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası MPM-nin tələblərinin pozulması ilə qəbul edilmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar məhkəmədə araşdırılmamış, müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmamış, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5457/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə əsasında nümayəndəsi X2 apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5457/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Cavabdeh 23 fevral 2019-cu il tarixli, 06 iyun 2019-cu il tarixli, 07 iyun 2019-cu il tarixli və 30 iyun 2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən onun 2.592 manat ödənilməmiş məbləğ (əsas borc) və 63 manat dəbbə pulu olmaqla, cəmi 2.655 manat borcu yaranmış və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 600, 601 və 448-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Rəşad Aslanovun izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00529239 saylı, 23 fevral 2019-cu il tarixli əşyanın nisyə satılması haqqında Müqavilədən görünür ki, həmin Müqaviləyə əsasən ümumi dəyəri 1.324 manat olan PANASONİC markalı tozsoranı, LG markalı televizoru və Braun markalı ütünü ayda 73 manat ödəmək şərti ilə 18 ay müddətinə Cavabdeh satılmışdır. İş materiallarında olan, 00529239 saylı, 23.02.2019-cu il tarixli əşyanın nisyə satılması haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı PANASONİC markalı tozsoranın, LG markalı televizorun və Braun markalı ütünün dəyəri olan 1.324 manat pulu hər ay 73 manat ödəmək şərti ilə 18 ay müddətinə (18 (on səkkiz) ay x 73 (yetmiş üç) manat + 10 (on) manat ilkin ödəniş=1.324 manat) iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00707227 saylı, 06 iyun 2019-cu il tarixli əşyanın nisyə satılması haqqında Müqavilədən görünür ki, həmin Müqaviləyə əsasən ümumi dəyəri 612 manat olan Tefal markalı ətçəkəni və HOFFMAN markalı mini sobanı ayda 34 manat ödəmək şərti ilə 18 ay müddətinə Cavabdeh satılmışdır. İş materiallarında olan, 00707227 saylı, 06.06.2019-cu il tarixli əşyanın nisyə satılması haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı Tefal markalı ətçəkənin və HOFFMAN markalı mini sobanın dəyəri olan 612 manat pulu hər ay 34 manat ödəmək şərti ilə 18 ay müddətinə (18 (on səkkiz) ay x 34 (otuz dörd) manat + 0 (sıfır) manat ilkin ödəniş=612 manat) iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00708781 saylı, 07 iyun 2019-cu il tarixli əşyanın nisyə satılması haqqında Müqavilədən görünür ki, həmin Müqaviləyə əsasən ümumi dəyəri 558 manat olan SHOSMAN markalı qazan dəstini, Granchio markalı qazanı və Philips markalı ütü feni ayda 31 manat ödəmək şərti ilə 18 ay müddətinə Cavabdeh satılmışdır. İş materiallarında olan, 00708781 saylı, 07.06.2019-cu il tarixli əşyanın nisyə satılması haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı SHOSMAN markalı qazan dəstinin, Granchio markalı qazanın və Philips markalı ütü fenin dəyəri olan 558 manat pulu hər ay 31 manat ödəmək şərti ilə 18 ay müddətinə (18 (on səkkiz) ay x 31 (otuz dörd) manat + 0 (sıfır) manat ilkin ödəniş=558 manat) iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 00751866 saylı, 30 iyun 2019-cu il tarixli əşyanın nisyə satılması haqqında Müqavilədən görünür ki, həmin Müqaviləyə əsasən 846 manat dəyərində İMEİ kodu **********49748 “X4 7” markalı telefonu ayda 47 manat ödəmək şərti ilə 18 ay müddətinə Cavabdeh satılmışdır. İş materiallarında olan, 00751866 saylı, 30.06.2019-cu il tarixli əşyanın nisyə satılması haqqında müqavilənin ayrılmaz hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı İMEİ kodu **********49748 “X4 7” markalı telefonun dəyəri olan 846 manat pulu hər ay 47 manat ödəmək şərti ilə 18 ay müddətinə (18 (on səkkiz) ay x 47 (qırx yeddi) manat + 0 (sıfır) manat ilkin ödəniş=846 manat) iddiaçı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, 09 sentyabr 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 23.02.2019-cu il tarixli müqaviləyə əsasən, PANASONİC markalı tozsoran, LG markalı televizor, Braun markalı ütü üçün ümumilikdə 1.127 manat olmaqla, ondan 865 manat ödənilməmiş hissə, 262 manat cərimə pulu; 06.06.2019-cu il tarixli müqaviləyə əsasən, Tefal markalı ətçəkən, HOFFMAN markalı mini soba üçün ümumilikdə 632 manat olmaqla, ondan 510 manat ödənilməmiş hissə, 122 manat cərimə pulu; 07.06.2019-cu il tarixli müqaviləyə əsasən, SHOSMAN markalı qazan dəsti, Granchio markalı qazan, Philips markalı ütü fen üçün ümumilikdə 567 manat olmaqla, ondan 465 manat ödənilməmiş hissə, 102 manat cərimə pulu; 30.06.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********49748 olan X4 7 markalı telefon üçün ümumilikdə 907 manat olmaqla, ondan 752 manat ödənilməmiş hissə, 155 manat cərimə pulu borcu vardır. İş materiallarında olan, 10 fevral 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müvafiq 23.02.2019-cu il, 06.06.2019-cu il, 07.06.2019-cu il, 30.06.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi təqdirdə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmədə mülki iddia qaldıracağı barədə Cavabdeh xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanun normalarının tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh 2.592 manat əsas, 63 manat dəbbə borcun tutulması hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qətnamə qəbul edilmişdir. Belə ki, tərəflər arasında sərbəst iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə yaranan öhdəliyi tam icra etməmişdir. Bununla da müqavilə üzrə öhdəlik tam icra edilməmişdir. Halbuki həm qanunvericiliyin tələbləri baxımından, həm də tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh müqavilənin şərtlərini icra etməməyə görə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən borc və onun faiz dərəcələrinin (əsas borc və dəbbə) ona münasibətdə düzgün hesablanmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqavilələrindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 00529239 saylı, 23.02.2019-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit məbləği üzrə tələb olunan 262 manat dəbbə pulunun 26 manat həddində azaldılması, 00707227 saylı, 06.06.2019-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit məbləği üzrə tələb olunan 122 manat dəbbə pulunun 12 manat həddində azaldılması, 00708781 saylı, 07.06.2019-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit məbləği üzrə tələb olunan 102 manat dəbbə pulunun 10 manat həddində azaldılması, 00751866 saylı, 30.06.2019-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit məbləği üzrə tələb olunan 155 manat dəbbə pulunun 15 manat həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulub-tutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla belə məhkəmə kоllegiyası həmçinin yuхarıda göstərilənlərə əsasən müqavilə üzrə əsas borc və cərimə məbləğinin tamamilə ləğv edilməsi ilə bağlı hissədə apelyasiya şikayətinin təmin edilməsini əsaslı hesab etmir. Məhkəmə kollegiyası cavabdeh Məlahət Abbasovanın apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən prosessual hüququnun pozularaq məhkəməyə dəvət olunmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci nstansiya məhkəməsi işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinin tələblərinə əməl etməklə baxmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Bundan başqa, məhkəmə kоllegiyası Cavabdeh apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, iddiaçıya yeni müqavilənin bağlanmasını təklif etsə də iddiaçının razılaşmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların məhkəmədə araşdırılmaması, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərək bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5457/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5457/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar