Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6395/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar X9 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçılar X9 və İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar X9 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1784/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. AZ-İ № 679161 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07 avqust 2014-cü il tarixdə vəfat etmişdir.
2. AZ-T № 266535 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 atası X10, anası X3r.
3. Vİİİ-ЖГ № 352828 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atası X10, anası X3r.
4. Cavabdeh2 tərəfindən notariat ofisinə ünvanlanmış 18 sentyabr 2023-cü il tarixli ərizədə miras əmlakın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət olduğu və Cavabdeh2 başqa vərəsələrin olmadığı qeyd olunmuşdur.
5. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh2 miras əmlak kimi qəbul etmişdir.
6. Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 29 sentyabr 2023-cü il tarixdə Cavabdeh2 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçirilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçılar X9 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 46 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş, Bakı şəhəri, Səbail rayonu, 8-ci X20 küçəsində yerləşən 20 nömrəli mənzil barədə 26 sentyabr 2023-cü il tarixdə verilmiş və reyestrdə 2V-79 nömrə ilə qeydə alınmış Cavabdeh2 adına olan “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, iddia ərizəsi üçün ödənilmiş 100 məbləğində dövlət rüsumunun və həmçinin vəkilə, nümayəndəyə çəkilən 330 manatın alınaraq iddiaçılara ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, X9 və İddiaçı2 Cavabdeh2 ilə doğma bacı-qardaşdırlar. İddiaçıların atası 07 avqust 2014-cü il tarixdə X10 vəfat etmiş, vəfat etməzdən əvvəl mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, 8-ci X20 küçəsində yerləşən 20 nömrəli mənzil olmuşdur. X1 vəfat etdikdən sonra həmin əmlakla bağlı tərəflər arasında mübahisə olmasına baxmayaraq, cavabdeh qəsdən iddiaçılara xəbər vermədən notariat orqanına vərəsəlik X9 və İddiaçı2 Cavabdeh2 ilə doğma bacı-qardaşdırlar. İddiaçıların atası 07 avqust 2014-cü il tarixdə X10 vəfat etmiş, vəfat etməzdən əvvəl mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, 8-ci X20 küçəsində yerləşən 20 nömrəli mənzil olmuşdur. X1 vəfat etdikdən sonra həmin əmlakla bağlı tərəflər arasında mübahisə olmasına baxmayaraq, cavabdeh qəsdən iddiaçılara xəbər vermədən notariat orqanına vərəsəlik işinin açılmasına nail olmuş və bu zaman X1nun digər vərəsələri barədə notariat orqanına məlumat verilmədiyindən, iddiaçılar atasından onlara çatmalı olan əmlak payını almaqdan məhrum olmuşlar. İlk olaraq qeyd olunur ki, miras qoyanın ölümündən 10 (on) il sonra cavabdeh notariat orqanına müraciət etmişlər. Baxmayaraq ki, həmin müraciəti notarius qəbul edə bilməzdi və miras əmlakın qəbulu faktının tanınması məhkəmə qaydasında həyata keçirilməli idi. Belə ki, mərhum 07 avqust 2014-cü il tarixdə vəfat etdiyinə görə, onun ölümündən 6 ayın keçməsi 07 yanvar 2015-ci il tarixdə tamam olmuşdur. Notariat işinin də məğzindən müəyyən olunur ki, mirasın qəbulu ilə bağlı xx.xx.2023-cü il tarixdə notariat orqanına müraciət olunmuşdur. Deməli, mirasın qəbulu faktı məhz buna görə də notarius vasitəsi ilə həyata keçirilə bilməzdi. İkinci növbədə o qeyd olunur ki, mərhumun ölümündən sonra iddiaçılar həmişə evə gedib gəlmişlər və bu haqda heç vaxt söz-söhbət olmamışdır. Eyni zamanda, iddiaçılar X9 və İddiaçı2 anası X8 2019-cu ildə vəfat edənədək bu məsələ müzakirə olunmamışdır. İddiaçılar mərhum anasının ölümündən, yəni qırx mərasimi veriləndən sonra evdən qovulmuş, evin açarı isə cavabdeh tərəfindən dəyişdirilmişdir. Buna görə də ancaq Cavabdeh2 iddiaçıları evə buraxmamışdır. Məhz bundan istifadə edən cavabdeh notarial qaydada belə bir əməliyyat aparmış, digər vərəsələrin paylarını da öz adına rəsmiləşdirilmiş, hazırda da həmin ev onun mülkiyyətindədir. Beləliklə, artıq 2024-cü ilin iyul ayında iddiaçılara məlum olmuşdur ki, cavabdeh onlara bildirmədən gizlin formada notariat orqanında vərəsəlik işinin açılmasına nail olmuş və qəsdən notariat ofisində mərhumun digər vərəsələrini gizlətmişlər. İşin faktiki halları ilə bir daha təsdiq olunur ki, mirasın açıldığı zaman - 07 avqust 2014-cü il tarixdə miras qoyan X10 övladları X9 və İddiaçı2 birinci dərəcəli vərəsə hesab olunduğu halda qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin almış vərəsə bu barədə notariat kontoruna doğru məlumat verməmiş və miras əmlakı şəhadətnamə əsasında qəbul etmişdir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1784/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Səbail rayonu, 8-ci X20 küçəsində yerləşən 20 nömrəli mənzilə miras pay kimi Cavabdeh2 vərəsəlik hüquqlarının tanınması barədə verilmiş xx.xx.2023-cü il tarixli 2V-79 reyestr №-li Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin etibarsız hesab edilməsi, iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun 50 manat hissəsinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X12).
10. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, vərəsəlik şəhadətnaməsi verilərkən və mirasda məcburi pay müəyyən edilərkən notarius tərəfindən mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi tam yoxlanılmamış və şəhadətnamə qanunvericiliyin tələbi pozulmaqla verilmişdir. Belə olan halda, cavabdehin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir.
11. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci, 1133-cü, 1134-cü, 1159-cu, 1243-cü maddələrinə, “Notariat haqqında” Qanunun 60-cı maddəsinə, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 103-cü maddəsinə, Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 115-ci, 121-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddiaçılar X4 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Səbailrayonu, 8-ci X20 küçəsində yerləşən 20 nömrəli mənzilə miras pay kimi Cavabdeh2 vərəsəlik hüquqlarının tanınması barədə verilmiş xx.xx.2023-cü il tarixli 2V-79 reyestr №-li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan əmlak 2014-cü ildə atası X5 vəfatından sonra oğlu Cavabdeh2 və anası X8 tərəfindən sahibliyə və istifadəyə qəbul edilmişdir. 2019-cu ildə anası vəfat etdikdən sonra isə əmlak tək Cavabdeh2 sahibliyində və istifadəsində olmuşdur. Əmlakla bağlı bütün komunal ödənişlər və əmlak vergisi ancaq Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. Əmlakın Cavabdeh2 istifadəsində olması faktı iddiaçılar öz ərizələrində və nümayəndəsinin çıxışında təsdiq edilmişdir və mübahisləndirilməyən haldır. Lakin qarşı tərəf mənzildən istifadə edilməməsi səbəbini mənzildən qovulması ilə əsaslandırmış və buna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. 2019-cu ildən etibarən 5 il müddətində evdən istifadə edilməməsinə görə hər hansı hüquq iddianın bir daha təsdiq edir ki, həmin şəxslər mənzildən qovulmayıblar və mənzilə dair hər hansı ümumiyyətlə tələbləri olmayıb. Həmçinin mənzil qəzalı vəziyyətdə olmuş və müəyyən məbləğdə xərc tələb edirdi. Mənzilin qəzalı olması mülki iş materiallarında olan İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğ İdarəsi tərəfindən verilmiş məktublarda da öz təsdiqini tapır. Mənzilin həmin dövrdə qəzalı olmasına görə və bununla bağlı xərc tələb edilməsinə görə iddiaçıların əmlaka hər hansı maraqları olmamış və qəbul etməmişlər. Qeyd olunan əmlaka maraq, artıq Cavabdeh2 tərəfindən əmlaka xeyli miqdarda xərc çəkildikdən sonra yaranmış və hal-hazırki iddianın verilməsinə səbəb olmuşdur. Bundan başqa, miras qalmış əmlak qanun üzrə əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladığı əsasında Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Bu əsasla əmlakı qəbul edilmiş şəxsin digər şəxslər barədə notariat ofisinə məlumat verməsi barədə öhdəliyi olmamışdır. Bundan başqa, iddiaçılar tərəfindən onların əmlakın faktiki qəbul edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir, ancaq şifahi mülahizələrlə kifayətlənmişlər. Mübahisə predmeti olan əmlakın Cavabdeh2 istifadəsində və sahibliyində olması faktı iddiaçılar öz ərizələrində və nümayəndəsinin çıxışında təsdiq edilmişdir və işin mübahisləndirilmiyən halıdır. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq Bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Qeyd olunan qanunvericilik norması hazırki mübahisədə tətbiq edilməlidir. Belə ki, AR Konstitusiya Məhkəməsinin Plenumunun 23 dekabr 2023-cü il tarixli Qərarı ilə qüvvədən düşsə də, lakin Konstitusiya Məhkəməsinin Plenumu öz qərarında qeyd etmşdir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. İş materiallarından aydın görünür ki, vərəsəlik münasibətləri 2023-cü ilin dekabrından əvvəl yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış iş üzrə digər cavabdeh Bakı şəhəri 46 saylı Notariat Ofisi tərəfindən məhkəməyə ərizə ünlanaraq məhkəmə iclasının onların nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Kollegiya işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 26 dekabr 2023-ci il tarixli Qərarı dərc edildiyi günədək qüvvədə olan) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Hazırkı apellyasiya şikayətində cavabdeh qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv olunmasını və iddianın həmin hissədə də təmin edilməməsini xahiş etdiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırırb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş. qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddiaçılar X9 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbinə dair iddiası təmin edilməməlidir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
25. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən hesab etmişdir ki, 2023-cü il tarixdə cavabdeh miras əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət edən zamanı notariat ofisini yalnış məlumatlandırmaqla özündən başqa heç bir vərəsənin olmadığını bildirmiş, özündən başqa daha 2 vərəsənin olduğunu bildiyi halda, bunu gizlətmiş, notariat ofisi isə öz növbəsində miras əmlakdan pay alacaq vərəsələrin dairəsini müəyyən etməli olduğu halda, bunu etməmiş və yalnız cavabdehin ərizəsində qeyd etdiyi hala əsasən cavabdehdən başqa vərəsənin olmadığı qənaətinə gəlməklə cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsızdır.
26. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandığı mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı işin faktiki hallarına əsasən tərəflər bacı-qardaşdırlar. Tərəflərin atası X10 07 avqust 2014-cü il tarixdə mübahisəli evdə vəfat etmişdir. Cavabdehin özü də həmin evdə yaşamış, anaları da 2019-cu ildə öldükdən sonra da məhz həmin evdə yaşamış və 2023-cü il tarixdə isə miras əmlakı qəbul etmək üçün notariat ofisinə müraciət etmişdir. Sonuncu isə miras əmlak üzərində, yəni Bakı şəhəri, Səbail rayonu, 8-ci X20 küçəsində yerləşən 20 nömrəli mənzilə dair tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində 29 sentyabr 2023-cü il tarixdə çıxarış əldə etmişdir. Hazırda isə iddiaçılar atalarının ölümündən 10 (on) il keçdikdən sonra cavabdehin notariat orqanına müraciət etməsi ilə qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdükləri halda miras əmlak üzərində onların da birinci dərəcə vərəsə kimi paylarının olması əsası ilə cavabdehin adına verilmiş şəhadətnamənin etibarsızlığını tələb edirlər, həmin tələb də qanuni və əsaslı hesab edilə bilməz.
27. Mirasın qəbulu elə hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddətdə mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Miras əmlakı sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur.
28. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur.
29. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək.
30. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).
31. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.
32. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir.
33. Beləliklə, mübahisə predmeti olan əmlak 2014-cü ildə tərəflərin ataları X5 vəfatından sonra oğlu Cavabdeh2 və anası X8 tərəfindən sahibliyə və istifadəyə qəbul edilmişdir. 2019-cu ildə anası vəfat etdikdən sonra isə əmlak tək Cavabdeh2 sahibliyində və istifadəsində olmuş, iddiaçıları isə mənzilə dair hər hansı tələbləri olmamışdır. Əmlakın Cavabdeh2 istifadəsində olması faktı iddiaçıların öz ərizələrində də təsdiq edilmişdir. Göründüyü kimi qeyd olunan hallar işin mübahisləndirilməyən hallarıdır. Lakin qarşı tərəf mənzildən istifadə edilməməsi səbəbini mənzildən qovulması ilə əsaslandırmaqla buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, işin bu halı təsdiqini tapsa idi belə keçən illər ərzində qanunla vərəsəliyin qəbulu qaydasında iddiaçıların müraciət etmələrinə hər hansı bir maneə olmamışdır. Bununla da iddiaçılar miras əmlakı faktiki qəbul etmədikləri halda, eyni zamanda qanunla vərəsəliyin qəbul edilməsi üçün müraciətin edilməsi üçün nəzərdə tutulmuş müddəti də ötürmüşlər. Buna görə də məhkəmə tərəfindən hazırki iddianın təmin edilməsi qanuni və əsaslı hesab edilə bilməz.
34. Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir..
35. Kollegiya onu da qeyd edir ki, hazırkı mübahisəyə Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqe tətbiq oluna bilməz - belə ki, həmin qərara əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Belə olan halda isə qeyd edilən vaxtlar hazırki mübahisə üzrə vərəsəliyin faktiki qəbulu və qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınmasına dair dövrlərə tətbiq edilə bilməz.
36. Nəticədə miras qalmış əmlak qanun üzrə əmlaka sahiblik etməyə və əmlakı idarə etməyə faktiki başladığı əsasında Cavabdeh2 tərəfindən qəbul edilmişdir. Bu əsasla əmlakı qəbul edilmiş şəxsin digər şəxslər barədə notariat ofisinə məlumat verməsi barədə də artıq öhdəliyi qalmamışdır. Bundan başqa, iddiaçılar onların tərəfindən əmlakın faktiki qəbul edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişlər, ancaq şifahi mülahizələrlə kifayətlənmişlər. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı tərəfin məhkəmədə verdikləri ifadələr qarşı tərəfin məhkəməyə təqdim etdikləri sübutlarla təkzib olunmuş, cavabdeh tərəfindən onların evə daxil olmasına mane törətməsi, evin açarlarının dəyişdirilməsi mübahisəli evdə onların yaşamasını və miras əmlakı idarə etməklə və ya ona faktiki yiyələnməklə miras əmlakı faktiki qəbul etdiklərini təsdiq etmir.
37. Beləliklə, iddiaçı X11 atası Qulam Əbdül oğlundan qalmış miras əmlakda atasının ölümündən sonra da yaşamaqla miras əmlakı qəbul etmiş, sahiblik etməklə miras əmlakı faktiki olaraq qəbul etmişdir. Əvvəlki vaxtlarda iddiaçıların həmin evə gedib-gəlmələri isə miras əmlakın faktiki olaraq qəbul edilməsi kimi qiymətləndirilə bilməz.
38. Beləliklə, bütün qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddiaçılar X9 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı tələbinə dair iddiası təmin edilməməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-1784/2024 nömrəli, 25 sentyabr 2024-cü il tarixli qətnaməsi “Bakı şəhəri 46 saylı notariat ofisi tərəfindən Bakı şəhəri, Səbail rayonu, 8-ci X20 küçəsində yerləşən 20 nömrəli mənzilə miras pay kimi Cavabdeh2 vərəsəlik hüquqlarının tanınması barədə verilmiş xx.xx.2023-cü il tarixli 2V-79 reyestr №-li Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilsin.” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar X9 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 46 saylı Notariat Ofisi və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı” tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılardan tutularaq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.